Milli Məclisin səlahiyyətləri

Milli Məclisin səlahiyyətləri

Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini təmin edən elementlər - səlahiyyətlərdir. Məhz bu səlahiyyətlərin bir-birinə olan münasibətindən, onların həcmindən asılı olaraq hakimiyyət bölgüsünün mövcud olub olmadığını demək olar. Ona görə də hakimiyyət bölgüsünü analiz edərkən, əsas diqqət onlara yetirilməlidir. Hakimiyyət bölgüsünün elementləri bu və ya digər hakimiyyət budağına aid edilən bütün səlahiyyətləri əhatə etmir. Buraya məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-birinə təsir etməsi, bir-birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir. Bu səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata keçirilməsi naminə müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət mütləq digər hakimiyyət budağına yönəlməli, ən başlıcası onun fəaliyyət sahəsinə təsir etməyə imkan verməlidir. Lakin iş sadəcə olaraq bununla bitmir. Ayrı-ayrı hakimiyyət budaqlarının bölgüsü sistemində tutduğu yeri müəyyənləşdirmək üçün onların formalaşdırılması əsaslarını, təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyətin bölünməsi ilə əlaqədar səlahiyyətlər yalnız bir hakimiyyət budağına münasibətdə kəskin fərqləndirməklə təsbit edilmişdir. Bu da qanunverici hakimiyyəti həyata keçirən Milli Məclisdir. Milli Məclisin səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci maddələrdə öz əksini tapmışdır. 94-cü maddədə əks olunan müxtəlif fəaliyyət sferalarına dair Milli Məclis qanunlar qəbul edir. Bu maddənin hakimiyyətin bölgüsü sistemi ilə özünəməxsus bir bilavasitə əlaqəsi mövcuddur. Əslində burada qanunverici orqanın ən əsas səlahiyyətinin - qanun qəbul etmək səlahiyyətinin məzmunundan söhbət gedir. Qanunverici orqanın konkret hansı məsələlər üzrə öz qanunvericilik fəaliyyətini həyata keçirə bilməsi müəyyənləşdirilir. 94-cü maddədə təsbit olunan səlahiyyətlər nə məhkəmə, nə də icra hakimiyyətinin fəaliyyətinə hər hansı şəkildə müdaxilə etməyə imkan vermir. Bundan fərqli olaraq 95-ci maddə bilavasitə hakimiyyət bölgüsü mexanizminə aiddir və elə onun üçün də nəzərdə tutulmuşdur. 95-ci maddə Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu və ya digər şəkildə icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməyə imkan verən məsələlər əks olunmuşdur.

Milli Məclisin həll etdiyi məsələlər içərisində 1-5-ci bəndlər istisna olmaqla yerdə qalan bütün məsələlərin həlli üçün qərar qəbul edilir. 95-ci maddədə əsasən prezidentin vəzifəyə təyin etdiyi ayrı-ayrı şəxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Bu maddədə əks olunan məsələlərin bir qismi investitura institutu ilə əlaqədardır. İnvestitura - konkret şəxslərin vəzifəyə təyin olunması ilə bağlı səlahiyyətlər məcmusudur. İnvestitura icra hakimiyyətinə müəyyən üstünlüklər verən institutdur. Belə ki, vəzifəyə təyin edilən şəxslərin şəxsi keyfiyyətləri nəzərə alındığından, bir çox hallarda icra hakimiyyətinin bundan sui-istifadə ehtimalı mövcud olur. Yəni icra hakimiyyəti başçısı təyin edilən şəxslərin peşəkarlıq, təcrübəlilik meyarları ilə yanaşı, onların sədaqətlilik, partiya mənsubiyyəti və sair keyfiyyətləri də nəzərə alınır. 95-ci maddədə nəzərdə tutulmuş prezidentin vəzifəyə təyin etdiyi şəxslərin, təklif etdiyi proqramların təsdiqlənməsi bir növ icra hakimiyyətinin fəaliyyətinə təsiretmə vasitəsi kimi nəzərdə tutulmuşdur. 95-ci maddəyə görə Milli Məclis prezidentin təqdim etdiyi hərbi doktrinanı, dövlət büdcəsini təsdiq edir, Baş nazirin təyin olunmasına razılıq verir, yuxarı instansiya məhkəmələrinin - Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apelyasiya məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir, Baş prokurorun təyin olunmasına və vəzifədən kənarlaşdırılmasına razılıq verir, beynəlxalq müqavilələri, Milli Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. Bundan başqa qanunverici orqan Nazirlər kabinetinə etimad, prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, prezidentin müraciətinə əsasən müharibə və sülhə razılıq verilməsi, ordunun təyinatı ilə bağlı olmayan işlərə cəlb edilməsi məsələlərinə razılıq verir. Bunların da içərisində ən təsirlisi dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarətdir. Dövlət büdcəsini təsdiq etməklə qanunverici orqan bütövlükdə icra hakimiyyətinə təsir edə bilir və çox vacib faktor olan maliyyə sferasında bu hakimiyyət budağının fəaliyyətinə müdaxilə edir. Lakin bu səlahiyyətdən ildə, ancaq bir dəfə istifadə edilməsi dövlət büdcəsinin icrası zamanı baş verən dəyişikliklərə Milli Məclisin əsaslı və adekvat cavab vermək imkanını məhdudlaşdırır.

