L.Erxardın iqtisadi islahatları. "formalaşmış cəmiyyət" konsepsiyası

L.Erxardın iqtisadi islahatları. "formalaşmış cəmiyyət" konsepsiyası

Neoliberal istiqamətdə xüsusi maraq doğuran şəxs Frayburq məktəbinin başqa bir nümayəndəsi Lyudviq Erxard (1897-1977) olmuşdur. O, sosial bazar təsərrüfatı konsepsiyasına əsaslanaraq iqtisadi islahatların praktiki olaraq həyata keçirilməsinin müəllifi olmuşdur.

L.Erxard sosial bazar təsərrüfatının əsas elementi kimi hər şeydən əvvəl azad rəqabəti müdafiə edirdi və bunu belə bir tezislə ifadə etmişdir: "Rəqabət hər yerdə harada mümkündürsə, tənzimləmə harada zəruridirsə". Lakin azad bazar təsərrüfatının öz-özünə fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü də dərk etmişdir. İqtisadiyyatda dövlətin rolunu, funksiyasını futbol meydançasında hakimin roluna bənzətmişdir. Onun sözlərinə görə, cəmiyyət futbol meydançası, üzvləri oyunçular, dövlət isə hakim rolunda çıxış edir. Dövlətin vəzifəsi oyunda iştirak etmək şərtilə oyun qaydalarına nəzarət etmək, üzvlərin mənafeyini uzlaşdırmaqdır. Sosial bazar təsərrüfatının saxlanması üçün dövlət azad bazar qaydalarına əməl etməlidir. Yəni inhsarçılığa yol vermədən qiymət üzərində nəzarəti, xüsusi mülkiyyətin qorunmasını təmin etməlidir. Deməli, sosial bazar təsərrüfatı bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən sosial ədaləti və sosial müdafiəni təmin edən prinsiplərin vəhdətidir.

L.Erxard sosial bazar təsərrüfatı nəzəriyyəsinin həyatiliyini təcrübədə tətbiq edərək sübut etmişdir. Belə ki, Qərbi Almaniyanın II Dünya müharibəsi zamanı böhranlı vəziyyətini təhlil edərək bir sıra islahatlar aparmışdır. O dövrdə istehsal güclərinin üçdə iki hissəsinin işləməməsi, milli məhsulun həcminin əhalinin pul vəsaitlərindən on dəfələrlə geri qalması, qiymətlərin fasiləsiz artımı, natural mübadiləyə keçilməsi Qərbi Almaniyada kəskin böhrana səbəb oldu. Bu vəziyyətdən çıxmaq üçün uzun müddət mübahisə getmiş və nəhayət Erxardın rəhbərliyi ilə hərtərfli islahat planı (Hamburq) hazırlanmış və həyata keçirilməyə başlanmışdır. İlk növbədə 1948-ci ildə pul və qiymət islahatına başlandı. Ardınca bank və valyuta islahatının ardıcıl həyata keçirilməsi sayəsində alman markasının kursu qalxdı. Nəticədə pul kütləsinin həcmi dəfələrlə ixtisar olundu, qiymətlərin yüksəlməsi dayandı və inflyasiyanın yeni təzahürünün qarşısı alındı.

 Eyni zamanda iqtisadiyyatda struktur diyişikliyin aparılması üçün (Marşall planı) dövlətin bəzi sənaye sahələrinə, xüsusilə də kömür, metallurgiya, elektrik enerjisi sahələrinə kömək məqsədilə sahibkarlara vergi güzəştləri tətbiq edildi. Həmçinin islahatları həyata keçirmək üçün xarici ölkələrdən iqtisadi yardım, kömək şəklində yanacaq, ərzaq, taxıl və s. məhsullar əldə edildi. Avropa Proqramı fondundan güzəştli şərtlərlə kreditlər alındı.

Qeyd etmək lazımdır ki, islahatların müvəffəqiyyəti düzgün iqtisadi siyasətlə bərabər ölkədaxili amillərin: ölkədə olan maddi bazanın qorunub saxlanmasından, ucuz iş qüvvəsi hesab olunan qadın və uşaq əməyindən istifadə edilməsindən və s.-dən də asılı olmuşdur. Nəticədə bu islahatlardan geniş və bacarıqla istifadə olunması iqtisadiyyatın dirçəlməsinə səbəb oldu. L.Erxardın bu xidmətləri Alman hökuməti tərəfindən yüksək qiymətləndirildi - əvvəlcə iqtisadiyyat üzrə direktor, 1949-cu ildə isə iqtisadiyyat naziri təyin olundu. Onun bu islahatlarından Cənubi Koreyada, Tayvanda, İspaniyada və başqa ökələrdə müvəffəqiyyətlə istifadə olunmuşdur.

