Hər dəfə meşəyə göbələk yığmağa gedəndə, yaxud dəniz kənarında təmiz hava almağa və ya günəş vannası qəbul etməyə yollananda ətrafda böyük miqdarda plastik əşyalardan ibarət zibilliklərə rast gəlirik.
Bu ürəkbulandıran mənzərələri müşahidələrdən sonra hər dəfə təəccüblənməkdən özümüzü saxlaya bilmirik: bu qədər təbiətə məsuliyyətsiz yanaşmaq olarmı? İstirahətimizə mənfi çalar qatan bu mənzərədən sonra təbiətə etinasız yanaşanları tənbeh etməyə başlayarıq. Amma özümüz də heç düşünmürük ki, plastik qablardan və torbalardan istifadə etməklə təbiətə zərbə endiririk. Çünki plastik qabların tullantı kimi "səyahəti" uzun illər davam edir.
Təbii ki, belə mənzərələr təkcə Azərbaycanda rast gəlmək mümkün deyil. Dünyanın bir çox ölkəsində bu problem aktual mövzu kimi gündəmdən düşmür. Plastik qablar məişətimizə müəyyən yüngüllük gətirsə də, ətraf mühitimizə təhlükə törətməkdə davam edir. Diqqət yetirin: 1 ədəd plastik qabın tam çürüməsi üçün nə az, nə çox, düz 300 il lazımdır. İnsanlarsa ətrafa saysız-hesabsız plastik qablar atmaqdan yorulmaq bilmirlər. Çıxış yolu varmı? Əlbəttə ki, var. İlk yolumuz ekoloji maariflənmə prosesini sürətləndirməkdən ibarətdir. Yəni təbiətlə harmoniya içərisində yaşamağımızı öyrənməliyik. İkinci yol tullantılan təkrar emalındadır. İnkişaf etmiş ölkələrdə zibiliklərin həcminin azaldılmasının yolunu tullantı əşyaların yenidən emal olunmasında görürlər. Avropa ölkələrində bu məsələ artıq öz həllini tapıb. Azərbaycanda da bu məsələ ətrafında müzakirələr gedir. Ümid edirik ki, tikilib istifadəyə veriləcək tullantıların emalı zavodu ekoloji probllemlərin böyük hissəninin həll olunmasında öz müsbət rolunu oynayacaq. E.Rza