Mülki hüquq münasibətləri

Mülki hüquq münasibətləri

Müxtəlif səpkili normativ aktlarda ehtiva olunan mülki hüquq normalarının tənzim etdiyi əmlak və şəxsi qeyri - əmlak xarakterli ictimai münasibətlər mülki hüququn predmetini təşkil edir. İctimai münasibətlərin mülki-hüquqi tənzimetmə mexanizminin açılmasında mülki hüquq münasibətlərinin anlayışı mühüm rol oynayır.
İctimai münasibətlərin mülki hüquq normaları ilə tənzim edilməsi nəticəsində onlar hüquqi forma əldə edir və mülki hüquq münasibətləri təşəkkül tapır. Mülki hüquq münasibətləri - mülki hüquq normaları ilə nizama salınan bu və ya digər münasibətlər deyil, məhz həmin ictimai münasibətlərdir. Mülki hüququn predmetinə həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri daxildir. Əmlak münasibətlərinin mülki hüquqla tənzim edilməsi nəticəsində mülki əmlak hüquq münasibətləri əmələ gəlir. Şəxsi qeyri-əmlak hüquq münasibətləri də, bu münasibətlərin mülki hüquq normaları ilə nizama salınması nəticəsində formalaşır.
Mülki hüquq normaları ilə nizama salınan ictimai münasibətlərə mülki hüquq münasibətləri deyilir. Eyni anlayış şəxsi qeyri-əmlak münasibətləri üçün də xasdır. Hüquqi tənzimetmə hər hansı bir yeni ictimai münasibətin əmələ gəlməsinə deyil, mülki hüquq münasibətlərinin növlərindən biri olan və artıq mövcud olan şəxsi qeyri-əmlak münasibətlərinə müəyyən forma verməsinə səbəb olur.
Mülki hüquq münasibətlərini digər ictimai münasibətlərdən fərqləndirən bir sıra spesifik xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
1) Mülki hüquq münasibətlərinin subyekt çoxluğunun olması və bu subyektlərin bir-birinə qarşı münasibətdə bərabər olması;
2) Mülki hüquq münasibəti subyektlərinin münasibətin məzmununu müəyyən etməkdə sərbəstliyi;
3) Mülki hüquq münasibətlərinin obyekt çoxluğunun olması;
4) Mülki hüquq münasibətlərinin əmələgəlmə əsaslarının müxtəlifliyi;
5) Mülki hüquq münasibətlərinin pozulması nəticəsində məsuliyyətin əmlak xarakteri daşıması;
6) Mülki hüquq münasibətlərinin müdafiəsinin bir qayda olaraq iddia qaydasında olması.

Beləliklə, bütün bu xüsusiyyətləri ümumiləşdirməklə mülki hüquq münasibətlərinə belə bir geniş anlayış vermək olar: subyektləri bir-biri ilə qarşılıqlı hüquq və vəzifələrlə əlaqədar olan, subyektlərin bərabərliyinə, sərbəstliyinə və məsuliyyətinə əsaslanan, pozularkən bir qayda olaraq iddia qaydasında müdafiə olunan, əmtəə-pul formasında olan əmlak münasibətləri və şəxsi qeyri-əmlak münasibətlərinin məcmusuna mülki hüquq münasibətləri deyilir.

Mülki hüquq münasibətlərinin təsnifatı (növləri)

Mülki hüquq münasibətləri bir sıra əsaslara görə tənifləşdirilir: Maddi məzmununa görə mülki hüquq münasibətləri 2 yerə bölünür:

  • Əmlak münasibətləri;
  • Şəxsi qeyri-əmlak münasibətləri.

Mülki hüquq münasibətlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə bölgüsü onunla xarakterizə olunur ki:

  • Əmlak münasibətləri iqtisadi dəyərə malik olan münasibətlərdirsə, şəxsi qeyri-əmlak münasibətləri maddi məzmuna, iqtisadi dəyərə malik olmayan münasibətlərdir;
  • Əmlak münasibətlərindən fərqli olaraq, şəxsi qeyri-əmlak münasibətləri vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir;
  • Əmlak münasibətlərində hüquq varisliyinə yol verilirsə, şəxsi qeyri-əmlak münasibətlərində hüquq varisliyinə yol verilmir.

