Əmək müqaviləsi və onun hüquqi təminatı

Əmək müqaviləsi və onun hüquqi təminatı

Azərbaycan Konstitusiyasının, eləcə də Əmək Məcəlləsinin əsas müddəalarına görə, əmək müqavilələri sərbəst bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi-işgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digər isə işçi adlanır. Onbeş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.
Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyinin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir (43-cü maddə).
Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
Əmək müqaviləsi yazılı surətdə tərəflərin razılığına uyğun ən azı iki nüsxə olmaqla imza və möhürlə təsdiqlənir. Bu müqavilə qabaqcadan müddəti müəyyən edilmədən və ya 5 ilədək müddətlə bağlana bilər, müddət göstərilmədikdə, həmin müqavilə müddətsiz bağlanmış hesab olunur. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək müqaviləsi Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş Əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtlər işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanır.
Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən peşə-vəzifə adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsini, əməyə görə haqqın miqdarının və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və şəraitinin yaradılmasını, əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini, iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini, istirahət vaxtından, məzuniyyətdən, sosial sığortadan və əmək müqavilələrindən nəzərdə tutulan şərtləri özündə ehtiva əmək şəraitini təmin etməlidir.
Əmək Məcəlləsinin 55-ci maddəsinə görə, əmək müqaviləsi bağlanarkən, əmək münasibətləri prosesində işəgötürən imkanı əmək şəraitinin şərtlərindən hesabına Əmək Məcəlləsində nəzərdə tutulan daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar müəyyən edilə bilər. Əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

Əmək müqaviləsi kollektiv qaydada da bağlana bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləməboşaltma, məişət, Ticarət, əkin-biçin və s.) iki və daha çox işçi qruppu tərəfindən kollektiv halında həyata keçirmə kollektiv əmək müqaviləsi olub, onun hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Kollektiv əmək müqaviləsi bağlanan hallarda işəgötürən kollektivin hər bir üzvü qarşısında Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməlidir.
Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə də bağlana bilər. Bu halda on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin, yaxud onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Əmək müqaviləsində əks olunması mütləq olan şərtlərdən hər hansı biri əvvəlcədən nəzərə alınmayıbsa, o, sonradan hər hansı tərəfdən asılı olmayaraq qaldırılarsa, müqavilə yenidən bağlana bilər, ləğv edilə bilər və ya yenidən bütövlükdə tərtib edilə bilər.
Əmək müqaviləsinə dəyişikliklər işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir.
Əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin daimi xarakter daşımadığı bəzi hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
Bunlardan — işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə və s. olması onun əmək funksiyasının başqa işçi tərəfindən icrası zəruriyyəti yarandıqda;
-   təbii və iqlam şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı;
-   işin həcminin və davamiyyətinin qısa müddətli olduğu təmirtikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və s. bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
— müvafiq vəzifə üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan — stajkeçmə, ordinatorluq, internatura, bakalavrlıq dövrlərinə ehtiyac olduqda;
-   işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən, işləməklə yanaşı təhsil aldığı, pensiya yaşına çatanadək işləmək istəyi olduqda;
-   müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
-   əmək məcəlləsinin 6-cı maddəsinə əsasən seçkili orqanlarda seçkili vəzifələrə seçilərkən;
-   tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
-   əmək məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qruppu halında birgə əmək müqaviləsi bağlandıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etməli olduğu sənədlər — onun əmək kitabçası şəxsiyyətini sübut edən sənəd əsas götürülür. İlk əmək fəaliyyəti istisna olmaqla, Dövlət sosial sığorta şəhadətnaməsi də buraya əlavə olunmalıdır. Bununla yanaşı işə girənin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda işçi işəgötürənə təhsili barədə müvafiq sənədi də təqdim etməlidir. Sağlamlıqla əlaqəli iş olduqda isə həkim arayışına ehtiyac olur və bu peşələrin siyahısı adətən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir.
Əmək müqaviləsinin hər hansı Dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması və təsdiq edilməsi qanuna zidd hal sayılır. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması, bir qayda olaraq, elm, təhsil və Dövlət qulluğu olan təşkilatlarda elan edilir. Müsabiqə, işçinin sənədləri elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə, yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla aparıla bilər. Belə müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul etdiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər.
Digər bir qayda — əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlana bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Əmək məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən qeyd edilməlidir. Məcəllədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir.
 
Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT
Top