Türk dünyasının görkəmli səyyah və coğrafiyaşünasları

Türk dünyasının görkəmli səyyah və coğrafiyaşünasları

Dünya elm və mədəniyyətində türk xalqlarının rolu olduqca böyükdür. Avrasiyada təqribən 10 mln kv.km ərazidə məskunlaşmış türk xalqları riyaziyyat, həndəsə, kimya, geologiya, astronomiya, coğrafiya və bir sıra başqa elm sahələri üzrə dünya elm xəzinəsinə əvəzsiz tövhələr bəxş etmişlər. Türklər tarixini öz əməlləri ilə yaradan xalqlardan biri olmuşlar. Dediklərimizin Sakit və Atlantik okean suları arasında qalan böyük bir ərazidə türk mənşəli adlar bir daha təsdiq edir. E.ə. V əsrdə Asiyada Hun, III-V əsrlərdə Avropada Hun, IV-X əsrlərdə uyğur, XI-XV əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini yaradan türk xalqları çox təəssüf ki, bu gün bir hissəsini itirməkdədir. Rusiya ərazisində yakutlar, altaylar, dolqan və nenlər, çuvaşlar tədricən din və dillərini itirərək assimilyasiyaya uğramaqdadırlar. Bu proses o cümlədən, Maldovada, Rumıniyada və Bolqarıstanda da getməkdədir.
Digər dövrlərdə olduğu kimi, orta əsrlər dövründə də dünya elm xəzinəsi öz inciləri ilə zənginləşdirən səyyah və coğrafiyaçılarla fəxr etməyə türk xalqlarının haqqı var. Biz isə onların bəziləri haqqında qısa da olsa məlumat verməyi özümüzə borc bilirik.

Əbu Reyhan Biruni (973-1048) - Biruni Orta Asiyada Kət, digər məlumata görə Qəznə şəhərində anadan olub. Türklərin dünya elminə bəxş etdiyi ən məşhur coğrafiyaşünaslarından biridir. Biruni tarix, coğrafiya, riyaziyyat və astronomiya elmlərinə aid 150-dən artıq əsərin müəllifidir. Onun yaradıcılığında ən yüksək keyfiyyətlərdən biri dövrünün bir çox Avropa alimlərindən fərqli olaraq hər şeyi praktik olaraq görməsidir.
Ərəb alimi Yaqut əl-Hərami (XIII əsrdə yaşamışdır) yazır ki, Mərvdəki came məscidi «vəqfnamə»sində Biruninin 60 səhifəlik əsər siyahısını görmüşdür. «Keçmiş nəsillərdən qalan izlər» əsərini yazarkən müxtəlif dillərdə yazılmış mənbələrdən istifadə etməsi onun bir çox dilləri bilməsinin əyani sübutudur. Orta Asiyaya dair yazılmış əsərində Amudərya çayının qədim dövrlərdən bir neçə dəfə yatağının dəyişməsi haqqında məlumat verməsi xüsusi əhəmiyyət kəsb edir. Onun Baltik və Ağ dəniz, Skandinaviya və Sibir xalqları barədə verdiyi məlumatların hansı mənbələrə əsaslanması bu gün də qaranlıq qalmaqdadır. Birunu hündür nöqtədən üfüq xəttinin enmə bucağını ölçməklə Yer çevrəsinin uzunluğunu (41500 km) özündən əvvəlki astranomlardan daha dəqiq hesablamağa nail olmuşdur. Təbiətdə baş verən hadisələri maddi qüvvənin nəticəsi kimi dərk edən Biruniyə görə materiya şeyləri yaradan və onun forma və məzmununu dəyişdirəndir. Əql tərəfindən qəbul və inkar edilən, hindlilərə məxsus elmlərin izahı Biruniyə nəinki Asiyada, hətta Avropada böyük şöhrət qazandırmışdır. Türk dünyasının bu görkəmli alimi Yerin sükunətdə olması fikrinin əksinə çıxaraq hind astranomu Bramaquptanın «Yer hərəkətdə, göylər isə sükunətdədir» nəzəriyyəsini müdafiə edir. Ömər Xəyyam, Nəsirəddin Tusi, Uluqbəy kimi Yaxın və Orta Şərqin bir çox görkəmli alimləri Biruninin elmi əsərlərindən kifayət qədər faydalanmışlar.
Biruninin coğrafi və astronomik bilikləri «Keçmiş nəsillərdən qalan izlər» kitabında öz əksini tapmışdır. Əsərdə gecəgündüzün biri-birini əvəz etməsinin səbəbini izah etməyə çalışmış, ayın şəmsi və qəməri vəziyyətlərinə dair kifayət qədər məlumatlar vermişdir.
