Ailə hüququ

Ailə hüququ

Ailə hüququ milli hüququn bir sahəsi olub, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə hüququnun özünəməxsus predmeti, xüsusi məqsədi və prinsipləri vardır. Bunlar ailə hüququnu, hüququn digər sahələrindən fərqləndirir. Şəxsi münasibətlərin nizamlanması ailə hüququnun başlıca məqsədidir. Ailədə əmələ gələn əmlak münasibətləri isə ikinci dərəcəli rol oynayır və şəxsi münasibətlərdən asılıdır.
Hüquqşünasların əksəriyyəti ailə hüququnu, hüququn müstəqil bir sahəsi kimi qəbul etməklə yanaşı, onu mülki hüquqla sıx əlaqələndirirlər. Bu, hər şeydən əvvəl bu iki hüquq sahəsinin tənzim etdiyi münasibətlərin oxşar cəhətləri ilə bağlıdır. Belə ki, ailə münasibətlərində müvafiq qanunvericilikdə boşluq yarandıqda məhz mülki hüquq normaları tətbiq olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Respublikamızda ailə qanunvericiliyinin əsasını Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsi və bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Qüvvədə olan ailə hüququnun mənbələri sırasında ilk növbədə Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasını qeyd etmək lazımdır. Çünki, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olub, respublikamızın qanunvericilik sisteminin əsasıdır. Bütün digər qanunlar Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilir.
İctimai-siyasi həyatın bütün sahələrini tənzim edən, Azərbaycan Respublikasının bəşər tarixinin onilliklərlə, yüzilliklərlə sınaqlardan keçmiş beynəlxalq normaya çevrilmiş ən ali dəyərlərə - insan hüquqları, milli suverenlik və demokratiya prinsiplərinə əsaslanan bu Konstitusiya ailə hüququnun da əsas müddəalarını özündə əks etdirir. Bütün vətəndaşların qanun qarşısında bərabərliyi, qadının və kişinin eyni hüquqa malik olması, ailəyə dövlət tərəfindən yardım göstərilməsi və s. prinsipləri elan etməklə Konstitusiyamız dünyanın ən demokratik, humanist konstitusiyalarından biri olduğunu təsdiq etmişdir. Konstitusiyanın 17-ci maddəsi elan edir ki, bizim cəmiyyətdə ailə dövlət tərəfindən xüsusi olaraq himayə edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyi valideynlərin əsas vəzifəsi hesab edən Konstitusiya, bu vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən nəzarət edildiyini də göstərmişdir. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Valideynlərin hüquq və vəzifələrini qeyd etməklə yanaşı, bu maddə onlara hörmət etməyi və qayğılarına qalmağı da uşaqların borcu hesab edir.

Ailə hüququnun mənbələri içərisində Azərbaycan Respublikasının 2000-ci il 1 iyun tarixindən qüvvəyə minmiş yeni Ailə Məcəlləsi əsas yer tutur. Ailə münasibətlərini ətraflı normalaşdıran bu məcəllə qanunların sistematik külliyyatı olmaqla 8 bölmə, 28 fəsil, 195 maddədən ibarətdir. Məcəllə respublika vətəndaşlarının ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması; ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə Vətənə sədaqət ruhunda tərbiyə edilməsi; ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi vəzifələrini qarşısına məqsəd qoyan bu məcəllə, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılmasını qadağan edir.

Ailə forması - insanların qarşılıqlı münasibətlərinin xüsusi sahəsini təşkil edir. Ancaq bu münasibətlər şəxsi, intim xarakter daşıdığı hallarda, tamamilə, hüquq normaları ilə nizama salınmır. Bununla belə, cəmiyyətin mövcudluğu, xoşbəxtliyi və firavanlığı əsasən, ailə münasibətlərinin sağlam inkişafından asılıdır. Böyüməkdə olan nəsillərin sağlamlığının möhkəmləndirilməsində və tərbiyəsində, cəmiyyətin iqtisadi və sosial tərəqqisinin təmin edilməsində, demoqrafiya proseslərinin yaxşılaşdırılmasında ailənin rolu hüdudsuzdur. İnsanın xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətinin əsasları ailədə formalaşır. Cəmiyyət möhkəm, mənəvi və əxlaqi cəhətdən sağlam ailələr olmasını ürəkdən istəyir. Buna görə də respublikamızın ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailə hüququ nikahdan, qohumluqdan, uşaqları övladlığa və daimi tərbiyəyə götürməkdən əmələ gələn şəxsi, yəni qeyri-əmlak münasibətlərini və bunlarla əlaqədar əmlak münasibətlərini tənzim edən hüquq normalarının məcmusundan ibarətdir. Demək, ailə hüququnun predmeti dedikdə, ailədə ərlə arvad arasında, ailənin digər üzvləri arasında əmələ gələn şəxsi və əmlak münasibətləri başa düşülür.

Top