Dinlərin dilləri

Dinlərin dilləri

Hər bir dinin təzahürü, bu və ya digər şəkildə (və miqyasda) təbliği və yayılması  kifayət qədər mürəkkəb dil proseslərilə  müşayiət olunmuşdur. Əlbəttə, dinin dili bizim «insanlar arasında ən mühüm ünsiyyət  vasitəsi» kimi tanıdığımız adi dildən xeyli fərqlənir. Və əsas  fərq də ondan ibarətdir ki, bu  dil ali üslubi xarakteri (və strukturu) etibarilə fövqəladə (eyni zamanda heç bir  polemikaya gəlməyən) müqəddəs metafizik izharın dili olub bir- biri ilə sıx bağlı  zəngin simvolik- obrazlı mühakimələr sistemindən ibarətdir.
İlk dinlər, tamamilə təbiidir ki, ilk inkişaf etmiş  dillərin formalaşdığı məkan (və  zaman)larda meydana gəlmişdir. Bu isə  o deməkdir ki, müqəddəs metafizik izhar üçün  eyni səviyyədə mükəmməl dil materialı  tələb olunur. Və dini təfəkkürün  təcrübəsindən, yaxud ifadə sınağından bu və ya digər dərəcədə çıxmış dillər, heç şübhə yoxdur ki, dünyanın ən mükəmməl dilləri olmuşdur.
Qədim Şumer, hind, yunan, roman (latın), İran, Çin, yəhudi, ərəb, türk, slavyan… dilləri  bəşər övladının Tanrı axtarışlarının doğurduğu təfəkkür  enerjisinin təzahürləri olan elə ilahi ünsiyyət  texnologiyaları (mətnlər) yaratmışdır ki,  intellektual inkişafın bugünkü səviyyəsində belə, böyük heyrət doğurur.  Heç də hər bir qədim xalq Tanrı axtarıcılığının məhsuldar (və kütləvi) dövründə, məsələn, «Bibliya», yaxud «Quran» kimi  möhtəşəm kitablar yaratmamış, yaxud Konfutsi, Budda, Musa, İsa, Məhəmməd kimi dünyaya hər mənada harmoniya gətirmiş dühalar yetirməmişdir; lakin tarixdə elə bir xalq olmamışdır ki,  Tanrı ilə ünsiyyətə, onunla dil tapmağa cəhd etməsin. Və bu cəhdlər hər bir xalqın şifahi  mifoloji mətnlərində, nağıllarında, dastanlarında, dualarında, alqış və qarğışlarında, ümumiyyətlə, «ibtidai din»in hər  bir təzahüründə mövcuddur.
Dil dini təfəkkürün — «izhar»ın ifadəsi kimi, əlbəttə, özünün ən yüksək səviyyəsinə yüksəlmiş olur ki,  bunu dünyanın bütün böyük şairləri, yazıçıları, mütəfəkkirləri etiraf etmiş, onların ən nəhəngləri məhz dini (ilahi!) mətnləri yaradıcılıq  uğurları üçün örnək almışlar.
Bu da bir həqiqətdir ki, həm Şərqdə, həm də Qərbdə — həm müsəlman, həm də xristian  İntibahının görkəmli nümayəndələri dünyanın o dillərini öyrənməyə xüsusi ehtiyac duymuşlar ki, həmin dillərdə məhz  ilahi izharın mükəmməl mətnləri (və həmin mətnlərdə heç bir müzakirəyə gəlməyən universal, transmilli «bilik»lər!) əks olunmuşdur.
Qədim Şumer mətnlərində, eləcə də «Gilqamış» və ya «Bilqamıs» kimi tanınan dastanda dini motivlər kifayət qədər zəngin olsa da, bunlar «ilahi izhar», mükəmməl teoloji mətn səviyyəsinə yüksəlməyib, yalnız mifoloji təəssüratlarla məhdudlaşdığına görə  tarixin fövqünə qalxa  bilməmişdir. Odur ki,  müasir elmdə  çox populyar olan «tarix Şumerdən başlayır» (N.Kramer) təsəvvürü bu məsələdə özünü o qədər də doğrultmur.  Lakin sonrakı dövrlərin dini mətnlərinə bir sıra süjet, obraz və motivlərin e.ə. V- III minilliklərə aid Şumer (Mesopotamiya) kitabələrindən (və genotipologiyası ilə yanaşı, taleyi də mübahisəli olan Şumer dilindən) gəldiyi ciddi şübhə doğurmur.
