Fiziokratlarin iqtisadi proqrami

Fiziokratlarin iqtisadi proqrami

Fiziokratlar məktəbinin görkəmli nümayəndələrinin iqtisadi baxışlarının şərhindən sonra bu məktəbin yaratdığı və qarşıya qoyduqları məqsəd - onların iqtisadi proqramı - üzərində dayanaq.
Fiziokratların iqtisadi siyasət proqramının bir çox ideyalarını F.Kene özünün yuxarıda göstərdiyimiz, "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri" kitabında şərh etmişdir. O, bu əsərində göstərmişdir ki, ali hakimiyyət vahid olmalıdır və cəmiyyətin bütün üzvlərindən yüksəkdə dayanmalıdır. Ali hakimiyyət cəmiyyətin bütün təbəqə və zümrələrinə qarşı ədalətli olmalıdır.
Onun fikrincə mülkiyyət üzərində bu mülkiyyət sahiblərinin (təminatı) qarantı olmalıdır.
Çünki mülkiyyətlə təmin olunmaq cəmiyyətin iqtisadi quruluşunun fundamentini, əsasını təşkil edir. Başqa cürə olarsa torpaqdan istifadə etmək, onu becərmək olmaz. Vergi siyasəti elə təşkil olunmalıdır ki, o, çətinlik yaratmasın və milli gəlirin həcminə proporsional olaraq müəyyən edilsin.
F.Kenenin və bütünlükdə fiziokratların proqramında belə bir fikir də öz əksini tapmışdır ki, torpaq sahiblərinin "xalis məhsulundan" vergi tutulmalıdır. Fiziokratlar əmək haqqı və zəruri istehlak şeylərindən vergi alınmasının əleyhinə çıxış edirdilər. Onların fikrincə vergilərin çoxluğu vergi toplamağı çətinləşdirir və bu proses xeyli xərclərin olmasını tələb edir. Əgər bu belə olarsa ticarət əngəlliklərlə qarşılaşa bilər və nəticədə cəmiyyətin sərvətinin bir hissəsi məhv olar.
Fiziokratlar məktəbinin əsasını qoyan və onun rəhbəri olan F.Kene hər hansı bir şəraitdən asılı olmayaraq fermerlər üzərində vergi tətbiq edilməsinin əleyhinə idi, dövlətin əkinçiliklə əlaqədar olaraq çəkdiyi xərcləri toxunulmaz fond kimi qorunmasını təbliğ edirdi. Fiziokratların proqramına əsasən belə bir proses ona görə lazım idi ki, bu fondun hesabına vergi, gəlir və bütün sinifdən olan vətəndaşların yaşaması üçün vəsait əldə edilə bilsin. Əgər bu belə olmazsa vergilər soyğunçuluq vəsaitinə çevrilə bilər və dövlət isə dağılar.
Fiziokratların proqramına görə satış nə cür olsa, təkrar istehsal da elə olacaqdır. Kənd təsərrüfatı məhsullarının və əl əməyi məmulatlarının satılması üçün yollar yaxşılaşdırılmalı və su nəqliyyatından istifadə edilməlidir. Fiziokratlara görə ərzaq malları və digər əmtəələr üzərində olan aşağı səviyyəli qiymətlər düzgün deyildir, çünki aşağı səviyyəli qiymətlər millətin xarici ticarətini əlverişsiz edir.
Fiziokratların proqramında göstərilirdi ki, əkinçilərin xeyrinə olmayan cah-cəlalı genişləndirmək olmaz, bu hal səmərəsiz qənaətcilliyə gətirib çıxarar və dövlət də tərəqqi edə bilməz. Fiziokratların proqramına görə vergilər alınarkən və onları xərcləyərkən pul əmlakının artmasına şərait yaratmaq olmaz. Çünki pul əmlakının artması "xəlvəti sərvətin" artmasına səbəb olar və nəticədə adamlar həm vətənlərini, həm də padşahı (çarı) tanımazlar. Belə adamlar tədavül vasitələrini mənimsəyə bilərlər, nəticədə bölgü və istehsal çətinləşir.
Fiziokratların proqramında daha sonra göstərilirdi ki, borc məsələlərində dövlət ehtiyatlı olmalı, bu pul rentası yarada bilər, ticarət zəifləyər və alverçilik, möhtəkirlik artar. Daha sonra proqramda qeyd edilir ki, əhali xaricilərlə olan ticarətdə ehtiyatlı olmalıdır və millət elə bilər ki, belə bir ticarət əlverişli pul balansı yaradır. Eyni zamanda iddia edilirdi ki, ticarətə tam azadlıq verilməlidir, çünki xalq və dövlət üçün ən ümidverici və əlverişli sahədaxili və xarici ticarəti idarə etməkdir. Fiziokratlara görə ticarət üzərində tam rəqabət təmin olunmalıdır.
Fiziokratların proqramına görə torpaq sahiblərinin gəlirlərinə qoyulan vahid vergi bu gəlirlərin yarısına bərabər ola bilər. Əhalinin özünün və onun əmək haqqının üzərinə qoyulan vergilər muzdlu əməyin qiymətini artıra bilər, bu da öz növbəsində sahibkarlara ziyan gətirər. Belə bir prosesin nəticəsində əmək məsrəflərinin həcmi, ərzaq istehsalı və əhalinin tərkibi azalar.
Fiziokratların proqramında göstərilir ki, kənd təsərrüfatı işçilərinin, bütün sənətkarların və ticarətçilərin vergilərdən azad olunması təbii qanun olmalıdır. Əgər göstərilən əmək sahəsində məşğul olanlar vergilərdən azad olmasalar ölkənin gəliri üzərinə ikiqat ağırlıq düşər və millət müflisləşər.
Bütün bu qeyd etdiklərimizlə yanaşı fiziokratların proqramına görə torpaq dövlətin mülkiyyətində deyil, sahibkarlar arasında bölüşdürülməlidir. Çünki belə zümrədən olanlar gəlirlərin artmasına maraq göstərirlər və idarəçiliyi yaxşılaşdırmağa çalışırlar. Onların fikrincə xalis gəlir torpaq sahibinin mülkiyyətinin və idarəçiliyinin nəticəsidir.
Fiziokratların tələb etdiyi vahid vergi siyasəti və bu vergilərin torpaq sahiblərindən alınması onların "üçüncü təbəqə" üçün irəli sürdükləri maliyyə məsələlərinə həsr olunmuş maksimum proqramında da öz əksini tapmışdır.
Onların maliyyə proqramı siyasi radikalizm ilə fərqlənirdi. Bu proqram siyasi cəhətdən daha yetkin idi. Vergi və maliyyə məsələlərində fiziokratlar obyektiv fəaliyyət göstərən iqtisadi qanunlara əsaslanırdılar.
Məlumdur ki, fransız kəndi feodal üsul-idarəsindən əziyyət çəkirdi və buna görə də kapitalist fermerçiliyinin Fransada inkişaf etdirilməsi o dövr üçün tərəqqipərvər bir hal idi. Əgər kapitalizm kənd təsərrüfatında inkişaf edərdisə, əlbəttə feodalizmin əsasları sarsıla bilərdi. O zaman Fransa çətinlikdən çıxa bilər və öz milli sənayesini inkişaf etdirərdi. Kapitalın kənd təsərrüfatına axını onun inkişafına tə:sir edər və səmərəlilik arta bilərdi.
Top