Aeroterapiya

Aeroterapiya

Aeroterapiya (hava ilə müalicə) - müalicə və profilaktika məqsədilə açıq havadan istifadə edilməsi. İqlimlə müalicənin əsas metodlarından biri budur.
Aeroterapiyanın xüsusi növlərinə uzun müddət (o cümlədən yuxu) açıq şüşəbəndlərdə, balkonlarda, xüsusi iqlim pavilyonlarında gecə-gündüz olmaq, hava vannaları qəbul etmək aiddir. Aeroterapiyanın bir elementi gəzinti, ekskursiya, idman oyunları və s. zamanı təmiz havanın təsiridir. Aeroterapiyanın fizioloji və sağlamlaşdırıcı təsiri orqanizmin çoxlu oksigen alması, habelə bədənin soyuması effekti ilə əlaqədardır, soyuğun təsiri uzunmüddətli, arasıkəsilmədən (gündüz və gecə) və qısamüddətli ola bilər, lakin bu, müntəzəm surətdə təkrar edilməlidir (hava vannaları). Aeroterapiyada ultrabənövşəyi şüaların da müəyyən təsiri olur. Bu cür proseduraya işıq-hava vannası deyilir. Hava vannaları dərinin tənəffüsünü yaxşılaşdırır, onun reseptorlarını oyadır, çünki bayırdakı havanın temperaturu dərinin üzərindəki temperaturdan həmişə aşağı olur. Havanın hərəkəti soyuducu təsiri artırır. Bütün bunlar mərkəzi sinir sisteminə, reflektor olaraq tənəffüs, ürək-damar sistemlərinin funksiyasına, əzələ tonusuna, maddələr mübadiləsinə və orqanizmin istilik tənziminə təsir edir. Orqanizmin soyuğa müqaviməti artır, yəni orqanizm möhkəmlənir.
Metodikası Xəstə hava vannalarını və yarımvannaları (belə qədər çılpaq) uzanmış, yarıuzanmış və oturmuş vəziyyətdə 1-2 dəfə qəbul edir. Aeroterapiyanı aerosolyaridə, şüşəbənddə, balkonda parkların kölgəli meydançalarında, otaqda pəncərəni açıb aparmaq olar. Bunları soyuğun dərəcəsinə, yaxud nəzərdə tutulan soyuğa görə dozalayırlar.
Hava vannaları soyuq (0-8°C), orta dərəcədə soyuq (9-16°C), sərin (17-20°C), indifferent (21-22°C) və ilıq (22°C-dən yuxarı) olur. Vannanın müddətini hazır dozimetrik cədvəllərlə təyin edirlər, bu cədvəllərdə proseduranın vaxtı, soyuma dərəcəsi və ətraf mühit şəraiti arasındakı nisbət göstərilir.
Sağlam adamlara aeroterapiyanı bədəni möhkəmlətmək üçün, tənəffüs üzvlərinin xəstəliklərində sağalmaq üzrə olan xəstələrə, ürək-damar və sinir sistemi xəstə olan adamlara, ürəkdə və ağciyərdə aparılan operasiyadan sonra təyin edirlər.
Aeroterapiyanın tətbiqinə əks-göstərişlər: bütün kəskin infeksion, infeksion-allergik xəstəliklər, şiddətlənmiş irinli-iltihab xəstəlikləri, habelə istilik tənziminin üzvi mənşəli pozğunluqları.

Müəllif tibb elmləri namizədi L.S.Zalikina

Top