Qədim dövrün iqtisadi fikri klassik quldarlıq quruluşunun tərəqqi etdiyi e.ə. II əsrdə, eləcə də eranızın III-Y əsrlərində Qədim Romada inkişaf etmiş və başa çatmışdır. Qədim Roma iqtisadi fikri azad və bərabərhüquqlu torpaq mülkiyyətçilərinin birləşməsi əsasında əmələ gəlmiş şəhər icma əkinçiliyi və qul əməyinin mənimsənilməsi ilə əlaqədar idi.
Roma polis dövlətinin quldarlıq şəraitində inkişafı və kəsb etdiyi ziddiyyətlərin aradan qaldırılması əkinçilik, torpaq mülkiyyətçiliyi, hərbiçilərin torpaq əldə etməsi hüquqları və sairə məsələlərlə bağlı aparılan islahatlarla sıx şəkildə bağlı idi.
Qeyd etmək lazımdır ki, Qədim Romada xüsusi mülkiyyətçilərin hüquqlarının möhkəmləndirilməsi, azad adamlarla qullar arasındakı tərəfləri əks etdirən "XII cədvəlli qanunlar" deyilən əsasnamə öz əksini tapmışdır.
Burada eyni zamanda borc sistemini tənzimləyən çox ciddi qanunlar da öz əksini tapmışdır. Həmçinin 125 ha-dan (500 yuqer) yuxarı torpaq sahəsini icarə etmək qadağan edilirdi.
Roma tarixində e.ə. 134-cü ildə Qrakx qardaşlarının torpaq islahatları sahəsindəki layihələri çox mühüm rol oynamışdır. Belə ki, dövlətdən torpaq icarəyə götürülməsinin həcmi ailədəki yetkin yaşlı oğlanların sayından asılı olaraq artırılırdı. Belə ki, onların ikisinə əlavə olaraq hər birinə 250 yuqer (62,5 ha) torpaq sahəsinin icarəyə verilməsinə icazə verilirdi.
Əlbəttə, bu istiqamətdəki islahatlar qədim Roma dövlətinin bütün ərazisində eyni səviyyədə həyata keçirilməsə də, lakin mövcud resurslardan faydalı istifadə etmək sahəsində çox mühüm rol oynayırdı.
Eramızdan II-I əsr əvvəl torpaqdan istifadə etməklə bağlı qədim Roma iqtisadiyyatında ciddi dəyişikliklər baş vermişdir.Xırda torpaq sahələri təmərküzləşməyə, iri torpaq sahibkarları meydana gəlməyə başlamışdı. Quldarlıq təsərrüfatına əsaslanan prinsiplərin formalaşması ilə yanaşı, muzdlu əməkdən istifadə olunması, təsərrüfatın şəhər tələbatına uyğun olaraq aparılması meylləri də güclənirdi. Belə şəraitdə quldarlıq təsərrüfatının səmərəli təşkili yeni iqtisadi fikirlərin meydana gəlməsinə səbəb oldu. Bu sahədə Mak Portsen Katonun (e.ə. 234-149) "Əkinçilik haqqında" traktını xüsusi qeyd etmək lazımdır.
Katon göstərirdi ki, əkinçiliklə məşğul olmaq, azad vətəndaşlar üçün ən ləyaqətli iş hesab olunmalıdır. Çünki "ən sadiq adamlar və ən məşhur əsgərlər" əkinçilər arasından çıxır. Əkinçilər "xalis gəlir" yaradanlardır. Katon qeyd edirdi ki, 100 yuqerlik (25 ha. bir qədər çox) kiçik malikanələr əldə etmək lazımdır. Həmin malikanələr yaxşı torpaq sahələrində yerləşməlidir. Şəhərlərə su hövzələrinə yaxın yerlərdə əldə olunan malikanələr üzümlüklə, bostan sahəsi ilə, zeytun bağı ilə, çörək tarlası ilə əhatə olunmalıdır. Katon həmin kənd təsərrüfatı sahələrinin gəlir gətirmək şkalasını da təsvir etmişdir.
Natural təsərrüfatın tərəfdarı olan Katon, eyni zamanda qeyd edirdi ki, əlavə nə əldə olunsa, hamısı satılmalıdır. Yaxşı mülkədar olmaq naminə əlavə hesab olunan və özünə lazım olmayanları satmalıdır.
Katon mülkədarların qul əməyindən istifadə etmək qaydalarını da tövsiyə edirdi. Hər qul, işinin həcmi və növü üzrə konkret tapşırıq almalıdır. Bu tapşırıqlar mülkədarların olmadığı vaxtda necə yerinə yetirildiyini nəzarət etməyə imkan verirdi. Bundan əlavə muzdlu əməkdən istifadə etmək qaydalarını da Katon müəyyənləşdirirdi.
