Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata keçirərkən — fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub.
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər.
- əmək müqaviləsini bağlamaqla;
- seçkili vəzifələrə seçilməklə;
- gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;
- şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.
Vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin başlıca forması əmək müqaviləsi hesab edilir.
Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsini digər müqavilələrdən fərqləndirən aşağıdakı xüsusiyyətlərini göstərmək olar:
- Birincisi: əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur;
- İkincisi: işçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili nizam-intizam qaydalarına tabe olmasını müəyyən edir;
- Üçüncüsü: işəgötürən işçinin işini təşkil etməli, təhlükəsizlik və gigiyenik normalara cavab verən normal iş şəraiti yaratmalıdır.
Sadalanan əlamətlərin məcmusu bizə hər bir konkret halda əmək müqaviləsini əsasən daha çox oxşar olan mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir.
Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq hər kəs 15 yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər.
Əmək müqaviləsinin ikinci tərəfi kimi çıxış edən işəgötürən tam fəaliyyət qabiliyyətinə malik olan işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bütün müqavilələrin məzmununda tərəflərin hüquq və vəzifələri durur. Əmək müqaviləsinin məzmununda isə əmək müqaviləsinin şərtləri durur. Əmək müqaviləsi şərtlərinin iki növü fərqləndirilir:
a) qüvvədə olan qanunvericiliklə müəyyən edilən zəruri şərtlər;
b) əmək müqaviləsi bağlanarkən tərəflərin razılığı əsasında müəyyənləşdirilən əlavə şərtlər.
Zəruri şərtlər qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən olunur. Bura işçi və işəgötürən haqqında məlumat, işçinin iş yeri, vəzifəsi, müqavilənin müddəti, əmək şəraitinin şərtləri və s. aiddir.
Bu şərtlər tərəflərin razılığı ilə dəyişdirilə bilməz (əgər qanunvericilikdə digər hallar nəzərdə tutulmayıbsa) və bu qanunla işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azalda bilməz.
Tərəflər əmək müqaviləsini bağladıqları zaman əsas şərtlərdən başqa, əlavə şərtlər də müəyyən edə bilər. Əlavə şərtlər olmadan da müqavilə bağlana bilər. Əlavə şərtlərə işə götürülən zaman işçiyə sınaq müddətinin verilməsi, məktəbəqədər müəssisələrdə növbədənkənar yerlərin verilməsi, yaşayış sahəsinin verilməsi və s. aiddir. Əgər tərəflər konkret əlavə şərtlər haqqında razılığa gəliblərsə, bu şərtlərin yerinə yetirilməsi üçün məcburi qüvvəyə malikdirlər.