Mülki hüquq münasibətləri içərisində ən çox rast gəlinəni əmlak münasibətləridir. Təşkilatların, habelə vətəndaşların mülki hüquqları və vəzifələri əksər hallarda əmlak xarakterli olur.
Şəxsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır:

  • Şəxsi qeyri-əmlak xarakterli hüquq münasibətləri;
  • Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri;
  • Təşkilati hüquq münasibətləri.

Şəxsi qeyri-əmlak hüquq münasibətləri özündə qeyri-əmlak xarakterli cəhətləri birləşdirir ki, həmin cəhətlər insanla bağlıdır. Məsələn, ad, şərəf, ləyaqət və s.
Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri bu münasibətlər içərisində mühüm yer tutur. Bu münasibətlərin özünəməxsusluğu onun məzmunu və obyekti araşdırılarkən aydın olur. Bu mülki hüquq münasibətlərinin obyekti şəxsiyyətin mənəvi, yaradıcı fəaliyyətidir. Bura elm, ədəbiyyat və incəsənət əsərləri aiddir.
Şəxsi qeyri-əmlak münasibətləri içərisində təşkilati mülki hüquq münasibətləri mühüm yer tutur. Təşkilati hüquq münasibətləri əmlak və şəxsi qeyri-əmlak münasibətləri ilə əlaqədardır. Çox zaman onlar arasında hüquqi əlaqələrin reallaşmasına xidmət edir. Bu cür münasibətlərə misal olaraq, nümayəndəliyi (təmsilçiliyi) göstərmək olar. Mülki hüquq münasibətləri içərisində nəzarətedici münasibətlər də özünəməxsus yer tutur. Burada subyektlərdən birinə digərinin fəaliyyətinə nəzarət etmək hüququ verilir. Məsələn, sifarişçinin sifarişi qəbul edənin işinə nəzarəti. Qeyd etdiyimiz münasibətlərin lazımi səviyyədə reallaşması üçün məlumat münasibətlərinin də xidməti az deyildir. Bu cür münasibətə sifarişi qəbul edənin sifarişçiyə mövcud vəziyyət barədə məlumat verməsi və s. misal ola bilər.
Subyektlərin əlaqəsinə görə mülki hüquq münasibətləri mütləq və nisbi hüquq münasibətlərinə bölünür.
Mütləq hüquq münasibətlərində səlahiyyətli şəxs qarşısında bütün digər şəxslər məsuliyyət daşıyırlar. Bu münasibətlərə mülkiyyət hüququ münasibətlərini aid etmək olar. Məsələn, vətəndaş ona məxsus olan yaşayış evi üzərində mülkiyyətçiyə xas olan bütün hüquqlara malikdir və digər şəxslər onun bu hüquqlarmı pozmaqdan çəkinməlidirlər.
