İldən ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı bütün dünyada sürətlə artır.
Müasir tibbdə bu ən ciddi problemlərdən biri sayılır.
Hər il bütün dünyada xəstələrin sayı 6-10% artır, hər 10-15 ildən bir xəstələrin sayı 2 dəfə artır. Bəzi hesablamalara görə, hal hazırda bütün dünyada 200 mln.-dan artıq şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar var.
Bu xəstəlikdən heç bir insan sığortalanmayıb. Şəkərli diabet hər bir insanda və hər yaş dövründə inkişaf edə bilər.
Şəkərli diabetin erkən aşkar olunması çox vacibdir. Uzun müddət ərzində inkişaf edən və aşkar olunmayan şəkərli diabet müxtəlif ağır fəsadlara, o cümlədə diabetik komaya, səbəb ola bilər.
Xəstəliyin ilk simptomlarını hər bir insan bilməli və özündə bu simptomları (və ya onlardan bəzilərini) müşahidə etdikdə, dərhal endokrinoloqa müraciət etməlidir.
Beləliklə, şəkərli diabetin ilk simptomları bunlardır:
— İnsan ağızda daim quruluq hiss edir və susuzluqdan əziyyət çəkir, gün ərzində 3-5 l və daha artıq maye qəbul edir.
— İnsan daha tez-tez sidik ifraz edir (xüsusilə gecə saatlarında).
— Bəzi insanlarda iştaha kəskin şəkildə artır. Onlar həddən artıq çox qida qəbul etməyə başlayır (xüsusilə şirin qidaları). Lakin onların çəkisi artmır, əksinə azalır.
— Xəstənin dərisi qaşınır (xüsusilə aralıq nahiyyəsində).
— İnsan tez yorulur və yuxululuq hiss edir.
— Dəridə göbələk xəstəlikləri və çibanlar tez-tez olur.
— Görmə qabiliyyəti birdən-birə azalır.
Ümumillikdə isə 40 yaşına çatmış hər bir insan 1 ildə 2 dəfə qanda şəkərin səviyyəsini profilaktik olaraq yoxlamalıdır. Bu xəstəliyin erkən aşkar olunmasına kömək edir.
Qanda şəkərin (qlükozanın) normal göstəricisi 5,5 mmol/l-ə kimidir.
saglamolun.az