İqtisadiyyat haqqında söhbət edərkən, bir qayda olaraq, bu sözün ilkin şərhini vermiş qədim yunanlar haqqında düşünməli oluruq. Lakin cəmiyyətin davranış qaydaları, faydalı fəaliyyətləri haqqında bəhs edən iqtisadiyyat lap qədim dövrlərdən bəri mövcud olsa da ancaq bir elmi təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə bağlı öyrənilmişdir. Özü də bu proses Qədim Yunanıstanda özünə xüsusi məkan qazanmışdır. Heç də, təsadüfi deyildir ki, biz iqtisadiyyat haqqında danışarkən, bu məfhumun mənşəyini yunan sözü olan "təsərrüfat" və "qanun" olduğunu qeyd etməli oluruq.
"İliada" və "Odisey" əsərlərində sərvətin mənbəyi, natural təsərrüfat, xüsusən, taxılın, heyvanların yığımı hər cür məhsulların ehtiyatı sayılırdı. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq azad adamların ləyaqətli işi hesab olunurdu.
Yunanıstanda e.ə. VIII-VII əsrlərdə sənətkarlığın əkinçilikdən ayrılması, ticarətin genişlənməsi, eləcə də sələmçiliyin güclənməsi, bir tərəfdən adamların torpaqdan məhrum olunmasına gətirib çıxarırdı, digər tərəfdən cəmiyyətin Polisey (şəhər-dövlət) deyilən, xüsusi qrupu meydana gəldi ki, onlar da kollektiv şəkildə qullara, digər asılı adamlara və yadelli adamlara qarşı dururdular. Poliseyaya daxil olan vətəndaşlar, torpaq və qullar üzərində hakim mövqedə dayanmaq hüququnu daşıyırdılar.
Antik dövrün iqtisadi fikri haqqında bəhs edərkən Qədim Yunanıstanda e.ə. V-VI əsrlərdə həyata keçirilən Solonun və Periklin islahatlarından irəli gələn iqtisadi görüşləri xüsusi qeyd etmək lazımdır. Bu dövrlərdə azad əhali kütləsi ilə kübarlar arasında gedən mübarizə sənətkarlığın əkinçilikdən ayrılması nəticəsində yeni şəhərlərin əmələ gəlməsi, qul borcunun birmənalı qəbul olunması, quldarlıq quruluşunun sosial bazasının möhkəmləndirilməsi, siyasi sistemin demokratikləşməsi və s. ilə bağlı iqtisadi görüşlər üstünlük təşkil edirdi.
Solon borc hüququ ilə bağlı irəli sürdüyü fikir bütün borcları və onunla bağlı faizləri, qul borc verməsini ləğv etdi. Borc yerinə verilmiş afinalılar dövlət hesabına alınıb geri qaytarılırdı.
Quldarlıq quruluşunun inkişafı ilə bağlı irəli sürülən islahatlar nəticəsində bir tərəfdən qohumluqla bağlı bir sıra toxunulmaz qanunlar ləğv olundu, əmtəə-pul münasibətlərinin geniş vüsət almasına şərait yaradıldı.
Hakimiyyətin nəsli xarakter daşımasına, qohumluq prinsipinə əsaslanmasına son qoyan Solona islahatları, heç də cəmiyyətdə mövcud təkhakimiyyətliliyi, diktatorluğu aradan qaldırmadı. Əksinə, bu rejimin möhkəmləndirilməsi üçün əkinçilərin, sənətkarların, tacirlərin dövlətdən iqtisadi asılılığını xeyli gücləndirdi. Bu özünü ən çox güzəştli kreditlərin verilməsində, vergilərin tutulmasında, torpaqların bölgüsündə əks etdirdi. Kəndlilərin xeyrinə torpaqlar əgər bərabər bölgü şəklində paylanılırdısa, lakin girov qoyulması, icarəyə verilməsi, dəyişdirilməsi qadağan edilirdi.