«Geogeziya» əsərində coğrafi koordinatların təyin edilmə üsullarını izah etməsi onun zəngin kartoqrafik biliyə malik olması ilə bağlıdır. O, Yerin kürə formasında olmasını Avropa alimlərinin əksəriyyətindən əvvəl qəbul etmiş, ölçülərini isə Eratosfen və dövrünə qədərki ərəb alimlərindən daha dəqiq hesablamışdır.
Biruni polyak alimi Kopernikdən 500 il əvvəl, geosentrik nəzəriyyəni inkar etməklə özünün heliosentrik nəzəriyyəsini irəli sürmüş dərin zəkaya malik bir alimdir. Bu nəzəriyyənin irəli sürülməsi onun astronomiyanı dərindən bilməsinin nəticəsi idi. Heliosentrik nəzəriyyə Ptolomeyin geosentrik nəzəriyyəsinə ən böyük zərbə olmuşdur. Təəssüf ki, hələ də bu nəzəriyyə Kopernikin adı ilə bağlanır. Ilk qlobusu düzəldən Əl-Biruni olmasına baxmayaraq bu gün Martin Behaymın adı ilə bağlanması Biruniyə qarşı son dərəcə ədalətsizlikdir.
Son dərəcə böyük elmi əhəmiyyətə malik olan «Astronomiya və ulduzlara aid məsud cədvəli» əsərində koordinatların triqonometrik yolla hesablama izahını verir. Bu isə Biruninin triqonometriya elmini dərindən bilməsi ilə bağlı olmuşdur.
Naxçıvan, Urmiya, Ərdəbil, Təbriz, Marağa şəhərlərinin koordinatlarının düzgün verilməsi onun bu yerlə yaxından bələd olmasından xəbər verir.
«Qiymətli daşların öyrənilməsi üçün məlumat kitabı» mineralogiya elminə həsr olunmaqla mineralların fiziki və kimyəvi xüsusiyyətlərini səciyyələndirilmişdir. Bir çox dərmanların düzgün hazırlanması və onların müalicə xüsusiyyətləri isə «Formakoqnoziya» əsərində göstərilmişdir.
Yuxarıdakı qeydlərdən göründüyü kimi türk dünyasının özbək alimi Əl-Biruni hərtərəfli biliyə malik orta əsrin görkəmli nümayəndələrindən biridir.

İbn Sina (980-1037) - İbn Sina Əbu Əli Hüseyn Abdullah Buxara yaxınlığında Əfzanak qəsəbəsində 18.VI.980-cı ildə anadan olmuşdur. «Göstərişlər və qeydlər kitabı», «Bilik kitabı», «Ədalət kitabı» kimi məşhur əsərlərin müəllifidir. Ibn Sinaya görə dünyanın yaranması qarşısıalınmaz zərurətin nəticəsidir. O, aləmdə baş verən hadisələrin qanunauğunluqlara tabe olması kimi fəlsəfi fikrini söyləməklə onların səbəbini izah etməyə çalışmışdır. Ibn Sinanın 250-dən artıq əsəri dövrümüzə gəlib çatmışdır. Onun 12-si Azərbaycan EA Əlyazmalar Fondunda saxlanılır. Dünya elminin inkişafında xidmətləri nəzərə alınaraq Buxara və Həmədanda abidəsi ucaldılmışdır.
Nəsrəddin Tusi (1201-1274)- Nəsrəddin Tusi 1201-ci il fevral ayının 18-də, digər məlumatlara görə isə Tuvda anadan olmuşdur. Ilk təhsilini atasından, daha sonra isə Ibn Sinadan almış Tusi hərtərəfli biliyə malik türk dünyasının azərbaycanlı alimidir. O, məşhur riyaziyyatçı, astronom və coğrafiyaşünas olmuşdur. Tusi XVII əsrdə avropalılar tərəfindən aparılan müşahidələrdən daha dəqiqliyi ilə fərqlənmiş, riyazi yolla yerin fırlanmasını hesablamağa nail olmuşdur. O, «Züs Elxani» əsərində 256 şəhərin düzgün koordinatlarını verə bilmişdir. Koordinatlar o qədər dəqiqliklə verilmişdir ki, hətta Xristofor Kolumb üç əsr sonra belə Tusinin hesablama koordinatlarından istifadə etmişdir. «Həndəsənin əsasları», «Şəkkü Qitə», «Təbriz Əl Nəcəsti» əsərləri dünya xəzinəsinin inciləri sayılır.

