ABŞ hökumətinin əsəs sənədləri tarixindən

ABŞ hökumətinin əsəs sənədləri tarixindən

Konstitusiya və ya təməl sənəd. Birləşmiş Ştatların Konstitusiyası Amerika hökumətinin ali qanunudur. Mövcudluğu (200 il) ərzində bu sənəd Amerika hökumət idarələrinin təkamülünə yol açmış, siyasi sabitliyin, fərdi azadlığın iqtisadi yüksəlişin və ictimai tərrəqinin təminatçısı olmuşdur. Bu Konstitusiya dünyanın ən qədim yazılı konstitusiyası olub, çox sadə və aydınlıqlıdır. Başlanğıcda Atlantik okeanın sahili boyu 13 çox müxtəlif müstəmləkələrin 4 milyonluq əhalisini idarə etmək üçün təməl kimi yaradılmış bu Konstitusiyanın əsas müddəaları o dərəcədə təkmildir ki, ancaq 26 düzəlişlə o, bu gün Atlantik okeanından Sakit okeana qədər uzanan bir-birindən çox fərqlənən 50 ştatının 240 milyondan artıq əhalisinin ehtiyaclarını ödəyir. 
Uzun müzakirələr yolu keçmiş bu sənəd əvvəllər federal ittifaqın 6 illik təcrübəsindən sonra 1787-ci ildə bir layihə sənədi kimi ortaya qoyulmuşdur. Elə bunun nəticəsi idi ki, indiki ABŞ-ın Şərqində mövcud olmuş 13 Britaniya müstəmləkəsi 1776-cı ildə öz azadlıqlarını elan etmişdilər. 6 il ingilislərlə ölüm-dirim savaşı aparan bu müstəmləkələr öz aralarında bir müqavilə bağlamaqla, özlərini vahid xalq elan etdilər.
«Konfederasiyanın və Daimi Birliyin Maddələri» adlanan bu müqaviləni ştatların Konqresi 1777-ci ildə qəbul etdi və rəsmi şəkildə 1778-ci ilin iyulunda imzaladı. Deyilən Maddələr 1781-ci ilin martında 13-cü Ştat Merilənd tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minmiş oldu. Konfederasiyanın Maddələri ştatlar arasında sərbəst bir birlik yaratdı və çox məhdud hakimiyyət hüququ olan federal bir dövlət təsis etdi. İlk vaxtlar Maddələr çoxda özünü doğrultmağından 1787-ci ilin fevralında respublikanın qanunvericilik orqanı olan Kontinet Konqresi Ştatlara müraciət edərək, Maddələri yenidən işləmək üçün öz nüməyəndələrini Filadelfiyaya göndərməyi təklif etdi. Konstitusion və ya Federal Məclis 1787-ci ilin mayında 11 il əvvəl, 1776-cı il iyulun 4-də Müstəqillik Bəyannaməsi qəbul olunduğu İstiqlaliyyət zalında çağrıldı. Konstitusiya yeni bir sənəd kimi, 1787-ci il sentyabrın 17-də təkmil şəkildə işləndi və rəsmən 1789-cu ilin 4 martında yekdilliklə qəbul olundu. Sənədi hazırlayan 55 nümayəndə ən çox tanınmış rəhbərlərdən olmaqla yanaşı, həm də yeni dövlətin təməlini qoyan Bani Atalar hesab olunurdu. Bu insanlar müxtəlif mənafeləri, müxtəlif keçmişləri və həyatda müxtəlif mövqeləri təmsil edirdilər.
Bütün bunlara baxmayaraq, onlar hamılıqla Konstitusiyanın «ön söz» yerindəki fikirləri hamılıqla qəbul edirdilər. Orada deyilirdi — «Biz, Birləşmiş Ştatların xalqı daha təkmil bir birlik yaratmaq, ədalət təsis etmək, ölkə daxilində əmin-amanlığa zəmanət vermək, müdafiə təmin etmək, ümumi rifaha təkan vermək, eyni zamanda özümüz və gələcək nəslimiz üçün azadlıq səadəti təmin etmək naminə Amerika Birləşmiş Ş tatları üçün bu Konstitusiyanı təntənə ilə elan edir və qəbul edirik».
Amerika Kostitusiyasının ilkin məqsədi xalqın iradəsinə bilavasitə cavab verən güclü və seçkili bir hökumət yaratmaq idi. 1959-cu ildə ABŞa daxil olan Alyaska və Havay da daxil olmaqla Amerika bu gün 50 ştatdan ibarətdir. XIX əsrdən başlayaraq XX əsrin 2-ci yarısına qədər mühacirələrin sonsuz axını öz bucarıq və mədəni miraslarını inkişaf edən dövlətə əlavə töhvə etdilər. Bu cür formalaşan yeni dövlətin zənginliyi onun özünəməxsus müxtəlifliyi ilə əlaqəlidir.