Qədim hind dili (və müasir hind- Avropa dillərinin klassik ədəbi əcdadı) olan sanskritdə təzahür etmiş induizm dünyanın bizə məlum olan ən qədim dinlərindən biri, hətta  demək olar ki, birincisidir. Bu dinin əsas  ideologiyalarının, kanonlarının yazılı mənbələri kimi «Veda»lar (sanskritcə «Bilik»lər) çıxış edir ki, onların e.ə. III- II minilliklərə aid olduğu güman edilir. Sonralar yazıya alınmış «Veda»lar yeni dövrdən dünyanın müxtəlif dillərinə tərcümə olunsa da, induizm ibadətləri məhz sanskritdə aparılır.
Qədim hind eposları «Mahabharata» (e.ə. IV əsr — b.e. IV əsri) və «Ramayana» (e.ə. II əsr — b.e. II əsri)  da sanskritcədir.
Məhz dini mətnlərin, eləcə də ideya- məzmunca dini dünyagörüşü (induizm) ilə sıx bağlı olan eposların sayəsində özünün ən yüksək ifadə səviyyəsinə  yüksəlmiş sanskrit XIX əsrin əvvəllərindən etibarən müqayisəli- tarixi dilçiliyin olduqca  məhsuldar bir tədqiqat metodu (və elm!) kimi meydana çıxıb məşhurlaşmasında elə dəyərli mənbə- obyekt oldu ki, onsuz  hind- Avropa dillərinin geneoloji şəcərəsini bu  mükəmməlikdə «tərtib etmək» mümkün deyildi.
Və onu da qeyd eləmək lazımdır ki,  qədim dünya dilçiliyi ədəbi (və müqəddəs) dil olan  sanskriti xalq danışıq dillərinin qeyri- ədəbi təsirindən  qorumaq məqsədilə meydana çıxmışdı.
Qədim Hindistanda sanskritlə yanaşı, eyni mənşəli xalq danışıq dilləri prakrit və pali də mövcud idi.
Buddizmin dili pali olmuş, lakin geniş yayıldıqca induizmlə ideoloji kontaktlar nəticəsində sanskrit dilinə  məxsus bir sıra dini terminləri də  qəbul etmişdir.
E.ə. I minillyin ortalarında Hindistanın şimalında meydana  çıxan buddizm çox keçmədən həm bütün ölkəyə yayılır, həm də onun hüdudlarını aşıb Mərkəzi Asiya, Sibir, Çin, Tibet, Yaponiya, Koreya, İndoneziya kimi uzaq məmləkətlərdə məşhurlaşır. İnduizmdən fərqli olaraq buddizmin pali dilindəki əvvəl şifahi, sonra isə yazılı mətnləri məşhurlaşdığı  məmləkətlərdə müxtəlif dillərə — Çin, Tibet, türk, yapon, Koreya, İndoneziya dillərinə tərcümə  edilir. Hətta bu  özünü buddaların (tanrıların) adında da göstərir: məsələn, ən məşhur buddalardan Avalokiteşvara Tibetdə Çenreziq, Çində Quan-in, Yaponiyada isə Kannon olurlar.
Qədim dövrlərdən başlayaraq Çində geniş yayılan üç əsas din — konfutsilik,buddizm və daosizm Çin dilinin inkişafına əhəmiyyətli təsir göstərdiyi kimi, bu gün də göstərməkdədir. Konfutsinin (Kun Fu — Szının — e.ə.551- 479) tərtib etdiyi «Lun- yuy» («Söhbətlər») kitabı, buddizm kanonlarının Çin dilinə tərcümələri, daosizmin (taoizmin) banisi sayılan əfsanəvi müdrik Lao- Szıya aid edilən (və ilk Orta əsrlərdə xüsusi nüfuz qazanıb geniş yayılan) «Dao de szin» ("Üsullar və  onların gücü barədə kitab")  və eləcə də digər çoxsaylı dini mənbələr eyni zamanda Çin dilinin elə bir tarixi (və müasir!) sərvətidir ki, yüz illər boyu şərh (və sərf) edilsələr də, öz sirlərini  heç zaman sona qədər açmamışlar.
