Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır.
Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır.
İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur.
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir:
1. Konstitusiyanın xüsusi subyekt - xalq tərəfindən qəbul edilməsi. Qeyd etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq tərəfindən qəbul olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ bağışlanılır. Lakin bu istisnadır və demokratik konstitusiyalar üçün xarakterik deyildir.
2. Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa qanunlardan fərqli olaraq təsisedici, birbaşa xarakter daşıyır. O, ictimai münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü maraqlarmı əhatə edən daha vaciblilərini tənzimləyir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşın başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir, hüquq qaydasının və qanunçuluğun əsaslarmı müəyyən edir. Ona görə də konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları bütün başqa hüquq normalarına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
3. Konstitusion nizamasalmanın hərtərəfliliyi. Göstərildiyi kimi, Konstitusiya çox geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını müəyyənləşdirir. Aydındır ki, bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi müəyyən edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna görə də konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən əsas tərəflərini müəyyən edir.
4. Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı kimi, hüququn əsas mənbəyidir. O, cari qanunvericilik üçün hüquqi bazadır və onun xarakterini müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını inkişaf etdirir. Bəzi hallarda Konstitusiyada bu və ya digər qanunun qəbul edilməsi haqqında göstəriş olur (məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsində göstərilir ki, bələdiyyələrə seçkilərin qaydaları qanunla müəyyən olunur). Qanunvericiliyin hüquqi bazası kimi Konstitusiya bütün hüquq məkanında əsas mərkəzdir. O, bütünlükdə hüququn inkişafında uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir.
5. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Əsas Qanun kimi Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq riayət etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün vətəndaşlar üçün ən ali davranış normasıdır.
6. Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca hüquqi xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri aiddir.
Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi.
2. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi (Azərbaycan Respublikasının Konstitusiyası).
3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi.
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:
1. Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin xarakterinə uyğun gəlməsi.
2. Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi xüsusiyyətlərin nəzərə alınması.
3. Konstitusiya müddəalarının sosial nəticələrini əvvəlcədən görmək (məqsəd və nəticə).
4. Konstitusiyanın real təminat verməsi.
Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun stabilliyidir. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi sənəd olduğuna görə o, konstitusion tənzimləmənin obyekti olan ictimai münasibətlərə məqsədyönlü təsir etməlidir. Bunun üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir:
1. Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.
2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.
3. Konstitusiyanın səmərəli müdafiə mexanizmi olmalıdır.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir tərəfdən insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə normativ hüquqi aktda - əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çoxsaylı normativ hüquqi aktlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.
Konstitusiya maddi mənada özündə yazılı aktı, aktlar məcmusunu və yaxud Konstitusiya adətlərini təcəssüm etdirir. Bu da ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də konstitusiya quruluşunun əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və ölkənin paytaxtmı müəyyən edir.
Lakin maddi mənada «konstitusiya» termini az işlədilir. Əksər hallarda Konstitusiya barədə formal mənada, yəni digər qanunlara münasibətdə ali hüquqi qüvvəyə malik olan qanun və ya qanunlar toplusu kimi danışılır. Belə olan halda Konstitusiya bir növ qanunların ən ali səviyyəsinə yüksəlir. Konstitusiya adi qanunların dərc olunduğu qaydada dəyişdirilə bilməz, əksinə, ona uyğun gəlməyən qanunlar və digər normativ hüquqi aktların özündə müvafiq dəyişikliklərin edilməsini tələb edir.
Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.
Konstitusiyanı cəmiyyətin mikromodeli, hüquqi nişanı kimi təsəvvür etmək olar. Məhz onun hüdudlarında və əsasında dövlət hakimiyyəti mexanizmi fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıqları müdafiə olunur, ictimai inkişafın sahələri qabaqcadan müəyyənləşdirilir.
Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi funksiyadır. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, qoruma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir.
Konstitusiyanın ikinci funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial sistemdə mövcud münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.
Üçüncü funksiya ölkənin siyasi sistemi ilə bağlı olan siyasi funksiyadır. Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır. Konstitusiya fərdlərin siyasi sistemdə, siyasi durumda davranış qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Siyasi sistemə giriş-çıxış birbaşa konstitusiyadan asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun qaydaları» burada müəyyənləşdirilir. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün ümumi imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına nəzarət edir (siyasi partiyaların fəaliyyətinin Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilməsi buna misal ola bilər).
Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya, hər şeydən əvvəl, hər bir insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə edir.
Tərbiyəvi funksiya həm də insan - cəmiyyət - dövlət münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır.