Nisbi hüquq münasibətlərində isə səlahiyyətli şəxs qarşısında, ancaq bir və ya bir neçə konkret şəxs məsuliyyət daşıyır. Bu münasibətlərdə səlahiyyətli şəxsin hüququ nisbi hüquq münasibətləri ilə tənzim edilir. Məsələn, borc müqaviləsinə əsasən, səlahiyyətli şəxs, yəni kreditor öz borcunu yalnız bir şəxsdən, borcludan tələb edə bilər.
Hüquqların həyata keçirilməsi ilə mülki hüquq münasibətləri əşya və öhdəlik hüquq münasibətlərinə bölünür.
Əşya münasibətləri bu və ya digər subyektlərin - təbii obyektlər, istehsal vasitələri, əməyin nəticələrinə malik olması ilə bağlı olan münasibətlərdir. Onların hamısı öz-özlüyündə, birinci, subyektin ona məxsus olan əşyaya, ikinci, onun və digər şəxslər barəsində bu əşyaya olan münasibətlərini təşkil edir.
Əşya münasibətlərinin bu cür ikili təbiəti prinsipial əhəmiyyətə malikdir. Şəxsin əşyaya olan münasibəti normal istehsalı müəyyən edən şərtdir. İstehsal o vaxt maksimum effektli olur ki, istehsalçı əşyaya sahiblik etsin, ondan istifadə etsin və onun üzərində sərəncam versin.
Əmlak münasibətlərinin hüquqi xarakterindən danışsaq, onu deməliyik ki, əşya sahibi əmlaka öz şəxsi əmlakı kimi yalnız kənar şəxslərin müdaxiləsinin qarşısı alındıqdan sonra münasibət göstərə bilər.
Öhdəlik münasibətləri - əmlakın bir şəxsdən digərinə keçməsi ilə bağlıdır. Əgər səlahiyyətli şəxsin marağının təmin edilməsi üçün vəzifə daşıyan şəxslərin fəal hərəkəti tələb olunarsa bu cür hüquq münasibətləri öhdəlik münasibətləri adlanır. Məsələn, satıcı, satdığı əşyanın qiymətini alıcıdan tələb etməyə haqlıdır. Burada alıcının fəal hərəkət etməsi tələb olunur. Bu münasibətlər təbiətən müxtəlifdirlər. Onların ən böyük qrupu əmlakın sahibliyə, istifadəyə və sərəncama verilməsinə səbəb olan müqavilələr əsasında, müəyyən bir hissəsi isə iştirakçılar arasında hər hansı razılığın olmadığı hallarda yaranır. Onlara ziyanvurma nəticəsində əmələ gələn öhdəliklər və s. misal ola bilər.
Hüquqi məzmununa görə mülki hüquq münasibətləri sadə və mürəkkəb hüquq münasibətlərinə bölünür. Əgər bir tərəfdə hüquq, digər tərəfdə vəzifə varsa, bu cür hüquq münasibətlərinə sadə və yaxud birtərəfli hüquq münasibətləri deyilir. Məsələn, borc müqaviləsindən yaranan münasibətlər və s. Hər iki tərəfdə hüquq və vəzifələrin olduğu münasibətlərə mürəkkəb və yaxud ikitərəfli hüquq münasibətləri deyilir. Alqı-satqı, əmlak kirayəsi və s. müqavilələrdən əmələ gələn münasibətlər buna misal ola bilər.

Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının əsasları

Mülki hüquq münasibətlərinin əmələ gəlməsi (dəyişməsi, xitamı) əsasını hüquqi faktlar təşkil edir. Hüquqi faktlar dedikdə, hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam edilməsinə səbəb olan həyati hallar başa düşülür. Lakin faktların hamısı deyil, yalnız müəyyən hüquqi nəticələrə səbəb olan hüquqi əhəmiyyətli faktlar hüquqi faktdır.
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir:
1) hüquqi fakt - bizim şüurumuzdan, düşüncəmizdən asılı olmayan real gerçəklikdir;
2) hüquqi fakt - mülki hüquq normalarında nəzərdə tutulur. Məhz bu normalar onun hüquqi əhəmiyyət kəsb etdiyini bildirir;
3) hüquqi fakt - hansı faktların mülki hüquq normaları əsasında müəyyən nəticəyə gəlməsini müəyyən edir.

Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya) bölünür:

  • Hüquq yaradan hüquqi faktlar;
  • Hüquq dəyişən hüquqi faktlar;
  • Xitamverici hüquqi faktlar.

Hüquq yaradan hüquqi faktlar mülki hüquq münasibətlərinin yaranmasına səbəb olur. Buna alqı-satqı müqaviləsini misal göstərmək olar. Burada, alıcıda aldığı əşyaya mülkiyyət hüququ yaranır. Adətən, hüquq yaradan hüquqi faktlarda subyektə hüquq ilk dəfə verilir.
Hüquq dəyişən faktlar o hüquqi faktlara deyilir ki, burada fakt mütləq hüquq münasibətlərinin dəyişməsinə səbəb olur. Bu cür faktlara borcun tələb edilməsinin güzəşti və ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki hüquq münasibətlərinin dəyişməsi təkcə bu münasibətlərin subyektiv tərkibində deyil, həm də obyektlərinin, məzmununun dəyişməsində özünü göstərir. Məsələn, əmlak kirayəsi (icarə) müqaviləsinə əsasən, kirayəçi (icarəçi) əşyanı itirərsə, onun dəyərini ödəməlidir.
Xitamverici hüquqi faktlar elə faktlardır ki, burada mövcud hüquq normaları əsasında mülki hüquq münasibətlərinə xitam verilir. Mülki hüquq münasibətlərinə xitam verilməsi şəraitdən asılı olaraq müxtəlif cür olur. Məsələn, mülkiyyət hüququ olan obyektin məhvi, sıradan çıxması, hüquq münasibətlərinə girən iştirakçılardan birinin ölməsi, borclunun borcu ödəməsi və s.
Mülki hüquqi nəticələrin baş verməsi üçün tələb olunur ki, onları yaradan şərait qanunla müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində deyilir: «Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir. Məsələn, insanın doğulması faktı ilə onun mülki hüquq qabiliyyəti yaranır, vətəndaşın 18 yaşına çatması ilə o, tam fəaliyyət qabiliyyəti əldə edir, iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir.
Hüquqi faktların daha çoxsaylı qrupunu mülki hüquq münasibət-ərinin əmələ gəlməsi, dəyişməsi və ya xitamı ilə bağlı vəziyyətlər (əsaslar) təşkil edir. Mülki Məcəllənin yuxarıda qeyd etdiyimiz maddəsinin 2-ci hissəsində onlar sadalanmışdır. Həmin əsaslara əqdlər, müqavilələr, səlahiyyətli orqanların verdiyi aktlar, elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma və s. daxildir. Qanun mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunmasını çox vaxt bir vəziyyətlə deyil, hüquqi və ya faktiki tərib adlanan hüquqi faktların məcmusu ilə əlaqələndirir. Məsələn, vəsiyyətnaməyə görə vərəsə üç hüquqi faktın yaranması ilə miras əmlakına sahib olur: vəsiyyətnamənin tərtib olunması, vəsiyyət edənin ölümü, mirasın qəbul edilməsinə razılığın olması.
Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi faktlar təsnifləşdirilir. Mülki qanunvericilikdə hüquqi faktların iki növü fərqləndirilir.

  • Hadisələr;
  • Hərəkətlər.

İnsanların iradəsi ilə əlaqəsi olmayan hüquqi faktlara hadisələr deyilir. Hadisələrə insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və s. misal ola bilər. O hadisələr hüquqi əhəmiyyət kəsb edir ki, onların baş verməsi hüquqi nəticələrə səbəb olur. Məsələn, insanın anadan olması, valideynlərin uşağı saxlamaq və tərbiyə etmək vəzifəsini əmələ gətirir, yaxud insanın ölməsi, bir hüquqi fakt kimi vərəsələr arasında hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur və s.
Mülki hüquqda hadisələr də iki qrupa bölünür:

  • Mütləq və yaxud fors-major hadisələr;
  • Nisbi hadisələr.

