Fransua Kene fiziokratlar məktəbinin banisi kimi və onun iqtisadi baxişlari

Fransua Kene fiziokratlar məktəbinin banisi kimi və onun iqtisadi baxişlari

Fiziokratlar məktəbinin əsasını qoyan Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində ana­dan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. Valideyin­ləri F.Keneye heç bir təhsil verə bilməmişdilər. Lakin o, müstəqil olaraq təhsillə məşğul olur, hətta latın və yunan dillə­rini öyrənir. Çox gənc yaşlarında tibb ilə maraqlanır. Kənd cər­rahından dərs alan Kene sonralar Parisdə tibb məktəbində oxuyur və nəhayət, məşhur həkim olur. O, bir neçə tibb əsəri yazır və 1749-cu ildə istedadlı bir həkim kimi Markiz de Pom­padurun şəxsi həkimi, 1752-ci ildə isə XY Lüdovikin həkimi olur. Ona zadəgan titulu verirlər, Versal sarayına köçür, sonra­lar isə iri mülk sahibinə çevrilir. O, görkəmli alim-bioloq kimi də fəaliyyət göstərmişdir.
F.Kene tibb və biologiya elmləri ilə yanaşı fəlsəfə ilə də məşğul olur, Malbranşın və Dekartın əsərlərini öyrənir. Fəlsəfə ilə məşğul olmaqla, maarifpərvər filosofların əsərlərini öyrən­məklə F.Kene insan cəmiyyətinə kainatın məhsulu kimi ba­xırdı. İnsan cəmiyyətini F.Kene təbiətin qanunlarına tabe olan aləm adlandırırdı. Təbiət qanunlarını öyrənərək o hesab edirdi ki, nəinki təbiətdə, hətta cəmiyyətdə də mübadilə ekvivalentlik prinsipinə əsaslanır. Bu ideyadan Kene iqtisadi tədqiqatla­rında da istifadə edirdi.
F.Kene 60 yaşlarında bir iqtisadçı kimi formalaşır. 1756-cı ildə Didro onu Ensiklopediya yazılışına cəlb edir. Bu hadisə Kenenin həyatında çox mühüm rol oynayır. Versalda 50-ci il­lərdə Kenenin ətrafına ensiklopedistlərdən Didro, Helvetsi, Tyürqo və Mirabo toplanırdılar. Bu şəxslər inqilabi ruhda idilər. Dini, təbiəti dərk etməyi, cəmiyyəti, dövlət quruluşunu bu maarif­çilər ciddi tənqid edirdilər.
Xalq arasından çıxan Kene xalqın iztirab və əzablarını yaxşı başa düşürdü. Saray mühitində, eyş-işrət içərisində yaşayan Kene aristokratları da, şəhər zəhmətkeşlərini də, fransız kəndlisinin acınacaqlı həyatını da düzgün dərk edirdi. Kenenin isə aristokratlar və zadəganlarla olan əlaqəsi çox sıx idi. Bu ikilik onun iqtisadi platformasına təsir etməyə bilməzdi. 1756-1757-ci illərdə Kene aşağıdakı məqalələrini Ensiklopediya üçün yazır: "Fermerlər", "Taxıl", "Əhali" və "Vergilər". Kənd təsərrüfatına həsr edilmiş Kenenin əsərləri böyük maraq doğurur. Onun tələbələri, ardıcılları meydana çıxır.
F.Kene idealist idi. Dinin hərtərəfli hökmranlığını qəbul edirdi. Lakin Ensiklopediyada olan maarifçilər tərəfindən materialist ideyalar qərarlaşmışdı. Bundan qorxan Kene Ensiklopediya ilə olan əməkdaşlığından imtina edir.
