Bronxoqrafiya və Bronxoskopiya

Bronxoqrafiya və Bronxoskopiya

BRONXOQRAFİYA - bronxların və traxeyanın rentgenoloji müayinəsi. Bunun üçün qabaqcadan həmin üzvlərə kontrast maddə yeridir.
Bronxoqrafiya üçün göstərişlər;
1) bronxların və ciyərlərin müxtəlif xəstəliklərində bronx-ağciyər prosesinin yerini dəqiqləşdirmək üçün;
2) bronx ağacının şöbələrini müayinə etmək üçün, çünki bunları bronxoskopiyada ya heç görmək mümkün olmur, ya da aydın görünmür;
3) ağ ciyərlərdə aparılacaq cərrahi əməliyyatın miqyasını təyin etmək üçün.
Xəstənin hazırlanması:
1) xəstənin bədəninin yod preparatlarına həssaslığını təyin etmək üçün qabaqcadan sınaq qoyulur (xəstəyə 2-3 gün hər dəfədə 1 xörək qaşığı 3 %-li kalium-yodid məhlulu verirlər);
2) aparılacaq müayinənin məqsədini və mahiyyətini xəstəyə izah edirlər;
3) Bronxlardan irinli bəlğəm gəldikdə 3-4 gün əvvəl bronx ağacını təmizləyirlər (xəstəni çarpayıda münasib vəziyyətdə uzadıb, bronxları drenaj edib, quru yeməklər, bəlğəmgətirici və bronxgenəldici dərmanlar verir, bronxları antibiotiklərlə edirlər):
4) bronxoqrafiyadan 30-60 dəqiqə əvvəl xəstəyə fenobarbital (0,1 q), dərialtına atropin-sulfat (0,1 %-l  ml) təyin edir, daxilə pipolfen (0,025), seduksen (0,005 q) verirlər.
Diaqnostikanın vəzifəsindən və konkret hadisənin xüsusiyyətlərindən asılı olaraq narkoz və ya yerli anesteziya aparırlar. Yerli anesteziyanı 2 %-li dikain, 3-5 %-li novokain məhlulları ilə aparırlar. Bu məhlulları başqa dərmanla, məsələn, adeqonla qarışdırıb vurmaq tövsiyə edilir, o bəlğəmi yumşaldır, keyləşdirici dərmanın selikli qişaya daha yaxşı yeriməsinə kömək edir. Anesteziyanı dərmanı sürtmək, tozunu səpmək və aspirasiya üsulu ilə aparmaq olar. Sürtmə üsulu demək olar ki, tətbiq olunmur. Dərmanın tozunu silməklə aparılan anesteziya üçün pulverizator prinsipi ilə işləyən xüsusi cihaz - tozlandırıcı olmalıdır. Fizioloji cəhətdən daha münasib və sadə üsul aspirasiya üsuludur, bu vaxt xəstəni dərindən nəfəs aldırıb dərmanı pipetka ilə burnuna tökür, yaxud dilin dibinə yavaş-yavaş damızdırırlar, sonra isə traxeya və bronxları keyitmək üçün xəstəyə zondla nəfəs aldırırlar.

Kontrast maddəni bronx ağacına qırtlağın içərisindən, qırtlaq qapağından və ya altından kateterlə yeridirlər. Kateteri burundan və ya ağızdan salıb qırtlaqdan keçirilən bronrxoqrafiya daha çox yayılmışdır. Bronxlara dərman doldurmaq üçün yarımelastiki rezin zondlar işlədilir, bunların ucları müxtəlif bucaq altında əyilmişdir. Həmçinin iplərlə idarə olunan kateterlər də vardır, bunları ehtiyac olduqda rentgenlə baxıb lazımi şəkildə əymək mümkündür. Kateterləri qaynadıb sterilizə edir və xüsusi sterilizatorlarda saxlayırlar.
Bronxoqrafiya zamanı baş verən ağırlaşmalar anesteziya, kontrast maddənin yeridilməsinə orqanizmin reaksiyası və bunun ağciyərlərdə qalması ilə əlaqədar ola bilər. Bronxoqrafiyadan sonra temperatur qalxa bilər. Belə xəstələri yatağa uzadır, bol içirdir, sakitləşdirici və yuxu dərmanları verirlər. Onlara yaxşı qulluq etmək lazımdır.