Mütləq hadisələr elə hadisələrdir ki, onların yaranması və inkişafı insanın iradəvi fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s.
Nisbi hüquqi hadisələr insanların fəaliyyəti nəticəsində yaranır, ancaq bu hərəkətdən asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın doğulması və s.
Hərəkətlər insanların iradəvi hərəkətlərinin, yəni şüurlu fəaliyyətinin nəticəsi olan həyati faktlardır. Qanun isə onları müəyyən hüquqi nəticə ilə əlaqələndirir. Hüquqi faktların əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də öz növbəsində hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür.
Hüquqauyğun hərəkətlər o hərəkətlərə deyilir ki, onlar hüquq normalarının (qanunun) tələbləri ilə üst-üstə düşür, heç bir halda qanuna zidd olmur. Qanun əsasında bağlanılmış bütün mülki-hüquqi əqdlər alqı-satqı, dəyişmə və s. müqavilələr belələrindəndir.
Hüquqauyğun hərəkətlər içərisində hüquqi aktlar və hüquqi əməllər mühüm yer tutur. Mülki hüquqda mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam edilməsinə yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır. Mülki hüquqi aktlar sistemində əsas yerlərdən birini əqdlər tutur. Hüquqi aktlara, həmçinin, səlahiyyətli dövlət orqanlarının fərdi aktları, ərizələr, şikayətlər, sazişlər və s. aiddir. Vətəndaşların və təşkilatların müəyyən hüquqi nəticələr əldə edilməsinə yönəldilmiş hüquqauyğun fəaliyyəti saziş adlanır. Sazişlərin əhatə dairəsi olduqca genişdir.
Hüquqi əməl mülki hüquq subyektinin elə hüquqauyğun hərəkətidir ki, burada hüquqi nəticə şəxsin arzusundan asılı olmayaraq baş verir. Hüquqi əməllərə elmi əsərin yaradılması, müəssisələrdə malların hazırlanması və s. misal ola bilər.
Mülki hüquqda bəzən hərəkətsizlik də, yəni qanunla nəzərdə tutulmuş müəyyən hərəkətləri etməmək də hüquqi nəticələrə səbəb olur. Məsələn, kreditorun vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməməsi və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirməməsi və s.
Hüquqauyğun hərəkətlərdən fərqli olaraq, hüquqazidd hərəkətlər hüquq pozuntusuna səbəb olan hərəkətlərdir. Öhdəliklərin yerinə yetirilməməsi, başqasının mülkiyyətinə ziyan vurulması və s. hüquqazidd hərəkətlərə misal ola bilər. Hüquqazidd hərəkətlər hüququ pozan şəxs üçün xoşagəlməz hüquqi nəticələrə səbəb olur. Bu hərəkətlər hüquq normaları və cəmiyyətin mənafeyinə zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır.

Mülki hüquq münasibətlərinin məzmunu və forması

Mülki hüquq münasibətlərinə onların strukturu aspektində baxılmalıdır. Digər hüquq münasibətlərində olduğu kimi mülki hüquq münasibətləri də öz strukturuna görə aşağıdakı hissələrdən ibarətdir:
1) məzmun və forma;
2) subyektlər;
3) obyektlər.

İctimai münasibətlərin mülki hüquqi tənzimi prosesində onların iştirakçılarına verilən subyektiv hüquq və vəzifələr, mövcud olan hüquq münasibətləri çərçivəsində onların gələcək davranışlarını qabaqcadan müəyyən edir. İstənilən ictimai münasibət kimi, mülki hüquq münasibətləri də insanlar arasındakı qarşılıqlı əlaqələr nəticəsində formalaşır. Hüquq münasibətlərində iştirakçıların qarşılıqlı əlaqələri, onların malik olduqları subyektiv hüquqlara və daşıdıqları vəzifələrə uyğun olaraq həyata keçirilir. Belə ki, alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərində satıcı satdığı əşyanı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə alıcının mülkiyyətinə verir, alıcı isə müqavilədə nəzərdə tutulmuş müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir.
Mülki hüququn predmetinə daxil olan ictimai münasibətlər hüquqi nizamasalınma nəticəsində yoxa çıxmırlar, əksinə, hüquqi forma əldə edirlər. Buna görə də mülki hüquq münasibətlərinin məzmunu onların iştirakçılarının subyektiv hüquq və vəzifələrinə uyğun olaraq həyata keçirilən qarşılıqlı əlaqələrini əmələ gətirir.
Mülki hüquq münasibətlərinin iştirakçılarına aid olan subyektiv hüquq və vəzifələr onun hüquqi formasını təşkil edir. Subyektiv hüquq dedikdə, səlahiyyətli şəxsin mümkün davranışının hüquqi təminat ölçüsü başa düşülür. Subyektiv vəzifə isə mülki hüquq münasibətlərində vəzifəli şəxsin lazımi davranışının hüquqi cəhətdən şərtləndirilmiş ölçüsüdür. Subyektiv mülki hüquq və vəzifələrin xüsusiyyətləri onların əmlak və şəxsi qeyri-əmlak xarakterli olmasından ibarətdir. Belə ki, mülkiyyət hüququ, mülkiyyətçinin öz əşyasına sahiblik, istifadə və sərəncamvermə kimi hüquqi təminat imkanlarını müəyyən edən əmlak hüququdur. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə hüququ isə, səlahiyyətli şəxsin, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi tələbinin hüquqi təminat imkanlarını müəyyən edən şəxsi qeyri-əmlak hüququdur.

Top