Piri Rəis (1465-1554) -Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Əslən osmanlı türkü olan Piri Rəis 1465-ci ildəGeliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmetin oğlu olan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinəbaşlamışdır. Əmisinin vəfatından sonra Barbarosun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının, ispanlardan azad olunmasında və Misirin fəth olunmasında iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini başa çatdırmışdır.
Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və «Kitabi Bəhriyyə» əsəri ilə dünyada əvəzolunmaz bir şəxsiyyətə çevrilmişdir.
Məşhur dənizçi-coğrafiyaşünasın tərtib etdiyi xəritələr və kmitab öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir. Əsərin təqdimatında - «Hind və Çin dənizçilərihaqqında heç Kim bu günə qədər Osmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir» kimi deyilən sözlər onun nə dərəcədə əhəmiyyətli olmasına əyani sübutdur.
Piri Rəisin birinci xəritəsində Islandiyanın yuxarısı korlanmış olsa da, Atlantik okeanı, Antil adaları, Amerikanın həmin dövrdə məlum hissələri aydın görünməkdədir.
Piri Rəisin tərtib etdiyi ikinci xəritədə də hazırda Topqarı Sarayı kitabxanasında saxlanılır. 1528-ci ildə hazırlanmış bu xəritə Atlantik okeanın 25o- 90o qərb uzunluğu ilə 10o-90o şimal enlikləri arasındakı xəritələri əhatə edir. Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə öz əksini tapmışdır.
Ikinci xəritə ada və sahillərin birinci xəritəyə nisbətən daha dəqiq çəkilməsi ilə seçilir.
Piri Rəisin tərtib etdiyi Amerikanın xəritəsi 1929-cu ildə ortaya çıxarılmışdır. Bu xəritə orta əsrdə tərtib olunmuşxəritələrdəki bütün nöqsanlardan uzaqdır. Xəritə dünya miqyasında Şimali Amerikanın ilk tərtib olunmuş xəritəsi sayılır. Xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağlarının son dərəcə dəqiqliklə göstərilməsi insanı heyrətə gətirir. Çünki bu dağlar ancaq 1952-ci ildə səsötürücü alətlərdən istifadəedilərəkmüəyyən edilmişdir. Buz altında olan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə qaranlıq qalmaqdadır.
Professor Şarles Hapjood və riyaziyyatçı V.Staşon xəritə üzərində apardıqları tədqiqatlar dünya alimlərində böyük çaşqınlıq yaratmışdır. Çünki, hazırda səmadan çəkilən şəkillərlə xəritə arasında son dərəcə oxşarlığın olması müəyyən edilmişdir. Hətta bəzi tədqiqatçılar xəritənin səmadan çəkilən fotoşəkillərə əsaslandığı nəticəsinə gəlmişlər.
George Katmann 1960-cı ildə «Science et vie» adlı elmi nəşrdə Pirinin tərtib etdiyi xəritə haqqında fikrini aşağıdakı kimi ifadə etmişdir: «Piri Rəisin tərtib etdiyi iki xəritə üzərində araşdırmalar dövrümüzdə mövcud olan dəniz xəritələrindən heç nə ilə fərqlənməməsi insanı heyrətə gətirir».
Peyklərdən alınan fotoşəkillərə əsasən Qrenlandiyanın üç adadan ibarət olması müəyyən edilmişdir. Piri Rəisin xəritəsində isə Qrenlandiyanın üç adadan ibarət olması XVI əsrin birinci yarısında öz əksini tapmışdır.
Möcüzələrlə dolu olan xəritələrin tərtibatında Piri Rəisin nələrə əsaslandığı, nələrdən istifadə etdiyi dünya alimlərini sualla qarşı-qarşıya qoymuşdur.
Araşdırmalar Xristofor Kolumbun Amerikanın varlığını da türk dənizçilərindən öyrəndiyini göstərir. Osmanlı türklərindən yardım istəyən Kolumb Piri Rəisin əmisi Kamal Rəisdən müsbət cavab alaraq xidmətçisi Rodriqonu özünə köməkçi götürmüşdür. Rodriqo müəyyən səbəblərdən adını dəyişdirmiş türk dənizçisi idi. Kolumb səyahətə çıxarkən ilk dəfə qurunu görən də Rodriqo olmuşdur. Xristofor Kolumb isə Hindistana çatdıqlarını guman etmişdir.