Qədim Yunanıstanda iqisadi fikir, ilkin olaraq, bədii ədəbiyyatda, iqtisadi siyasətdə, qanunçuluqda öz əksini tapsa da, lakin daha sonralar o öz əksini məşhur filosofların görüşlərində tapırdı. Məsələn, Demokrit (e.ə. 470) sübut edirdi ki, icma cəmiyyətini heç də ideallaşdırmaq lazım deyil. Çünki o vaxt adamlar boş əllə mübarizə aparırdılar. Lakin dövlətin yaradılması yeni cəmiyyətin ən böyük nailiyyəti olmaqla "hər şeydə bərabərliyin" qorunması baş verirdi. Bununla bərabər Demokrit hesab edirdi ki, hər cür əlavə yığım cəmiyyətin "kasıb" və "dövlətli" təbəqəsini əmələ gətirir. Əgər hər hansı kəs "öz payından razıdırsa, onu yoxsul adlandırmaq olmaz". Yaxud "malik olduğundan razı olmayanı da dövlətli adlandırmaq olmaz".
Xüsusi mülkiyyəti, qul əməyinin mənimsənilməsini təbii hal hesab edən Demokrit göstərirdi ki, qulların məhsuldarlığını yüksəltmək, onların təyinatına görə istifadə etmək vacibdir.
Bundan əlavə Demokrit iri torpaq sahibkarlığını, həddindən artıq pul yığımını qəbul etmirdi. Göstərirdi ki, həddindən artıq pula pərəstişlik və onun ödənilməsinin sonu yoxdur. Görünməmiş mənfəət "vicdanın itirilməsinə" gətirib çıxarır. Yoxsulluğu ləyaqətlə keçirməyi, sağlam düşüncəni əks etdirən cəhət kimi qəbul edirdi.
Qədim Yunanıstanın "Özün-özünü dərk et" tezisinin müəllifi məşhur Sokratın (469-399) iqtisadi görüşlərində əsas yeri "mənəvi xeyirxahlıq" tuturdu. O qeyd edirdi ki, sərvət əldə etmək üçün qətiyyətlilik, enerji və xeyirxahlıq lazımdır. Sərvətin saxlanılması üçün isə, adamlarda onsuz keçinmək xüsusiyyəti olmalıdır. Bununla əlaqədar olaraq o, geniş əhali kütləsini aza qane olmağa, əldə olunan sərvəti mənəvi xeyirxahlıqla bağlı olaraq qorumağa çağırırdı.
Qədim Yunanıstanın iqtisadi fikir tarixinin, bəlkə də bəşəriyyətin antik dövrlə bağlı ən parlaq tərəqqi dövrü e.ə. IY əsridir. Bu dövrdə quldarlıq quruluşu inkişafının yüksək mərhələsinə çatmaqla, onun daxili ziddiyyətləri kəskinləşmiş, Polisey (şəhər-dövlət) sistemi böhrana uğramış, demokratik proseslər isə özünü doğrultmuşdur.
Kiçik və orta torpaq sahibkarlığı quldarlığın, sənətkarlığın və mübadilənin inkişaf səviyyəsi ilə uyğun gəlmirdi. Bütün bunlar iqtisadi inkişafın natural və əmtəə təsərrüfatına doğru inkişaf etdirilməsini zəruriləşdirirdi. Xüsusi və kollektiv quldarldıq, sənətkarlıq və əkinçiliyin inkişafı yeni iqtisadi görüşlərin əmələ gəlməsinə səbəb olurdu.
Belə iqtisadi görüşlərin formalaşması və Ksenofontun (e.ə. 430-354), Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) əsərlərində daha parlaq şəkildə əks olunmuşdur.
Afina Poliseyinin kübar ailəsində dünyaya gəlmiş Ksenofont qızğın siyasi dairələrdə aktiv iştirak etmiş, spartakçılardan torpaq sahəsi almış və öz fəaliyətini bədii ədəbiyyatlarla, kənd təsərrüfatı işləri ilə bağlamışdır. O, öz iqtisali görüşlərini "Evqurumu" əsərində şərh etmişdir. Quldarlıq quruluşunun görkəmli ideoloqu kimi, o, ev təsərrüfatının aparılması qaydaları, xüsusi ev təsərrüfatı ilə əkinçiliyin aparılması üsulları, istehsalın təşkili, qulların daha məhsuldar işləməsi, maddi stimullaşmanın aparılması haqqında elmi mülahizələr irəli sürmüşdür. Ksenofont göstərirdi ki, iqtisadi inkişafın yolu natural təsərrüfatdır.
