Nikah

Nikah

Nikah — kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ailə qanunvericiliyində nikahın bağlanması üçün bir sıra şərtlər nəzərdə tutulmuşdur:
1. Nikaha daxil olan şəxslərin yazılı razılığı.
Bu şərt öz ifadəsini Ailə Məcəlləsinin 11-ci maddəsində tapmışdır. Yazılı razılığın mahiyyəti ondan ibarətdir ki, evlənmək arzusunda olanlar nikahın bağlanması üçün kənardan heç bir təzyiq olmadan, könüllü surətdə yalnız öz iradələrini təsdiq edilmiş formada — yazılı formada ifadə etməklə müvafiq orqana müraciət edə bilərlər.
2. Nikah yaşı.
Ailə Məcəlləsinin 10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Minimum yaş həddinin qanunvericiliklə müəyyən edilməsində məqsəd ondan ibarətdir ki, nikaha daxil olan şəxslər fiziki, psixoloji və mənəvi cəhətdən yetkin olsunlar. Lakin qanunvericilik burada bəzi istisnalara yol verir. Belə ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü səbəblərə yetkinlik yaşına çatmamışın hamilə olması və yaxud uşaq doğması, oğlanın hərbi xidmətə çağırılması, uzaq xarici səfərə getmə və s. misal ola bilər.
Nikah yaşına çatmamış şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir.
3. Başqa nikahda olmamaq.
Bu o deməkdir ki, şəxs, ancaq bir rəsmi nikahda ola bilər. Ailə Məcəlləsinin 12.0.3.-cü maddəsində qeyd edilir ki, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
4. Nikaha daxil olan şəxslərin fəaliyyət qabiliyyətinə malik olması.
Bu şərt nikaha daxil olan şəxsin öz hərəkətlərinin hüquqi əhəmiyyətini və nəticələrini qiymətləndirməyə qabil olmasını əks etdirir. Belə ki, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
5. Yaxın qohumlar arasında nikahın bağlanmasına yol verilməməsi.
Yaxın qohumlar dedikdə, valideynlər və uşaqlar, baba, nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar başa düşülür. Ailə qanunvericiliyində övladlığa götürənlər və övladlığa götürülənlər mənşə üzrə qohumlara bərabər tutulduğuna görə onlar arasında nikahın bağlanmasına yol verilmir.

Nikahın bağlanılması və xitamı

Nikaha daxil olmaq arzusunda olan şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə şəxsən müraciət edir, tələb olunan sənədləri — şəxsiyyət vəsiqəsi və ya hərbi biletlərini təqdim edirlər. Ərizə qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməli və nikahın bağlanması üçün tələb olunan şərtlərə cavab verməlidir. Nikah ərizə verildiyi gündən 1 ay sonra onu təqdim edənlərin iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Hamiləlik, uşağın doğulması və digər hallarda nikah ərizə verilən gün bağlana bilər.
Nikahın qeydiyyatı nikaha daxil olan şəxslərin iştirakı ilə həyata keçirilir. Mərasimdə evlənənlərin arzusu ilə şahidlər, qohumlar və digər şəxslər iştirak edə bilər. Nikah dövlət qeydiyyatına alınan gündən ər və arvadın hüquq və vəzifələri yaranır. Tərəflərə nikahın bağlanmasını təsdiq edən şəhadətnamə verilir.
Ailə Məcəlləsinin 9.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər məhkəməyə şikayət edə bilərlər.
Nikahın bağlanması şərtlərinin pozulması onun məhkəmə qaydasında etibarsız sayılmasına səbəb olur. Etibarsız hesab edilmiş nikah ər və arvad üçün heç bir hüquq və vəzifələr yaratmır. Lakin qanunvericilik burada uşaqların mənafelərini nəzərə alır. Odur ki, nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir.
Etibarsız hesab edilən nikahda olmuş şəxslərin birlikdə əldə etdikləri əmlaka ailə hüquq normaları tətbiq edilmir. Həmin əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir.

Nikah aşağıdakı hüquqi faktlar mövcud olduqda xitam edilir:
1) ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə;
2) ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verildikdə, yəni boşanma nəticəsində.
Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən və məhkəmə tərəfindən həyata keçirilir. Əgər ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa onda nikah onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam edilə bilər.
Ailə Məcəlləsinin 17.2-ci maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:
1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3) ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

Məhkəmə qaydasında nikah aşağıdakı hallarda pozulur:
1) qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
2) ər-arvaddan biri nikahın pozulmasına razı olmadıqda;
3) ər-arvad arasında nikahın pozulmasına razılıq olduqda, lakin onların ümumi əmlakını bölmək və ya bir-birinə aliment verməklə əlaqədar olaraq mübahisələri baş verdikdə.

Nikahın pozulması haqqında ərizə cavabdehin yaşayış yerində verilir. Məhkəmə ər-arvadı barışdırmaq üçün tədbirlər görür, işə baxılmasını təxirə salıb, barışmaq üçün onlara üç aydan çox olmayaraq vaxt təyin edə bilər. Barışıq olmadıqda və ya onlar nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda, pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

Top