Fransız mənşəli D.Şarqot 1928-ci ildə yazdığı «Christophe Colomb vu par un Marian» adlı əsərində Rodriqo Komumb tərəfindən aşağıdakı kimi tanıdılır: «Rodriqo Osmanlı Dəniz Qüvvələrinə mənsub bir kişi idi. Gizli bir din (müsəlman) saxlayırdı. Bunu məndən başqa heç kim bilmirdi. Buna görə də Yeni Dünyanın kəşfi şərəfini rəsmən bir müsəlmana vermək istəmədiyimdən mükafatı ona təqdim etmədim».
Beləliklə, göründüyü kimi, Amerikanın kəşfini Xristofor Kolumbun Adı ilə bağlamaq qəti düzgün fikir deyildir.
Qeyd olunan iki xəritə ilə yanaşı, bu gün də dünya elm xəzinəsinin incilərindən sayılan «Kitab -ül Bəhriyyə» əsəri Piri Rəisə məxsusdur. Kitab 1521-ci ildə yazılmış, 1525-ci ildə daha da təkmilləşdirilərək Sultan Süleymana təqdim edilmişdir. Kitab gəmiçilikdə istifadə olunmaq üçün yazılmış əsərdir. Əsər 1756-cı ildə D.D.Cardome tərəfindən «Le Flanbeau de la Mediterrance» başlığı altda fransız dilinə tərcümə edilmişdir.
«Kitab-ül Bəhriyyə» dənizçilik və dənizçilik qanunları haqqında avropalılardan çox qabaq yazılmış ilk elmi biliklərə əsaslanan dəyərli əsərdir. Kitabın mətni xəritələr də daxil olmaqla 743 səhifədən ibarətdir. Bunun 83 səhifəsini dənizçilər haqqında məlumatlar təşkil edir. Əsərin tərcüməsi Paris Milli kitabxanasında saxlanılır.

Katib Çələbi (1609-1657)- Çələbi dünyəvi elmlərlə, dini elmləri birləşdirməklə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, «Cahannamə» (Dünyanı göstərən) əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və Iraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Çələbi dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur.
«Dünyanın hansı tərəfindən baxırsansa o , kürə kimi görünür» kimi fikir söyləyən Ibrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti (Heliosentrik), Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin «Cahannamə» əsərindən kifayət qədər istifadə etmişdir.

Hacı Zeynalabdin Şirvani (1780-1838) - Şirvaninin həyat və fəaliyyəti Nurəddin Kərəmov (1977) tərəfindən tədqiq edilmişdir. 1780-ci il avqust ayının 16-da Şamaxıda anadan olmuş Şirvani 5 yaşında olarkən Bağdada köçmüşlər. 12 il atasından və ruhanilərdən təhsil almaqla ərəb, fars, türk, daha sonralar hind dillərini öyrənmişdir. Bir müddət Bağdadda təhsil aldıqdan sonra dövlətlər, xalqlar, xalqların adət-ənənələri, məşğuliyyəti haqqında məlumat toplamaq və onu yazılı formada xalqın malı məqsədilə 18 yaşında ikən səyahətə çıxır.
I səyahət Iraqdan başlayaraq, Gilan (Iranda), Pakistan, Hindistan, Banqladeş, Kəraçi, Kəşmir, Bədəşxan, Qərbi Tibet, Pamir, Tyan-Şan, Yarkənd, Kabil, Türküstan, Daşkənd, Buxara, Turan, Xorasanda I səyahətini başa vurur.
II səyahət Şiraz, Bəndər-Albas Limanı, Hörmüz Boğazı, Oman Körfəzi, Bəsr Adaları, Yəmən, Bab-ƏlMəndəb (Göz Yaşı Darvazası deməkdir), Həbəşistan, Sudan, təkrarən Ərəbistan Yarımadası, Ciddə, Məkkə, Mədinə, Hicas, Qırmızı Dəniz, Nil çayının sağ sahili, Qahirə, Sinay yarımadası, Iordaniya, Israil, Fələstin, Livan, Suriya, Iraq
III səyahət Balkan yarımadası, Adriatik və Egey dənizlərindəki adalar, Rumelli (Osmanlı imperatorluğunun Avropa hissəsi), Kiçik Asiya (Anadolu), Azərbaycan, Tehran, Həmədan, Isvahan, Kirman, Şirazla III ekspedisiyanı tamamlayır
IV səyahət Şiraz, Oman körfəzi, Ərəbistan dənizi, Ədən körfəzi, Bab-əl-məndəb boğazı, Qırmızı dəniz,Ciddə
Hacı Zeynalabdin Şirvani ilk dəfə 1796-cı ildə Talış dağlarını keçərək Azərbaycana gəlmişdir. Əsasən Muğan, Ağsu və Şamaxıda bir müddət olmaqla geri qayıtmışdır. Ikinci dəfə Azərbaycana 1826-cı ildə gələrək 6 ay Bakıda qalmış, şəhər və onun ətrafı haqqında kifayət qədər məlumat vermişdir. Quba, Qəbələ, Şəki, Beyləqan, Gəncə, Ağsu, Muğan, Ordubad Gürcüstan istiqamətində səyahətini davam etdirən Şirvani nəhayət Təbrizə qayıdır.