Qədim Roma iqtisadi fikirində ilk dəfə olaraq Katon, istehsalın təşkili və mübadilə ilə əlaqədar quldarlıq təsərrüfatının səmərəlilik problemini qarşıya qoymuşdur. Katon əkinçilikdən əldə edəcəyi səmərəni, həm əmək alətləri, həm də istehsal prosesi ilə əlaqələndirirdi. Mülk sahiblərinin əkinçilik işlərinin təqvim vaxtının və zəruri aqrotexniki qaydalarının yaxşı mənimsənilməsi tövsiyə edilirdi. Ümumiyyətlə, Katon əkinçiliyin inkişafını sadəcə natural təsərrüfatın forması kimi götürmürdü, o, eyni zamanda həmin sahədəki istehsalın təşkilinin bazar meylli istiqamət almasını tövsiyə edirdi.
Qədim Roma iqtisadi fikir tarixində Mark Varron (116-27 e.ə.) kənd təsərrüfatı sahəsində irəli sürmüş ideyalarına görə xüsusi yer tutur. Onun "Kənd təsərrüfatı haqqında" əsərində əkinçiliklə yanaşı heyvandarlıq, şəxsi təsərrüfat məşğuliyyəti ilə bağlı dəyərli fikirlər irəli sürmüşdür.
Varron qeyd edirdi ki, əkinçilər iki məqsədə doğru, faydalanmağa və zövq almağa can atmalıdırlar. Fayda, gəlir gətirməyi tələb edir. Zövq isə nə xoşdur, onu tələb edir. Xoş olandan vacib isə faydalanmaqdır. Varron əkinçilik işinin yaxşı mənimsənilməsi üçün göstərirdi ki, toxumu səpməzdən əvvəl, əkin sahəsinin xüsusiyyətini bilməklə yanaşı, orada hansı avadanlıqlardan istifadə olunacağını da bilmək lazımdır.
Torpağın təyinatına görə istifadə olunmasına xüsusi əhəmiyyət verən Varron eyni zamanda qeyd edirdi ki, ona təbii amillər də təsir göstərir.
Malikanələrin yerləşməsini təsərrüfatın daxili təşkili ilə əlaqələndirən Varron göstərirdi ki, istehsal gəlir gətirə bilmək nöqteyi-nəzərincə aparılmalıdır. Varron təsərrüfatların bazar istiqamətində aparılmasını xüsusi qeyd edirdi.
Katondan fərqli olaraq, Varron, malikanələri təkcə şəhər tələbatı ilə deyil, kənd yerlərinin tələbatı ilə də əlaqələndirməyə üstünlük verirdi. Lakin buna baxmayaraq, Varron quldarlıq təsərrüfatının natural xüsusiyyətlərindən kənarlaşa bilməmişdir.
Quldarlıq təsərrüfatının şəhərətrafı malikanələr və ayrıca mülkədar işlərini fərqləndirən Varron qeyd edirdi ki, alqı-satqı prosesi və ya bazar şəraiti öz mülkilə hər hansı bir işin görülməsinin faydasız olduğunu əks etdirir. Ona görə də əlavə görünəndən gəlir əldə etmək ideyası, bazar təsərrüfatının təşkilinə olan təsiri ilə uzaqlaşdı.
Spartak üsyanından sonra, Varron qulları "Danışan alətlər", "iş heyvanları" adlandıraraq onları daha səmərəli işləmək üçün və təsərrüfata məcburi cəlb olunmasının daha çevik metodlarından istifadə olunmasını qeyd edirdi. O qeyd edirdi ki, bir millətdən olan qullardan çox almaq olmaz.
Eyni zamanda Varron qulların tox olması, geyindirilməsi, bəzən ev heyvanları ilə mükafatlandırılmasını da məsləhət bilirdi. Beləliklə, Varronun ideyasında artıq qulların əmlak əldə olunması rüşeymləri görünürdü.
Onun fikrinə görə qullar arasında qabiliyyətliləri seçmək, onlara üstünlük vermək və qadın qullarla mükafatlandırmaq, onlarla öz ağaları arasındakı münasibətləri yaxşılaşdırmaq qulların təkrar istehsalına səbəb olar. Mövsümü kənd təsərrüfatı işlərində qul əməyinin məhdudluğunu görən Varron qeyd edirdi ki, belə şəraitdə muzdlu işçilərin əməyindən istifadə etmək lazımdır.
