Dahi şairimiz Nizami Gəncəvinin (1141 -1209) çağdaşı olan Əbu-Bəkr ibn Xosrov əl-Ustadın farsca yazdığı məşhur "Munisnamə" kitabından seçmələri oxucuların diqqətinə təqdim edirəm.
▪ Bu dünyanın ən qayğısız və bəxtəvər adamı - fani dünyadakı xeyirxah əməlləriylə bəri basdan özünə axirət dünyasında yer hazırlayandır.
▪ Xoşbəxt adam odur ki, dindar olmaqla başqalarına nisbətən daha az günah işləyir.
▪ Ən mömin adam - Allahın yasaqladığı şeylərdən imtina edəndir.
▪ Möminlik - ilk növbədə mərhəmətli olmaqdır.
▪ Mərhəmət - əlinin əməyi ilə yaşamaq, xoş niyyətlər bəsləmək, vicdanlı və insaflı olmaqdır.
▪ İnsaf - insanın özünə layiq bilmədiyi şeyləri başqasına da rəva görməməsidir.
▪ Yaramaz adam - özünə xeyir, başqasına isə şər və yamanlıq arzulayandır.
▪ Pis əməllərə qol qoyan, yalan danışan və israfa yol verən adam - alçaqdır.
▪ İsrafçı adam – ayağını yorğanına görə uzatmayan, öz imkanlarından artığına can atan kəsdir. Belələri bu gün fani dünyadan dördəlli yapışdıqları üçün axirət barədə düşünməyə vaxt tapmırlar.
▪ Ən yaxşı adam - öz kamalıyla həm özünə, həm də başqalarına xeyir gətirəndir.
▪ Kamallı adam - bir hərəkəti etməmişdən, bir addımı atmamışdan öncə onun nəticələrini görəndir.
▪ İnsanın ən böyük düşməni - onun tükənməz tamahı və həris duyğularıdır.
▪ Tamahın və hərisliyin düşməni isə - aza qane-olmaq, şükürlülük və hər şeydən məhrum olanda belə sevinə bilmə qabiliyyətidir.
▪ Aza qane olmaq və şükürlülük - səbirdir.
▪ Ən ağıllı adam - müdriklik və uzaqgörənliyə sahib kəsdir.
▪ İnsanlarda ən tərifəlayiq cəhət - müdrik və təcrübəli insanlarla məsləhətləşmək mərifətidir.
▪ Məğlub olmuş düşmənə sayğı ilə yanaşmaq - insan övladı üçün ən böyük ləyaqət sayılır.
▪ Bəşəriyyətə cəsur döyüşçüdənsə, dərin zəka sahibi alim daha çox xeyir gətirir. Alimlərin isə ən xeyirlisi - öz elmini həyata tətbiq etməklə onun gerçək bəhərini görəndir.
▪ Ən ədalətli şah - ədalətli olmaqla yanaşı, müdrikləri nadanlara, yoxsulları zənginlərə möhtac etməyəndir. Öz hakimiyyətinin ömrünü uzatmaq istəyən şah öz rəiyyətinə qahmar çıxmalı və imkan daxilində haqqı nahaqqın ayağına verməməlidir. O, haqqı tapdalanan hər kəs üçün cavabdehlik daşıyır.
▪ İnsanın Yaradan qarşısında ən böyük borcu - bəxş etdiyi sonsuz nemətlər qarşılığı hər an ona tapınmasıdır.
▪ Bekar vaxt keçirmək və qumar insanı ölümün ağuşuna çəkdiyi halda, xeyirxah əməllər, faydalı əmək və xeyirli övladlar insanı ölümsüzlüyə qovuşdurar.
▪ Abır-həyanı qorumaq - imanın ən önəmli tərkib hissələrindəndir.
▪ Ən bəxtəvər insan - başqalarının yanlışlarından özü üçün faydalı nəticələr çıxarandır.
▪ İnsanın ən böyük nöqsanı - öz eyiblərini görməməzliyə vuraraq, oturub-durub başqalarının əyər-əksiklərindən söz açmasıdır.
▪ Dərin zəka ilə böyük var-dövlət, sonsuz sərvət əldə etmək mümkün olsa da, heç bir maddi zənginliklə müdrik zəka qazanmaq olmaz.
▪ Ləyaqətsiz şöhrət sahibi olmaqdansa heç tanınmamaq daha üstündür.
▪ Şükranlıq hissindən uzaq olan birisinin firavan həyatı qısa sürər.
▪ Yalan əvvəl-axır öz arxasınca digər şərəfsizlikləri də gətirər.
▪ Xeyirsiz övlad sahibi olmaqdansa, sonsuz olmaq yüz qat yaxşıdır.
▪ Yamanlıq və şər toxumlarının xeyirli meyvələr gətirəcəyinə boşuna bel bağlama.