Duş - su ilə müalicənin səmərəli metodlarından biridir. Ayrıca müalicə kursu kimi, ya da su ilə başqa müalicə proseduraları kompleksində, bəzən müalicəyə başlayanda, yaxud müalicənin axırında tətbiq edilir. Suyun temperaturunu xəstəliyin xüsusiyyətindən və nəzərdə tutulan məqsəddən asılı olaraq təyin edirlər. Qısamüddətli soyuq və isti duş insanı gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, uzun çəkən soyuq və isti duş hissi və hərəki sinirlərin oyanma qabiliyyətini azaldır, maddələr mübadiləsini artırır, ilıq duş isə sedativ təsir edir. Sərin və soyuq duşdan sonra bədəni cod dəsmalla bərk-bərk sürtmək lazımdır, bu, ürək-damar sisteminin işinə müsbət təsir edir.
Müəllif tibb elmləri namizədi L.S.Zalikina
İynəvarı, yağış duşu xüsusi qurğunun başına taxılmış tordan ayrı-ayrı şırnaqlara bölünmüş, yağış şəklində tökülən sudur. Bu su ilıq, indifferent, sərin və soyuq ola bilər. Duşun müddəti 1 dəqiqədən 5 dəqiqəyə qədərdir, su 1-2 atm təzyiqlə verilir. Proseduranı hər gün aparırlar, müalicə kursu 15-25 proseduradır.
Şarko duşu. Xüsusi duş kafedrasından müəyyən temperaturlu və təzyiqli su vurulur.
Yelpikvarı duş - şırnaqlı duşun bir növüdür. Fərqi ondadır ki, bu duşda xəstənin bədəninə suyu yelpik şəklində vururlar. Şarko duşuna nisbətən bu duş yumşaqdır. Suyun temperaturu 35°C-dən 25°C-yə, təzyiq 1,5 atm-dən 3 atm-ə qədərdir. Proseduranı hər gün keçirirlər, müalicə kursu 15-20 proseduradır.
Sirkulyar duşu xüsusi qurğu ilə yaradırlar, bu qurğu dairə üzrə yerləşib yuxarıda və aşağıda yarımçıq halqa ilə qurtaran borular sistemindən ibarətdir. Boruların içəri tərəfində xırda deşiklər vardır, xəstənin üstünə salınan su bu deşiklərdən çıxır. Sirkulyar duşu 36-34°C-dən başlayır və temperaturu tədricən azaldıb 25°C-yə salırlar. Suyun təzyiqi 1-1,5 atm-dır. Proseduranı hər gün və ya günaşırı keçirirlər. Müalicə kursu 15-20 proseduradır.
Yuxarı qalxan duş. Bu qurğu oturacağında oyuq olan əldə gəzdirilən stuldan ibarət olub altında tor ucluq vardır, suyu səpələyən də budur. Tordan çıxan su xəstənin aralığına dəyir. Göstərişdən asılı olaraq suyun temperaturu müxtəlif ola bilər (ilıq sudan soyuq suya qədər). Soyuq duş qısa müddətli, ilıq duş uzunmüddətli olur. 2-5 dəqiqəlik bu proseduralar hər gün aparılır, müalicə kursu 15-20 proseduradır.
Mənbə Tibb bacısının məlumat kitabı