Bununla əlaqədar olaraq, o, kənd təsərrüfatını son dərəcə ideallaşdırırdı. Əkinçilik sahəsində tətbiqi əməyin bütün sahələrdə əldə olunacaq müvəffəqiyyətlərin zəmini olduğunu qeyd edən Ksenofont göstərirdi ki, "torpaq ədalətliliyi öyrədir və kim orada ürəklə çalışırsa, o, daha çox mənfəət əldə edir".
Bununla əlaqədar olaraq Ksenofont göstərirdi ki, "əkinçilik bütün peşələrin anası və əmizdirənidir".
Sərvət haqqında bəhs edən alim onu xalis istehlakçı mövqedən izah edirdi.
Əmək bölgüsünə xüsusi diqqət yetirən Ksenofont qeyd edirdi ki, eyni bir ustanın müxtəlif əşyalar hazırlamaq qabiliyyətinə baxmayaraq o, heç də onları eyni qaydada yaxşı hazırlaya bilməz. Ona görə də hərə öz məşğul olduğu peşəyə uyğun məhsul hazırlasa və məhdud bir işlə məşğul olsa daha çox fayda gətirə bilər və daha yaxşı hazırlaşa bilər. Əmək bölgüsünə həm geniş mənada, həm də dar mənada baxan Ksenofont qeyd edirdi ki, bazarların həcmi əmək bölgüsünün miqyasından asılıdır. Lakin bununla yanaşı o qeyd edirdi ki, bazarların həcminin genişlənməsinə pul da təsir göstərir. Pula olan hədsiz meyli əsaslandıran Ksenofont qeyd edirdi ki, heç kəs istədiyi qədər pul əldə edə bilmir. Əgər kimdəsə, o həddindən artıqdır, onda o, əlavə pulu basdırır və onun istifadəsindən az olmayan bir zövq əldə edir.
Qiymət yaranma mexanizminə toxunan Ksenofont göstərirdi ki, misin, dəmirin, ərzağın təklifindən asılı olaraq, onların qiyməti dəyişir. Belə qiymət diyişmə əkinçiliyə də təsir edir və hətta onların peşələrinin dəyişdirilməsinə səbəb olur.
Pelopon müharibəsindən sonra Yunanıstanı dərin böhran bürüməklə, quldarlıq quruluşunun ziddiyyətləri olduqca kəskinləşmişdi. Kübar ailələrin mənafeyi zəifləyirdi.
Azad vətəndaşlar, əkinçilər, sənətkarlar, tacirlər və aristokratiya arasında ciddi ziddiyyətlər meydana gəlmişdi. Məhz belə şəraitdə görkəmli filosof Platonun iqtisadi və sosial proseslərə olan münasibəti, iqtisadi fikirdə olduqca dəyərli görüşlərin əmələ gəlməsinə səbəb oldu. Onun əsas iqtisadi fikirləri "Dövlət" və "Qanunlar" əsərində şərh olunmuşdu.
Platon da Ksenofont kimi yunan polisinin böhran keçirtdiyi vaxtlarda yaşamış, zəmanəsinə xas olan ictimai, iqtisadi, sosial-siyasi, mənəvi-hüquqi məsələlərini həll etməyə çalışmışdı. Yaxşı təhsil almış, gəmi səyahəti ilə müxtəlif ölkələrdə olmuş və seçilən torpaq sahibi ailəsində anadan olmuş Platon kübarlarla demokratlar arasında, dövlətlilərlə kasıblar arasında, qullarla quldarlar arasında gedən sinfi mübarizənin həll olunmasına çalışmışdı. Məhz buna görə də o, antik dövrün ən məşhur mütəfəkkiri kimi, sonrakı elmi dünyagörüşlərin formalaşmasının mənbəyi kimi bəşər tarixində əbədiləşmişdir.
