Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu.
Konstitusiyamızın 52-ci maddəsində və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» 1998-ci il 30 sentyabr qanununun 1-ci maddəsində göstərilir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır».
Bəzi müəlliflər hesab edirlər ki, şəxs dövlətə yalnız totalitar rejimdə mənsub ola bilər. Amma bu fikir düzgün deyil. Çünki şəxsin dövlətə mənsubluğu dedikdə, onun dövlətin yurisdiksiyasında olması başa düşülür.
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir.
Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır.
Vətəndaşla dövlət arasında hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Deməli,
vətəndaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür.
Azərbaycan Respublikasında vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplər vətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericiliklə müəyyən olunan rəhbər müddəalardır.
Azərbaycan Respublikası vətəndaşlığının prinsiplərinə daxildir.
I. Vətəndaşlığın müstəqil müəyyən olunması.Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxslər özləri öz vətəndaşlıqlarını müəyyən edirlər. Şəxs istənilən vaxt vətəndaşlıqdan imtina edə bilər. «Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanun»un V maddəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:
1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının qeydiyyatında olan vətəndaşlar;
2) 1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər. Burada şərt var. Həmin şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;
3) 1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar;
>4) bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər.
II. Vahid vətəndaşlıq prinsipi.Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası öz vətəndaşının digər dövlətlər qarşısında vətəndaşlıqdan irəli gələn öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək hüququnu tanıyır. Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini tanıyır. Məsələn, Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyi ikili vətəndaşlığı tanıyır. Amma o şərtlə ki, həmin dövlətlə Rusiya arasında müqavilə bağlansın. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər ki, bu böyük dövlətlərə onların daxili işlərinə qarışmasına imkan yarada bilər.
III. Bərabər vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlığın əldə edilməsi üsulundan və əldə olunması müddətindən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludur.
IV. Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipi.Vətəndaşlıqdan məhrumetmə əslində insan və vətəndaş hüquqlarının məhdudlaşdırılması deməkdir. SSRİ dövründə cinayət törədən şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum edilirdi. Amma indi bu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə müvafiq olaraq yolverilməzdir.
V.Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisindən qovulmasının və ya xarici dövlətə verilməsinin yolverilməzliyi. Bu prinsip vətəndaşın dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç kəs Azərbaycan Respublikası vətəndaşını dövlət ərazisindən qova bilməz.
VI.Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikasının himayəçilik prinsipi. Bu prinsip qismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər. Faktiki olaraq, xırda dövlətlər böyük dövlətlər ərazisində yaşayan vətəndaşlarına himayəçilik edə bilmir.
VII.Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda hansı müddətə yaşamasından asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır.
VII.Vətəndaşlıqla bağlı beynəlxalq normaların üstünlüyü. Yəni Azərbaycan Respublikası xarici dövlətlərlə vətəndaşlıqla əlaqədar müqavilələr bağlaya bilər. Bu müqavilələrlə milli hüquq arasında ziddiyyət yaranarsa, beynəlxalq müqaviləyə üstünlük verilir.
«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun»a görə, Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır:
- doğulduqda;
- vətəndaşlığa qəbul edildikdə;
- beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda.
Vətəndaşlığın əldə edilməsi yollarına aşağıdakılar daxildir:
1)filiasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi).
Burada iki prinsip var:
1)
ius sanquini — qan hüququ;
2)
ius soli — torpaq hüququ.
Avropa dövlətlərində
ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından doğulubsa həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından — doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, bizdə də
ius sanquini əsas götürülür. Lakin Konstitusiya həmçinin
ius solini vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır.
2) naturalizasiya (vətəndaşlığın şəxsi vəsatətlə əldə edilməsi). Bu bir qədər mürəkkəb qaydadır. Burada müxtəlif şərtlər var ki, onlara əsasən, şəxs dövlətin vətəndaşlığını əldə edir. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün şəxs:
- ən azı 5 il Azərbaycanda daimi yaşamalı;
- Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli;
- Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir.
3) optasiya (yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi).
4 )transfert (ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması).
Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edirsə, transfert hamıya aid edilir.
5) vətəndaşlığın bərpası — reinteqrasiya. Yəni şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyirsə, vətəndaşlıq bərpa olunur. Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş vətəndaşlın bərpasıdır. Reinteqrasiya daha tez baş verir, şəxsin vəsatət qaldırması əsas götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var.
Vətəndaşlıq aşağıdakı üsullarla xitam oluna bilər:
1)vətəndaşlıqdan çıxma;
2)vətəndaşlığı itirmə və s.
Vətəndaşlıqdan çıxmaya
denaturalizasiyada deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndaşlıq xitam olunur. Şəxs bu hərəkətinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkum olunubsa, mülki hüquqi şəxslər və dövlət qarşısında öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır.
Hüquq ədəbiyyatında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı üç rejim fərqləndirilir:
1)milli rejim;
2)daha əlverişli rejim;
3)xüsusi rejim.
Hazırda əcnəbi hər hansı bir dövlətin vətəndaşı olub, başqa dövlət ərazisində yaşayan şəxslərə deyilir. Vətəndaşlığı olmayan şəxs isə vətəndaşlığını təsdiq edən sənədi olmayanlardır. Əcnəbi və vətəndaşlığı olmayanların hüquqi statusu təqribən üst-üstə düşür. Yalnız bir fərq var: əcnəbini yarana biləcək mübahisədə himayə edəcək dövlət var, vətəndaşlığı olmayan şəxsi isə yoxdur.