İqtisadi təlimlər tarixində fiziokratlar məktəbi mühüm yer tutur və bu məktəbin nümayəndələri bir çox yeniliklər yaratmışlar. Fiziokratların yaradıcılığı feodalizmdən kapitalizmə keçid dövrünə təsadüf edir ki, bu dövrdə Qərbi Avropa nisbətən yetkinləşmiş iqtisadi inkişaf mərhələsində idi. XVIII əsrin ortalarında Qərbi Avropada kapitalizmin inkişafı çox uzağa getmişdi. İngiltərədə sənaye çevrilişi başlamışdı. Fransada isə manufaktura kapitalizmi möhkəmlənirdi. Fransada manufaktura kapitalizmi antifeodal inqilab ərəfəsinə daxil olmuşdu. Məhz buna görə də Qərbi Avropada kapitalizmin yaranması və inkişafı merkantilistlərin proqramına və nəzəriyyələrinə yenidən baxmağı tələb edirdi.İlkin kapital yığımı dövrü artıq başa çatmışdı. Aqrar ölkələrdə, xüsusilə müstəmləkələrdə ticarət öz ictimai əhəmiyyətini itirmişdi.
Merkantilistlərin iqtisadi ideyaları ilə mübarizənin nəticəsi olaraq fiziokratlar məktəbi yaranır. Fiziokratların xidmətlərindən biri ondan ibarətdir ki, bu məktəbin nümayəndələri XVIII əsrdə Qərbi Avropada baş verən iqtisadi irəliləyişləri ümumiləşdirmişlər. Merkantilistlərlə olan iqtisadi ideyalar mübarizəsi Qərbi Avropa ölkələrində gedirdi, lakin bu mübarizə İngiltərədə xüsusi əhəmiyyət kəsb edirdi. Merkantilistlər ilə gedən mübarizə Fransada Fiziokratizm adlanırdı. Bu onunla əlaqədar idi ki, XVIII əsrdə Fransada antifeodal inqilabı güclənirdi. Qeyd edək ki, Fransız merkantilizmi mütləqiyyət və feodal üsul-idarəsi ilə sıxı əlaqədar idi.
İnqilab ərəfəsində Fransanı narahat edən iqtisadi problemlər təkcə merkantilizmin iflası ilə əlaqədar deyildi. Feodal üsul-idarəsi artıq böhranla üzləşirdi. Feodalizm fransız kəndlərində də hakim mövqe tuturdu. Bu üsul-idarə mürtəce xarakter daşıyırdı və sənaye istehsalını ləngidirdi.
Belə bir şəraitdə Fransa zadəganları və ruhaniləri tüfeyli sinfə çevrilmişdilər. Onların torpaq üzərində olan inhisarı saxlanılırdı. Mütləqiyyət zadəganları dəstəkləyirdi, zadəganlar isə təsərrüfatla məşğul olmurdular, kənddə yaşamırdılar. Onların məqsədi töycü və vergi yığmaq idi.
XIV-XV əsrlərdə təhkimçilik öz əhəmiyyətini sarsıtsa da XVIII əsrdə təhkimçilik müəyyən mənada saxlanılırdı. Geniş miqyasda olmasa da işləyib ödəmə münasibətləri qalırdı.
XVIII əsr Fransasında kənd təsərrüfatı iqtisadi ziddiyyətlərin mərkəzinə çevrilmişdi. Kənd təsərrüfatını belə bir vəziyyətdən çıxarmaq üçün aqrar münasibətlərini kökündən dəyişdirmək tələb olunurdu. Odur ki, aqrar münasibətləri məsələsi ön plana keçirdi. Kənd təsərrüfatında kapitalizmin inkişafının yollarını və formalarını müəyyən etmək tələb olunurdu. Kapitalizmin kənd təsərrüfatında inkişafına olan maraq getdikcə artırdı və belə bir şəraitdə fiziokratizmin yaranması üçün şərait yaranırdı. Fransada merkantilizmin tənqidi aqrar istiqamət alır, çünki XVIII əsrdə Fransada kənd təsərrüfatında pozitiv iqtisadi məsələlərin həlli ön plana keçirilir. Fiziokratlar Fransanın iqtisadi durğunluğunun həllini kənd təsərrüfatında görürdülər.