BRONXOSKOPİYA. Traxeya və bronxların içərisini bronxoskop adlanan xüsusi cihazla əyani müayinə etmək metodu.
Diaqnostika məqsədilə bronxoskopiyanı traxeya və ya bronxların şişlərini, bronxların və ağ ciyərlərin irinli vərəmini dəqiqləşdirmək, traxeya və bronxlardakı yad cisimləri tapmaq, xüsusilə tənəffüs yollarının rentgenoneqativ (qeyri kontrast) və başqa xəstəliklərində tətbiq edirlər.
Müalicə məqsədilə bronxoskopiyadan traxeya və bronxlardan yad cisimləri, bronx sekretini çıxarmaq və dərmanları bilavasitə iltihab yerinə yeritmək üçün istifadə edirlər.
Bronxoskop - işıq və optik sistemləri olan, ucları deşik metal borucuqlardan ibarətdir. Həmçinin alətlər dəstində keyləşdirici dərmanın tozunu səpən cihazlar, dərmanları bronxlara yeritmək, bronxdan mayeləri sormaq üçün borucuqlar, yad cisimləri çıxarmaq və biopsiya üçün masalar, ucluqlar, pambıqtutanlar və s. də olur. Müayinə başlanmamışdan əvvəl tibb bacısı işıq sistemini yoxlayır, baxış borularını, qarmaqları, maşaları və pambıqtutanları sterilizə edir. Lampanı və dəstəyi spirtlə yaxşı silir. Cərrahiyyə stoluna steril materialı: pambıq tamponları, qarmaqları, maşaları və lazımi olan bütün dərmanları düzür.
Proseduranı yerli keyitmə ilə, yaxud narkoz altında aparırlar. Narkozu uzatmaq üçün atropin və ya 0,1 %-li metasin məhlulu vururlar. Bronxoskopiyada yerli keyitmə almaq üçün dərmanı (dikain, kokain, trimekain) sürtür, tozunu səpir, yaxud xəstəyə onunla nəfəs aldırırlar. Həmçinin 10 %-li novokain məhlulunu 5 %-li heksametilentetramin (urotropin) məhlulu ilə qarışdırıb vururlar. Keyitməni 2-3 dəqiqə ara verib 2-3 mərhələdə aparırlar. Əvvəlcə udlağın, sonra qırtlağın və səs tellərinin selikli qişasını keyidirlər, nəhayət, keyləşdirici məhlulu qırtlaq şprisi ilə traxeyaya tökürlər.
Bronxoskopiyanı acqarına, yaxud yüngül səhər yeməyindən 2-3 saat sonra, sarğı və ya endoskopiya otağında aparırlar. Tibb bacısı əməliyyatda olduğu kimi, əllərini yuyur, alətləri verərək həkimə kömək edir. Kiçik tibb bacısı xəstəni lazımi vəziyyətdə tutur və onun ümumi halına fikir verir. Bronxoskopiyanı xəstənin oturmuş vəziyyətində ancaq yerli keyitmə ilə aparmaq olar. Xəstə bədənini azca qabağa əyib həkimin qabağında oturur. Qollarını qıçlarının arasına sallayır (belə etdikdə boyun və bazu əzələləri boşalır), başını azca dala aparır. Xəstəyə demək lazımdır ki, müayinə aparılan vaxt başı dik tutmaq, döşü qaldırmaq olmaz, çünki bu bronxoskopu salmağa mane olur. Tibb bacısı xəstənin yanında durub başını tutur, onun ümumi vəziyyətinə fikir verir. Bronxoskopiyanı xəstəni arxası üstə uzadıb apardıqda çiyninin altına 60x40x5 sm ölçüdə bərk yastıq qoymaq lazımdır. Xəstənin başını və boynunu xüsusi alətlə, yaxud 10-12 sm qalınlığında mütəkkə qoyub azca qaldırırlar ki, boyun düzəlsin.
Proseduradan sonra aparatı sökür, borucuqları, pambıqtutanları və işlənmiş başqa alətləri yuyub silirlər.

Müəllif tibb elmləri namizədi L.S.Zalikina
Mənbə Tibb bacısının məlumat kitabı

Top