Dini mətnlər və ya başqa sözlə dinlərin dilləri yalnız yazılı şəkildə deyil, şifahi formada da yayılır. Məsələn, Qərbi Afrika (ən çox Nigeriya) mənşəli  yoruba dini özünün ən müxtəlif təzahürlərində XVII əsrdən  etibarən Amerikada (xüsusilə Braziliyada, Kubada)  oraya aparılan qullar — ucuz işçi qüvvəsi vasitəsilə məhz şifahi formada böyük miqyas almışdır. İnananlarının (və ibadət edənlərinin) ümumi sayı on milyonlarla hesablanan yoruba bu günə qədər yazıya ehtiyac hiss etməmişdir.
Halbuki iudaizm e.ə. 586- cı ildə Yerusəlim məbədi dağılandan sonra diqqəti yəhudi Bibliyası mətnlərinin oxunub şərh edilməsinə verməli olduğuna görə ənənəvi olaraq yazı ilə bilavasitə bağlıdır.
Yəhudi Bibliyasına — Tövrata (yəhudilər onu «TaNaX» adlandırırlar) Musadan — Moiseydən qalan beş kitabla yanaşı, eramızın ilk əsrlərinə aid «Talmud»lar, hətta onların şərhləri daxildir ki, bu şərhlərdə yəhudi xarakterindən irəli gələn «polemizm» olduqca güclüdür.  Və məşhur yəhudi atalar sözündə təsadüfən deyilmir ki, «yəhudilərin hətta mübahisələri də Tövratdır».
Ümumiyyətlə, şifahi dillə yazılı dilin bu qədər yaxın olması, yazılı  nitqdən şifahi nitqə və əksinə, bu qədər rahat keçilməsi iudaizmin «dil fəlsəfəsi»ni digər dinlərdən xeyli dərəcədə fərqləndirir. Yazıya canlılıq verdiyi kimi, şifahi nitqi də  kanonlaşdıraraq, artıq  (əhəmiyyətsiz) təfərrüat və ya təfsilata imkan vermir. Və bu gün yəhudilər «TaNaX»ın yazılı Tövratı qədər də Talmudun iudaizm yaddaşının şedevri sayılan şifahi Tövratına əsaslanırlar.
Qədim yəhudi dilinin (ivritin) iki min beş yüz il ərzində dünyanın müxtəlif coğrafiyalarına dağılmağa məcbur olmuş yəhudilərin  etnik-mənəvi birliyinin qorunub saxlanmasında rolu iudaizm qədər önəmli olmuşdur. Odur ki, müasir dövrdə bir sıra reformist iudaizm ideoloqlarının yəhudilərin dünyaya inteqrasiyasını təmin  etmək məqsədilə ibadətlərin onların yaşadıqları ölkələrin dilində aparılması təklifləri ciddi etirazla qarşılanır.
Məlumdur ki, xristianlığın əsasları iudaizmdən gəlir. Və yunanca olan ilk xristian mətnləri yəhudəcədən (ivritdən) «tərcümə» və  ya təbdil olaraq meydana çıxmışdır. Yunanların xristianlığı qəbul etməsilə Bibliya Homerin,  Sokratın,  Platonun, Aristotelin… dilində  danışmağa başlamışdır…
XIII əsrdə «latın»larla «yunan»ların kilsə siyasəti ilə bağlı mübahisələri xristianlığın iki qola — katoliklərlə pravoslavlara ayrılmasına gətirib çıxardı… Pravoslavlar «Bibliya»nın yunanca katoliklər isə latınca mətnini əsas alsalar da, xristianlıq bu dini qəbul edəcək  xalqların dillərinin inkişafına təkan verən çox əhəmiyyətli bir ənənənin əsasını qoydu: müqəddəs mətnlər müxtəlif dillərə tərcümə olunmağa başladı.