Konstitusiyanın və onun təşkil etdiyi hökumətin daimi vəzifəsi birbirindən ciddi şəkildə fərqlənən bütün bu maraq dairələrini birləşdirmək, ümumi bir zəmin yaratmaq və eyni zamanda insanların hamısının hüquqlarını müdafiə etmək idi. Məqamı düşmüşkən qeyd edək ki, Azərbaycan Respublikasının da ABŞ dövlətçilik ənənələrindən bəhrələnmək istəyi olarsa, heç də pis olmazdı.
ABŞ Konstitusiyası təsdiq və qəbul edildiyi dövrdən bəri-yəni 200 il ərzində cəmi 26 düzəliş edilmişdir, onun yüksək səviyyəli yazılışı həyatda özünü doğrultmuşdur. Qeyd etmək lazımdır ki, insan cəmiyyətinin heç bir məhsulu təkmil deyildir. Xeyli düzəlişlər edildiyinə baxmayaraq, ABŞ Konstitusiyasında görünür hələ də elə çatışmayan cəhətlər var ki, bunlar gələcək günlərin narhatçılığı zamanı üzə çıxacaqdır. Lakin, 2 əsr ərzində yüksəliş və misilsiz inkişaf, Amerika hökumətinin təməl qanununu qoyan 55 adamın uzaqgörənliyi sübuta yetirmişdir.
ABŞ Konstitusiyasının müvəffəqiyyətinə inanan Benyəmin Franklin Avropadakı dostlarına yazırdı: «Mən ştatlar üçün təklif olunan bu yeni federal Konstitusiyanı sizə göndərirəm. Əgər bu Konstitusiya müvvəfəqiyyətlə qəbul olunsa, mən bilmirəm ki, nə səbəbə siz Avropada bir Federal Birlik və özünün tam müxtəlif dövlətləri və krallıqları olan nəhəng bir respublika yarada bilməzsiziniz.» Hazırda Avropada gedən proseslər 200 il geciksədə, Benyəmin Franklinin dediyi fikrə doğru aparır.
İnqilabi Ordu komandanı, Konstitusion Konventin sədri Corc Vaşinqton yekdilliklə ABŞ-ın 1-ci prezidenti, Con Adams isə prezident müavini seçildi. Adams Nyu-Yorka 1789-cu ilin 21 aprelində, Vaşinqton isə 23-də gəldi. Onların hər ikisi 1789-cu ilin 30 aprelində işə başlamaq üçün and içdilər. Yeni hökumət yaratmaq məsələsi artıq həll olunmuşdu. Dünyanın ilk respublikasının təsdiq olunması işi isə yenicə başlayırdı.
Amerika xalqı ən ümumi şəkildə öz iradəsini səsvermə yolu ilə ifadə edir. Buna baxmayaraq, vəzifəli şəxs yaranmaz hərəkətlər etdiyi və vəzifə cinayəti törətdiyi hallarda Konstitusiya impiçment yolu ilə onu öz vəzifəsindən kənar edə bilər. 2-ci Maddənin 4-cü bəndində deyilir: «Birləşmiş Ştatların Prezidenti, Prezident müavini və bütün mülki vəzifəli şəxsləri cinayətə, rüşvət almağa və ya başqa yüksək cinayətə və məhkəmə cəzası tələb edən digər hərəkətlərə görə impiçment yolu ilə vəzifəsindən kənar edilə bilərlər».
ABŞ-da hökumətin üç əsas şaxəsi bir-birindən ayrıdır və bir-birindən fərqlənir. Hər birinə verilən səlahiyyətlər qalan ikisinin səlahiyyətləri ilə məharətlə tarazlaşdırılır. Hər bir şaxə o birilərin öz potensial hüquq normalarını pozmamaları üçün nəzarətçi rolu oynayır.
Konstitusiya, onun əsas müddəalarına müvafiq olaraq, qəbul edilmiş qanunlarla və prezidentin bağlandığı və Senatın təsdiq etdiyi sazişlərlə birgə bütün başqa qanunların, icra aktlarının və qərarların fövqündə durur.
Bütün şəxslər qanun qarşısında bərabərdir və onlardan heç biri federal hökumətdən xüsusi imtiyaz ala bilməz. Konstitusiyanın müəyyən etdiyi qanunlar çərçivəsində hər bir ştat, başqa ştatların qanunlarını qəbul etməli və onlara hörmətlə yanaşmalıdır. Ştatlar hökumətləri də federal hökumət kimi formaca demokratik olmalı və öz səlahiyyətlərini insanlara bağlamalıdır. Konstitusiyanın özündə müəyyən edildiyi kimi, adamların öz milli hökumət formasını dəyişmək hüquqları var. Federal sistemin bu sənədində 6 məramdan ibarət girişdə 52 kəlam da öz əksini tapmışdır. Bu məramlar — «daha mükəmməl bir birlik yaratmaq», «ədalət təsis etmək», «daxili əmin-amanlığın təmini», «ümumi müdafiə təmin etmək», «ümumi rifahı artırmaq», «azadlıq xeyir-duasını özümüz üçün və gələcək nəsillər üçün mühafizə etmək» məsələləri idi.
Top