Fransua Kene "Fermerlər" və "Taxıl" məqalələrində kənd təsərrüfatına və iqtisadi siyasətə xas olan ziddiyyətləri açıqlayır, XY Lüdovikin apardığı siyasəti əks etdirirdi. Bir çox faktiki materiallar əsasında əkinçilik sistemində olan geriliyi göstərir, kənd təsərrüfatının təşkilinin və aqrar münasibətlərin yenidən qurulmasının zəruriliyini açıqlayırdı. F.Kene primitiv, bəsit texnikaya əsaslanan natural təsərrüfatın iri fermer təsərrüfatı ilə əvəz olunmasını istəyirdi. Fermer təsərrüfatı, onun fikrincə, bazar üçün işləməli və iri kapital qoyuluşuna əsaslanmalı idi. F.Kene aqrar mədəniyyətinin artmasını və kənd təsərrüfatında muzdlu əməyin tətbiq edilməsini istəyirdi. O iddia edirdi ki, Fransa kiçik, qeyri-məhsuldar istehsaldan və yardarlıqdan imtina etməlidir. Kiçik istehsal və yardarlıq külli miqdarda sərvətin itməsinə və daimi aclığın qalmasına səbəb olur.
Deməli, F.Kene mahiyyət etibarilə feodalizmin qalıqlarının ləğv edilməsinə çağırırdı və iri kapitalist əkinçiliyinə keçilməsini istəyirdi. O yazırdı ki, həm kiçik, həm də iri təsərrüfatlar xərclərə olan münasibətlərdə qeyri-proporsional mənfəət gətirirlər. Bununla əlaqədar olaraq varlı əkinçilər bir neçə kotandan istifadə edərək özləri və dövlət üçün əlverişli şərait yaradırlar. Buna görə də varlıların təsərrüfatında iş qüvvəsinə qənaət edilir və nəticədə onlar özlərini yüksək mənfəətlə təmin edirlər.
F.Kene öz iqtisadi proqrammasını ümumiləşdirilmiş şəkildə "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə aid qeydlər" (1758) əsərində vermişdir.
Sənaye istehsalının təhlilini vermiş klassik ingilis burjua siyasi iqtisadından fərqli olaraq F.Kene, kənd təsərrüfatının təhlilini verməklə bu sahəni yeganə istehsal sahəsi kimi izah etmişdir.
Fiziokratlar məktəbi merkantilizm ilə mübarizədə inkişaf etmişdir. F.Kene özünün "Əhali" məqaləsində XY Lüdovikin merkantilist siyasəti və ticarət müharibələri əleyhinə çıxış edirdi. Bu sahədə o "Ticarət haqqında" (1765) adlı əsərində xüsusilə aktual çıxış edirdi. Merkantilizmin əksinə olaraq Kene və ümumiyyətlə fiziokratlar, ekvivalent mübadilə ideyasını irəli sürürdülər. F.Kene belə hesab edirdi ki, tədavülə daxil olan əmtəələr qabaqcadan verilmiş qiymətlər əsasında çıxış edirlər. Lakin F.Kene nə üçün əmtəələr qabaqcadan müəyyən olunmuş qiymətlər əsasında çıxış edirlər səbəbinin elmi əsasını verə bilməmişdir. O, mübadilənin ekvivalent xarakter daşıdığını əsas tutaraq merkantilizmi tənqid edirdi. Çünki merkantilistlər iddia edirdilər ki, sərvət tədavüldə yaradılır. Buna görə də F.Kene göstərirdi ki, əmtəələrin alışı hər iki tərəfdə bərabərlik yaradır, satış hər iki tərəf üçün uyğun olan qiymətlər əsasında aparılır və mübadilə heç nəyə üstünlük vermir.
F.Kene "Cənab M.X. memuarlarına cavab (sənaye və ticarətin səmərəsi, qeyri-məhsuldar sinfin məhsuldarlığı haqqında)" (1765) məqaləsində belə bir qərara gəlir ki, bazar qiymətinin yaranmasının əsas səbəbi əmtəələrin az tapılması və ya məhsul bolluğudur və ya satıcılar ilə alıcılar arasında olan zəif və ya güclü rəqabətdir.
