Tibbi deontologiya

Tibbi deontologiya

Tibbi deontologiya tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur.

Deontologiya özündə üç əsas hissəni birləşdirir: tibb işçisinin cəmiyyət qarşısında borcu; tibb işçisinin xəstə, onun qohumları və yaxınları qarşısında borcu; tibb işçisinin öz məsləkdaşları qarşısında borcu – onlara olan münasibəti. “Tibbi deontologiya” və “tibbi etika” anlayışları eyni deyil. “Borc” problemi – tibbi etikanın əsas problemlərindən biridir. Deontologiya etik konsepsiyalar yığınıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu vəya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deontologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).

“Deontologiya” termini ingilis filosofu J. Bentham tərəfindən 19‐cu əsrdə əxlaq nəzəriyyəsini ayırd etmək üçün təklif olunmuşdur. Tibbi deontologiyanın əsasları isə bu adla adlandırılmasa da hələ qədim dünya tibbində qoyulmuşdur. Hər bir tarixi erada həmin dövr üçün cəmiyyətdə hakim olan mənəvi dəyərlərə uyğun olaraq tibbi deontologiya özünəməxsus çalarlar ifadə etmişdir. Lakin buna baxmayaraq hər zaman tibb sənəti öz humanist dəyərlərindən irəli gələrək bəşəri, siniflərdən kənar etik normalar daşımışdır – xəstə insana kömək, onun əziyyətinin azaldılmasına çalışmaq dəyişməz olaraq qalmışdır.

Tibbi deontologiya prinsipləri eləcə də hər bir həkimin fəaliyyətinə ciddi təsir edən tibb elminin inkişaf səviyyəsindən asılı olaraq da dəyişmişdir. Məsələn qədim Hindistanda ancaq xəstəlikdən sağala biləcək xəstələrin müalicəsi ilə məşğul olmaq məsləhət görülürdü; sağalmaz xəstələr, eləcə də il ərzində sağalmayan xəstələrin müalicəsindən isə imtina etmək məsləhət görülürdü. Hippokrat isə hesab edirdi ki, ümidsiz xəstənin müalicəsi həkimin cəmiyyətdə hörmətinə xələl gətirə bilər.

Həkimliklə məşğul olan insanlar üçün etik tələblər hələ quldarlıq qurluşunda əməyin bölünməsi nəticəsində həkimliyin bir peşə kimi üzə çıxmasından etibarən formalaşdırılmağa başlanmışdır.

Həkimlik fəaliyyətinə olan tələblər və onun hüquqlarının formalaşdırıldığı ən qədim yazılı mənbə kimi eramızdan əvvəl 18‐ci əsirdə Babilistanda qəbul olunmuş Xamurapi qanunlar məcmuəsi sayılır. Tibbi Deontologiya məsələlərinə qədim hindistan ədəbi mənbələrindən Manu (e.ə. II əsr‐ eramızın I əsri) və Ayurved (Həyat elmi e.ə. 9‐3‐cü əsrlər) qanunlar məcmuəsində rast gəlinir. Ayurvedin kitablarından birində həkimin necə biri olması, özünü necə aparması, xəstəyə nəyi və necə deməsi əks olunmuşdur. Burda xəstələrə olan differensial yanaşma diqqət çəkir: kasıbları, yetimləri, yadelliləri müalicə etmək olar və lazımdır, laki racanın sevmədiyi insanlara dərman yazmaq olmaz.

Əlbəttə ki, bu məsələdə Hippokrata toxunmadan keçə bilmərik. Onun andı əsrlər boyu öz aktuallığını saxlamışdır. 1967‐ci ildə Parisdə keçirilən II deontologiya konfransında anda yalnız bir cümlə artırılması qərara alınmışdır: “Bütün ömür boyu öyrənəcəyimə and içirəm!”. Hippokrat ilk dəfə olaraq həkimin xəstə yaxınlarına, öz müəllimlərinə qarşı münasibəti, eləcə də həkimlərarası münasibət məsələlərinə diqqət göstərmişdir.

Hippokrat tərəfindən formalaşdırılmış deontologiya prinsipləri Asklepiad, Sels, Qalen və digərlərinin işlərində öz inkişafını davam etdirmişdir.

