İnsultdan sonra nə etməli

İnsultdan sonra nə etməli

Baş -beynin qan dövranının pozulması qan təchizatının beyin damarlarında tutulma, azalma, digər anomaliya və qanaxma nəticəsində neyronların zədələnməsinə və ya məhvinə səbəb olan prosesdir. Beyin qan dövranının pozulması kəskin və xroniki olur.
Bakı Sağlamlıq Mərkəzinin həkim-nevroloqu Sevinc Salamovanın dediyinə görə, kəskin beyin qan dövranı pozğunluğuna insultlar, tranzitor işemik ataklar və subaraxnoidal qansızmalar aiddir. Baş -beynin qan dövranında ən mühüm ağırlaşmalar insultlardır. İnsult nəticəsində məhv olmuş sinir hüceyrələrinə aid bir sıra pozulmalara — ifliclər, udmanın pisləşməsi, müvazinətsizlik, keyləşmələr, ağrılar, bəzi ağır xəstələrdə qeyri-iradi sidik və ya nəcis ifrazı, nitq çətinliyi, depressiya, hövsələsizlik və əsəbilik aiddir. İnsultun müalicəsi
İnsultdan sonrakı bərpa müalicəsi bir qayda olaraq, uzunmüddətli medikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur. Reabilitasiya insultu “sağaltmır”, yəni, kəskin qan dövranı pozulması nəticəsində məhv olmuş sinir hüceyrələrini həyata qaytarmır. Lakin xəstələrə insultdan sonra mümkün ən yaxşı yekun nəticə əldə etməyə imkan verərək ömrü uzadır və ağırlaşmadan sonra itirilmiş-pisləşmiş funksiyalarını yaxşılaşdıraraq gündəlik həyata uyğunlaşmağa kömək edir.
Həkim-nevroloq deyib: “İnsultun ağırlıq dərəcəsindən asılı olaraq, reabilitasiya tədbirləri müalicə müəssisəsində və ya evdə aparıla bilər. Hər iki halda bərpa müalicəsinin nevroloq, reabilitoloq, psixonevroloq, fizioterapevt və nitq mütəxəssisindən ibarət komandanın nəzarəti altında aparılması daha yaxşı nəticə verir.
Heyvani piyləri az olan, meyvə və tərəvəzlə, “Omeqa-3” yağ turşuları ilə zəngin və az duzlu pəhriz arterial təzyiqi və xolesterini azaldaraq ürək-damar sistemi xəstəlikləri, insult və təkrar insult riskini aşağı salır. Müalicənin əsas məqsədi dərman vasitələri ilə növbəti insultun qarşısını almaq, ürək-damar sisteminin funksional vəziyyətini yaxşılaşdırmaqdır.
Qeyri-medikamentoz bərpa müalicəsi reabilitasiya üçün dərmanlar qədər və bəlkə də onlardan daha artıq əhəmiyyətlidir. Burada müxtəlif kompleks metodlar — bədən tərbiyəsi, fizioterapiya, kurort-sanatoriya, psixoterapiya, kompüter və robot texnikasına əsaslanmış müalicə tətbiq edilir. İdeal şəraitdə reabilitasiya prosesinə həkim-nevroloq da qoşulur. Ağır funksiya pozulmalarının bərpası bir qayda olaraq xəstəxana şəraitində, ən yaxşısı isə ixtisaslaşmış müəssisədə daha uğurla aparılır”.
İnsultun müalicə formaları barədə danışan həkim-nevroloq söyləyib: “Fiziki-motor aktivliyi yaxşılaşdırmaq üçün motor-bacarıq çalışmaları, hərəkətlilik məşqi, məhdudlaşdırma-induksiya, hərəkət həcmi və texnologiya vasitəsilə aparılan müalicə və metodlar da mövcuddur. Yerişi yaxşılaşdırmaq üçün müvazinət treninqi, spesifik çalışma məşqləri, qaçış cığırı qurğusunda və ya hissəvi dayaqla çalışmalar icra olunur. Kompüter texnologiyalarına əsaslanan müalicə üsulunun kliniki tədqiqatlarda yerişi yaxşılaşdırmağa səbəb olduğu aşkar edilib. Hemiplegik insultda topuq protezinin yerişə müsbət təsir