Merkantilistlərdən fərqli olaraq F.Kene pulu qeyri-faydalı sərvət adlandırmışdır. O elan edirdi ki, pul mübadilədə vasitəçi rolunu oynayır. Əgər merkantilistlər pula yığım kimi baxırdılarsa, F.Kene bunu inkar edirdi, çünki Keneyə görə pul ölkə sərvətinin təkrar istehsalına kömək etmir. Məlumdur ki, merkantilistlər sərvətin mənbəyini xarici ticarətdə görürdülər, Keneyə görə isə ölkənin sərvətinin mənbəyi və varlanmağın açarı maddi istehsaldır. Maddi istehsal dedikdə o kənd təsərrüfatını nəzərdə tuturdu. Kene iddia edirdi ki, xarici ticarət müxtəlif ölkələrdə əmtəələr üzərində olan qiymətləri bərabərləşdirir. Xarici ticarət qiymətləri bərabərləşdirsə də heç bir əlavə şey vermir. Tacirlərin gəliri ölkənin mənfəəti deyil, bu proses təkrar istehsalın yox olması ilə aradan çıxır. Əgər merkantilistlər tacirləri bazarın ağası adlandırırdılarsa (öz əmtəələri üzərində özləri istədiyi qiyməti qoyurlar), F.Kene qeyd edirdi ki, satışdan əldə edilən fayda alış zamanı yox olur. Qeyd edək ki, merkantilizmi tənqid etməsinə baxmayaraq F.Kene ticarət mənfəətinin reallığını və əhəmiyyətini düzgün olmayaraq inkar edirdi.
Fiziokratların nəzəri axtarışlarının əsasını "təbii qaydalar" təşkil edirdi. Belə bir konsepsiyanı F.Kene özünün "Təbii hüquq" (1765) əsərində şərh etmişdir. Onun bu əsəri özünün və ümumiyyətlə fiziokratların dünya görüşü və fəlsəfi baxışlarını əks etdirən bir traktatdır. F.Kene belə hesab edirdi ki, ictimai qanunların özü "təbii qaydalar" qanunlarıdır. Bu qanunlar allah tərəfindən göndərilmişdir və cəmiyyət onlardan təkrar istehsal və bölgü münasibətlərində istifadə etməlidir. F.Kene bu ideyasını "Çin əsarəti" (1767) əsərində də inkişaf etdirmişdir. O, göstərirdi ki, fiziki qanunlar təbii qaydaları müəyyən etməklə yanaşı insan nəsli üçün də əlverişlidirlər. Bu qanunlar dəqiq olaraq insanların bütün təbii hüquqlarını müəyyən edirlər. Belə qanunlar əbədidir, dəyişməzdir və ən yaxşı qanunlardır.
F.Keneyə görə mülkiyyət hüququ təbii hüququn əsasıdır. Mahiyyət etibarilə "təbii qaydalar" F.Kene tərəfindən burjua qaydaları kimi qəbul edilirdi. F.Kene "təbii qaydalar" pərdəsi altında kapitalizmi müdafiə edirdi. Kapitalizm isə xüsusi mülkiyyət münasibətləri və azad rəqabət əsasında inkişaf edirdi. F.Kene bəyan edirdi ki, insanların təbii hüquqları təxminən onların şeylər üzərində olan hüquqları ilə müəyyən olunur. Bu şeylər isə onlara istifadə etmək üçün zəruridir.
Fiziokratların "təbii hüquq" və "təbii qaydalar" haqqında olan təlimləri tərəqqipərvər ideyalar idi. Bu ideyalar ictimai inkişafın obyektiv və qanunauyğun qaydalarını irəli sürürdü. Fiziokratlar cəmiyyətə canlı ictimai orqanizmin inkişafı kimi baxırdılar. İqtisadi həyatı isə öz daxili qanunauyğunluqları olan təbii proses adlandırırdılar.