Adenaur-Erxard hökuməti müharibədən sonra (1957) sosial-bazar təsərrüfatının ikinci mərhələsinin başlandığını qeyd etdi. 1965-ci ildə Xristian Demokratlar İttifaqının Qurultayında artıq Almaniyada formalaşmış cəmiyyətin qurulmasını elan etdi. Erxardın özü isə 1949-1963-cü illərdə federal Kanslerin müavini, 1963-1966-cı illərdə isə respublika kansleri vəzifəsinə irəli çəkildi.

İqtisadçıların fikrincə, L.Erxardın sosial bazar təsərrüfatı modelini yüksək artım tempini təmin edən sosial siyasət proqramı hesab etmək olar. Bu proqram həmçinin sahibkarların müdafiə olunmasını orta təbəqənin həyat səviyyəsinin yüksəldilməsi üçün şərait yaradılmasını və bununla da sosial ziddiyyətlərin yumşaldılmasını, dövlətlə işçilər arasında iqtisadi fəaliyyətin optimal nisbətinin tapılmasını nəzərdə tuturdu.

L.Erxardın "formalaşmış cəmiyyət" nəzəriyyəsi sosial bazar təsərrüfatı nəzəriyyəsinin məntiqi davamı idi. Onun fikrincə, "formalaşmış cəmiyyət" daha yaxşı təbii iqtisadi qaydaların mövcud olduğu bir cəmiyyətdir ki, buna da sosial bazar təsərrüfatı vasitəsilə nail olmaq mümkündür.  O, bu konsepsiyanı sosializm sisteminə qarşı qoyur və göstərir ki, onun əsas prinsipi sinfi mübarizə yox, bütün qrupların və mənafelərin əməkdaşlığıdır, əsas cəhəti isə cəmiyyətin və dövlətin vəhdətidir, gələcək tərəqqi naminə birləşməsidir.

L.Erxard "Hamı üçün rifah" (1956) əsərində formalaşmış cəmiyyəti ümumi rifah dövləti adlandırır və bu səviyyəyə çatmaq üçün müxtəlif mərhələlərdən keçildiyini qeyd edir.

Cəmiyyətin tarixi inkişafının I mərhələsini (XIX əsr) siniflərin mövcudluğu və onların mübarizəsi ilə xarakterizə olunduğu üçün sinfi cəmiyyət mərhələsi adlandırır.

II mərhələni müxtəlif qrupların arasında fikir mübadiləsinə əsaslanan plyuralizm mərhələsi adlandırır.

III mərhələni isə şəxsi əmək qabiliyyəti və məhsuldarlığı ilə şərtlənən cəmiyyət üzvlərinin məhsuldar ittifaqı mərhələsi hesab edir. Erxard yazırdı ki, ümumi rifahın təmin olunması dövlətin vəzifəsidir.  Əgər dövlət ümumi rifahın qoruyucusudursa, onun daşıyıcısı isə iqtisadiyyatın dinamik inkişafının  mərkəzində dayanan sahibkardır. Ümumi rifah üçün məsuliyyətin ağırlığı da məhz sahibkarın üzərinə düşür.

L.Erxardın "formalaşmış cəmiyyət" nəzəriyyəsində əsas müddəalardan biri də cəmiyyətin hər bir üzvünün mülkiyyət sahibi olması ideyasıdır. O göstərir ki, Almaniyada hər bir vətəndaş əmək haqqının yığılması hesabına əldə etdiyi səhmlərlə istehsal vasitələrinin mülkiyyətçisinə çevrilə bilir və getdikcə səhmdar kompaniyalarının iştirakçısı olur. Beləliklə, ümumi rifah yaxşılaşır və formalaşmış cəmiyyət yaranır.

Ümumiyyətlə, sosial bazar təsərrüfatı nəzəriyyəsi və "formalaşmış cəmiyyət" konsepsiyası sosializmə qarşı yönəlmişdi. Sosializmin bir sistem kimi dağılması və bu ölkələrdə bazar iqtisadiyyatı qurulması istiqamətində aparılan islahatlar bu fikirlərin doğruluğunu sübut edir.

