Azərbaycan Respublikası ərazisində vətəndaşların əməklə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi və məşğulluq problemlərinin nizama salınmasında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir. Lakin məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyi yalnız bu qanundan deyil, həmçinin, Respublika Konstitusiyasından, Əmək Məcəlləsindən, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
İşsiz dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) iş axtaran kimi qeydiyyata alman, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar başa düşülür. Bu halda məşğulluq xidməti istiqamətində görülən ictimai işlərə görə işçilərə verilən əmək haqqı, həmçinin müəssisədən, idarədən və təşkilatlardan onların ləğv edilməsi, yenidən təşkili, ştatların sayının ixtisar olunması ilə əlaqədar işdənçıxarılma müavinəti və orta aylıq əmək haqqı həcmində verilənlər nəzərə alınmır.
Məşğulluq haqqında respublika qanunvericiliyi əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifi tarazlaşdırmaq siyasətini həyata keçirir. O, vətəndaşların hüquqi müdafiəsinin güclənməsinə və müəssisələrin lazımi kadrlarla təmin olunmasına kömək edir.
Bazar münasibətlərinə keçid dövründə məşğulluq haqqında qanunvericilikdə yeni-yeni anlayışlar meydana gəlir ki, onlar da yuxanda qeyd olunan aktlarda öz əksini tapıb. Bu norma və anlayışları bilmək mövcud qanunvericiliyi daha düzgün və effektiv tətbiq etməyə imkan verir. Lakin daha çox rast gəlinən anlayışlar bunlardır: məşğulluq, işsiz, münasib iş, işdən çıxarılmış işçilər, işədüzəltmə. Bu anlayışları nəzərdən keçirək.
«Məşğulluq» dedikdə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin respublika qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti başa düşülür.
İstehsal və yaradıcı əməyə öz qabiliyyətlərini sərf etmək vətəndaşların müstəsna hüququdur. Qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halları çıxmaqla əməyə məcbur etməyə yol verilmir. Vətəndaşların məşğul olmamaları onların inzibati və digər məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz.
Məşğul şəxslərə aşağıdakılar aiddir:
1) muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;
2) sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;
3) haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;
4) Azərbaycan Respublikasının silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;
5) əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;
6) Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
7) Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
İşsiz statusu almaq üçün müəyyən şərtlərə əməl olunmalıdır: əmək qabiliyyətli olmalı, əmək qabiliyyətli yaş həddində olmalı (kişilər 62, qadınlar 57 yaşa qədər), dövlət məşğulluq xidməti orqanlarında işaxtaran şəxs kimi qeydiyyatdan keçməli. Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına) şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.
İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, məşğulluq xidməti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. İşsizlərin məşğulluq xidməti orqanında qeydiyyata alınması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qeyd etmək lazımdır ki, işsiz statusu ömürlük verilmir. O, münasib işin axtarılıb tapılması ilə ləğv edilir.
İşsiz statusu almaq hüququ olmayan vətəndaşlara 15 yaşına çatmayanlar; pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); ilk dəfə işaxtaranlar; azadlıqdan məhrum etmə cəzasını çəkənlər aiddir.
İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün yaşadığı ərazidə məşğulluq xidməti orqanına müraciət etmək hüququ vardır.
İşaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.
İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.
İşdən çıxarılmış şəxslər - müvafiq müəssisə ilə əmək hüquq münasibətlərində olan, müəssisənin fəaliyyətinin xitam edilməsi (ləğv edilməsi, yenidən təşkili), işçilərin ştatlarının və yaxud saylarının ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilən şəxslərdir. Buna görə də digər səbəblərə görə işdən azad edilən şəxslər işdən çıxarılmış hesab edilə bilməzlər və onlara işdən çıxmış işçilərə şamil edilən imtiyazlar və təminatlar aid edilmir.
İşədüzəltmə - vətəndaşların subyektiv hüququ olub, ümumi xarakter daşıyır. Bu hüquq şəxsin işədüzəltmə orqanına birbaşa müraciət etməsi ilə həyata keçirilir. Nəticədə məşğulluq mərkəzi ilə vətəndaş arasında hüquqi münasibət yaranır. Müəssisədə işləmək üçün təyinat verildikdən sonra belə münasibət vətəndaşla həmin müəssisə arasında yaranır. Respublikamızda bu sahə üzrə həlledici rol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinə və onun yerli orqanlarına məxsusdur. Bu aşağıdakılarla şərtlənir:
Birincisi, göstərilən orqanlar əhaliyə və işəgötürənlərə münasibətdə mühüm funksiyanı - işçi qüvvəsinə tələb və təklifin təmin edilməsi, əhalini işədüzəltmə və i. a. funksiyaları həyata keçirirlər;
İkincisi, Baş Məşğulluq İdarəsinin şəbəkələri çox genişdir. Onun fəaliyyəti praktiki olaraq bütün respublika əhalisini və müəssisələrini əhatə edir;
Üçüncüsü, həyata keçirilən funksiyanın miqyasına və xidmət dairəsinə görə.
Dövlət respublika ərazisində daimi yaşayan vətəndaşların məşğulluq növünün azad seçiminə, o cümlədən müxtəlif növ rejimli işlərə, əsassız olaraq işdən çıxarılmaya görə hüquqi müdafiəsinə və s. təminat verir.
Qeyd etmək lazımdır ki, dövlət işsiz vətəndaşlara: pulsuz yeni ixtisas təhsili almaq və məşğulluq xidmətləri istiqamətində dərəcələrini artırmaq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq məşğulluq xidməti tərəfindən işlə təmin olunarkən başqa yerə köçməsi ilə əlaqədar çəkilən maddi xərclərə görə pul müavinətləri almaq, vətəndaşların yaş və digər xüsusiyyətləri nəzərə alınmaqla ictimai işlərdə işləmək üçün təcili əmək müqaviləsi bağlanmasına təminat verir. Bundan başqa qanunvericilik ayrı-ayrı kateqoriyalı insanlara məşğulluğun əlavə təminatlarını nəzərdə tutur.