1802-ci ildən başlayaraq 8 il Hindistanda yaşamaqla Hindistan haqqında məlumatlar xəzinəsinə çevrilir.
Mərakeşdən Indoneziyaya qədər 2 okean arasındakı ölkələri gəzməklə gələcəkdə qiymətli əsərlərin yaranması üçün məlumat toplayan səyyah 1838-ci ildə Məkkəyə qayıdarkən vəfat edir, Ciddə şəhərinin Ümmana Həvva şəhər qəbiristanlığında dəfn edilir.
Ömrünün 40 ilini səyahətlərə həsr edən səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, filosof Hacı Zeynəlabdin Şirvani fars dilində yazdığı «Cənnət bağı səyahətləri», «Səyahət bağları», «Ariflər bağı», «Kəşfül-Maarif» əsərləri ilə dünya miqyasında məşhurdur. Bu əsərlərin əlyazmaları London, Paris, Qahirə və Tehran kitabxanalarında saxlanılır.
1783-cü ildə anadan olmuş Hacı Zeynəlabdinin qardaşı Məhəmməd Şirvani də türk dünyasının ən məşhur səyyahlarından biri olmuşdur. O, ömrünün 30 ilini qardaşının olduğu ölkələrə səyahətə həsr etmiş və bu ölkələrin tədqiqi ilə məşğul olmuşdur. Şəxsi müşahidə və tədqiqatlara əsaslanan Məhəmməd Şirvanin «Həqiqətlərin həqiqəti». «Kimyəvi şəfa», «Həyatın başlanğıcı» kimi məşhur əsərləri Berlin, Kabil, London kitabxanalarında saxlanılır.

Abbasqulu Ağa Bakıxanov (1794-1847) - Bakı xanlarının nəslindən olan Bakıxanov 1794-cü ildə iyulun 3-də Qubada anadan olmuşdur. O, Bakı xanı 11 Mirzə Məhəmmədin oğludur. Mükəmməl təhsil almış Bakıxanov fars, ərəb və rus dillərini gözəl bildiyinə görə rus komandanının dəftərxanasında Şərq dilləri mütərcimi təyin olunmuş və general rütbəsinə kimi yüksəlmişdir. 1828-ci ildə Qarabağı öyrənən komissiyanın tərkibində, həmçinin Iranla Rusiya arasında bağlanan Türkmənçay müqaviləsində iştirak etmişdir.
Ömrünün 25 ilini səyahətdə keçirmiş Bakıxanov 1833cü ildə Varşavaya yola düşür. Ukrayna, Baltikyanı ölkələrdə olur. 1834-cü ildə Polşadan geri qayıdarkən Peterburqda, Odessada, Krımda, Tiflisdə, Bakıda və Qubada olmuşdur. 1846-cı ildən müsəlman ölkələrindən Iranda, Ərdəbil, Təbriz, Tehran, Türkiyədə Istanbuldan dəniz vasitəsilə Iskəndəriyyəyə, Qahirəyə səyahət edir. 1846-cı ilin sonunda Məkkəyə gedir və həmin ərəfədə Fatimə vadisində qəflətən vəfat edir.
Astronomiya ilə maraqlanan Bakıxanov qədim yunan və ərəb astronomlarının yazıları ilə tanış olmuş, heliosentrik nəzəriyyənin müdafiə edən «Əsrar ül-Mələkut» əsərini yazmışdır. Onun görkəmli əsərlərindən biri də Amerikanın kəşfinə həsr olunmuş «Kəşfül-qəraib» («Qəribə kəşflər») əsəridir. Azərbaycan və Dağıstanın coğrafi təsvirinə isə «GülüstaniIrəm» əsərini həsr etmişdir. Beləliklə, Abbasqulu Ağa Bakıxanov çar ordusunda xidmət etməklə yanaşı görkəmli səyyah, coğrafiyaşünas və istedadlı şairlərdən biri olmuşdur.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Top