Hüquqi məsuliyyət

Hüquqi məsuliyyət

Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.
Hüquqi məsuliyyətin fərqli əlaməti - hüququ pozan şəxsin hüququn tələblərini icra etməsinə dövlət məcburiyyətidir. Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır.
Bu halda söhbət hüquq pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri sahəsində tətbiq olunan hüququn bərpası tədbirlərindən gedir.
İkincisi, dövlət məcburetməsi cəza tədbirlərində ifadə oluna bilər, yəni hüquq pozuntusuna qarşı cinayət (məsələn, azadlıqdan məhrumetmə) cəzası, inzibati cərimə, inzibati tənbeh tətbiq edilə bilər.
Beləliklə, hüquqi məsuliyyət dövlət məcburiyyəti xarakteri daşıyır. Dövlət məcburetmə tədbirləri hüquq normalarında, onların sanksiyalarında müəyyən edilir.
Sanksiya - müvafiq hüquq normalarında nəzərdə tutulan hüquq pozuntusunun arzuolunmaz nəticəsi, məhrumetmə vasitəsidir. Sanksiya səlahiyyətli dövlət orqanları (məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir.
Hüquq pozuntularının növlərinə uyğun gələn hüquqi məsuliyyətin dörd əsas növü fərqləndirilir. Cinayət - cinayət məsuliyyəti, hüquq-pozmaların başqa növləri isə - müvafiq olaraq inzibati, intizam və mülki-hüquq məsuliyyəti əmələ gətirir. Son dövr hüquq ədəbiyyatında konstitusiya hüquqi məsuliyyət anlayışına da rast gəlinir.
1.    Cinayət məsuliyyəti törədilmiş cinayətə görə yaranır. Cinayət məsuliyyətinə o şəxs cəlb olunur ki, o konkret cinayət törətmiş olsun və ya cinayətin törədilməsində iştirakçı olsun. Cinayət məsuliyyətinə cəlbetmə səlahiyyəti olan yeganə dövlət orqanı məhkəmədir ki, hansı ki, öz hökmü ilə cəza növünü təyin edir.
2.    Konkret şəxsin inzibati məsuliyyəti üçün əsas onun inzibati hüquq pozuntusu törətməsidir.İnzibati məsuliyyət səlahiyyətli dövlət orqanlarının qoyduğu inzibati tənbehlərin (xəbərdarlıq, cərimə, müsadirə, xüsusi hüquqlardan məhrumetmə və s.) tətbiqində ifadə olunur.
3.    İntizam məsuliyyəti intizam qaydalarının pozulması nəticəsində baş verir. İntizam xətaları məzəmmət, töhmət, şiddətli töhmət, işdən azadetmə və s. kimi sanksiyaların verilməsinə gətirir.
4.    Mülki-hüquqi məsuliyyət mülkiyyət, əmlak xarakteri daşıyır. Belə ki, mülki-hüquqi mülkiyyət münasibətlərini nizamlayır. O əvəzetmə xarakteri daşıyır, ona görə ki, məqsədi - pozulmuş mülkiyyət hüququnun bərpasıdır. Mülkiyyətin ölçüsü, adətən vurulmuş ziyanın ölçüsünə uyğun gəlməlidir.
Top