Son zamanlar ozonoterapiya adlı müalicə növündən istifadə insanlarda maraq doğurur. Bu məsələyə bir qədər aydınlıq gətirmək və oxuculara bu haqda məlumat vermək məqsədilə ozonla müalicə, onun təsir mexanizmi haqqında söhbət açmağı lazım bildik.
Ozon nədir və onun insan orqanizmi üçün nə əhəmiyyəti var?
Ozon xarakter kəskin iyli qazdır. O, oksigenin aktiv forması olub, təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır. O çox az müddətdə sərbəst qala bilir, yarım saata uçub yox olur. Bu da onun quruluşundan asılıdır. Belə ki, onun molekulu üç oksigen atomundan təşkil olunduğundan bir sərbəst kimyəvi əlaqəyə malikdir. Bu da ona canlı hüceyrələrə birləşməyə və aktiv oksidləşmə qabiliyyətinə malik olmağa imkan verir.
Ozonoterapiya termini ilk dəfə Almaniyada 100 il əvvəl işlədilməyə başlanmışdır. 20-ci əsrin əvvəllərində vərəm, anemiya, pnevmoniyanın müalicəsində istifadə edilmişdir. Əsrin əvvəllərində antibiotiklərin kəşfi ilə bu müalicə vasitəsi kənarda qalmışdır. Lakin uzun illərin təcrübəsi göstərir ki, antibakterial müalicədən sonra yaranan fəsadları aradan qaldırmaq daha çətindir. Yeni təcrübələr sübut edir ki, birbaşa kontakt nəticəsində ozon bakteriyalara, viruslara, hepatit və VİÇ virusuna öldürücü təsir edə bilir.
Son 15 ildə ozonoterapiya mütəxəssislər tərəfindən aktiv öyrənilir. ABŞ, Avropanın 1 sıra ölkələri, o cümlədən İtaliya, Almaniya, İspaniyada tətbiq edilir.
Ozon – yer üzərində həyatın qoruyucusudur. Atmosferin yuxarı qatlarında yerləşən ozon təbəqəsi bütün canlıları ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur. Həmçinin o, təbiətdə hər hansı bir antibiotikdən güclü antiseptikdir.
Ozonun əsas xüsusiyyətləri nədir?
Metobolizmi aktivləşdirməsi; antiseptik xüsusiyyət; iltihab əleyhinə təsir; ağrıkəsici təsir; intoksikasiya əleyhinə təsir; immuniteti möhkəmləndirmə xüsusiyyəti.
Ozon insan orqanizminə daxil olaraq, hüceyrələrdəki doymamış poliyağ turşuları ilə birləşir və ozonoidlərin bioloji aktiv qruplarını əmələ gətirir. Onlar mikroorqanizmlərin membranına oksidləşdirici təsir göstərir, yəni onların membranını dağıdır. Onun antiseptik (mikrob əleyhinə) xüsusiyyətləri məhz buna əsaslanır. Ozonun təsirindən hətta güclü viruslar (herpes, hepatit virusları, xlamidiyalar və s.) və bakteriyalar məhv olur. Ozonun müsbət xüsusiyyətlərindən ən əsası da odur ki, onun təsirindən mikroblar məhv olduğu halda, insan hüceyrələri mənfi təsirə məruz qalmır, əksinə, onlar enerji qazanır. Ozon immun sistemin hüceyrələrinə təsir edərək, faqositar funksiyanı yüksəldir, daha doğrusu, orqanizmin yatmış hüceyrələrini oyadır.
Ozonun ən kiçik dozaları belə karbohidratların, yağların, zülalların oksidləşmə proseslərinə təsir edən fermentləri, eləcə də hüceyrənin əsas enerji mənbəyi olan ATF-i aktivləşdirir. Ona görə də insanlara ozonu daxil edən kimi onlar qüvvə və enerji hiss edirlər. Həddindən artıq yorğunluq olduqda belə ozon onu gümrahlıqla əvəz edə bilir. Tufandan sonra meşədə gəzən hər kəs bunu bilir.
Ozondan hansı xəstəliklərin müalicəsində istifadə edilir?
- Mədə-bağırsaq-traktı xəstəlikləri (qastrit, xolesistit, xora xəstəliyi);
- Virus hepatiti; Herpes infeksiyası; Şəkərli diabetin fəsadları;
- Qann dövranı pozğunluqları;
- Yanıqlar, trofik xoralar;
- Xroniki infeksiyaların müalicəsində tətbiq edilir. Ozon antibiotikləri əvəz edir, kosmetologiyada, stomatologiyada stomatit, gingivit, parodontozun müalicəsində müvəffəqiyyətlə işlədilir.
- Digər müalicə növləri ilə yanaşı aparılan ozonoterapiya müalicənin effektini artırır. Yerli və ümumi üsulla aparılır.
- Yüksək konsentrasiyada dezinfeksiya üçün, orta konsentrasiyada ağrını və iltihabı götürmək, kiçik dozada yaranı sağaltmaq üçün işlədilir.
Ozonlaşdırılmış suyun qəbul edilməsi mədə-bağırsaq traktı xəstəliklərində məqsədəuyğundur. Fizioloji məhlulda həll edilərək qana daxil edilməsi toxumalarda mikrosirkulyasiyanı, hormonal fonu, immun sistemin aktivliyini stimulə edir. Ozonoterapiya orqanizmə kompleks təsir göstərir: sərbəst radikallar əmələ gəlməsini neytrallaşdırır, toxumaların oksigenlə təminatını yaxşılaşdırır.
Dəri xəstəliklərindən psoriaz, müxtəlif dermatozlar, dəmrov, göbələk xəstəlikləri, herpes, keçəllik zamanı, sellülit, dərinin cavanlaşdırılması üçün keçirilən tədbirlər kompleksinə daxil edilir. Nəticədə dərinin həm xarici görünüşü yaxşılaşır, həm də orqanizm təmizlənir. Bu zaman elastik və kollagen liflər əmələ gəlir və dərinin nəmi özündə saxlaması nəticəsində qırışlar açılır, dəri elastik olur. Daxildən təsir edən ümumi təmizlənmə təmin edilir. Dəriyə tonuslandırıcı effekt verir.
Kosmetologiyada, eləcə də sellülitlərə qarşı onun oksigenli, fizioloji məhlulla və ya distillə edilmiş su ilə qarışıqlarından dəri altı inyeksiya kimi istifadə edilir. Burada ozon antioksidant müdafiə sisteminin aktivliyini artırır. Sellülitin aradan qaldırılması məqsədilə işlədilən ozonoterapiya yağ kapsullarının sklerozlaşdırılmış qişasını dağıdır, sellülit əmələ gəlməsinin qarşısını alır, yağ kapsullarına güclü təsir edir. Ozon yağ mübadiləsini aktivləşdirir, yağ hüceyrələrinindən enerji mənbəyi kimi istifadə edir. Sellülitin ilkin mərhələlərində bu, daha çox effekt verir. Ağır formalarda massaj, USM və d. üsullardan da istifadə edilir.
Ozonlaşdırılmış zeytun yağından massaj və maska kimi xaricə qan dövranını yaxşılaşdırmaq və yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsi üçün işlədilir.
Ozonla müalicəyə əks göstəriş varmı?
Hər bir müalicə növü kimi, ozonoterapiyanın da tətbiqinə əks göstərişlər var. Qan laxtalanmasının artması, qalxanvari vəzinin xəstəlikləri, ozondan zəhərlənmə və ona qarşı allergiya olduqda bu müalicə qadağandır.
Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti