Son illər insanlar arasında geniş yayılan xəstəliklərdən biri də beyində yaranan qan-damar xəstəlikləridir. Qan-damar sistemində yaranan pozğunluq beynin fəaliyyət mexanizmini sıradan çıxarır və bu da insanda bir sıra beyin xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmalara görə, son zamanlar bütün dünyada həm beynin qan-damar xəstəliklərinə tutulanların, həm də ölənlərin sayı xeyli artıb. ÜST-ün məlumatına əsasən, hazırda dünyada bu cür qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı 3 milyondan çoxdur. Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.
Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan vəfat edir.
Həkim-nevropatoloq Maya Nəbiyevanın sözlərinə görə, beynin qan-damar xəstəlikləri sinir sisteminin geniş yayılan xəstəliklərindən biridir. Yaşlı adamlar arasında ölüm hallarının 50 faizi bu xəstəliklər nəticəsində baş verir. Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan dünyasını dəyişir. Son zamanlar insanlar arasında beynin qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı xeyli artıb. İndi bu xəstəliklərə nəinki yaşlılar, eyni zamanda cavanlar arasında da tez-tez təsadüf edilir. Beynində qan-damar xəstəlikləri olanların bir qismi dünyasını dəyişir, əksər hissəsi isə əlil qalır. Beyində damar pozğunluğunun əmələ gəlməsində hipertoniyanın, arterial hipertoniyanın, ürək xəstəliklərinin, revmatizm nəticəsində törəyən infeksion virusların, anadangəlmə damar anomaliyalarının, psixi və fiziki gərginliyin, alkoqolizmin rolu böyükdür.
Beynin qan-damar xəstəlikləri kəskin olur və tədricən şiddətlənir.
Kəskin beyin-damar xəstəlikləri iki şəkildə təzahür edir: qan dövranının keçib gedən pozğunluğu və beyin insultu. Keçib gedən qan dövranı pozğunluğu xəstədə uzun sürməyən bəzi funksiya pozğunluqlarına səbəb olur. Lakin bu əlamətlər 24 saat ərzində heç bir iz buraxmadan keçib gedir. Bəzi hallarda isə pozulan funksiyalar bir neçə dəqiqə, yaxud bir neçə saatdan sonra tamamilə bərpa olur.
Həkim deyir ki, beyin insultu kəskin beyin-qan dövranı pozğunluğu olub, müxtəlif formalarda təzahür edir. Tədricən şiddətlənən beyin qan dövranı pozğunluğu, ilk növbədə, bəzi subyektiv əlamətlərlə başlayıb, get-gedə beyində bir sıra dəyişikliklərə səbəb olur. Onurğa beyninin qan dövranı pozğunluğu da xroniki və kəskin şəkildə cərəyan edib insult formaları yaradır: "Beyin-damar xəstəliklərinin klinikası və nəticəsi onu əmələ gətirən səbəbdən, yerindən, insultun ağırlığından asılıdır. Beyin insultunun inkişafında 4 dövr ayırd edilir. Xəbərdarlıq dövrü, məhəlli əlamətlər, bərpa və qalıq əlamətləri dövrü".
İnsanlar arasında tez-tez təsadüf olunan formalardan biri, beyin qan damarlarının aterosklerozudur.
Nevropatoloqun dediyinə görə, ateroskleroz ağır bir xəstəlik forması olub, damarlarda gedən xroniki-şiddətlənən prosesdən ibarətdir. Lipid və xolesterin mübadiləsi pozğunluğundan əmələ gəlir. Ən çox yaşlı adamlarda təsadüf edilir: "Beyin damarlarının divarına lipid çökməsi ilə əlaqədar elastik qişa boşalır, bəzən də damar divarında kalsium duzları çökür, beləliklə, ateroskleroz baş verir. Get-gedə damarın keçəcəyi daralır, nəticədə həmin damarın qidalandırdığı nahiyədə qan azlığı yaranır, bu da beynin müxtəlif hissələrində yumşalma, çürümə və qliya çapıqları ilə nəticələnir.
Xəstəliyin əsas əlamətləri başağrısı, başda olan ağırlıq, qulaqlarda küy, başgicəllənmə, yersiz əsəbilik, əmək qabiliyyətinin azalması, yaddaş zəifliyi və yuxu pozğunluğudur. Müayinə zamanı göz bəbəklərinin işığa reaksiyasının azalması, qeyri-ixtiyari gülüş və ağlama hallarının baş verməsi kimi əlamətlər də ortaya çıxır. Dərin ateroskleroz prosesi beynin işemik insultuna səbəb ola bilər. Beyin qan damarlarının aterosklerozu zamanı xəstəyə ilk əvvəl lazımi rejim və ciddi pəhriz təyin edilir. Xəstəyə yağlı ət, balıq, qaraciyər, yumurta və qaymaqdan mümkün qədər az istifadə etmək məsləhət görülür.
Bu xəstəlikdən əziyyət çəkən xəstə daha çox meyvə-tərəvəz, qatıq və süd məhsullarından istifadə etməlidir. Aterosklerozlu xəstələrə müntəzəm olaraq dərman preparatları ilə yanaşı vitaminlər vurulmalıdır".
M.Nəbiyeva vurğulayıb ki, kəskin qan dövranı pozğunluğu nəticəsində baş verən bir sıra məhəlli simptomlar təxminən 1 sutka ərzində iz buraxmadan ötərsə, buna beyin qan dövranının keçib gedən pozğunluğu deyilir. Bu pozğunluğun əsasını beyin damarlarının ümumi sıxılması, beyin toxumasının işemiyası və qanın fiziki-kimyəvi tərkibinin dəyişikliyi təşkil edir. Xəstəlik arterial pozğunluq, boyun fəqərələrindəki osteoxondroz nəticəsində baş verir. Bəzən fiziki və psixi gərginlik də bu xəstəliyi törədə bilər. Keçib gedən beyin qan dövranı pozğunluğu ümumi və məhəlli beyin böhranına səbəb olur. Keçib dedən pozğunluq zamanı xəstə yataq rejimində saxlanılmalı, onun boyun nahiyəsinə zəli qoyulmalı və müvafiq müalicə kursu təyin edilməlidir.
İnsanlar arasında tez-tez rast gəlinən formalardan biri də beyinə qansızma ilə nəticələnən insultdur.
Həkim-nevropatoloqun sözlərinə əsasən, bəzən beynin içərisinə axan qan mədəcik və boşluqlara keçir. Beyinə qanaxma çox vaxt hipertoniya xəstəliyi, alkoqolizm və damar divarının keçiricilik qabiliyyətinin artması nəticəsində baş verir. İnsult zamanı beynin yarımkürələrində asimmetriya görünür, qanaxma tərəfində qırışlar hamarlanır. Xəstə qanaxma nəticəsində ölmədikdə, qan tədricən sorulur. Amma beynin müəyyən hissələrində qliya çapıqları, qan damarlarında bir sıra üzvi pozğunluqlar qalır. Bu cür insult 2 dövrə bölünür: apoplektik və məhəlli əlamətlər dövrü. Apoplektik insult birdən-birə, qəflətən başlayır. Xəstə, başına sanki küt bir alətlə zərbə vurulduğunu hiss edir, daha sonra müvazinətini itirib yıxılır. Apoplektik insultda xəstə ani olaraq huşunu itirir.
Huşun itməsi beyinə qanaxmanın əsas əlamətlərindəndir və bu çox vaxt koma ilə nəticələnir.
Həkim vurğulayıb ki, xəstədə ürəkbulanma, qusma olur, nəbz yavaş və gərgin, tənəffüs isə dərin və xırıltılı hal alır. Bir sutkadan sonra bədənin hərarəti 37-38 dərəcəyə qədər yüksəlir. Xəstənin bütün əzələləri boşalır, ağzı açıq qalır, başı və gözləri bir tərəfə çevrilmiş olur. Bu dövrdə, demək olar ki, bütün reflekslər sönür, xəstə heç bir qıcığa reaksiya vermir. Bəzən xəstənin düşdüyü koma halı bir neçə sutka davam edir. Belə hallarda xəstə adətən dünyasını dəyişir. Bu cür insultda beynin bir tərəfi iflic olur. İflic olan ətraflarda get-gedə əzələ tonusu yüksəlir. Bu zaman xəstə xüsusi vəziyyət alır, qolu yarımçıq bükülür, qıçı isə açılır.
