Epilepsiya xəstəliyi

Epilepsiya xəstəliyi

Rəvayətlərə və tarixi mənbələrə görə, bu xəstəlikdən bir çox görkəmli insanlar, sərkərdələr, siyasət və ədəbiyyat xadimləri əziyyət çəkiblər. Onların sırasında Makedoniyalı İsgəndərin, Yuli Sezarın, həmçinin dahi yazıçı Dostoyevskinin və başqa məşhur şəxsiyyətlərin adları var. Yəqin, bu səbəbdəndir ki, bəzi hallarda epilepsiyanı «müqəddəs» və ya «ilahi xəstəlik» adlandırırlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünyada 7 milyona yaxın insan epilepsiyanın həm yüngül, həm də ağır formalarının daşıyıcısıdır. Təşkilatın məlumatında göstərilir ki, bu xəstəliyə tutulanlar arasında Çin və Rusiya vətəndaşları üstünlük təşkil edirlər.

Epilepsiya xəstəliyinin meydana çıxmasında irsi amillərin rolu böyükdür

Həkim-nevropatoloq Leyla Vəliyevanın sözlərinə görə, epilepsiya xronik şiddətlənən xəstəlik olmaqla, huşun pozulması, qıclıq, vegetativ tutmalarla müşayiət olunur. Həmçinin epileptiklərə emosional-psixi sferada tutmalararası qeydə alınan, getdikcə şiddətlənən dəyişikliklər də xasdır. Xəstəliyin əmələ gəlməsində alkoqolizm, narkomanlıq, toksikomaniya, uremiya, doğuş və məişət travmaları, infeksiyalar böyük rol oynayır.
Epilepsiyanın meydana çıxmasında irsi amillərin də rolu böyükdür. Xəstəliyin qardaş və bacılar arasında, bir nəsildən olan valideynlərdə eynigedişli olması bunu təsdiq edir. Epileptik tutmalar bir yandan beyin qabığının tormozlanmasından (huşunu itirmə), digər tərəfdən isə, akalizatorun ifrat oyanmasından (qıcolma) başlayır. Epilepsiya beyin metabolizminin əhəmiyyətli dəyişikliklərilə müşahidə olunur. Bununla yanaşı, həm də orqanizmdə karbohidrat, yağ, zülal, süd, duz mübadiləsi pozulur. Xəstəliyin insan həyatı üçün ən təhlükəli sayılan məqamı epilepsiya halətidir.

Epilepsiya halətinə düşən xəstələrdə tutmalar şiddətlənir

Həkim deyir ki, epilepsiya halətinə düşən zaman əvvəlki hər bir tutma sonrakının başlanmasına təkan verir. Tutmalararası dövrdə insan huşunu itirmiş vəziyyətdə qalır. Epileptik halət xəstəliyin ən ağır formasıdır. Bu halətə düşən xəstə nadir hallarda sağ qalır:
«Epileptik halətin yaranmasına əsasən həkimin təyin etdiyi pəhriz və rejimin pozulması, qıcolma əleyhinə preparatların qəbulunda yol verilən səhvlər, hərarətin artması səbəb olur. Bu zaman xəstə komatoz vəziyyətə düşür, beyində şişkinlik şiddətlənir. Xəstənin göz bəbəkləri bəzən daralır, bəzən isə genəlir. Beyində şiddətli şişkinlik uzunsov beyindəki həyat üçün əhəmiyyətli mərkəzləri sıxır, ürəyin işi və tənəffüs kəskin şəkildə pozulur. Epileptik halət başlayan zaman xəstəni yıxılıb əzilməkdən qorumaq üçün bir qədər yumşaq yerdə uzandırmaq, dilinin dişləri arasında qalıb kəsilməməsi üçün qaşığı dəsmala sarıyıb çənələrin arasında saxlamaq lazımdır. Xəstəyə mümkün qədər tez həkim yardımı göstərilməlidir».

Xəstəliyin tez-tez müşahidə edilən əlamətlərindən biri epileptik çırpıntılardır

L.Vəliyevanın dediyinə görə, epileptik çırpıntılar əsasən bir neçə formaya ayrılır. Böyük qıcolma çırpıntısı bir neçə mərhələdə baş verir. İlk mərhələdə xəstə birdən huşunu itirir, tutmanın kəskin fazası başlanır və 20-30 saniyə davam edir. Spazma gövdə və ətraf əzələlərin şiddətli gərilməsilə müşayiət olunur. Xəstə çox vaxt arxası üstə yıxılır, başı dala əyilir, tənəffüs və qırtlaq əzələləri qıc olur. Tədricən qıcolma üz, gövdə və ətrafların əzələlərinə yayılır. Bir müddət sonra tənəffüs dayanır, üzdə göyərmə və şişkinlik əmələ gəlir, göz bəbəkləri genəlir. Xəstənin ağzından köpüklü və qanla qarışmış (dilini dişlədiyinə görə) maye gəlir:
«Spazma keçdikdən sonra xəstənin tənəffüsü yavaş-yavaş bərpa olunur. Əvvəlcə tənəffüs fasiləli və səthi olur, sonradan dərinləşir, nəhayət, öz ritmini bərpa edir. Göyərmə, üzdə şişkinlik azalır. Spazmadan sonra xəstənin huşu müəyyən qədər pozulur, ətrafdakılara reaksiya vermir, əzələləri süstləşir. Belə vəziyyət 15-20 dəqiqə çəkir, sonra xəstə yuxuya gedir. Oyandıqdan sonra ümumi əzginlik, zəiflik, başağrısı kimi hallar hiss edir».
Nevropatoloq qeyd edib ki, böyük qıcolma çırpıntısından qabaq xəstədə xəbərdarlıq əlamətləri fazası (aura) baş verir. Tutmadan bir neçə saat əvvəl və ya ona 2-3 gün qalanda xəstədə daxili narahatlıq, yuxu pozğunluğu, qeyri-müəyyən təlaş və gərginlik kimi hallar ortaya çıxır. Xəstəliyin ikinci növü olan operkulyar tutmalar alın və gicgahda operkul qıcıqlanmasından başlanır. Bu zaman xəstədə qorxu, təlaş ortaya çıxır, o, qoxu və dad bilmir.