Yeni və ya ideal dövlət yaradılması barədə Platonun konsepsiyasında əsas yeri varlıların və kasıbların maddi mənafelərinə uyğun gəlməyən vahid dövlətin olmaması onun hər vaxt parçalanmağa məruz qalacağı qeyd olunurdu.
Çünki dövlət varlılarla kasıbların mənafeyini birləşdirmədiyindən o, iki yerə bölünür. Belə şəraitdə varlanmağa cəhd edən, hərislik göstərən dövlətlilər fəaliyyətsizləşir, kasıbların təsərrüfatını aparılmasını məhdudlaşdıran imkansızlara çevrilirlər. Ona görə də, Platon göstərirdi ki, hakim siniflə azad əhali arasındakı qeyri-bərabər əmlak artımını dayandırmaq lazımdır.
Platon hesab edirdi ki, ümumiyyətlə qeyri-bərabərlik insanların təbiətindən irəli gəlir və onu aradan qaldırmaq mümkün deyil. Ona görə də hər adam təbii qabiliyyətinə uyğun gələn payı almalıdır.
O göstərirdi ki, hərə bir işlə məşğul olmalıdır. İşçi işləyənlərin işinə deyil, müəyyən bir işə uyğunlaşmalıdır. Bu çox asan məhsul istehsal etməyə səbəb olar.
Platon hesab edirdi ki, dövlət üç təbəqədən ibarət olmalıdır. Hökmdar və filosoflardan, hərbiçilər və əkinçilərdən, sənətkar və tacirlərdən. Bu təbəqələrin mənəvi təbiətləri müxtəlif olduğundan onlar dövlət işlərində də müxtəlif işləri yerinə yetirəcəklər. Əmək bölgüsünə, xüsusən ixtisaslaşmaya böyük əhəmiyyət verən Platon göstərirdi ki, cəmiyyətdə müxtəlif kəmiyyətli tələbatlar fəaliyyət göstərdiyindən, hətta bir adamın tələbatının ödənilməsi üçün çoxnövlü əmək tətbiq etmək lazımdır. Beləliklə, o, belə qənaətə gəlirdi ki, əmək bölgüsü cəmiyyətdə adamların biri-biri ilə əlaqəyə girməsinə səbəb olur. Belə əlaqə şəraitində müxtəlif tələbatlarla, ayrıca bir adamın məhdud qabiliyyəti arasındakı ziddiyyəti həll edir.
Öz sinfi mövqeyindən çıxış edən Platon göstərirdi ki, filosof və hərbiçiləri məhsuldar əməkdən azad etmək lazımdır. Bu işə yalnız qullar, sənətkarlar, kəndlilər cəlb olunmalıdır.
Platon əmək bölgüsünün zəruriliyini göstərməklə yanaşı, bu işdə ticarətin rolunu xüsusi qeyd edirdi.
O göstərirdi ki, ticarət ona görə lazımdır ki, o şəhərlər daxilində və şəhərlər arasında əmək bölgüsünə xidmət edir. Pulun mahiyyətini izah etmədən, Platon onun iki funksiyasını, dəyər ölçüsü və tədavülün olduğunu qeyd edirdi. Pulun yalnız mübadilə vasitəsi olduğu qeyd olunurdu.
Dövlətin sabit inkişafını, natural təsərrüft ilə əlaqələndirən Platon göstərirdi ki, yalnız quldarlığı saxlamaqla, yeni şəhərlər salmaqla nail olmaq olar. Dövlət quruculuğu ilə əlaqədar olan"Qanunlar" əsərində o, şəhər-dövlət işinin başlanğıcını, təbii-coğrafi mühitlə əlaqəsini, şəhərsalma işini, eləcə də, orada əhalinin əmlaka görə yerləşdirilməsi qaydalarını göstərirdi. Belə ki, yerləşdirilən əhaliyə verilən torpaq payı ilə əlaqədar 4 əmlakın inkişafı mövcudluğu qeyd olunurdu. Əmlakın azalıb-çoxalması ilə əlaqədar bir sinif digər sinfə keçirilməlidir.
Xüsusən əmlakın çoxalmasına dövlət nəzarətinin gücləndirilməsi qeyd olunurdu. Əgər əmlak mövcud payın dəyərindən 4 dəfə çox olarsa, onda əlavə əmlak dövlətə və ya allah hesab olunan hökmdara verilməlidir.