95-ci maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan məsələlər üzrə (MM-in işinin təşkili, prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis olunması, inzibati ərazi bölgüsü, dövlətlərarası müqavilələrin təsdiqi, dövlət büdcəsinin təsdiqi) qanunlar qəbul edilir. Bu məsələlərin qanun qəbul olunmaqla həll olunması fikrimizcə onların əhəmiyyətindən irəli gəlir. 95-ci maddənin 8-ci bəndində göstərilir ki, Milli Məclis konstitusiya ilə nəzərdə tutulan hallarda prezident fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanlar Milli Məclisin təsdiqinə verilir. Öz-özlüyündə təsirli olan, lakin başqa maddə ilə əhəmiyyəti azaldılan təsir vasitələrindən biri də 9-cu bənddə nəzərdə tutulan Baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsidir. Ancaq 118-ci maddəyə görə Baş nazirin vəzifəyə təyin olunmasına 3 dəfə razılıq verilməzsə, prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər. Bəzən bu normaya belə haqq qazandırılır ki, prezident bu halda eyni bir adamı yox, 3 müxtəlif şəxsin namizədliyini irəli sürür. Amma bunu da nəzərə almaq lazımdır ki, əvəzində hakimiyyətlərin bölgüsü mexanizmində mühüm rol oynaya biləcək bir səlahiyyətin əhəmiyyəti azaldılır. 12-ci bənddə prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılmasından söhbət gedir.Amma məhkəmə hakimiyyətinin bölgü sistemindəki yerindən bəhs edəndə görəcəyik ki, bu səlahiyyət heç də Milli Məclisin təkbaşına həyata keçirdiyi səlahiyyət deyil və yalnız ona məxsus olan səlahiyyət kimi qəbul edilə bilməz. Milli Məclisin icra hakimiyyətinə sanballı təsir etməsinə imkan verən səlahiyyətlərdən biri də AR Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsidir (95-ci maddənin 14-cü bəndi). Bu, əslində prezidentli respublikalar üçün xas olmayan bir əlamətdir və onun konstitusiya ilə əlaqədə nəzəri əsası yoxdur. Ancaq bu səlahiyyət özüylə birgə uzun bir proseduranın da olmasını tələb edir ki, o da Konstitusiyada əksini tapmayıb və nəticədə bu səlahiyyətdən istifadə etmək imkanı çox azdır. Başqa sözlə bu səlahiyyət sona qədər işlənməyib. Burada etimadın kim tərəfindən qoyulması, hansı müddətdə baxılması və nəticələri və s. bu kimi məsələlər üzrə suallar ortaya çıxır. Məsələn, Rusiya Federasiyasının Konstitusiyasının 111, 117-ci maddələrində nazirlər kabinetinə etimadsızlıq votumundan söhbət gedir və tam olmasa da bu məsələ müəyyən qədər nizamlanır.
Hüquqi nöqteyi-nəzərdən maraq doğuran məsələlərdən biri də Konstitusiyada Milli Məclisin hakimiyyət bölgüsü ilə səlahiyyətlərinin formulə olunmasıdır. Belə ki, Milli Məclis icra hakimiyyətinin bəzi təyinatlarını təsdiq edir (məsələn, hakimlərin təyini), bəzi təyinatları ilə bağlı razılıq verir (məsələn, Baş nazirin təsdiqi). Bəzi səlahiyyətlərlə əlaqədar isə, ümumiyyətlə, nə təsdiq, nə də razılıq sözü işlədilmir.

