Neoliberalizm müasir neoklassik nəzəriyyələrin bir istiqamətidir. Neoliberalizm ideyaları hələ XX əsrin 20-30-cu illərində meydana gəlməyə başlamış və getdikcə inkişaf edərək bütöv bir təlimə çevrilmişdir. Bu təsadüfi olmayıb, həmin dövrdə cəmiyyətdə baş verən yeni keyfiyyət dəyişiklikləri ilə bağlı idi. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında inhisarlar hökmranlıq etməyə başlamış, azad rəqabət aradan qalxmış, iqtisadi tənəzzül dərinləşmiş, işsizlik artmış və nəhayət 1929-1933-cü illərin iqtisadi böhranı kapitalist dünyasını lərzəyə salmışdı.
Beləliklə, bu dövrdə iqtisadi fikir tarixində neoliberalizmlə yanaşı keynsçilik və marksizm də mövcud olmuş və sonrakı iqtisadi nəzəriyyələrin formalaşmasına öz təsirini göstərmişdir. Yaranan bu yeni nəzəriyyə və konsepsiyalar iqtisadi hadisə və proseslərə, iqtisadiyyata dövlətin təsirinin, müdaxiləsinin məqsədi, hüdudu, forma və metodlarına görə fərqli baxışları ilə səciyyələnmişdir.
Müəyyən cəhətlər üst-üstə düşməsinə baxmayaraq, neoliberalizm bu nəzəriyyələrdən əsaslı dərəcədə fərqlənmişdir. Belə ki, iqtisadiyyata dövlətin fəal müdaxiləsini qəbul edən Keyns və onun ardıcılları investisiyalar, dövlət sifarişləri, vergilər və s. kimi iqtisadi vasitələrin köməyi ilə istehsal prosesini tənzimləməyi əsas götürürdülər. Bu isə azad rəqabəti müəyən qədər məhdudlaşdırdığı üçün Keynsçiliyə alternativ olan iqtisadi liberalizm ideyaları yenidən canlanmağa başladı və neoliberalizm formasında çıxış etdi. Neoliberalistlər inhisarçılığın və rəqabətin tənzimlənməsi yolu ilə azad rəqabət üçün əlverişli şərait yaratmağı əsas götürməklə iqtisadiyyata dövlət müdaxiləsinin obyektini dəyişdirdilər.
Neoliberalistlər həm də marksizmə, dirijizmə qarşı əks mövqedən çıxış etmişlər. Belə ki, 20-30-cu illərdə iqtisadi fəaliyyətdə qiymətlərin və gəlirlərin tənzimlənməsi maddi və maliyyə resurslarının bölgüsü üzərində dövlət nəzarəti mövcud olduğundan dövlət iqtisadiyyatı inhisarçı formada idarə edirdi. Buna görə də onlar əks olaraq total inhisarçılığa qarşı dövlət müdaxiləsinin forma və metodlarını dəyişdirməyi, dövlətin təsərrüfat prosesinə təsirinin strategiya və taktikasının yenidən işlənməsini, bazar iqtisadiyyatının əsaslarının aktiv müdafiə edilməsini zəruri saymışlar.
Neoliberalizm bir iqtisadi cərəyan kimi klassik liberalizmin və neoklassik məktəbin ideyalarını özündə birləşdirmişdir. Belə ki, şəxsi marağa əsaslanaraq iqtisadi fəaliyyətə dövlətin məhdud təsirini qəbul edən (A.Smit) liberalizm inkişaf edərək və təkmilləşərək yeni bir nəzəriyyəyə çevrilmişdir. Öz-özünü tənzimləmə, passiv dövlət siyasəti kimi köhnəlmiş liberalizm ideyaları onların şəxsində yeni şəraitə uyğunlaşdırılmışdır. Onların arasında ümumi cəhət xüsusi mülkiyyətin hərtərəfli möhkəmləndirilməsi və həvəsləndirilməsi əsasında formalaşan fərdi azadlıq ideyasının qəbul edilməsi olmuşdur.