Belə şəraitdə varlı nə kasıb olacaq, nə də deməli, vətəndaşlar arasında ciddi narazılıqlar baş verməyəcək.
Dövlətin iqtisadi inkişafını aqrar bölmə ilə əlaqələndirən Platon qeyd edirdi ki, əldə olunan məhsullar 12 hissəyə bölünməlidir. Hər 12 hissə isə 3 hissəyə bölünməlidir. Bir hissə azad adamlar üçün, digər hissə qullar üçün, üçüncü hissə isə xaricilərə satılmaq üçün nəzərdə tutulmalıdır.
Platon öz dövlət layihəsində faizlə borcun verilməsini, kreditlə mal alınmasını qadağan edirdi. Zəruri olmayan malların idxalını, dövlətə lazım olan malların ixracını vacib hesab edirdi. Bir gündə bir məhsula iki qiymətin qoyulmasını qadağan edirdi. Xırda ticarətin fəaliyyətini Platon yalnız anadan olmuş torpaq sahibləri üçün zəruri hesab edirdi.
Platon iqtisadi inkişafın meyarının, ciddi və vaxtında yerinə-yetirilən qanunlardan ibarət olduğunu göstərirdi.
Dövləti torpağın ali mülkiyyətçisi hesab edən Platon, göstərirdi ki, dövlət torpaq paylarını bölür, kollektiv istehlakı təmin etməklə, natural təsərrüfatın inkişafını tənzimləşdirir. Bununla yanaşı o, xüsusi mülkiyyəti toxunulmaz elan edir. Bu əsasdan da o, cəmiyyət üzvlərinin bərabərliyini təmin etməyi və vətəndaşların dövlətə tabe olma ruhunda tərbiyə olunmasını tövsiyə edirdi.
Antik dövrün iqtisadi problemlərinə dair ən mütərəqqi fikirlər irəli sürən Aristotel, dünya elminin korifeylərindən hesab olunur. Aristoteldir. Məntiqi elmi yaradıcılığa əsaslanan, cəmiyyətdə baş verən sosial-siyasi, mədəni-iqtisadi dəyişikliklərin əsasında duran əsas prinsipləri Aristotel açıb göstərmişdir. Elm aləmində dahi Platonun şagirdi, qədim dünyanın bənzərsiz sərkərdəsi Makedoniyalı İsgəndərin müəllimi kimi tanınan Aristotel, quldarlıq quruluşunun iqtisadi sistemini şərh edən ilk iqtisadçı hesab olunur.
Bu da təsadüfi deyildir. Çünki o, "Siyasət", "Afina siyasəti" əsərlərində adamların faydalı fəaliyyətini və nemətlər əldə olunmasına görə onların davranış qaydalarını təhlil edə bilmişdir.
Aristotelin iqtisadi görüşləri elə dövrdə foprmalaşmışdır ki, həmin şəraitdə quldarlıq cəmiyyəti dərin böhranlara, polisey dövlət qurumu tənəzzülə məruz qalmışdır.
Quldarlığın ilkin olaraq, iqtisadi xarakteristikasını vermiş Aristotel göstərirdi ki, nə istehsal, nə də ki, insan həyatının özü qulsuz keçinə bilməz.
Qulları danışan və çevik əmək aləti hesab edən Aristotel, onları mülkiyyət obyekti sayırdı. Bununla əlaqədar olaraq meydana gələn iki fəaliyyət növünü fərqləndirməyi tövsiyə edirdi. Biri aktiv fəaliyyət kimi istehlakdan ibarətdir ki, onlar zəruri yaşayış vasitələrinin yaradılmasını tələb edir. İkinci fəaliyyət növü isə qul əməyidir ki, o da zəruri yaşayış vasitələrinin istehsalına yönəldilir. Məhz bu baxımdan da Aristotel hesab edirdi ki, sərvət, nemət əldə etmək istəyən hər bir kəs mütləq qul əməyindən istifadə etməlidir. Qul əməyi və ona hökm vermək "təbiətin ümumi qanunu" kimi, "qarşılıqlı özünüsaxlamaq" prinsipindən irəli gəldiyini göstərən Aristotel sübut edirdi ki, hətta adamlar hüquqi baxımdan azad olsalar belə, müəyyən fiziki işlər yerinə yetirəndə onlar qula çevrilirlər.
