Azərbaycan Respublikası Prokurorluğu

Azərbaycan Respublikası Prokurorluğu

Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının dövlət hakimiyyəti sistemində yerinin müəyyənləşdirilməsi aktual məsələlərdən biridir.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilərkən Konstitusiyaya prokurorluğun məhkəmə hakimiyyəti sistemində statusunu müəyyən edən bir maddə daxil edildi (maddə 133). Həmin maddəyə əsasən, Azərbaycan Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir. Lakin Konstitusiyada prokurorluğun nəzərdə tutulmuş səlahiyyətləri içərisində əsas məsələ qanunların icra və tətbiq olunmasına nəzarətin «həcmində» idi. Xarici ekspertlər hesab edirlər ki, nəzarətin bu cür həyata keçirilməsinin və ümumiyyətlə, bu səlahiyyətin bütövlükdə əvvəlki siyasi və sosial sistemdən götürülməsinin demokratik inkişaf meylləri ilə uzlaşmadığından Konstitusiyada nəzərdə tutulması məqsədə müvafiq deyil.
1999-cu il 7 dekabrda qəbul edilmiş «Prokurorluq haqqında» Azərbaycan Respublikası qanunu bu məsələyə aydınlıq gətirdi. Həmin qanun prokurorluğun sosializm dövründən qalmış nəzarətini əlindən alaraq, prokurorluğun nəzarət funksiyasını yalnız təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətlə məhdudlaşdırdı. Beləliklə, prokurorluğun «nəzarət hakimiyyətinə» son qoyuldu.
Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikası Baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:
- Azərbaycan Respublikasının Baş Prokurorluğu;
- Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
- Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;
- rayon (şəhər) prokurorluqları;
- hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları;
- tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial məişət, təsərrüfat təyinatlı digər qurumlar.

Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada:

  • cinayət işi başlayır və ibtidai istintaq aparır;
  • ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
  • məhkəmə qərarlarından protest verir;
  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

 

«Prokurorluq haqqında» qanunun 5-ci maddəsinə görə, prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: qanunçuluq; hər kəsin qanun qarşısında hüquq bərabərliyi; fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi; obyektivlik, qərəzsizlik və faktlara əsaslanma; vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması; siyasi bitərəflik.
Azərbaycan Respublikası Prokurorluğu qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqə yaradır və öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin həllində iştirak edir. Hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir, hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Top