Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər.
Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun aşağıdakı əlamətləri vardır:
Birincisi, hüquq pozuntusu hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir.
İkincisi, hüquq pozuntusunun subyekti qanunla müəyyən edilmiş yaş həddinə çatmış (bir qayda olaraq 14-16 yaş), hüquq qabiliyyətli, anlaqlı şəxslərdir ki, onlarda öz hərəkətlərinə hesabat vermək, öz davranışına rəhbərlik etmək qabiliyyəti vardır. Beləliklə, hüquq pozuntusu ağılla hərəkət etməyə qadir olan insanın iradəsinin ifadəsi kimi xarakterizə olunur. Ona görə də azyaşlıların və psixi cəhətdən anlaqsız olan şəxslərin törətdiyi ictimai-təhlükəli əməllər hüquq pozuntusu hesab olunmur. Azyaşlıların törətdiyi qanunvericilikdə nəzərdə tutulmuş ictimai təhlükəli əmələ görə müvafiq tərbiyəni və nəzarəti həyata keçirməməkdə təqsirkar olan şəxs cavab verməlidir.
Üçüncüsü, şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Müəyyən yaş həddinə çatmış, anlaqlı şəxsin yalnız o ictimai-təhlükəli, hüquqazidd əməli hüquq pozuntusu hesab oluna bilər ki, bu əməl şəxsin təqsiri ucbatından baş vermiş olsun. Beləliklə, hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir.
Yuxarıda ifadə olunanları nəzərə alaraq hüquq pozuntusuna belə bir tərif vermək olar: hüquq pozuntusu dedikdə - şəxsin ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməli başa düşülür.
Hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət (məsələn, xuliqanlıq) və hərəkətsizlik (məsələn, vəzifəli şəxsin şüurlu surətdə məhkəmənin qərarını, hökmünü, qərardadını, yaxud qətnaməsini icra etməməsi) formasında ola bilər.
Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir.
Hüquq pozuntusunun tərkibinə daxildir:
1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri).
2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir.
3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu halda cinayət hüququnda hüquq pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs çıxış edə bilər.
4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir.
Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
Bütün hüquq pozuntuları ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə və xətalara bölünür.
Cinayət - cinayət qanunvericiliyi (cinayət hüquq normaları) ilə qadağan edilmiş ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o cəmiyyətin mövcud olmaq şərtlərinin özünə, vətəndaşların əsas hüquq və azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd əməllər cinayət hesab olunmur. Belə ictimai təhlükəli əməllər başqa növ hüquq pozuntularına aiddir.
Xətalar - hüquq pozuntusunun subyektindən, vurulmuş ziyanın xarakterindən və həcmindən, habelə bunlara müvafiq olaraq tətbiq olunan hüquqi sanksiyaların xüsusiyyətlərindən asılı olaraq inzibati, intizam və mülki hüquqpozmalara bölünür ki, bunlar da müəyyən hüquq sahələrinə aid olur.
İnzibati xətalar - ən başlıcası dövlət idarəçiliyinə qəsd edən hüquqpozmalardır (küçə hərəkəti qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının, sanitar qaydalarının və s. pozulması).
İntizam xətaları - əmək, xidməti, yaxud təhsil intizamına qəsd edən hüquq pozuntusudur.
Mülki hüquq pozuntuları (xətalar) öhdəliklərin icra olunmaması, yaxud lazımi qaydada icra olunmaması, hər hansı şəxsə bu və ya digər əmlak ziyanının vurulması (delikt), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir.