İndi dünyanın bu və ya digər nöqtəsində baş verən hadisə az sonra o biri başında bilinir. Həticədə hər bir insan buna sürətlə reaksiya verməli olur. Heç də təsadüfi deyil ki, son dövrlər nevrozların və bəzi xəstəliklərin əlaməti olaraq vahimə tutmaları (panik tutmalar) xəstəliyindən əziyyət çəkənlərin sayı artmaqdadır. Panik hücumlar, vahimə tutmaları vegetativ sinir sistemi pozğunluğunun zirvə nöqtəsidir.
Vegetativ sinir sistemi şüura tabe olmayan, insan tərəfindən dərk olunmayan sinir sistemidir: bu, daxili üzvlərimizi, qan-damar, tənəffüs, həzm, tənasül, endokrin sistemi və sairi dirijor kimi tənzimləyir. Bu pozuntular həm anadangəlmə, həm də sonradan qazanılma ola bilər. Bəzi adamlar söz deyəndə qızarır, ağarır, kiçik bir narahatlıq olanda əllərində tərləmələr, ürək döyüntüləri, sifətində həyəcan açıq şəkildə hiss olunur. Ən kiçik emosional və fiziki yüklənməyə qarşı bu cür şəxslər çox davamsız olur.
Belələri istiylə yanaşı, soyuğu da sevmir, haradasa orta həddə yaşamağı sevirlər. Təbabətdə bu cür şəxslər «vegetativ sinir sisteminin anadangəlmə zəifliyi olan adamlar kimi» xarakterizə olunur.
Vegetativ sinir sisteminin qazanılma pozğunluqları həm irsiyyətlə, bioloji faktorlarla, həm yaxşı müalicə olunmayan soyuqdəymə, yoluxucu, psixoloji xəstəliklərlə, eyni zamanda da uzun müddət stress vəziyyətində qalmaqla bağlıdır. Uşaq vaxtlarında yaxın adamlarından məcburən ayrılmaq hissini yaşayanlarda bu hala tez-tez rast gəlinir. Bəziləri öz iztirab və hisslərini sözlə ifadə edə bilmir.
Psixoterapevt Fəxriyyə Məmmədovanın fikrincə, əgər iztirab sözlə ifadə olunmursa, o, cürbəcür formalarda, həmçinin də vegetativ sinir sisteminin pozuntusu formasında özünü aşkarlayır: "İllərlə hərarətləri düşməyən şəxslər var, baxmayaraq ki, dəfələrlə analizdən keçiblər. Evdə adi münaqişə nəticəsində günahsız cəzalandırılan gənc bir qızda vəziyyət belə idi. 200 dəfədən çox analiz olunmuşdu. Ən sonda məlum oldu ki, bunların kökündə panik qorxular, stresslər durur".
Panik hücumlar zamanı vegetativ sinir sistemi maksimum fəallaşır. Təşvişlə yanaşı ürək döyüntüləri artır. Sıxıntı, hava çatışmazlığı, ürək ağrıları, qidadan asılı olmayan mədə-bağırsaq pozuntuları, ishal, sidiyə tez-tez getmə, qarın nahiyəsində kəskin ağrılar, ürəkbulanması, baş ağrıları sağlam həyat fonunda qəflətən baş verir. Bir neçə dəqiqə ərzində gərginlik ən yüksək həddə çatır. Artıq təşviş qeyri-müəyyənlikdən konkret formaya keçir: «Təlaşlı şəxs fikirləşir ki, bəlkə mən dəli oluram, ya ölürəm? Ölüm vahiməsi xəstəni tam çulğayır. Olur ki, dəllək yanında üzünü qırxdıran şəxs üzü sabunlu halda vahimə içində durub küçəyə qaçır. Bir qadın danışırdı ki, bu, gecə ayrılıb, anlayıb ki, gecə paltarında, özü də evin küçə qapısındadır».
Qorxu panik tutmaların əsasında duran amillərdəndir. Panik tutmalara vegetonevrozların ən kəskin formasında rast gəlinir. Bir dəfə sağlam həyat fonunda tutan krizin gözləmə qorxusu panik krizin özündən qabağa gedir. Tutmalar o qədər kəskin olur ki, xəstəni kimsə ölmədiyinə inandıra bilmir. İldə bir dəfə müşahidə edilən tutmalar sonralar günaşırıya keçir. Vəziyyət o həddə çatır ki, ziyalı, savadlı adam belə cəmiyyətdən qaçır, eyni zamanda tək qalmaqdan da qorxur. Bu cür adamlar həmişə yanlarında kimisə saxlayırlar. Ən çox metrodan qorxurlar. Bu, artıq vahimə, ölüm qorxusudur. Bu hala psixiatriyada «klyaustrofobiya» («bağlı yerdə qalmaq qorxusu») deyilir.
