DİSFAGİYA - udma aktının pozulması; buna səbəb qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi və ya funksional pozğunluqdur. Disfagiyanı törədən əsas səbəblər udlağın xəstəlikləri (travmatik və ya iltihab xarakterli), sinir sisteminin və udma aktında iştirak edən əzələlərin zədələnməsi, qida borusunun zədələnməsi, qida borusunun daralması (orta divarın və qida borusunun şişləri, limfa düyünlərinin böyüməsi), qida borusunun selikli qişasının zədələnmələridir (travma, yanıq, iltihab).
Disfagiyanın əsas simptomu qidanı uda bilməməkdir, xəstə əvvəlcə bərk qidanı, sonralar isə duru qidanı da uda bilmir.
Funksional disfagiya ya hərdənbir, ya da vaxtaşırı bas verir və qıcıqlandırıcı qida (isti və soyuq) ona təkan verir. İsterik nevroz nəticəsində baş verən disfagiya duru qida və su udanda da əmələ gələ bilər, lakin bərk qida udanda baş verməyə bilər. Adətən funksional disfagiya artmır. Üzvi disfagiyada remissiya (yaxşılaşma) olmur və bərk qida udduqda baş verir. Qidanın üstündən su içmək yüngüllük gətirir. Qida borusunda şiş olduqda disfagiya artır və udduqda döş sümüyünün dalında ağrı olur. Disfagiyanın üzvi mənşəli olmasından şübhələndikdə qida borusunun və mədəni rentgenoloji müayinədən keçirib sonra fibroezofaqoskopiya aparmaq lazımdır. Diferensial diaqnostikaya dərialtına atropin-sulfat vurmaq və sonra rentgenoloji müayinə aparmaq kömək edir. Qida borusunun funksional pozğunluqlarında (spazmada) dərialtına 1 ml 0,1 %-li atropin-sulfat vurduqda disfagiya keçib gedir, üzvi mənşəli pozğunluqlarda isə disfagiya qalır.
Müəllif tibb elmləri namizədi L.S.Zalikina