Qulların işinin səmərəliliyini, onun təsərrüfatın daxili quruluşundan asılı edən Varron qeyd edirdi ki, yerin xüsusiyyəti, mülkün həcmi, yerinə yetirilən işin miqyası mütləq nəzərə alınmalıdır.
Qədim Roma iqtisadi fikir tarixində mühüm yerlərdən birini tutan Yuniyu Kollumelladır (e. I əsri). Kənd təsərrüfatına dair 12 əsərin müəllifi olan Kollumella təsərrufatların müəyyən səviyyədə məhsuldarlığının aşağı düşməsi, bəzi sahələrin otlaqlıqlara çevrilməsi, torpaqların yararsızlığı, iqlim şəraiti və s. bağlı dərin, tutarlı fikirlər irəli sürmüşdür.
Kollumellada qul əməyinin məhdudluğunu nəzərə alaraq, ondan daha səmərəli və məhsuldar istifadə olunması yolları haqqında tövsiyələr edirdi.
Kollumella, Katon və Varrondan fərqli olaraq, qul təsərrüfatının ekstensiv inkişafının əleyhinə idi.
O qeyd edirdi ki, az məhsuldar geniş torpaq sahələrinin əvəzinə, yaxşı emal olunacaq kiçik məhsuldar sahələrdən istifadə etmək lazımdır. Torpaq sahələrindən olduqca bacarıqlı və səmərəli istifadə olunması, Kollumellanı düşündürməklə yanaşı, bir quldar kimi onun praktiki həyata keçirilməsi yollarını da müəyyən etməyə çalışırdı.
Malikanələrin alınıb və satılmasının əsas məqsədini Kollumella gəlir əldə etməkdə görürdü. O qeyd edirdi ki, hər bir ağıllı adam istənilən torpağı məhsuldarlığından və yaxşı yerdə yerləşdiyindən asılı olmayaraq, almaz. Çünki yaxşı təsərrüfatçı istənilən torpağı münbit və gəlirli sahəyə çevirə bilər. Eyni zamanda həmin sahəyə uyğun gələn daha məhsuldar bitki istehsal edə bilər.
Təsərrüfatların intensivləşdirilməsini məsləhət bilən Kollumela eyni zamanda qul əməyinin ixtisaslaşmasına xüsusi qiymət verirdi.
Kollumella qulların təbii təkrar istehsalını təsərrüfat daxilində tövsiyə edirdi.
Göstərirdi ki, çoxuşaqlı qul olanları işdən azad etmək lazımdır. Hətta onlara sərbəstlik vermək lazımdır.
Roma imperiyasında ilkin xristianlığın meydana gəlməsi (bizim eranın I-II əsr) iqtisadi fikir tarixində xüsusi bir cərəyan yaratmasa da, lakin peyğəmbər İsa Məsihin adından həddindən artıq sərvət əldə etmək, oğurluq etmək, sələm almaq Allah qarşısında günah işlətmək kimi göstərilirdi. İncilin, Yukanın, Mattanın, Markın, Lukanın Yəhyanın müqidələrində belə fikirlər öz əksini tapmışdır. "Dəvənin iynə deşiyindən keçməsi, varlı adamın Allah hüzurundan keçirilməsindən daha asandır", "...Heç bir şey ummadan borc verin". (Lukanın müqidəsi 6:35)
Lakin bununla yanaşı ilkin xristianlığın əsas çağırılışı bərabərliklə, (Allah qarşısındakı günahkar olmasına görə) əlaqədar idi. Ona görə də hesab edilirdi ki, bütün digər bərabərliklər törəmədir, onlar ilkin bərabərliklərdən asılıdır. Hər cür fəaliyyətdə ədalətli olmaq tövsiyə edilirdi və göstərilirdi ki, "hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də siz ölçüləcəksiniz".
Lakin ilkin xristianlıq Qədim Romada quldarlıq quruluşuna qarşı heç bir sosial-iqtisadi dəyişikliklərə uğramamasının yolunu göstərmədi.
Əksinə, qullara mövcud ağır və çətin şəraitlə barışmağı, tab gətirməyi tövsiyə edirdi.
Ümumiyyətlə, Qədim Roma iqtisadi fikrində əsas yeri xüsusi mülkiyyətin formalaşması, əkinçiliyin inkişafı əsasında torpaqlardan səmərəli istifadə olunması, gəlir əldə etmənin sürətlənməsi üçün onların ixtisaslaşdırılması və əlavə məhsulların bazar vasitəsi ilə reallaşması və s. tuturdu.