etməsi də məlum faktdır. İnsultun xroniki mərhələsində elektrik stimulyasiyası iflic olmuş əzələlərin spastikasını azaldır. Botoks preparatı həm yuxarı, həm də aşağı ətrafların ifliclərində spastikanı yaxşı azaltsa da, funksional baxımdan yerişi yaxşılaşdırmır. Yuxarı ətrafların zəifləməsi ilə bağlı kliniki tədqiqatlara əsasən xüsusi güc məşqləri müsbət təsir göstərir. Robotik qurğular vasitəsilə bazu-çiyin və dirsək oynaqlarına aid olan əzələ zəifliyinin müalicəsində müsbət nəticələr əldə olunur. Funksional elektrik stimulyasiyası metodu xüsusilə yuxarı ətraf əzələlərinin zəifliyində yüksək nəticələr göstərir. Maqnit və elektrik sinir stimulyasiyası bəzi məlumatlara görə hərəkət sistemi pozulmalarında, ağrı sindromları və koqnitiv pozulmalarda bir qədər müsbət təsir edir.
Ənənəvi tətbiq olunan masaj müalicəsi motor aktivliyin bərpasına plasebodan daha artıq təsir etməsə də, insultdan sonrakı dövrdə ağrı və həyəcanı azaldaraq xəstənin ümumi vəziyyətinə müsbət təsir göstərir.
ABŞ-ın Harvard Universitetinin alimləri neyroqliyadan alınmış kötük hüceyrələrinin autotransplantasiyası ilə insult, parkinson və alzeymer xəstəliklərinin müalicəsi ilə bağlı yeni metodika üzərində işlərini davam etdirirlər. Ehtimal olunur ki, həmin üsul gələcəkdə insultun əsl sağaltma metodu olacaq”.
Müalicə metodu barədə söhbəti davam edən mütəxəssis daha sonra deyib: “İnsultdan sonra reabilitasiya tədbirlərinə nə qədər tez başlanılsa, o qədər yaxşı səmərə verər. Amma reallıq budur ki, insultdan sonra mühüm vəzifələr xəstənin vəziyyətini stabilləşdirmək, həyati vacib funksiyaları nəzarət altına almaq, təkrar insulta imkan verməmək, insult nəticəsində həyata təhlükə yaradan ağırlaşmaları məhdudlaşdırmaqdır. Ümumiyyətlə, ilk 24-48 saatdan sonra artıq reabilitasiya tədbirlərinə başlanıla bilər. Elementar olaraq, xəstənin vəziyyətinin dəyişdirilməsi, vəziyyəti imkan verirsə ətraflarının aktiv və ya ehmal şəkildə passiv hərəkət etdirilməsinə başlamaq lazımdır. Bərpaedici tədbirlərin konkret davam müddəti yoxdur və xəstədə yaxşılaşmanın hansı sürətlə getməsindən asılıdır.
Reabilitasiyanın uğurlu nəticəsi və onun dərəcəsi fərdidir. Xəstəlikdən nə qədər uzun müddət keçibsə, bərpa da bir o qədər çətinləşir. Xəstə nə qədər pozitiv olsa, bərpa da o qədər uğurlu olar. Ailə və dostların dəstəyi xəstə üçün, xəstəliyin reabilitasiyası üçün böyük köməkdir.
Müalicənin effekti insultdan sonrakı həftələr və ya bir neçə ay keçəndən sonra hiss olunur. Amma bu, o demək deyil ki, vaxt çox keçəndən sonra yaxşılaşma baş verməyəcək. Əvvəllər hesab olunurdu ki, altı aydan sonra bərpa demək olar ki, mümkün deyil. Lakin son illər ABŞ-da reabilitasiya mərkəzlərində aparılan geniş tədqiqatlar sübut edib ki, bir il və ya il yarım müddətdən sonra da kifayət qədər uğurlu nəticələr alınır. Ona görə də səbirlə və səylə çalışaraq heyrətamiz nəticələr əldə etmək mümkündür. Sadəcə həm xəstə, həm də onun ailə üzvləri nəzərə almalıdırlar ki, insultdan sonra bərpa uzun, davamlı və ardıcıl bir prosesdir və ruhdan düşməyərək onu davam etmək yeganə çıxış yoludur”.

Mənbə: azertag.az
Top