Şəkərli diabet

Şəkərli diabet

Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur. Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.

Qlükoza orqanizm üçün çox vacib kimyəvi birləşmə olub, muxtəlif proseslərdə “yanacaq” kimi istifadə olunur. Qlükoza yoxdursa – enerji də yoxdur, enerji yoxdursa – həyat da yoxdur. İnsulin hormonu qlükozanı orqanizmdəki hüçeyrələrə çatdırır. İnsulin hormonu mədəaltı vəzidəki xüsusi hüceyrələrdə istehsal olunur.

Şəkərli diabetin iki forması vardır: 1-ci tip (insulin asılılıqlı) və 2-ci tip (insulin asılılığı olmayan).

1-ci tip  — insulin asılılıqlı şəkərli diabet zamanı mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin 90%-i bu və ya digər səbəbdən dağılmış olur. Beləliklə, şəkərli diabetin 1-ci tipində mədəaltı vəzi ya xeyli dərəcədə az insulin istehsal edir, ya da ümumiyyətlə, insulin ifraz etmir. Şəkərli diabetin 1-ci tipi ilə xəstə olanların əksəriyyətində xəstəliyin başlanğıcı adətən 30 yaşınadək olan dövrə təsadüf edir.

Alimlər 1-ci tip şəkərli diabetin əsas səbəbinin virus mənşəli olduğunu qeyd edirlər. Virus bir tərəfdən mədəaltı vəzidə olan insulin hazırlayan hüceyrələri zədələyir. Digər tərəfdən isə virus ilə mübarizə aparan immun sistemi xüsusi qoruyucu hüceyrələr hazırlayır ki, onlar da mədəaltı vəzinin özünün virusla yoluxmuş hüceyrələrini dağıdır.

Bunun nəticəsində mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin sayı fəlakətli dərəcədə azalır. Məhz buna görə 1-ci tip şəkərli diabet xəstəliyinə məruz qalanların orqanizmində qlükozanın normal şəkildə sərf olunmasını təmin etmək üçün lazım olan insulindən “asılı” olurlar. Məhz bu asılılıqdan irəli gələrək xəstəliyin bu forması insulin asılılıqlı şəkərli diabet adlanır.

Şəkərli diabetin 2-ci tipində (insulin asılılığı olmayan şəkərli diabet) mədəaltı vəzi insulin hazırlamaqda — bəzən isə hətta lazım olduğundan da artıq olmaqla davam edir. Ancaq bu zaman qlükoza orqanizmdəki hüceyrələrə daxil ola bilmir. Bunun səbəbi isə odur ki, orqanizmin hüceyrələri insulinin təsirinə, demək olar ki, heç bir reaksiya vermirlər. Bunun nəticəsində insulinin artıq dərəcədə olmasına baxmayaraq,  hüceyrələrə kifayət qədər qlükoza daxil ola bilmir. Şəkərli diabetin 2-ci tipi əsasən 30 yaşından sonra inkişaf etməyə başlayır. Şəkərli diabetin bu formasının inkişaf etməsində irsi faktor və piylənmə çox vacib rol oynayır.

Şəkərli diabetin inkişaf etməsinin risk faktorları:

- Mədəaltı vəzinin insulin hazırlayan hüceyrələrini məhv edən virus infeksiyaları. Şəkərli diabetin inkişaf etməsində əsas rol oynayan məxmərək, viruslu (epidemik) parotit, suçiçəyi, hepatit və s. virusları qeyd etmək olar. Həkimlərin müşahidələrinə əsasən, virus infeksiyası əksər hallarda şəkərli diabetə irsi meylliliyi olan şəxslərə öz təsirini göstərərək onlarda xəstəliyin yaranmasına səbəb olur. Virus infeksiyası xüsusilə uşaqlarda və yeniyetmələrdə şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.

- İrsi faktor. Şəkərli diabet, adətən, şəkərli diabet xəstəliyi olanların qohumlarında bir neçə dəfə daha çox təsadüf edilir. Xüsusən də valideynlərinin hər ikisində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski daha yüksək olur. Valideynlərindən yalnız birində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski iki dəfə azalsa da, yenə də yüksək olaraq qalır. Ancaq valideynlərinin hər ikisində şəkərli diabet olan uşaq bu xəstəliyə tutulmaya da bilər. Belə ki, uşaq öz valideynlərindən xəstəliyin özünü deyil, ona meylliliyi irsən almış olur. Yuxarıda adı çəkilən infeksiyalar isə xəstəliyin inkişaf etməsinə təkan verə bilərlər.

- Piylənmə - 2-ci tip şəkərli diabet xəstəliyinin inkişaf etməsi üçün əsas faktorlardan biridir. Çünki piylənmə zamanı orqanizmdə maddələr mübadiləsi pozulur ki, bu da şəkərli diabetin inkişafı üçün yol açır.