Bu ümumi cəhətlə yanaşı bunlar arasında müəyyən fərqli cəhətlər də olmuşdur. Klassik liberalistlər iqtisadiyyata dövlətin müdaxiləsini inkar edir, burada dövlətin rolunu "gecə mühafizəçisi" kimi qəbul edirdilər (V.Repke). İqtisadiyyatın bazar mexanizmi ilə öz-özünə idarə olunmasını əsas götürməklə dövlətin rolunu ancaq azad rəqabət üçün şərait yaradılmasında görürdülər. Neoliberallar isə iqtisadiyyata dövlətin müdaxiləsinin daha da fəallaşmasını təklif edirlər və hazırkı şəraitdə bunun qaçılmaz olduğunu göstərirlər. Onlar həm də iqtisadi hadisə və proseslərin makroiqtisadi təhlilini əsas götürürlər.
Neoklassiklərin metodologiyasında üstün yer tutan marjinalizm ideyasını o qədər də əsas saymayan müasir neoliberalistlər təsərrüfat subyektlərinin fərdi fəaliyyətlərini deyil, kollektiv institutların, dövlətin, iri korporasiyaların və inhisarların fəaliyyətini öyrənən institutsional problemlərin tədqiq olunmasını vacib hesab edirlər. İqtisadi sistemlərə sosial, tarixi, texnoloji şərtlərin təsiri ilə fərqlənən daim dəyişən bir sistem kimi baxırlar.
Həmçinin iqtisadi hadisələrin gedişinə uyğun olaraq neoliberalistlərin yanaşmalarında müəyyən dəyişikliklər baş verir. Bütün təsərrüfat subyektlərində azad rəqabətin təmin olunması üçün dövlət müdaxiləsini zəruri hesab edən neoliberalistlər arasında dövlətin hansı iqtisadi prosesdə iştirakı haqqında vahid fikir olmamışdır. Lakin istər azad rəqabəti, istərsə də sosial bazar təsərrüfatını qəbul edən yanaşmalarda bir ümumi cəhət ondan ibarət olmuşdur ki, xüsusi mülkiyyətin üstünlüyü şəksiz qəbul edilir. Onlardan bir qismi (Berri, Larner, F.Xayek) mütləq azadlıq tərəfdarı olmaqla dövlətin rolunu inkar edirlər. Ayrı-ayrı şəxslərin mikrosəviyyədə qəbul etdikləri qərarlara daha üstünlük verirlər. Digərləri (M.Armak, Q.Murdal, A.Ryustov, F.Xayek) iqtisadi fəaliyyətdə dövlətin iştirakına daha həssas yanaşaraq onun rolunu inhisarçılığın və rəqabətin tənzimlənməsində, bir başqaları (V.Oyken, L.Erxard) sosial sahənin tənzimlənməsində, digər bir qismi isə (M.Fridmen) pul-kredit sahəsində tənzimlənmədə görürlər.
Neoliberal istiqamətin müasir nümayəndələri (Olseviç) qeyd etmişdir ki, müharibədən sonra kortəbii, azad rəqabət, bazar rəqabəti ilə əvəz olunmuşdur. Bazar rəqabətində inhisarçılıq, sosial ziddiyyətlər dəqiq qanunvericilik yolu ilə tənzimlənir. Ciddi əmək və sosial təminatın həyata keçirilməsi yolu ilə rəqabət mexanizminin şüurlu surətdə yenidən qurulması baş verir ki, bu da sosial bazar təsərrüfatının formalaşmasına şərait yaradır.