«Bibliya»nın son səhifələrində aydın şəkildə  göstərilir ki, İsus Xristosun bilavasitə  şagirdləri — apostol və ya həvariləri onun göylərə çəkilməsindən sonra xristianlığı yaymaq üçün dünyanın müxtəlif ölkələrinə ilk  missioner səfərlərinə çıxdılar. Və istər bu, istərsə də sonrakı səfərlərdə xristianlığın  təbliği yerli xalqlara (və dillərə) xüsusi diqqətlə, həssaslıqla yanaşılmasını tələb edirdi.
İslam dini dünyaya VII əsrdə gəlmiş, özü ilə ərəb dilini o zamana qədər görünməmiş bir səviyyəyə yüksəltmişdir. Və «Quran»ın  dili həm müxtəlif  ərəb dialektlərində danışan ərəblər arasında ədəbi dil olaraq möhkəmlənmiş, həm də xüsusilə bütün Orta əsrlər boyu türklər və  farsların, sözün geniş mənasında, elm dili olmuşdur.
Müsəlman xalqlarının yalnız ərəbcə ibadət etməsi, «Quran»ın başqa dillərə rəsmi   tərcüməsinin yasaqlanması nəticəsində  digər (ərəb olmayan) xalqların dillərinə külli miqdarda ərəb sözləri,  dini, fəlsəfi, elmi, ədəbi və s. terminlər keçmişdir. Və ərəb dilini bilməyən müsəlmanlar «Quran»ın əsas surə və ya ayələrini  əzbərləməklə, tərcümə- şərhlər əsasında mahiyyətini anlamaqla kifayətlənmişlər.
Mütləq əksəriyyəti İslamı qəbul edən türklərin o vaxta qədərki müstəqil Tanrı axtarışlarının tarixi  çox qədimlərdən başlasa (bunu sübut edən kifayət qədər zəngin mifoloji mətnlər bu günə qədər müxtəlif yazılı mənbələrdə,  eləcə də şifahi olaraq qorunub saxlanmışdır) da, tanrıçılığın türklər arasında aparıcı dini dünyagörüşü kimi rəsmi mövqe tutması V- X əsrlərə aiddir. Tonikuk, Kül tiqin, Bilgə xaqan kitabələri Göy türklərin tanrıçılıq inamlarının bütöv bir sistem təşkil etdiyini, cəmiyyətin xüsusilə yuxarı təbəqəsinin dünyagörüşünə çevrildiyini, dövlət idarəçiliyində mühüm ideoloji rol oynadığını göstərir. Və türk inanır ki:
"Üze Kök Tenqri, asra yağız Yir kılındıkda ekin ara kisi oğlu kılınmıs…"
Türk tanrıçılığı türklər arasında məhz türkcə zühur edir. Və tanrıçılıq o dərəcədə mükəmməl  terminologiya ilə təmsil olunur ki, X əsrdə  İslamı qəbul eləyən türklər İslam dini anlayışlarını ərəbcə deyil, tamamilə türkcə ifadə etmək üçün heç bir çətinliklə qarşılaşmırlar. Və təsadüfi  deyil ki, Yusif Balasaqunlunun «Kutadqu bilik» əsərində (XI əsr) ərəbcədən  alınmalara, demək olar ki, rast gəlinmir.
Müxtəlif mənşəli dünya dinlərini — buddizm, iudaizm, xristianlıq və İslamı qəbul etmiş türklər  həmin dinlərin müqəddəs mətnlərini türkcəyə tərcümə etməyə həmişə böyük maraq göstərmişlər.
Beləliklə, dillərin tarixində dinlərin rolu təsəvvür edildiyindən daha  miqyaslı, daha kütləvi və daha ardıcıl  olmuşdur. Və odur ki, din yaradan dillərin xüsusi tarixi statusu vardır… Ona görə də bu dillərdə meydana çıxmış dünyaca məşhur müqəddəs kitabların Azərbaycan dilinə peşəkar tərcümələrinin nə qədər əhəmiyyətli olduğunu sübut etməyə ehtiyac yəqin ki, yoxdur.
 
Müəllif:Nizami Cəfərov, filologiya elmləri doktoru
Top