- Stres. Tez-tez baş verən streslər, bir çox ciddi xəstəliklərin yaranmasında olduğu kimi, şəkərli diabetin yaranmasında da risk faktorlarından biri hesab olunur. Şəkərli diabetə meylli olan şəxslərdə güclü sinir sarsıntısı nəticəsində xəstəliyin ilnkişaf etməsi barədə xeyli sayda sübutlar mövcuddur. Ancaq şəkərli diabetə genetik meylliliyi olmayan şəxslərdə tez-tez baş verən güclü streslər, bu xəstəliyin inkişaf etməsinə səbəb ola bilərlər. Streslər immun sisteminin fəaliyyətini pozaraq bütün orqanizmi fövqəladə rejimdə işləməyə vadar edir. Bu zaman qana adi halda olduğundan xeyli artıq miqdarda hormonlar ifraz olunur. Bu, insulinə də aiddir. Bu zaman mədəaltı vəzi üzülmə həddinə qədər yüksək rejimdə işləyir ki, bu da bir çox patoloji dəyişikliklərə səbəb ola bilər.

— Ateroskleroz – yaşlı adamlarda şəkərli diabetin inkişaf etməsinin əsas səbəblərindən biridir. Mədəaltı vəzi damarlarının sklerozu onun qidalanmasının pisləşməsinə səbəb olur ki, bu da son nəticədə orqanizmdə insulinin istehsalı və daşınması prosesinin pozulması ilə nəticələnir.

— Xroniki pankreatit – mədəaltı vəzin iltihabı da onun funksiyasını pozaraq şəkərli diabet xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər.

— Alkoqol orqanizmdəki bütün orqanlara olduğu kimi, mədəaltı vəzi toxumasına da dağıdıcı təsir göstərir.

— Bəzi dərmanları (prednizalon, hipotiazid, furosemid, antibiotiklər və s.) uzun müddət  istifadə etdikdə. Ona görə də heç zaman özünüz-özünüzə dərman “təyin etməyin”! Mürəkkəb xroniki xəstəliklərin müalicəsi zamanı isə hər zaman müalicə həkiminizin nəzarətində olaraq, sağlamlığınızda baş verən hər hansı dəyişikliklər barədə ona vaxtında xəbər verin.

— Müxtəlif xroniki xəstəliklərin uzun müddət davam edən streslər, keyfiyyətsiz və düzgün olmayan qidalanma, həddindən artıq fiziki gərginlik və s. səbəblərdən immunitetin zəifləməsi;

Eyni zamanda bir neçə risk faktorunun olması şəkərli diabet xəstəliyinin inkişaf riskini xeyli artırır.


Şəkərli diabetin əlamətləri:

— Qanda şəkərin miqdarı müəyyən bir həddə çatdıqdan sonra o, sidiyə keçməyə başlayır. Xəstənin vəziyyəti ağırlaşdıqca, sidikdə olan şəkərin miqdarı xeyli yüksək olur. Bunun da nəticəsi olaraq sidiklə ifraz olunan şəkəri durulaşdırmaq üçün böyrəklər də xeyli miqdarda su xaric etməli olur. Beləliklə, şəkərli diabetin ilkin əlaməti – sidik ifrazının artmasıdır (gün ərzində 1,5-2 litrdən çox). 
— Tez-tez sidik ifrazı baş verdiyi üçün xəstə daim üzücü susuzluq hiss edir və xeyli miqdarda da maye qəbul edir.

— Sidik ifrazı ilə xeyli miqdarda kalori itirildiyi üçün, xəstənin çəkisi azalır. Bundan başqa, xəstəni daim aclıq hissiyyatı narahat edir və o daha çox qida qəbul etməyə başlayır.

Şəkərli diabetin digər – az spesifik əlamətləri:

— Zəiflik, yorğunluğun artması;

— Tez-tez baş verən soyuqdəymələr;

— Dəridə irinli xəstəliklərin, frunkulyozun, gec sağalan xoraların olması;

— Cinsi üzvlər nahiyəsində güclü qaşınmanın olması.

Xəsəliyin ilkin əlamətləri qeyd olunan kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Həkim ilk növbədə, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi üçün xəstəni laborator müayinəsinə göndərəcək. Sağlam adamda qanda şəkərin miqdarı acqarına 5,5 mmol/l-dən yuxarı olmamalıdır.

Şəkərli diabetin profilaktikası üçün əsasən aşağıdakı qaydalara riayət etmək lazımdır:

— bədən çəkisini hər zaman normada saxlamaq lazımdır. Qida xeyirli və müxtəlif çeşidli olmalıdır. Qida rasionunda yağlı qidaları və şirniyyatları azaltmaq, onların əvəzinə isə təzə meyvə və tərəvəzlərin miqdarını artırmaq lazımdır. Mədəaltı vəzinin normal fəaliyyəti üçün kükürd və nikel elementləri (bütün kələm növləri, qıtığotu kökü (“xren”), sarımsaq, soğan, ağ turp, balqabaq, yerkökü, motmutu, gavalı, əncir, badam, xiyar, yumurta sarısı, qoz-fındıq, süd məhsulları, çuğundur və s), sink (ən çox çuğundurda, cücərdilmiş buğdada, buğda kəpəyində olur), B qrupu vitaminləri (buğda kəpəyi, üyüdülməmiş — bütöv buğdalarda, cücərdilmiş buğdada, mayada, qatıqda) tələb olunur;

— immun sistemini daim möhkəmləndirmək;

— aktiv həyat tərzi sürmək;

— zərərli vərdişlərdən imtina etmək.

Əgər sizdə şəkərli diabet xəstəliyinə irsi meyililk varsa, qanda şəkərin səviyyəsinin yüksəlməsini vaxtında aşkar etmək üçün, siz vaxtaşırı olaraq həkim endokrinoloqun müayinəsindən keçməlisiniz!

Top