Fiziki əməyin cəmiyyətin sosial həyatında daşıdığı mahiyyətdən asılı olmayaraq, onun hər cür sərvətin, nemətin mənbəyi olduğunu Aristotel qeyd etməklə, bu, iqtisadi fikir tarixində böyük elmi xidmət kimi qiymətləndirilir. Aydındır ki, o dövrün iqtisadi inkişaf qanunauyğunluqlarından irəli gələn elmi müddəalar, heç də müasir iqtisadi təfəkkür baxımından birmənalı qəbul edilə bilməz. Lakin o dövrdə gətirilən təhlillər, müxtəlif mülahizələr tarixi-məntiqi səpkidə qiymətləndirilməlidir.
Aristotel qulu gəlir gətirən əmlak hesalb edirdi. Çünki bir halda ki, qul quldarın mülkiyyətində idi, onun əməyinin nəticəsi də quldar tərəfindən mənimsənilməli idi. Beləliklə, quldarlıq insanla əşya arasındakı həddi silmiş, nemət yaradan əmək hər cür azadlıqdan məhrum edilmişdir. Aristotel göstərirdi ki, hər cür ağır fiziki işləri qullar görməlidirlər. Fiziki işlərdən azad olanlar isə dövlət işləri ilə məşğul olmalıdırlar.
Nemətdən istifadə olunması üsulunu tədqiq edən Aristotel əmtəənin iki tərəfini -istehlak və mübadilə dəyərini təhlil edir.
İstehlak dəyəri kimi istifadə olunan neməti Aristotel "təbii, mubadilə dəyəri kimi istifadə olunan neməti "qeyri-təbii" proses kimi xarakterizə edirdi.
İqtisadi zəruriyyət kimi nəzərdə tutulan ehtiyac, Aristotelə görə adamları bir-biri ilə bağlı edir. Tarixi inkişafla, əmək bölgüsü ilə əlaqədar olaraq meydana gələn maddi nemətlərin mübadilə olunması zəruriliyini göstərən Aristotel ticarətin meydana gəlməsini və inkişafını tədqiq edir.
Mübadilənin və ticarətin iqtisadi zəruriliyini və onun dövlətin əmələ gəlməsindəki rolunu şərh edən Aristotel qeyd edirdi ki, belə proses mənfəət əldə etmək üçün labüddür.
Mübadilə qanunlarının mahiyyətini aşkarlamağa cəhd göstərən Aristotel qeyd edirdi ki, mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsi prosesi baş verir. Mübadilə prosesinin inkişafı ilə əlaqədar meydana gələn pulun mənşəyini təsadüfi saymır və qeyd edirdi ki, "mübadilə ticarətin zəruriliyi ilə pul meydana gəlir". Pulun əmtəə mənşəyini və dəyər ölçüsünü, tədavül funksiyalarını aşkar edən Aristotel, onun təbii mahiyyətini açmaqla, sözün əsl mənasında dəyər formalarının ilk tədqiqatçısına çevrilmişdir.
Aristotel hesab edirdi ki, əmtəələr özü-özlüyündə ölçülməklə, lakin pul vasitəsi ilə bu prosesə daxil ola bilərlər. Çünki bu praktiki tələbatla əlaqədardır. Bununla da o, pulun dəyər ölçüsü funksiyasını qeyd etmişdir. O göstərirdi ki, əgər əmtəələr pulla ölçülərsə, deməli, onlarda bir bərabərlik mövcuddur.
Bu bərabərləşmənin ümumi bir əsasının olduğunu dərk edən Aristotel, onun mənbəyini tapa bilməsə də, lakin gələcəkdə mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsinin əsasının ictimai zəruri əməkdən ibarət olunması kəşfinin əsasını qoydu.