Konstitusiyanın hüquqi qüvvəsi məsələsi son illər konstitusiya hüquq elmində aktiv müzakirə olunan məsələlərdən biridir. Bu ondan irəli gəlir ki, konstitusiyanın hüquqi qüvvəsi onun xüsusiyyətlərinə görə digər aktların hüquqi qüvvəsindən fərqlənir. Hüquqi aktların qüvvəsi onların nəyə və necə, hansı dairədə tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir sistem olduğuna görə onların tətbiqi və hüquqi qüvvəsi də bir-birindən asılıdır. Elə buna görə də hüquqda birbaşa hüquqi qüvvə və dolayı hüquqi qüvvə anlayışları vardır. Bir qayda olaraq, aktlar birbaşa hüquqi qüvvəyə malikdir. Birbaşa hüquqi qüvvə onu ifadə edir ki, aktın nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü konkret hala təsir edə bilər. Başqa sözlə, birbaşa hüquqi qüvvədə hüquqi nizamasalma, sadəcə, aktın öz gücü, öz imkanları hesabına həyata keçirilir. Dolayı hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki, aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt olmadan onun tətbiqi qeyri-mümkündür. Burada aktın realizə olunması bir başqa aktla şərtləndiyinə görə ona dolayı hüquqi qüvvə deyilir. Dolayı hüquqi qüvvəsi olan akt ortaya çıxmış konkret halı tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin burada aktın dolayı hüquqi qüvvəsi ilə fərdi hüquqi tənzimləmənı qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün hüquq sistemi reallığa iki cür təsir edir: 1) normativ nizamasalma; 2) fərdi hüquqi nizamasalma.
Fərdi hüquqi nizamasalma hüququn tətbiqi prosesinə aid olub, aktın hüquqi qüvvəsindən asılı deyil və bir çox hallarda tətbiq olunur. Fərdi hüquqi nizamasalma mərkəzləşdirilmiş qaydada, yalnız dövlət orqanları tərəfindən həyata keçirilə və ya fərdlərin özləri tərəfindən realizə oluna bilər. Məsələn, əmək müqaviləsi, mülki müqavilə fərdlərin özləri tərəfindən həyata keçirilən fərdi hüquqi nizamasalma vasitəsidir. Fərdi hüquqi nizamasalma vasitəsi qanunun tələblərini reallığa çevirmək üçün baş vermiş faktı incəliklərinə qədər tənzim edən hüququn tətbiqi mərhələsidir. İstənilən məhkəmə qərarı, hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir. Dolayı hüquqi qüvvəyə malik olan aktın realizə olunmaq üçün fərdi hüquqi nizamasalmaya deyil, normativ hüquqi nizamasalmaya ehtiyacı olur. Başqa sözlə, dolayı hüquqi qüvvəyə malik aktın - qanunun tətbiq olunması üçün sərəncam, əmr verilməmişdən əvvəl (fərdi hüquqi nizamasalma vasitəsi) mütləq başqa bir normativ hüquqi akt verilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə, konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və konstitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Yəni hər hansı qanunun olub-olmamasından asılı olmayaraq, vətəndaş konstitusion normaların realizə edilməsini tələb edə bilər.
Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq imkanına malikdir. Burada isə əsas problemlərdən biri norma-prinsiplərin birbaşa təsbit olunmasıdır.
Konstitusiyanın birbaşa tətbiqində məhkəmə hakimiyyətinin rolu xüsusilə yüksəkdir. Məhz məhkəmə pozulmuş hüquq və azadlıqları müdafiə edir və hüququn tətbiqi ilə də ən çox elə o məşğuldur.
Hər bir Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə bərabər, sosial-siyasi mahiyyətə də malikdir. Bu da ondan ibarətdir ki, Konstitusiya qəbul olunduğu zaman özündə mövcud olan siyasi qüvvələrin nisbətini təcəssüm etdirir. Bu, necə deyərlər, cəmiyyətin müxtəlif hissələrinin siyasi mənafelərinin razılaşdırıldığı ictimai müqavilədir (əlbəttə, bu heç də hüquqi mənada müqavilə deyildir). Hər belə ictimai sinif, sosial təbəqə, ərazi, milli və digər birliklər siyasi mübarizədə öz sosial mənafeyini müdafiə edir və bu mübarizədə nail olduqları səviyyə Konstitusiyada öz əksini tapır. Belə razılıq olmayan cəmiyyətdə hüquq qaydası mövcud ola bilməz.
Lakin sovet dövrünün dövlət hüququ elmi uzun illər ərzində siyasiləşdirildiyindən və ideolojiləşdirildıyindən sovet və xarici ölkə Konstitusiyalarının təhlilinə əsasən sinfi mövqedən yanaşaraq, onları sinfi qüvvələrin nisbəti, sinfi-siyasi hökmranlığın aləti kimi səciyyələndirirdi. Belə təhlildə sinfi mənafelər ümumxalq mənafeyini, milli mənafelər ümumbəşəri mənafeyi üstələyirdi. Bu yanaşma marksizm-leninizm ideologiyasının əsaslarına söykənirdi.
Azərbaycan Respublikası Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir.
Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də qeyri-dövlət sahələrini - sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarmı, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarım təsbit edir.
Bu gün respublikamızın hüquqi dövlət quruculuğu yolunu tutması onun sosial və mənəvi həyatımızda yeni, yüksək zirvələrə doğru irəliləməsindən xəbər verir. Onun hüquq sistemi kompleks sosioloji tədqiqatların və digər işlərin həyata keçirilməsini, iqtisadi və siyasi sistemin normal fəaliyyətinin hüquqi əsasının analizini, müqayisəli-hüquqi xarakterli materiallardan istifadə olunmasını, bütövlükdə qanunvericilik prosesinin öyrənilməsini, insan hüquqları və vətəndaş azadlıqlarının real müdafiəsi üçün əsaslandırılmış tövsiyələrin işlənib hazırlanmasını nəzərdə tutur.
Xalqın hakimiyyət və qanunların icrası üzərində nəzarətinə nail olması belə bir fikir söyləməyə əsas verir ki, «müasir mədəni dövlət elə Konstitusiya dövlətidir».