İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatı

İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatı

Şəxsi (mülki) hüquqların təyinatı vətəndaş cəmiyyətində fərdin azadlığını və muxtariyyətini təmin etməkdən, hər-hansı kənar qanunsuz müdaxilədən onun hüquqi müdafiəsini təşkil etməkdən ibarətdir. Mülki hüquqların üzvi əsası və əsas vəzifəsi ondan ibarətdir ki, hər bir şəxsiyyətin inkişafının fərdi, daxili oriyentirlərinin üstünlüyünü təmin etsinlər.
Bu kateqoriya hüquqlar onunla xarakterizə olunurlar ki, dövlət, müəyyən münasibətlər sferasında şəxsiyyətin azadlığını tanıyır. O, neqativ adlandırılan azadlığı təmin edir. Hər bir fərdin atributu olan bu hüquqların vəzifəsi şəxsi maraqların fəaliyyət sahəsini müdafiə etməkdən, şəxsiyyətin fərdi özünü realizə etməsinin təmin edilməsindən ibarətdir.
İnsanın şəxsi mülki hüquq və azadlıqlarına, adətən bunlar aid edilir: yaşamaq hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, mənzil toxunulmazlığı, hərəkət və yaşamaq yeri seçmək azadlığı, vicdan azadlığı, milli mənsubiyyətin və ünsiyyət vasitəsi olan dilin sərbəst seçim hüququ. Mahiyyət etibarilə hüquqların bu toplusu hər bir cəmiyyətin demokratik təşkilinin humanistik prinsiplərini ifadə etməklə şəxsiyyət azadlığının fundamental aspektlərini əhatə edir.
Siyasi hüquq və azadlıqlar vətəndaşın subyektiv hüquq və azadlıqlarının mühüm kateqoriyasıdır. Onlar, insanın (həm fərdi, həm də kollektiv şəkildə) dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi başa düşülür. Bununla da dövlətin vətəndaşdan təcrid olunması aradan qaldırılır. Vətəndaşların siyasi hüquqları bütün digər hüquqların həyata keçirilməsinin zəruri şərtidir, çünki onlar demokratik sistemin üzvi əsasını təşkil edirlər və hakimiyyətin, özünü məhdudlaşdırmalı olduğu dəyərlər kimi çıxış edirlər.
Dövlətin təbiətini müəyyən edən faktor, hakimiyyətə nəzarət vasitəsi, demokratik rejimin qiymətləndirici meyarı kimi çıxış edən siyasi hüquq və azadlıqlar mədəni cəmiyyətin məcburi elementləridir. Hüquq ədəbiyyatında onların aşağıdakı bölgüsü həyata keçirilir:

  1. Dövlətin və onun orqanlarının təşkili və fəaliyyətində nümayəndəli və birbaşa demokratiyanın müxtəlif formaları ilə iştirak etmək üzrə hüquqlar (seçki hüquqları, petisiya hüququ);
  2. Cəmiyyətin həyatında aktiv iştirak üzrə hüquqlar (söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ).

Şəxsi hüquqlardan fərqli olaraq siyasi hüquq və azadlıqların məqsədi insanın muxtariyyətini təmin etməkdən deyil, siyasi prosesin aktiv iştirakçısı kimi təzahür etməsini təmin etməkdən ibarətdir. Bu kateqoriya hüquqların dəyərliliyi ondan ibarətdir ki, onlar dövlət və vətəndaş arasında münasibətlərin möhkəmləndirilməsi üçün şərait yaradılmasına xidmət edirlər.
Sosial-iqtisadi hüquqlar (mədəni hüquqlarla yanaşı) fərdin sosial-iqtisadi həyat şəraitinin saxlanılmasına və normativ şəkildə müəyyən edilməsinə aiddirlər, insanın iş və məişət, məşğulluq, həyat səviyyəsi, sosial müdafiəsi sahəsində vəziyyətini müəyyən edirlər. Onların həcmi, həyata keçirilməsi səviyyəsi xeyli dərəcədə dövlətin iqtisadiyyatından və ehtiyatlarından asılıdır və buna görə də onların həyata keçirilməsinin təminatları, siyasi hüquqlar və mülki hüquqlarla müqayisədə daha az inkişaf etmişdilər.
İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır:

  1. insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi;
  2. əsas müddəalarda məsləhətverici, «qeyri-ciddi» təriflərin verilməsi (məsələn, «layiqli həyat», «ədalətli və uyğun həyat şəraiti»);
  3. sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların vəziyyətindən asılı olması.

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirsin, iqtisadi inkişafın proses və faydasına öz xalqının iştirakını təmin etsin, öz resurslarını hamının bu hüquqdan bərabər imkanlarla istifadəsini təmin etməklə istifadə etsin
İqtisadi hüquqlar insana təsərrüfat fəaliyyətinin əsas faktorlarına sərbəst sərəncam vermək imkanını təmin edirlər. Bunlara aiddirlər: əmək hüququ, mülkiyyət hüququ, təsərrüfatçılıq (azad sahibkarlıq) hüququ, tətil hüququ və s. Bundan başqa, işə götürənlər və işçilər kollektiv müqavilə bağlamaq hüququna, öz maraqlarının müdafiəsi üçün milli və beynəlxalq təşkilatlarda müstəqil birləşmək hüququna malikdirlər.
Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin edirlər. Bu kateqoriya hüquqlardan ən mühümü, sosial sığorta, pensiya təminatı və tibbi xidməti ehtiva edən sosial təminata olan hüquqdur.
Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər fərdə siyasi, mənəvi, sosial və mədəni tərəqqinin faydalı iştirakçısı olmağa kömək edir. Bu hüquqlara aiddirlər: təhsil hüququ, cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüququ, yaradıcılıq hüququ, elmi tərəqqi və onun praktiki tətbiqi nəticələrindən istifadə etmək hüququ.

Top