Belə bir şəraitdə Buagilber (1646-1714) Fiziokratlar məktəbini xarakterizə edən bir sıra ideyalar irəli sürür. Buagilber merkantilistləri ciddi tənqid edir, təbii qaydalara bəraət qazandırır, ticarət azadlığını tələb edir, taxıl üzərində yüksək qiymətlərin qoyulmasını faydalı hesab edir, əkinçilikdə olan kasıb vəziyyətə diqqəti artırır, vergilərin bərabər bölünməsini müdafiə edir, əkinçiliklə məşğul olanların kasıbçılıqdan azad olmasını təbliğ edirdi.
Buagilberdən sonra Marşall Voban (1623-1707) özünün "Kral onluğu" (1707) adlı anonim əsərini buraxır. Bu əsərində o mütləqiyyət Fransasının kasıbçılığını açıb göstərir, onun xalqının yoxsullaşmasını açıqlayır, vergilərin ağırlığından danışır, ziynət və dövlət borclarını tənqid edir, imtiyaz sistemini və yardarlığı (otkup) qamçılayır, yaxşı əməyi və əkinçiliyi tərifləyirdi. Marşall Voban Buagilberi tərifləyərək göstərirdi ki, XYIII əsrin əvvəllərində Fransada vergilər ən yüksək dərəcəyə, öz apogeyinə çatmışdır, Fransanın küçələrində ayaqyalınlar, ac-yalavaclar gəzişirlər. Vobanın təklifləri ondan ibarət idi ki, vergilər vahid şəklə salınsın, zadəganlara və ruhanilərə çatacaq vergilərin toxunulmazlığı ləğv edilsin. Deməli, Voban fiziokratlara qədər vergilərin vahid şəklə salınması ideyasını irəli sürmüşdü.
XYIII əsrin birinci yarısında merkantilizmin ciddi tənqidi ilə Markiz dArjanson (1694-1757) çıxış edirdi. Onun iqtisadi fikirləri ancaq 1764-cü ildə nəşr olunmuşdur. Markiz dArjanson iqtisadi həyatın inkişafına qaydalar və üsullar tətbiq edilməsi əleyhinə çıxırdı, gömrük rüsumlarını tənqid edir, Avropanın vahid bir bazara çevrilməsini tövsiyə edir, birbaşa vergilərin qoyulması proyektlərini işləyib hazırlayır. Onun fikrincə yaxşı idarə etmək üçün idarəçiliyin özünü məhdudlaşdırmaq lazımdır. Ölkənin yaşayış vəziyyətinin mənbəyini dArjanson əkinçiliyin uğurlu olmasında, sənətkarlıqda və daxili ticarətdə görürdü.
Fiziokratlar üçün xarakterik xüsusiyyət kəsb edən iqtisadi liberalizm ideyası dArjanson tərəfindən formalaşdırılır. Bu ideyanı isə Qurne (1712-1759) sonralar ardıcıl olaraq inkişaf etdirir. 1751-ci ildə ticarət intendantı (hərbi təchizat sahəsinin işçisi) işləyən Qurne ticarət üzərində olan bir neçə məhdudiyyətləri aradan qaldırır. O merkantilistlərin siyasətini tənqid edir, feodal imtiyazlarının əleyhinə çıxır, vergi islahatı keçirməyi tələb edir və iqtisadi liberalizm anlayışını irəli sürür.
Fiziokratların ideyalarına yaxın fikirləri bankir Riçard Kantilyon inkişaf etdirir. O 1733-cü ildə "Ticarətin təbiəti haqqında oçerk" adlı əsər yazır. Kantilyon bu əsərində açıq şəkildə fiziokrat ideyaları irəli sürürdü. O qeyd edirdi ki, məhz sərvətin yeganə mənbəyi torpaqdır, çünki torpaq yaşayış vasitələri ehtiyatına malikdir, insan əməyi torpaqdan sərvət yaradır. Bununla belə Kantilyon iddia edirdi ki, bütün əhali, zümrələr, təbəqələr torpaq mülkiyyətçiləri hesabına varlanırlar. O hətta cəmiyyəti üç sinfə də bölmüşdü. Kantilyonun fikrincə cəmiyyət əkinçilərdən (kənd sahibləri, icarədarlar), sənətkarlardan və tacirlərdən ibarətdir.
Kantilyonun fikrincə əmtəənin həqiqi və ya daxili dəyərliliyi onun istehsalına sərf olunan əmək və torpağın miqdarına uyğun olur. O ictimai məhsulun hərəkətini, tədavül prosesində onun reallaşdırılmasını göstərməyə çalışmışdır. Lakin belə bir cəhəti də qeyd edək ki, Kantilyon merkantilistlərin baxışlarından tam azad ola bilməmişdir. Çünki ticarət balansı naminə o sənaye məhsullarının ixracının, lazım olan xammalın isə idxalının gücləndirilməsi tərəfdarı idi.
