Ağız qoxusu fizioloji və patoloji ola bilər. Fizioloji ağız qoxusu hər kəsin ağzında olan gündəlik bakteriyaların yığılması nəticəsində yaranan qoxudur.
Patoloji ağız qoxusu isə ətrafdan hiss ediləcək dərəcədə olur. Ağız qoxusu lokal və sistemik xəstəliklər səbəbiylə də ortaya çıxır. Ağızdakı çürük dişlər, plomblar, köhnəlmiş örtmələr, dil üzərində yığılmış mikroorqanizmlər və yaranan faringit lokal səbəblərə aiddir.
Bağırsaq, mədə, qaraciyər xəstəliklərindən yaranan ağız qoxusu sistemik səbəblərə aiddir.
Türkiyəli mütəxəssis Ahu Alçının sözlərinə görə ağız qoxusu şikayətiylə gələn xəstələrə ilk öncə gigiyena təhsili verilməlidir. Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən ağızda pis qoxudan qurtulmaq olar. Bunun üçün dişlərə xüsusi qulluq etmək, dişarasında olan qida qalıqlarını və dili təmizləmək vacibdir.
Çoxlu su içmək ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteriyiların yuyulub aparılmasına kömək edir. Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olmaq da lazımdır. Gün ərzində nanəli konfetlərdən istifadə etmək ağızda yaranan pis qoxunun qarşısını alır. Bəzi xəstələr qarqara və nanəli şəkər ilə ağız qoxusunu tam həll edə bilmirlər. Qarqara təsiri keçdiyində ağızdakı qoxu davam edir. Bu istiqamətdə ağız qoxusunu qarşısını almaqda şəkərsiz saqqızdan istifadə etmək olar.