Dirilərin qəbri haqqında hekayə

Dirilərin qəbri haqqında hekayə

Bir cavan ağı deyə-deyə atasını son mənzilə yola salırdı:

— Niyə bu gözəl ev-eşiyini atıb döşəməsiz-xalçasız bir evə gedirsən, ata? Bu işıqlı dünyanı qoyub əbədi qaranlığa, əbədi sıxlığa, boğanağa nədən ötrü gedirsən? Orda dörd yanın daş-torpaq olacaq, plov nədi, heç bir dilim çörək, bir əlcə yuxa da tapmayacaqsan.

Orda qaranlığı dağıdan çırağın da olmayacaq, işıq alıb işıq göndərən pəncərən də olmayacaq. O qapısız-pəncərəsiz, damsız-divarsız evdə qonşuların da eşitməyəcəklər səni. Orda bir içim su da tapmayacaqsan. Orda gözəlliyin köhnə paltar kimi əynindən çıxacaq…

Beləcə sadalaya-sadalaya oğul dizinə döyüb ağlayırdı. Atasıyla birgə başsağlığı verməyə gələn Cuxa oğlanın ağısını eşidib bərk həyəcanlandı, qorxa-qorxa atasına pıçıldadı:

— Allaha and olsun, bu ölünü bizim evə aparacaqlar!

— Kəs səsini, axmaq! — atası acıqlandı.

— Bu oğlan axı bayaqdan bizim evin əlamətlərini sadalayır, ata! Döşəməsiz-xalçasız… plov nədi, bir dilim çörəksiz, bir əlcə yuxasız. Görərsən, indi bu ölünü bizim evə aparacaqlar…
O evə ki, hansı günahlarımıza görə isə bu dünyanı bizim qəbrimizə döndərib! 

Cəlaləddin Rumi 
«Məsnəvi»dən hekayələr
Top