Çox vaxt iflicdən sonra xəstənin nitqi də pozulur. İflic olan xəstə düzgün müalicə olunduğu təqdirdə itmiş funksiyalar get-gedə bərpa olunur. İlk növbədə, aşağı ətraflar canlanır, xəstə çətinliklə yeriməyə başlayır. Bəzən isə itmiş funksiyalar yaxşı bərpa olunmur, əzələ tonusu artdığı üçün xəstənin ətraflarında hərəkət məhdudluğu yaranır: "Belə insult zamanı xəstənin ilk öncə qan təzyiqinin yüksəkliyinə, nəbzinin gərginliyinə diqqət etmək lazımdır. Daha sonra ilk yardım kimi xəstənin başına buz, ayaqlarının altına isidici qoyulmalıdır. Həkimə müraciət edilən zaman isə xəstəyə müvafiq müalicə kursu təyin olunur".
İnsan həyatı üçün təhlükəli sayılan formalardan biri də beyin infarktıdır.
M.Nəbiyeva bildirib ki, beynin işemik insultu, yəni beyin infarktı insan həyatı üçün təhlükəli sayılan formalardan biridir. Beyin damarları sklerozunun ən mühüm ağırlaşmalarından biri beynin qanla təchizatının pozulmasıdır. Ateroskleroz prosesi nəticəsində damarın mənfəzi daralır və içəridə tromb yaranır. Bu da beynin normal qidalanmasını pozur, beyin maddəsində yumşalmaya səbəb olur: "Beynin işemik insultunu törədən səbəbləri nəzərə alaraq onu 3 formaya ayırırlar. Tromboz, emboliya, damar çatışmazlığı nəticəsində baş verən işemik insult. Tromboz və emboliya damarın içərisini tamamilə tutduğu üçün trombozlu işemik insult yaradır.
Lakin damar çatışmazlığı nəticəsində beyin qanla lazımınca təchiz oluna bilmədiyi üçün yumşalma başlayır. İşemik insult tədricən inkişaf edir. Belə insult bir neçə saatdan bir neçə günə qədər davam edir. Çox zaman işemik insult gecə yuxuda ikən baş verir. Xəstə ayıldıqda bir tərəfinin iflic olduğunu hiss edir. Bəzən insultdan bir neçə gün, yaxud bir neçə həftə əvvəl xəstə özündə müəyyən əlamətlər- başağrısı, gözlərinə qaranlıq çökməsi, arabir sağ və sol ətraflarda keylik, gizilti hiss edir. Çox vaxt xəstələr buna təsadüfi hal kimi baxıb, heç bir əhmiyyət vermirlər".
Beyin infarktı baş verən zaman, adətən, xəstənin huşu itmir, şiddətli başağrısı olmur
Həkimin söylədiyinə görə, beyin infarktında yalnız xəstənin üz dərisi avazıyır, qan təzyiqi aşağı düşür. Beynin işemik insultu baş verəndə ilk olaraq xəstənin ürək fəaliyyəti yoxlanılır. Sonra beyin damarlarının spazmasını azaltmaq məqsədilə xəstənin venasına müvafiq preparatlar vurulur. Damarda trombozun qarşısını almaq üçün də lazımi dərmanlardan istifadə olunur. Xəstəni düşdüyü ağır vəziyyətdən çıxardıqdan sonra, itirilən funksiyaları bərpa etmək məqsədilə xüsusi müalicəyə başlanılır. İflic olan ətraflar mütəxəssislər tərəfindən masaj edilir və xəstəyə həftədə 4 gün müalicə gimnastikası təyin edilir.
Beyin qan-damar xəstəliklərinin müalicəsinə gəlincə, M.Nəbiyeva yalnız dəqiq diaqnoz qoyulduqdan sonra bu prosesə başlanıldığını deyib: "İlk əvvəl fiziki müayinə üsullarından istifadə olunmaqla, xəstə yoxlanılır. Xüsusi cihazlar vasitəsilə beynin hərtərəfli şəkli çəkilir. Xəstəliyin forması dəqiq məlum olduqdan sonra xəstəxana şəraitində davamlı müalicə aparılır".
Mənbə: http://milli.az