İnsanın xarici mühit şəraitinə uyğunlaşması onun sinir sisteminin fəaliyyəti ilə bağlıdır. Sinir sisteminin tənzimedici fəaliyyətində iki istiqamət ayırd edilir. Orqanizmin daxili orqanlarının və toxumalarının normal fəaliyyəti tənzim olunur, digər tərəfdən də xarici mühitlə orqanizmin daxili mühiti arasında sabit mütənasiblik saxlanılır. Rus fizioloqu İ.P. Pavlov bu istiqamətlərdən birincisini ibtidai, digərini isə ali sinir fəaliyyəti kimi adlandırmışdır. O, göstərmişdir ki, orqanizmdə orqanların normal fizioloji fəaliyyətin və orqanlar arasında qarşılıqlı funksional əlaqənin yaradılmasını ibtidai sinir fəaliyyəti həyata keçirir. İbtidai sinir fəaliyyətini baş beyninin qabıqaltı şöbələri və onurğa beyin icra edir və bu əsasən şərtsiz vegetativ reflektor reaksiyalar xarakteri daşıyır. Ürəyin fəaliyyətini, müəyyən iş görərkən ürəklə digər orqanların qarşılıqlı əlaqəli fəaliyyətini buna misal göstərə bilərik.
Orqanizmin icra etdiyi daxili funksiyalarla xarici mühit arasında vəhdət yaradan, orqanizmin xarici mühitə ən incə və mükəmməl uyğunlaşmasını təmin edən sinir fəaliyyəti ali sinir fəaliyyəti kimi xarakterizə olunur. Ali sinir fəaliyyətinin əsasında həyat prosesində əmələ gələn (şərti) və anadangəlmə (şərtsiz) reflekslərin məcmusu durur. Bu reflekslər vasitəsilə insanda xarici mühit şəraitində müxtəlif davranış formaları yaranır.
Şərtsiz və ya anadangəlmə reflekslərin əsas hissəsi insan doğulduqda instinkt şəklində tam inkişaf etmiş formada təzahür edir. Bu reflekslər anadangəlmə olduğundan həyat prosesində yox olmur və başqaları ilə əvəz olunmur, yalnız keyfiyyət dəyişikliyinə uğrayır və ya müvəqqəti tormozlanır. Şərtsiz qıcıq şəklində bu reflekslər şərti refleksin yaranmasında bilavasitə iştirak edir.
Şərti reflekslər həyat prosesində əmələ gəlir və şərti qıcıq əhəmiyyətini itirdikdə tormozlanır, əvəzində yeni şərti reflekslər yaranır. Reflekslər hər hansı qıcıqla möhkəmləndirilmədikdə, tormozlanma əmələ gəlir.
İnsanlarda davranış reaksiyaları əsasən məqsədyönlü xarakter daşıyır və bu reaksiyaların səviyyəsinə, ciddiliyinə və zənginliyinə ikinci siqnal sistemi, yəni nitq qabiliyyəti bilavasitə təsir edir.