İqtisadi təlimlər tarixinin inkişafında və siyasi iqtisadın bir elm kimi formalaşmasında fiziokratlar mühüm rol oynamışlar və onların bu elm sahəsində xüsusi mövqeyi və yeri vardır.
XYIII əsrdə meydana gələn burjua siyasi iqtisadının ilk sistemi birtərəfli - analitik metodun aradan götürülməsi ilə üzvi surətdə bağlıdır. Birtərəfli - analitik metod sadə, bir-birilə əlaqəsi olmayan iqtisadi abstraksiyaya (mücərrədlik) söykənirdi. Bir-birilə əlaqəsi olmayan bu sadə iqtisadi hadisələrin qeydə alınması və abstraktlaşdırılması nəticəsində aşağıdakı kateqoriyalara əsaslanan iqtisadi sistem yaranmağa başladı. Məsələn, əmək, əmək bölgüsü, tələbat, mübadilə dəyəri. Mübadilə dəyəri dövlətə, beynəlxalq mübadiləyə və dünya bazarına aid edilirdi.
İqtisad elminin ilk prinsiplərinin hazırlanması birinci növbədə fiziokratlara məxsusdur. Çünki, fiziokratların təlimi kapitalist istehsalı haqqında olan sistemli konsepsiyadır. Bu konsepsiyada mərkəzi yeri F.Kenenin "İqtisadi cədvəl"i tutur.
F.Kene cəmiyyətə canlı bir orqanizm kimi baxmışdır. O göstərirdi ki, cəmiyyət də xəstə və sağlam vəziyyətdə ola bilər. Məhz buna görə də məqsəd cəmiyyətin xəstə tərəflərini sağaltmaq üçün müəyyən üsullar tapmaqdan ibarətdir. Cəmiyyətin sağlamlığı dedikdə Fransua Kene cəmiyyətin təbii vəziyyətini nəzərdə tuturdu. O qeyd edirdi ki, cəmiyyətə təbii sağlamlığı qayıdarsa bu istehsal tarazlığı deməkdir. Əgər cəmiyyətin təbii sağlamlığı varsa o zaman istehsal tarazlığı da yaradılan məhsul ilə bütün burjua sinfinin yaşamasını təmin edə bilər. Belə bir şəraitdə, F.Keneyə görə, istehsal prosesi sonrakı dövrlər üçün də davam edər, yəni təkrar istehsal təmin edilər. Ancaq belə bir elmi konsepsiyada F.Kene ilə U.Petti arasında fərq var idi.
Faktiki olaraq F.Kene istehsalın obyektiv xarakter daşıyan qanunlarını qəbul edirdi. Bunun üçün o, "təbii qaydalar" və "təbii hüquqlar" prinsipinə söykənirdi ki, "təbii qaydalar"ı , "təbii hüquqlar"ı XYIII əsr fransız maarifçiləri təbliğ edirdilər (Monteksye, Russo və s.).
Digər tərəfdən, qeyd edək ki, U.Pettiyə nisbətən F.Kene dövlətə başqa münasibət bəsləyirdi. Dövlət məsələlərində U.Petti merkantilistlərin mövqeyində qalırdı. Merkantilistlər isə iddia edirdilər ki, ölkənin sərvəti iqtisadi siyasət vasitəsilə müəyyən edilir. F.Kene isə göstərirdi ki, dövlət cəmiyyətin həkimidir (lekar). Odur ki, dövlət həkim kimi cəmiyyətin xəstə tərəflərini müalicə etməli və cəmiyyəti öz "təbii qaydalar"ına qaytarmalıdır.
Məsələnin belə qoyuluşu o demək idi ki, elə prinsiplər axtarılıb tapılmalıdır ki, bu prinsiplər ictimai istehsalın ayrı-ayrı hissələrini, tərəflərini deyil (çünki söhbət burada bütövlükdə cəmiyyətin normal, təbii vəziyyətindən gedir), ictimai istehsalı bütövlükdə əhatə edə bilsin.
İstehsalı fiziokratlar məhsulu və onun dəyərini yaradan sahə hesab edirlər, lakin onlar əmtəənin dəyər və natural formasını dəqiq ayırd etmirdilər. Bununla belə, əkinçilik istehsalını "xalis məhsul"u yaradan sahə elan edirdilər. Bu ideya fiziokratizmin mərkəzi ideyası idi. Onların bu fikirləri epizodik xarakter daşımırdı. Məhz əkinçilikdə "xalis məhsul"un (izafi dəyərin) yaradılması fiziokratların tədqiqatının başlanğıcı və son çıxış nöqtəsi idi. Onların təliminin bu prinsipləri F.Kenenin "İqtisadi cədvəl"inin bütün mahiyyətini və məzmununu təşkil edirdi.
F.Kene belə bir müddəadan çıxış edirdi ki, "xalis məhsul" ancaq cəmiyyətin bir qütbündə (əkinçilikdə) yaradılır və cəmiyyətin bu qütbündən "xalis məhsul" istehlaka doğru hərəkət edir.
Qeyd edək ki, ümumi prinsiplər olmasa monist elmi sistem də olmaz. Fiziokratlarda da bu fikir var idi. Məhz buna görə də fiziokratların xidməti və tarixdəki rolu ondan ibarət idi ki, onlar kapitalist istehsalı haqqında ilk sistemli konsepsiya yaratmışdılar.