“Həkimlik elminin qanunları” əsərinin müəllifi olan İbn‐Sina həkimlik fəaliyyətinin müxtəlif aspektlərinə baxaraq, tibbi yardım üçün müraciət edənlərin individuallığı və təkrarolunmazlığını qeyd etmişdir: “Hər bir şəxs özünə məxsus olan fərdi naturaya malikdir…”. “Həkim şahin gözünə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır” fikrinin də ona məxsus olduğu bildirilir. “Həkimlik elminin qanunlarının” ən əsas ideyalarından biri xəstəliyin qarşısının alınmasıdır ki, bunun üçün həkim, xəstə və sağlam insanın səylərinin birləşdırılməli olduğu bildirilir. Maraqlıdır ki, qədim zamanlardan bəri həkimin xəstəyə münasibəti probleminə onların qarşılıqlı anlaşması və əməkdaşlığı planında baxılırdı. 13‐cü əsrdə yaşamış həkim və yazıçı Əbül‐Fərəc xəstəyə bu müraciətin müəllifidir: “Biz üçük – sən, xəstəlik və mən; əgər sən xəstəliklə bərabər olsan siz iki olacaqsınız, mənsə tək qalacam – siz məni yenəcəksiniz; əgər sən mənimlə olsan biz ikimiz birləşərək tək qalan xəstəliyi yenəcəyik”.

1539‐cu il tarixli, məhkəmədə təsdiq edilən bir razılıq sənədi islam dünyasında xəstə‐həkim münasibəti, eləcə də insan haqlarına verilən dəyəri göstərir:

Qanuni Sultan Süleyman dövrü, o zamankı Antep Sancağında Antep Qazısının verdiyi bir qərar: “Sicilin yazılış sebebi şudur; Ahmet oğlu Hacı Mehmet Şer’i beraberinde doktor Nazar oğlu Budak olduğu halde yargı meclisine geldi. Adı geçen Hacı Mehmet şöyle beyanda bulundu: Oğlum olan Satılmış’ın kasığında taş vardır. Dr. Budak ile anlaştık. Oğlumun kasığını yarıp, çıkarırken Allah’ın hükmü erişir de oğlum vefat ederse kendisi ile dava etmeyiz.”

Bütün dövrlərdə həkimin şəxsiyyəti, onun insani xüsusiyyətləri ilə (abırlılıq, doğruluq, mehribanlıq) birlikdə, onun daimi olaraq öz üzərində işləməsi, inkişaf etməsinə böyük əhəmiyyət verilmişdir; az bilikli həkim xəstəyə ziyan vura bilər ki, bu da həkimlik peşəsinin mənəvi normalarına cavab vermir.

Təəssüf ki, çox zaman xəstə deyil, xəstəlik müalicə olunur. Votçalın belə bir ifadəsi var: “Elmli həkim” və “yaxşı həkim” sinonim deyillər.

Hal‐hazırki dövrdə Tibbi Deontologiya məsələlərinə demək olar bütün dünya ölkələrində böyük diqqət ayrılır. Son iki əsrdə bu məsələ ilə bağlı bir çox konfrans və konqreslər keçirilmişdir. Həkimlik fəaliyyətininin etik normalarını müəyyən etməli olan bir çox hüquqi sənəd qəbul olunmuşdur. Bir çox ölkələrdə milli deontologiya kodeksləri var. Bəzi sənədlər beynəlxalq xarakter daşıyır. Cenevrə deklorasiyası (1948), Beynəlxalq tibbi etika kodeksi (London 1949), Helsinki‐Tokio deklorasiyası (1964, 1975), Sidney deklorasiyası (1969), həkimlərin işgəncələrə münasibətinə aid deklorasiya (1975) bunlardan bəziləridir. Beynəlxalq tibbi etika kodeksi (Beynəlxalq deontologiya kodeksi) Beynəlxalq Səhiyyə Təşkilatının baş direktoru tərəfindən təsdiq olunmuşdur ki, bu sənəd tibbi deontologiya problemi araşdırmaçılarının ən çox müraciət etdikləri normativ akt sayılır. Bu sənəddə tibbi yardımın ödəniş məsələləri, pasyentlərin aldadılmasının qarşısının alınması, özünüreklam fəaliyyəti ilə məşğul olunmaması və s. məsələlərin həlli prinsiplərinə diqqət göstərilmişdir.

tibb-dunyasi.com
Top