Bundan əlavə Aristotel əməkdə bərabərliyin axtarılmasını mənasız hesab edirdisə də, lakin istehsal xərclərində xüsusi əməyə qiymət verirdi.
Ev və dövlət üçün nemətlər əldə olunması üçün təsərrüfatçılıq fəaliyyətinə xüsusi qiymət verən Aristotel qeyd edirdi ki, belə formadakı fəaliyyət "iqtisadiyyat"dır. Lakin varidat, sərvət əldə etmək, xüsusən onun pul formasında toplanması fəaliyyəti isə xrematistikadır.
Xrematistikaya əmlak, mülk mənasını verən Aristotel onu iqtisadiyyatla müqayisə etməklə, bu anlayışların təbii tarixi rolunu müəyyən etməyə cəhd göstərir.
Bununla da o, ilk dəfə olaraq pulun tədavül vasitəsi kimi rolu ilə sahibkar üçün yeni pul əmələ gətirən pul rolunu fərqləndirir. Beləliklə də göstərir ki, iqtisadiyyat nəzərə çarpmadan, lakin zəruri şəkildə xrematistikaya, yəni əmlaka, mülkə çevrilir.
Antik dünyada ticarətin və sələmin istər iqtisadi fəaliyyətdə, istərsə də xrematistik fəaliyyətdəki rolunu nəzərə alan Aristotel qeyd edirdi ki,"...ticarət fəaliyyətində özünü göstərən sərvət toplamaq məqsədə çatmaqda heç bir zaman son hədd olmur, ona görə ki, burada məqsəd hədsiz sərvət toplamaq və pula sahib olmaqdan ibarətdir. Pul dövriyyəsi ilə məşğul olanların hamısı öz kapitallarını hədsiz dərəcədə artırmağa çalışırlar". Beləliklə də "iqtisadiyyata" təbii, xrematistikaya qeyri-təbii münasibət bəsləyən Aristotel göstərirdi ki, nemətlərin bölgüsü "ədalət" prinsipinə görə həyata keçirilməlidir. Daha doğrusu, belə ədalətli bölgü "ləyaqətə görə", adamların cəmiyyətdə və dövlət işlərində tutduğu mövqeyə görə aparılmalıdır.
Aristotelə görə əmlak fərqi saxlanılmalıdır. Lakin o, nə həddən artıq varlanmağa, nə də ki, kasıblığa səbəb olmamalıdır.
Aristotelin iqtisadi fikirləri demək olar ki, əsrlər boyu görkəmli filosofların, cəmiyyət həyatı ilə məşğul olan alimlərin daim diqqət mərkəzində olmuşdur.
İqtisadiyyat elmi bir sistem kimi tətbiq olunmasından başlayaraq, hal-hazırkı dövrə qədər, Aristotelin bir sıra ideyalarını inkişaf etdirmiş, onun elmi təfəkkürün formalaşması üçün daşıdığı əhəmiyyət xüsusi qeyd edilmişdir.
Qədim Yunanıstanda iqtisadi fikrin formalaşması və olduqca yetkin səviyyədə qalxması hər şeydən əvvəl icma quruluşunun dağılması, quldarlığın inkişaf etməsi, bu zəmində polis dövlət quruluşunun əmələ gəlməsi və ziddiyyətlərin kəskinləşməsi ilə əlaqələndirmək lazımdır. Digər tərəfdən dövrün görkəmli korifeylərinin quldarlıq quruluşuna haqq qazandırması, belə şəraitə uyğun "ədalətli" həyat tərzinin formalaşması prinsiplərinin müəyyən edilməsi, qul əməyinin hər cür sərvətin mənbəyinin təşkil olunmasının əsaslandırılması iqtisadi fikrinin inkişafına səbəb olmuşdur.
Bundan əlavə şəhərlərin inkişafı, onunla əlaqədar olaraq əkinçiliyin, sənətkarlığın, ticarətin inkişaf etməsi, əmək bölgüsünün əhəmiyyətinin düzgün qiymətləndirilməsi iqtisadi fikrin yetkinləşməsinə səbəb olmuş, iqtisadi proseslərin aparılmasının ilkin nəzəri istiqamətlərinin verilməsinə şərait yaratmışdır.