İcra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyət promulqasiya - qanunları imzalamaq və dərc etmək, habelə veto qoymaq hüququdur. Prezidentin veto hüququ Konstitusiyada birbaşa göstərilməsə də 110-cu maddənin I hissəsində deyilir ki, qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə Milli Məclisə qaytara bilər. Bu maddənin II hissəsində isə nəzərdə tutulur ki, Milli Məclis 83 səs çoxluğu ilə qəbul olunan qanunları 95 səs çoxluğu, 63 səs çoxluğu ilə qəbul olunan qanunları isə 83 səs çoxluğu ilə qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. Bu normanı bir növ 118-ci maddənin III hissəsində nə-zərdə tutulan müddəaya müvafiq olaraq (3-cü dəfə təsdiq edilmədikdə Baş nazirin Milli Məclisin razılığı olmadan təyin edilməsi) hakimiyyətin bölgüsü sistemində tarazlığın pozulmaması üçün müəyyən edildiyini qeyd etmək olar. Bu bir növ həm icra hakimiyyəti başçısı, həm də qanunverici orqanın öz səlahiyyətlərindən sui-istifadə etməməsi üçün nəzərdə tutulmuş «əlavə gediş vasitəsi», ehtiyat üsulu, texniki üsul, vasitə kimi qiymətləndirilə bilər. Amma bu səlahiyyətlərin həyata keçirilməsi arasında kəskin fərqlər vardır ki, bu da məqsədyönlü deyildir. Belə ki, prezident 3-cü dəfədən sonra heç bir maneəsiz Baş naziri təyin edə bildiyi halda, Milli Məclisə öz səlahiyyətlərindən istifadə etmək üçün, öz fəaliyyətinin nəticəsi olan qanunların hüquqi qüvvə alması üçün təsnif olunmuş səs çoxluğu gərəkdir. Başqa sözlə, Konstitusiyada nəzərdə tutulmuş yüksək kvorum, səs çoxluğu toplanmazsa, qanun qəbul olunmur. Bu isə o deməkdir ki, ya qanunverici orqan qanunu icra hakimiyyətinin tələb etdiyi formaya salmalıdır (maddələr dəyişdirilməli, fəsillər çıxarılmalı və ya tamam yeni layihə qəbul olunmalı...), ya da qanun, ümumiyyətlə, qəbul olunmamalıdır. Nəzərə alsaq ki, heç bir qeyd-şərt qoyulmadan Baş naziri təyin etmək böyük əksəriyyətin səsini toplamaqla qanun qəbul etməkdən (125 deputatdan müvafiq olaraq 83 və 95 deputat səs verməlidir) dəfələrlə asandır, onda artıq konkret bu iki vasitə ilə (Baş nazirin razılıqsız vəzifəyə təyin edilməsi və qanunun prezident imzalamadan qüvvəyə minməsi) hakimiyyət budaqları arasında tarazlaşdırmanın zəif olması aydın olar. Qanunverici orqanın belə bir imkanının olması bu nəticəyə əsas verir ki, prezident formal olaraq nisbi veto hüququna malikdir. Əslində isə bu, nisbi veto hüququ ilə mütləq veto hüququ arasında keçid mövqedə duran bir hüquqdur. Bu cür mürəkkəblik isə ancaq veto hüququna etiraz olunması prosesinin çətinliyindən doğur.