Neoliberalizmin metodologiyasının xüsusiyyəti bundan ibarətdir ki, onlar bazar təsərrüfatının formalaşması üçün əsasən iqtisadi fəaliyyətin hüquqi əsası kimi xüsusi mülkiyyətin mövcudluğunu, sahibkarlıq fəaliyyətini və azad rəqabəti əsas sayırlar. Xüsusi mülkiyyətin, xüsusi sahibkarlığın inkişafı məqsədilə dövlət tənzimlənməsini zəruri hesab edirlər. Ümumiyyətlə, onların iqtisadi sistemi azadlıq prinsipinə əsaslanır. Azadlıq dedikdə isə, şəxsiyyətin azadlığı, iqtisadi azadlıq, azad sahibkarlıq, ticarət azadlığı, azad bazar təsərrüfatını başa düşürlər. Bu əsasda göstərirlər ki, sahibkar konkret fəaliyyət növünü özü seçməlidir. Dövlətin vəzifəsi isə sahibkarı istiqamətləndirmək yox,, ona kömək etmək, onun rast gəldiyi maneələri aradan qaldıraraq yolunu təmizləməkdir. Təsərrüfat subyektlərinin iqtisadi azadlığı üçün dövlət azad rəqabətə şərait yaratmalı və lazım gəldikdə ona nəzarət etməlidir. Bununla iqtisadi hadisə və proseslərə makrosəviyyədə yanaşmağa və öyrənməyə cəhd edirlər.
Neoliberalistlər iqtisadiyyatda baş verən tənəzzül, işsizlik, durğunluqların səbəbini azad rəqabətin inhisarçılıqla əvəz olunmasında görürlər. İnhisarçılıqla bərabər iqtisadiyyatda inflyasiya hallarını da təhlükəli hesab etmişlər. Keynsin kəsirli büdcə vasitəsi ilə maliyyələşdirmə tədbirlərinin, dövlətin investisiya fəaliyyətinin azad bazar təsərrüfatı üçün əks nəticə verdiyini göstərirlər. İqtisadi tarazlığa nail olunması üçün pul tədavülünün sabitliyini, dövlət büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılmasını təklif edirlər. Həmçinin sosial sahədə də müəyyən tədbirləri - minimum əmək haqqının təminatlılığı, qadın və uşaq əməyindən istifadənin məhdudlaşması, xeyriyyə tədbirlərinin genişlənməsi - vacib hesab edirlər. Buradan da iqtisadi azadlığın təmin olunması üçün hər cür inhisarçılığa, o cümlədən də xüsusi mülkiyyətin inhisara alınmasına qarşı çıxırlar.
İqtisadiyyatın liberallaşdırılmasını ön plana çəkən neoliberalistlər təsərrüfatçılığın səmərəli forması kimi bazarın hərtərəfli inkişafını iqtisadi artımın əsas vasitəsi hesab edirlər. Azad bazar təsərrüfatının inkişaf edərək sosial bazar təsərrüfatına çevrilməsini yeni şəraitə uyğunlaşan bir təsərrüfat modeli kimi qəbul etmiş və bunu inkişafın təbii tarixi prosesi adlandırmışlar.
Neoliberalistlər öz iqtisadi baxışlarını əsaslandırmaq üçün iqtisadi siyasət proqramı da işləyib hazırlamış və bunu həyata keçirməyə çalışmışlar. Hələ 30-cu illərin əvvəllərində vahid elmi-praktik proqram hazırlamağa cəhd etmiş, 1938-ci ildə isə Parisdə keçirilən beynəlxalq konfransda yaratmış olduqları nəzəriyyənin ümumi prinsiplərini bəyan etmişlər. Xüsusi mülkiyyətin üstünlüyü, alqı-satqı azadlığı, sərbəst qiymətqoyma, bazar təsərrüfatında azad rəqabətin təmin olunmasında dövlətin rolu, dövlətin qanunvericilik qaydaları və s. məsələlər ön plana çəkilmişdir.
Neoliberalizmin ideyaları Qərbi Almaniyada Adenaur-Erxard hakimiyyəti dövründə praktiki olaraq həyata keçirilmişdir. Neoliberalizmin görkəmli nümayəndələrindən olan V.Oyk en tərəfindən işlənib hazırlanmış sosial bazar təsərrüfatı modeli (azad bazar və sosial bərabərlik) iqtisadi siyasətdə daha bir görkəmli neoliberalist Erxard tərəfindən həyata keçirilmiş və müsbət nəticələr vermişdir. 1965-ci ildə Xristian Demokratlar İttifaqının Qurultayında bu proqramın müvəffəqiyyətlə başa çatdırılması nəticəsində ölkədə formalaşmış cəmiyyətin yaradılması elan edilmişdir.