Cinayət hüququ

Cinayət hüququ

Cinayət hüququ, hüququn müstəqil bir sahəsi olub, xüsusiyyətləri özünün predmet və metodu ilə müəyyən edilir. Cinayət hüququnun tənzim edilməsinin predmetini yalnız cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər təşkil edir. Cinayət hüquq pozuntusunun subyekti kimi cinayət törətmiş şəxslər və hüquq tətbiqedici orqanlar şəxsində dövlət çıxış edir.
Cinayət hüququnun ictimai münasibətlərin nizama salınması metodu qanunla cinayət hesab edilən əməllər və onların törədilməsi ilə tətbiq edilən cəzaların müəyyən edilməsindən ibarətdir.
Cinayət hüququnun xüsusiyyətləri həmçinin onun vəzifə və funksiyalarında özünü göstərir. Cinayət hüququnun əsas vəzifəsi-cəmiyyəti ən təhlükəli hüquq pozuntularından (cinayətlərdən) müdafiə (mühafizə) etməkdir. Buna görə də cinayət hüququnun əsas funksiyası - mühafizəedici funksiyadır. Bununla belə, cinayət hüququ ümumi və xüsusi xəbərdaredici, həmçinin, tərbiyəvi funksiyaları da həyata keçirir.
Cinayət hüququ hüququn bir sahəsi kimi mövcud ictimai münasibətlər sistemi üçün təhlükəli əməllərin cinayət olmasını və cəzalandırılmasını, həmçinin cinayət məsuliyyəti və ondan azad etməni müəyyən edən, ali hakimiyyət orqanları tərəfindən təsbit edilən hüquq normalarının məcmusudur.
Azərbaycan Respublikasının qüvvədə olan yeni Cinayət Məcəlləsi qəbul edilərkən ictimai həyatın son illərdə siyasi, iqtisadi və sosial sahələrində baş verən keyfiyyət dəyişiklikləri nəzərə alındı. Bu, xüsusilə, cinayət hüququnun mühafizə etdiyi sahələrdən hansının daha çox üstünlük təşkil etməsində özünü göstərdi. Şəxsiyyətin, onun hüquq və azadlıqlarının cinayət-hüquqi vasitələrlə müdafiəsi birinci yerdə durdu. Bundan başqa, mülkiyyətin, formalarından asılı olmayaraq bərabər qaydada mühafizə edilməsinə göstəriş verildi. Təbii mühit, ictimai və dövlət mənafeləri, hüquq qaydaları, bəşəriyyətin təhlükəsizliyi və sülhün təmini cinayət-hüquqi mühafizənin əsas obyektləri sırasına daxil edildi.
Cinayət hüququ cinayətkarlıqla mübarizədə strateji və taktiki cəhətləri müəyyən edən cinayət üzrə siyasətin həyata keçirilməsi vasitəsidir. Müasir mərhələdə bu siyasət iki əsas tendensiya ilə xarakterizə olunur. Birincisi, ağır cinayətlər törədən, yaxud cinayət qanununu dəfələrlə pozan şəxslərə (xüsusilə residivistlərə, peşəkar cinayətkarlara-mafiya strukturlarının, yaxşı təşkil olunmuş cinayət qruplarının rəhbərlərinə) sərt cəza tədbirlərinin tətbiqi. İkincisi, böyük ictimai təhlükə hesab edilməyən cinayətlərə görə cinayət məsuliyyətinin sferalarının məhdudlaşdırılması. Belə ki, cinayət qanununu ilk dəfə pozan şəxsə cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu, şərti məhkum etmə, hökmün icrasını təxirə salma, habelə cəzanı əvəz edən digər inzibati, tərbiyəvi və ictimai xarakterli tədbirlərlə həyata keçirilə bilər.
Top