Tutmalar 10-15, bəzən isə 20 dəqiqə davam edir

Üçüncü forma olan kiçik epilepsiyada müxtəlif formalı tutmalar baş verir. Tutmalar zamanı 3-5 saniyəlik huşun itməsi, dayandırılan hərəkət vəziyyətində donub qalma halları olur. Bəzən isə xəstədə üzün avazıması, qızarması, göz almalarının yuxarıya hərəkəti müşahidə olunur. Mioklonik tutmalarda ətraf, gövdə, üz əzələlərinin xırda, çox vaxt simmetrik titrəyişləri ortaya çıxır. Akinetik tutmalar zamanı əzələ tonusunun şiddətli zəifləməsi nəticəsində xəstə yıxılır və qısa müddətdə huşunu itirir. Sonuncu — hipertonik tutmalar isə özünü gövdə, ətraf, boyun əzələlərinin bükücü və ya açıcı qruplarının qüsamüddətli gərginləşməsi ilə göstərir.

Narkolepsiya zamanı xəstədə qısamüddətli yuxu tutmaları müşahidə olunur

L.Vəliyevanın sözlərinə əsasən, epilepsiya xəstəliyinin tez-tez təsadüf olunan formalarından biri də narkolepsiyadır. Xəstəlik, adətən, gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman və yeriyərkən baş verə bilər:
«Tutma adətən bir neçə dəqiqə davam edir. Tutma qurtardıqdan sonra xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutma zamanı bütün iradi əzələlərin boşalması müşahidə olunur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilirlər. Narkolepsiyalı xəstələr həmçinin tez-tez gecə yuxusunun hədsiz şiddətli röyalarla müşayiət olunmasından, səksəkə və həyəcandan şikayətlənirlər. Xəstəliyin bu formasından əziyyət çəkənlərə həkim tərəfindən əsasən yuxunu qaçırmaq üçün preparatlar təyin olunur. Belə dərmanlar xəstələrə müsbət təsir edir».

Epilepsiyanın tam müalicəsi mümkün deyil

Həkim vurğulayıb ki, epilepsiyanın tam müalicəsi mümkün olmasa da, bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyətini stabil saxlamaq üçün müalicə kursları təyin olunur. Xəstəliyin kompleks müalicəsi qoruyucu rejim və pəhriz, qıcolma əleyhinə preparatlardan ibarətdir. Amma müalicəyə başlamazdan öncə xəstənin fiziki və emosional gərginliyi aradan qaldırılmalıdır. Daha sonra tutmaların qarşısını almaq üçün müalicə kursu təyin oluna bilər. Xəstənin bədən immuniteti isə A, B, C, E vitaminlərinin köməkliyi ilə bərpa edilir.

Siqaret və içki epilepsiyalı xəstələrin vəziyyətini daha da ağırlaşdırır

L.Vəliyeva deyir ki, epilepsiyalı xəstələr təyin olunan müalicə ilə paralel, bəzi qaydalara da riayət etməlidirlər. Onlar çox tünd çay, qəhvə içməməli, içki və siqaretdən uzaq durmalı, duz, ət, şirniyyatdan müəyyən qədər az istifadə etməlidirlər. Həmçinin qızmar günəş altında gəzməməli, dənizə tək girməməlidirlər. Bunlarla yanaşı, belə xəstələr qətiyyən sürücü işləyə, yanan soba yanında, hərəkət edən mexanizmlərdə çalışa bilməzlər.

Epilepsiyanın bəzi ağır formaları xəstənin psixikasına ciddi mənfi təsir göstərir

Həkim-psixoloq Xəyalə Məmmədovanın dediyinə görə, epileptik tutmalar zamanı xəstə gərgin emosional vəziyyətə düşür. İlkin tibbi yardımdan sonra tutmalar ötüb keçsə də, gərgin emosional vəziyyət qalır. Bu da bir müddət sonra xəstələrin psixikasında müəyyən pozğunluqlar yaradır. Pozğunluqlar nəticəsində xəstələrin bir qismində fəaliyyətin zəifliyi, bir hissəsində yüksək emosionallıq baş qaldırır. Bir qisim xəstələrdə bu prosesdən sonra özünəqapanma, küskünlük, ruh düşkünlüyü, ətrafda baş verənlərə laqeydlik halları yaranır. Tez-tez depressiyaya düşən belə xəstələr hətta intihara əl atırlar.
Digər qrup insanlarda isə sərtlik, tez özündən çıxma, ətrafdakılara qarşı kobudluq müşahidə edilir. Onlar daima kiminləsə dalaşmaq, ətrafdakı insanlara zərər vermək istəyirlər: «Epilepsiyanın ağır formalarından əziyyət çəkən xəstələrdə belə xoşagəlməz halların baş verməməsi üçün onlar mütləq psixoterapevtik müalicə kursu keçməlidirlər».
Top