Fransua Kene fiziokratizmin əsasını qoymuş və bu məktəbin rəhbəri idi. O, nəinki fiziokratlar məktəbinin əsasını qoymuş, hətta fiziokratizmin iqtisadi və siyasi proqramını formalaşdırmışdır. F.Kenenin ideyalarını və axtarışlarını XYIII əsrin ikinci yarısı Fransasının dövlət xadimi baş maliyyə nəzarətçisi Ann Raber Jak Tyürqo (1727-1781) davam etdirmişdir. Fiziokratizmin ideyalarını P.Dyupon de Nemur, Viktor Mirabo, P.Mersye de la Rivyer, Q.Letron təbliğ edirdilər. Belə ki, həqiqi fiziokratlar məktəbi, öz dövründə adlandırıldığı kimi "iqtisadçılar" məktəbi yaranmışdı.
XYIII əsrin ortalarında İngiltərədə sənaye çevrilişi başlamışdısa Fransada isə manufaktura kapitalizmi möhkəmlənirdi. Lakin Fransada XYIII əsrin sonlarına kimi feodalizm, aqrar münasibətləri qalırdı. Fransa monarxiyası kəndliləri ağır vergilər altında saxlayırdı. Güclü mütləqiyyət sistemi, feodal iyerarxiyası kapitalizmin inkişafına maneəçilik edirdi. Kənd təsərrüfatı çıxılmaz vəziyyətə düşmüşdü.
Bu dövrdə, yararlı torpaq sahələrinin 80%-i zadəganların əlində idi. Fransız kəndlisi torpaqdan və mal-qaradan məhrum edilmişdi, məhsul verimi çox aşağı səviyyədə idi. Göstərdiyimiz dövr Fransasında feodal istismarının forması olan töycü, pul və məhsul vergi sistemi hökm sürürdü. Şəxsi təhkimçiliyin müxtəlif formaları, əsarət və zülm geniş tüğyan edirdi. Töycü pul və natural şəkildə ödənilirdi. XYIII əsrin sonuna kimi töycünün pul forması daha da artmışdı. Yardarlıq geniş inkişaf tapmışdı. Torpaqsız və az torpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq alsalar da məhsulun yarısını onlara verirdilər. Bütün bunlardan başqa kənd təsərrüfatı merkantilizm ideyalarına tabe etdirilirdi. Taxıl üzərində ən yüksək qiymətlər mövcud idi. Xaricə taxıl aparmaq qadağan idi, ucuz taxılın gətirilməsi isə getdikcə genişləndirilirdi. Kasıb fransız kəndi sənaye məhsullarının satılması üçün yararlı deyildi.
Fransa mütləqiyyəti proteksionizmi, xarici ticarəti, gəmiçiliyi və sənayenin inkişafını genişləndirirdi. Bu dövrdə, yəni XYIII əsrin ortalarında İngiltərə dünya bazarında hakim mövqe tuturdu. Kiçik həcmli Fransız sənayesi texniki tərəqqi üçün maneəçilik törədirdi, kapitalist sənayesinin artmasının qarşısına əngəl törədirdi.
Qeyd etdiyimiz amillərlə əlaqədar olaraq Fransada aqrar münasibətləri kəskin xarakter almışdı. Bu məsələnin həllində fiziokratlar müstəsna rol oynayırdılar. Fiziokratlar ölkədə yeganə sərvət yarada biləcək sahəni kənd təsərrüfatında görürdülər. Odur ki, fiziokratlar tədqiqat obyekti kimi öz baxışlarını kənd təsərrüfatına həsr etdilər. Onlar sənayeni məhsuldar sahə hesab etmirdilər. Kənd təsərrüfatında izafi məhsulun yaradılmasını sərf-nəzər edən fiziokratlar istehsal dairəsini aqrar münasibətləri ilə məhdudlaşdırırdılar.
Siyasi iqtisad elmində fiziokratların əhəmiyyəti, rolu və mövqeyi ondan ibarət idi ki, Uilyam Petti və Buagilberdən sonra onlar öz tədqiqatlarını tədavül dairəsindən istehsal dairəsinə keçirmişdilər. Bununla da fiziokratlar kapitalist istehsalının sonrakı elmi təhlilinin əsaslarını qoydular.