Yer kürəmizin çirklənməsində plastik məmulatların payı kifayət qədər çoxdur. İnsanın ətraf mühitə atdığı bütün tullantıların 10%-ini plastik kütlədən hazırlanan əşyalar təşkil edir. Onun parçalanıb yox olması üçün 500 hətta 1000 il gərəkdir. Plastik kütlədən hazırlanan məmulatlara oyuncaqlar, butulkalar, bağlamalar, bazarlıq çantaları, birdəfəlik boşqablar, stəkanlar, şirə borucuqları, birdəfəlik çəngəl-qaşıqlar və daha nələr aiddir. Bütün bu plastik əşyalar ailə daxilində külli miqdarda istifadə edilməkdədir.Hər dəfə meşəyə göbələk yığmağa gedəndə, yaxud dəniz kənarında təmiz hava almağa və ya günəş vannası qəbul etməyə yollananda ətrafda böyük miqdarda plastik əşyalardan ibarət zibilliklərə rast gəlirik.
Bu ürəkbulandıran mənzərələri müşahidələrdən sonra hər dəfə təəccüblənməkdən özümüzü saxlaya bilmirik: bu qədər təbiətə məsuliyyətsiz yanaşmaq olarmı? İstirahətimizə mənfi çalar qatan bu mənzərədən sonra təbiətə etinasız yanaşanları tənbeh etməyə başlayarıq. Amma özümüz də heç düşünmürük ki, plastik qablardan və torbalardan istifadə etməklə təbiətə zərbə endiririk. Çünki plastik qabların tullantı kimi «səyahəti» uzun illər davam edir.