Qeyd etmək lazımdır ki, sosial bazar təsərrüfatı nəzəriyyəsi və onun təzahür forması olan "formalaşmış cəmiyyət" milli çərçivədə fəaliyyət göstərən bir model olmamışdır. Beynəlxalq aləmdə Avropa ölkələrində bu model təsərrüfat və sosial sahələrin inkişafı üçün rəhbər tutulmuş və uzun müddət iqtisadi siyasətə çevrilmişdir. Sosial bazar təsərrüfatı nəzəriyyəsi müasir İsveç məktəbi (B.Ümen, Q.Mürdal, E.Lundberq, A.Lindbel, R.Bekman, E.Vesterlind və s.) tərəfmndən də qəbul olunmuşdur. Onlar dövlət tənzimlənməsinin yeni təzahürlərindən çıxış edərək dövlət və xüsusi bölmənin vəhdətindən ibarət olan qarışıq iqtisadiyyat tərəfdarı olmuşlar. Onların fikrincə xüsusi müəssisələr, təşkilatlar, istehlakçılar, dövlət tənzimlənməsinə məruz qalsalar da istehsal, investisiya, istehlak və s. məsələləri özləri həll etməlidirlər. (R.Bekmand, E.Vesterlind) A.Lindberq 70-ci illərdə dövlətin iqtisadiyyata müdaxiləsinin fəal tərəfdarı olmuşdur. Neoliberal istiqamətin başqa bir nümayəndəsi B.Ümen dövlətin iqtisadiyyata müdaxiləsini bərabər şərtli rəqabətin təmin olunmasında zəruri sayırdı. Q.Murdal qeyd edirdi ki, kortəbii tənzimlənən bazar təsərrüfatına dövlətin təsiri onu ziddiyyətlərdən və çatışmamazlıqlardan azad edir və onu tənzimlənən iqtisadiyyata çevirir. Bundan başqa İsveç neoliberilistləri dövlətin məşğulluq sahəsində, gəlirlərin bərabərləşdirilməsində, sosial sığorta sistemi, birbaşa və dolayı vergilərin tənzimlənməsi sahəsində tədbirlərini də qəbul edirdilər.

"Sosial bazar təsərrüfatı" nəzəriyyəsinin yayılmış ölkələrindən biri də İtaliya idi. İtaliyada bu nəzəriyyənin tərəfdarları (F.Brambilli, F.Arqibuci, F.Momilyano, F.Viti və s.) onu iqtisadiyyatın dövlət tənzimlənməsi ilə sosial islahatçılığın vəhdətinə əsaslanan yeni bir sistem kimi xarkterizə etmişlər. Bununla yanaşı bu nəzəriyyəni qəbul etməyən iqtisadçılar (M.Fanno, D.Manikenla, L.Eynaudi və s.) dövlət müdaxiləsi nəticəsində iqtisadiyyatın səmərəsinin aşağı düşməsini göstərirlər. Ümumi rifah dövlətin himayə edilən kasıba bənzədirlər.

Neoliberalizmin "sosial bazar təsərrüfatı" nəzəriyyəsindən Yaponiyada da istifadə edilmişdir. Yapon neoliberalizminin nümayəndəsi T.Nisiyama "Neoliberalizmin prinsipləri" (1978) adlı kitabında son dövrlərdə Yapon iqtisadiyyatının dinamik inkişafının zəifləməsinin səbəbini dövlətin iqtisadiyyata müdaxiləsi nəticəsində xüsusi bölmənin fəaliyyətinin məhdudlaşmasında görür. Hökumətin müdaxilə etdiyi sahələrə təkrar istehsalın təmin olunması, ekoloji problem, ictimai xidmətlərin təşkili, istehsal və sosial infrastrukturunun yaradılmasını aid edir.

Qeyd etmək lazımdır ki, 70-75-ci illər Almaniyada baş verən böhran, dövlət borcunun artması, "sosial bazar təsərrüfatı" nəzəriyyəsini müəyyən dəyişikliyə uğratdı. Yeni nəzəriyyəçilər (P.Qlots, K.Bidenkopf, M.Migel təklif  edirdilər ki, dövlət sosial xərcləri (mənzil tikintisinə,  kənd təsərrüfatına,  təhsilə və ictimai nəqliyyata xərcləri) azaltmalı, xüsusi sahibkarlığın həvəsləndirilməsinə  yönəldilən maliyyə vəsaitlərini artırmalıdırlar, həmçinin pensiya sığortasından fərdi sığortalara keçilməlidir.

1990-ci ildə Şərqi Almaniyanın Qərbi Almaniyanın tərkibinə daxil edilməsi ilə "sosial bazar təsərrüfatı" yenidən iqtisadi quruluş kimi qəbul edildi və Erxardın "formalaşmış cəmiyyət" konsepsiyası iqtisadçılar tərəfindən (L.Şrutse, V.Riyk, R.Vilhelm) yenidən inkişaf etdirildi. Azad bazar, sosial bazar təsərrüfatı və formalaşmış cəmiyyət əsasında yeni bir konsepsiya - "qlobal cəhətdən tənzimlənən bazar təsərrüfatı" konsepsiyası  (K.Şiller) yarandı. O neoliberalizm nəzəriyyəsi ilə keynsçiliyin sintezi kimi xarakterizə edilir. Bu konsepsiya iqtisadi artım, bazar təsərrüfatı çərçivəsində sosial kompensasiyalar ideyalarını özünə birləşdirirdi. Lakin iqtisadiyyatın sosial baxımdan tənzimlənməsi ideoloji məsələ olduğu üçün neoliberalizmin bu ideyası qüvədən düşməmiş və dövlətin iqtisadi siyasətində öz geniş əksini tapmışdır.

Top