F.Məmmədovanın fikrincə, beyin ateresklerozunun get-gedə cavanları da əhatə etməsi təbabətin çoxsaylı problemlərindəndir: «Bu, idarə olunmayan, qocalıqla əlaqədar, hələ də köklü müalicəsi olmayan xəstəlikdir. Xəstəliyə „altheymer“ də deyilir. Mütəxəssislərin fikrincə, panik qorxu sindromunun aradan qaldırılması üçün xəstə ilə həkim arasında qarşılıqlı inamın olması əsas şərtdir.
ATU-nun professoru, tanınmış psixiatr Hadir İsmayılov isə bu tipli problemlərin aradan qaldırılmasında autogen məşqlərin əhəmiyyətindən danışaraq bildirir ki, hər bir kəs bu yolla özünə psixoloji təsir göstərə bilər.
Atogen məşqin sirrini, qaydasını bilən adam üçün depressiyadan (ruh düşgünlüyündən) çıxmaq, yuxusunu tənzimləmək, hər hansı bir stress vəziyyətindən çıxmaq adi bir haldır. İnsan autogen məşq vasitəsilə özü-özünə psixoloji yardım göstərə bilər.
Automəşqi bəzən „öz-özünə hipnoz“ da adlandırırlar: „Yəni insan o dərəcədə bu texnologiyanı mənimsəyib özünə təsir eləmək qabiliyyətinə malik olur ki, istənilən vaxt istənilən xəstəlik əlamətini aradan götürə bilir. Bir sıra hallarda onu psixoterapevt edir, amma burada isə şəxs heç kəsə müraciət etmir“.
Di gəl ki, automəşqi öyrənmək o qədər də asan iş deyil. Automəşq ideyasının banisi alman alimi Şults 1932-ci ildə deyirdi ki, automəşqə yiyələnmək üçün hər bir şəxs 3-4 ay gündə 3 dəfə məşq etməlidir, lazım olan ədəbiyyatı oxumalıdır. Xarici mədəni ölkələrdə autogen məşq demək olar, hər bir adamın bildiyi bir işdir. Azərbaycanda da bu işi bilənlər var.
Psixosamatik xəstəliklər zamanı temperatur olmur. Tək-tək hallarda qısamüddətli temperatur reaksiyası ola bilər. Burada hər hansı ikinci bir xəstəliyi axtarıb tapmaq lazımdır. H.İsmayılov Azərbaycanda hələlik autogen məşqə marağın yüksək olmadığını bildirir: „Bizdə belə bir metod var ki, cəmisi 4 dərs ərzində istənilən adama autogen məşqi öyrətmək mümkündür. Həftədə bir dəfə keçirilən dərs ərzində həmin şəxsə ev tapşırığı verilir. Autogen məşqlə məşğul olan adam günbəgün öz istedadını aşkarlamalıdır. Məsələn, o, öz-özünə təlqin etməlidir ki, qollarım ağırlaşır, bədən temperaturum yüksəlir, orqanizmin filan yerindəki ağrı aradan qalxır. O, bütün bunları hiss etməlidir. Buna nail olmaq üçün həftələrlə, bəzən də aylarla məşq etmək lazımdır ki, o refleks onun beynində yaransın. Automəşqə yiyələnmək çox çətin olduğu dərəcədə də çox maraqlı və faydalıdır.“
H.İsmayılov insanların daha çox ünsiyyətə meylli olmasını arzulayır: „İnsan öz xəstəlik əlamətlərini, dərdini daxilində saxlamaq yox, yaxınlarına deməyi bacarmalıdır. Hər bir ailədə ağıllı şəxslər var. Onların məsləhətlərindən istifadə etmək lazımdır. Lazım gələrsə, psixiatrın, psixoterapevtin yanına gedərək dərdini söyləmək yaxşı effekt verə bilər. İstirahətin məzmunlu təşkil edilməsi əsas şərtdir: teatr tamaşalarına, konsertlərə, şənlik olan yerlərə getmək, öz problemlərini şişirtməmək məsləhətdir“.
Elçin Qaliboğlu
Mənbə: »Mədəniyyət" qəzeti