Fiziokratların xidməti ondan ibarət idi ki, onlar ictimai formaya cəmiyyətin fizioloji forması kimi baxırdılar. Cəmiyyətin fizioloji forması dedikdə Fiziokratlar istək və arzudan, siyasətdən asılı olmayaraq istehsalın özünün təbii zərurətindən irəli gələn formaları nəzərdə tuturdular.
Fiziokratların iqtisadi nəzəriyyələrinin mərkəzi nöqtələrindən biri "xalis" və ya izafi məhsul haqqında olan təlimləridir. Merkantilistlərin əksinə olaraq fiziokratlar izafi məhsulun mənşəyini tədavül sferasından maddi istehsal sferasına daxil edirlər, bununla da kapitalist istehsalının təhlilinin əsasını qoyurlar. F.Kene "Cənab M.X. memuarlarına cavab" əsərində əkinçiliyin məhsuldarlığının müstəsna əhəmiyyət kəsb etdiyini əsaslandırmış və ticarəti ancaq şeylərin bir-birinə qarşı mövcud qiymətlərinin əsasında mübadilə olunduğu vasitə adlandırmışdır. Məhz bu səbəbdəndir ki, Fiziokratlara görə ticarət sərvət yaratmır.
"Xalis məhsulu" Fiziokratlar (məlumdur ki, əkinçilikdə) istehsal xərclərindən artıq əldə edilən artıq məhsul adlandırırdılar. "Vergilər" məqaləsində F.Kene yazırdı ki, "xalis məhsul" hər il yaradılan sərvətdir. Bu sərvət millətin gəlirini təşkil edir ki, əkinçilikdə yaradılan məhsuldan bütün xərcləri çıxdıqdan sonra qalan gəlirdir. Beləliklə, Fiziokratlar göstərirdi ki, "xalis məhsul" ancaq əkinçilikdə yaradılır. F.Kene qət edirdi ki, sənaye ancaq istehlak edir və buna görə də sənayedə xalis məhsul yaradılmır; sənaye əməyi ilə yaradılan sərvət torpağın verdiyi gəlir hesabına olur və ona görə də sənaye qeyri-məhsuldar sahədir. F.Kene göstərirdi ki, sənayenin təkrar istehsalı torpaq sahələrindən əldə edilən gəlir hesabına həyata keçirilir. F.Keneyə görə sənayedə xammal və materiallara yeni forma verildiyi üçün istehsalın bu sahəsi qeyri-məhsuldardır.
Bu ideyaları F.Kene "Sənətkar əməyi haqqında" (1766) əsərində inkişaf etdirmişdir. F.Kene bu əsərində yazırdı ki, sərvət istehsalı onun təkrar istehsalıdır. İstehlak isə məhsulun, maddi nemətlərin məhv olması deməkdir. Bu əsərində F.Kene göstərirdi ki, sənətkar xammalın dəyərliliyini (qiymətini) artırır, lakin o saat qət edirdi ki, sərvət əkinçilikdə yaradılır. O izafi məhsulu naturalcasına izah edərək onu təbiətin bəxşeyişi kimi qəbul edirdi. İzafi məhsula onun belə yanaşmasını dəyər kəmiyyəti kimi izah etmək olar. Əgər F.Kene "Əkinçilik dövlətinin ümumi iqtisadi prinsipləri..." əsərində "torpaq sərvətin yeganə mənbəyidir" deyirdisə, "Çin əsarəti" əsərində "xalis məhsulun" daha geniş anlayışını verirdi. O qeyd edirdi ki, xərclər çıxıldıqdan sonra qalan artıq məhsul "xalis məhsuldur". Bu xalis məhsul isə, F.Keneyə görə dövlətin və xüsusi mülkiyyətçilərin gəlirini təşkil edir.
