Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları, məhz hüquq münasibətlərinin köməyi ilə realizə olunur.
Hüquq münasibətləri üçün onun iştirakçılarının (subyektlərinin) subyektiv hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir.
Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq münasibətinin özü yoxdur.
Məsələn, hər bir tələbə ilə ali məktəb arasında hüquq münasibəti vardır. Tələbənin təhsil almaq hüququ vardır, ali məktəb isə, öz növbəsində təhsil proqramına uyğun olaraq ona müvafiq biliklər əldə etmək üçün şərait yaratmağa borcludur. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri hüquq münasibətlərinin hüquqi məzmununu təşkil edir.
Hüquq elmində «hüquq münasibətlərinin tərkibi» anlayışından istifadə olunur ki, onun da elementləri aşağıdakılardır:
. hüquq subyekti;
. hüquq münasibətlərinin məzmunu;
. hüquq münasibətlərinin obyekti;
Hüquq münasibətlərinin maddi məzmununu onun subyektlərinə tərəf kimi məxsus olan qarşılıqlı hüquq və vəzifələrin reallaşması ilə əlaqədar davranış və hərəkətlər təşkil edir.
Bu mənada hüquqi əlaqələrin hüquqi məzmunu - hüquq münasibətinin subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - hüquq münasibəti subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir.
Hüquq münasibətinin iştirakçıları, əsasən fiziki və hüquqi şəxslərdir. Fiziki şəxslər konkret dövlətin ərazisində və ya onun ərazisindən kənarda olan vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.
Hüquqi şəxslərə aiddir: bütünlükdə dövlət, dövlət orqanları, ictimai qurumlar, təsərrüfat birlikləri və s. Hüquq münasibəti iştirakçısı olmaq üçün müəyyən hüquqi keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa malik olmaq və müəyyən hüquqi vəzifələri daşımaq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən, başqa sözlə öz hərəkəti ilə hüquqlar əldə etmək, həyata keçirmək və hüquqi vəzifələri icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onların yarandığı andan meydana gəlir.
Fiziki şəxslərdə hüquq qabiliyyəti anadan olduğu andan meydana gəlir; fəaliyyət qabiliyyəti isə müəyyən yaş həddinə çatdıqdan sonra əmələ gəlir. Fəaliyyət qabiliyyəti insanların psixi fəaliyyəti ilə də bağlıdır. Bunun üçün psixi cəhətdən sağlam olmaq zəruridir. Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti əsasən 18 yaşdan başlayır.
Məsələn, vətəndaş cinayət məsuliyyətinə 16 yaşdan, bəzi cinayət əməllərinə görə 14 yaşdan cəlb oluna bilər. Yaxud başqa bir misal: ayrı-ayrı istisna hallarda nikah yaşı kişilər üçün 18 yaşdan 17 yaşa endirilə bilər. Azərbaycan Respublikasında ailə və nikah məcəlləsinə görə, bu barədə qərarı müvafiq yerli icra hakimiyyəti orqanı qəbul edə bilər.
Hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı yalnız yuxarıda göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır.
Hüquqi fakt qanunda nəzərdə tutulan, konkret hüquq münasibətlərinin əmələ gəlməsi (həmçinin, dəyişməsi və xitam edilməsi) üçün əsas olan həyati hallar - hadisə və hərəkətlərdir.
Hüquqi faktları insan iradəsi ilə əlaqəsindən asılı olaraq iki qrupa bölmək olar: hadisələr və hərəkətlər, bunlarla qanun hüquqi nəticələrin əmələ gəlməsini əlaqələndirir. Hadisələr - bir qayda olaraq insanın iradəsindən asılı olmayaraq baş verən hüquqi əhəmiyyətli faktlardır. Məsələn, insanın ölümü vərəsəliklə əlaqədar hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Hərəkətlər insanın iradəsindən bilavasitə asılı olan hüquqi faktlardır. Hərəkətlər qanunauyğun, yəni hüquq normalarını, onların tələblərini pozmayan (məsələn, alqı-satqı müqaviləsi) və qanuna zidd, yəni qanunu pozan, qanunla düz gəlməyən hərəkətlərə bölünür (məsələn, inzibati, cinayət hüquqpozmaları və s.).