Bu səlahiyyətlərin tətbiqolunma imkanı kifayət qədər fərqlidir. Vəzifəli şəxslər qanunların qəbul olunduğu intensivliklə təyin olunmur. Fövqəladə və hərbi vəziyyət yalnız zəruri hallarda tətbiq olunur, əsas nəzarət vasitəsi olan büdcənin təsdiqi isə ildə, ancaq bir dəfə həyata keçirilir. Qanunlar isə Milli Məclisin hər sessiyası zamanı qəbul olunur və hər biri də mütləq prezident tərəfindən imzalanmalıdır. Bu isə icra hakimiyyətinə böyük imkanlar verir. Bundan başqa icra hakimiyyətinin bölgü sistemində əsas səlahiyyəti olan qanunların imzalanması və veto birbaşa qanunverici orqanın fəaliyyətinə, onun nəticələrinə - qanunlara yönəlib. Əksinə, Milli Məclis icra hakimiyyətinin fəaliyyətinə əsasən, investitura fəaliyyətinə müdaxilə etməklə nəzarət edir. Prezidentin bilavasitə özünün fəaliyyətinə, öz hərəkətlərinə təsir isə onun qeyd etdiyimiz fərmanlarının təsdiq edilməsi yolu ilə gerçəkləşdirilir. Müəyyən şəxslərin vəzifəyə təyin edilməsinə razılıq verilməsi qanunların imzalanması ilə müqayisədə o qədər də təsirli deyil. Çünki qanun imzalanarkən, o analiz edilir ki, onun tətbiqindən ortaya çıxacaq nəticələr, qanunun icra hakimiyyətinə toxunması və s. faktorlar nəzərə alınsın. Şəxsləri vəzifəyə təsdiq edərkən isə onların bütün şəxsi keyfiyyətləri analiz edilə, gələcək davranışları tam müəyyənləşdirilə bilməz. Heç kim onların nə vaxtsa bürokrata çevrilməyəcəyinə təminat vermir. İcra hakimiyyətinin roluna təsir edən mühüm faktorlardan biri də 109-cu maddənin 32-ci bəndidir. Bu bənddə müəyyənləşdirilir ki, Konstitusiya ilə Milli Məclisin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri prezident icra qaydasında həll edir. Bu bəndin nəzərdə tutulmasına belə haqq qazandırılır ki, icra hakimiyyəti ilə bağlı mümkün səlahiyyətlər dairəsi çox genişdir, onları, tamamilə, nəzərə almaq obyektiv cəhətdən mümkün deyil və belə normalar, əslində, sonradan onların da nəzərə alınması üçün müəyyən edilir.

Azərbaycan Respublikası Milli Məclisinin hakimiyyətin digər qolu - məhkəmə hakimiyyəti ilə də qarşılıqlı əlaqəsi vardır.
Məhkəmə hakimiyyətinin fəaliyyəti müəyyən mənada qanunverici hakimiyyətdən asılıdır. Məhz qanunverici hakimiyyət məhkəmə quruluşu, hakimlərin statusu, məhkəmə icraatı və s. ilə bağlı məsələləri nizama salır. Belə hüquqi tənzimlənmənin əsasını isə Konstitusiya təşkil edir. Məhz konstitusiyalarda məhkəmə hakimiyyətinin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur.
Qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri eyni zamanda hakimlərin təyinində və amnistiya aktlarının tətbiqində özünü göstərir.
Lakin qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri birtərəfli deyildir. Məhkəmə hakimiyyəti də qanunverici orqanın qəbul etdiyi aktların Konstitusiyaya zidd olduğu barədə qərar qəbul etməklə qanunverici hakimiyyətə qarşılıqlı təsir göstərir. Bu təsir eyni zamanda Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqində də özünü göstərir. Konstitusiyanın 86-cı və 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçkilər Məcəlləsi»nin 171-ci maddəsinə görə Milli Məclis deputatları seçkilərinin nəticələrini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Top