İzafi dəyər probleminin öyrənilməsində Fiziokratların çox böyük xidmətlərinə baxmayaraq onların "xalis məhsul" haqqında olan təlimləri məhdud və ziddiyyətli xarakter daşıyır. Feodal nümayəndələrinə üstünlük verərək izafi məhsul (izafi dəyər) problemini onlar tam şəkildə həll edə bilməmişlər. Fiziokratlar izah edə bilmirdilər ki, izafi dəyər dəyərin artmasıdır. F.Kene bir tərəfdən iddia edirdi ki, "xalis məhsul" torpağın məhsuludur, təbiətin bəxş etdiyi nemətdir. Digər tərəfdən iddia edirdi ki, "xalis məhsul" muzdlu fəhlənin izafi əməyi tərəfindən yaradılan məhsuldur. Fiziokratizmdə olan bu ikililik onların dəyərin mahiyyətini başa düşməməsindən irəli gəlirdi.
Belə bir hal onunla əlaqədar idi ki, Fiziokratların nəzəri bazası yox idi, əmtəə və dəyərin təbiətini onlar təhlil etməmişdilər. Fiziokratlar maddi nemətlərin artmasını təbiətin özü ilə əlaqələndirirdilər. Fiziokratların fikrincə kənd təsərrüfatında sərvətin artması istehsal prosesinə sərf olunan istehlak dəyərlərindən çox istehlak dəyərlərinin yaranması təbii amillərin hiss ediləcək dərəcədə artması ilə əlaqədardır. 
F.Kene iddia edirdi ki, kənd təsərrüfatı "xalis məhsul" gətirən yeganə sahədir. Məhz buna görə də o izafi dəyəri renta ilə eyniləşdirirdi. Deməli, F.Keneyə görə torpaq rentası "xalis məhsulun", izafi dəyərin yeganə formasıdır.
Fiziokratlar iddia edirdilər ki, sənayedə izafi məhsul yaradılmır, kapitala görə sənayedə mənfəət də yoxdur. Kapitalistlərin gəliri yüksək əmək haqqı kimi izah edilirdi. Onlar belə hesab edirdilər ki, gəlir və fəhlənin əmək haqqı istehsal xərclərinə daxildir. Fiziokratlar, xüsusilə F.Kene belə hesab edirdilər ki, sənayedə yaradılan məhsulun dəyəri onun istehsalına çəkilən xərclərə bərabərdir. Beləliklə, fiziokratlar sənayedə, kənd təsərrüfatında və ticarətdə yaradılan mənfəət kateqoriyasını nəzərə almırdılar.
F.Kene ticarət mənfəətini qeyri-iqtisadi kateqoriya hesab edirdi və göstərirdi ki, ticarət mənfəəti haqq-hesabda aldatma yolu ilə əldə edilir. O, belə hesab edirdi ki, "xalis məhsul" tam mənası ilə torpaq sahibinə çatır, fermerlər guya xalis məhsuldan heç bir hissə almırlar, onlar özlərinin muzdlu fəhlələri kimi əmək haqqı alırlar. Fermerlərin və onların muzdlu fəhlələrinin aldıqları əmək haqqı da istehsal xərclərinə daxildir. Fiziokratların bu ideyasına görə guya fermerlər özləri özlərinə əmək haqqı verirlər. Faktiki olaraq bu o demək idi ki, kənd təsərrüfatında fermer-kapitalistlər və muzdlu fəhlələr eyni adamlardır.
Fiziokratların "xalis məhsul" haqqında olan təlimləri onların məhsuldar və qeyri-məhsuldar əmək haqqındakı konsepsiyaları ilə əlaqədar idi. Fiziokratların bu sahədə olan xidməti ondan ibarət idi ki, siyasi iqtisad elmində onlar əmək məhsuldarlığı anlayışını açıqlamışdılar. Onlar düzgün başa düşürdülər ki, məhsuldar əmək elə bir əməkdir ki, o izafi dəyər yaradır, yəni "xalis məhsul" istehsal edir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, onlar məhsuldar əməyi kənd təsərrüfatına, əkinçiliyə tətbiq edilən əmək hesab edirdilər. Sənayedə tətbiq edilən əməyi qeyri-məhsuldar əmək adlandırırdılar. Daha dəqiq desək, sənayedəki əmək səmərəsiz əmək kimi qəbul edilirdi.
Fiziokratlar iddia edirdilər ki, əmtəələr tədavülə irəlicədən müəyyən olunmuş qiymətlə daxil olurlar. Mahiyyət etibarilə bu o demək idi ki, dəyər istehsalda yaradılır. F.Kene dəyər kateqoriyasını həll etmədən əmtəənin dəyərə və istehlak dəyərinə malik olmasını ayırd edirdi.
Fiziokratlar, o cümlədən F.Kene bazar qiyməti şəraitində tələb və təklif arasında olan nisbətlə məhdudlaşırdılar.
Məlumdur ki, fiziokratlar dəyər nəzəriyyəsi yaratmamışlar. Onların belə bir mövqeyi U.Petti və P.Buagilber ilə müqayisədə bir addım geri demək idi. Çünki U.Petti və P.Buagilber dəyərin əsasını əmək təşkil edir ideyasını vermişdilər, fiziokratlar isə bunun əksinə olaraq iddia edirdilər ki, dəyəri torpaq, təbiət yaradır.
F.Kene və ümumiyyətlə, fiziokratlar pul haqqında da heç bir nəzəriyyə yaratmamışdılar. Fransua Kene "Ticarət haqqında", "Sənətkar əməyi haqqında", "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə qeyd" adlı əsərlərində göstərirdi ki, pul elə bir vasitədir ki, o mübadiləni yüngülləşdirir. O, pul yığımının əleyhinə çıxış edirdi, puldan dəfinə kimi istifadə olunmasını istəmirdi. F.Kene yazırdı ki, pul öz özlüyündə adamların tələbatını ödəmir və pul pul yaratmır. Əgər real sərvət yoxdursa pul sərvəti də səmərəsizdir və faydasızdır. Kene daha sonra göstərirdi ki, pul istehlak olunmur, təkrar istehsal edilmir, lakin daima sərvət mübadiləsi vasitəsi kimi çıxış edir.
F.Kenenin və onun məktəbinin nümayəndələrinin ideyalarının təhlili göstərir ki, əmək haqqı barədə olan merkantilistlərin fikirlərini onlar təkrar etmişlər. F.Kene əmək haqqını fiziki yaşayış minimumu hesab edirdi. O iddia edirdi ki, əmək haqqı adi, elementar tələbatı ödəməli və dəyişməz qalmalıdır.
Fiziokratların kapital haqqında olan nəzəriyyələri isə böyük əhəmiyyət kəsb edir. Merkantilistlər kapital ilə pulu eyniləşdirirdilər, Fiziokratlar isə kapitalın əşya tərkibini təhlil edirdilər. İstehsal xərclərinin təhlili F.Keneyə imkan verirdi ki, kapitalın tərkib hissələrini o ayıra bilsin. Əkinçilik işlərinə hər il sərf edilən xərcləri F.Kene illik avans adlandırırdı (toxum, iş qüvvəsi). Bir neçə il fəaliyyət göstərən kənd təsərrüfatı maşınlarına, tikililərə, mal-qaraya və s. çəkilən xərcləri isə ilkin avans hesab edirdi.
F.Kene yazırdı ki, illik avans bir başa və tam şəkildə xərclərə daxildir, ilkin avans isə hissə-hissə istehsal xərclərinə daxil edilir. Lakin, kapitalın belə bir bölgüsünü-illik və ilkin avansı Kene kənd təsərrüfatı istehsalına aid edirdi. Odur ki, kənd təsərrüfatında fəaliyyət göstərən kapitalı o məhsuldar kapital adlandırırdı.
Merkantilistlər kapitalı bir çox tarixi dövrlərə aid kateqoriya adlandırırdılarsa da fiziokratlar belə fikri nəzərə almırdılar.


Top