Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)

Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)

Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin  və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli  yüksəlişi ilə xarakterizə olunurdu. İlk manufaktura müəssisələri yaranır və əmtəə istehsalı genişlənirdi, istehsal edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar – qızıl və gümüş çatışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər gətirilməsi tələb olunurdu. Bundan başqa, Şərq ölkələrinin tükənməz var dövləti haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu. Yuxarıda göstərilən malları və Şərqin var-dövlətini əldə etmək ümidi ilə yeni torpaqların axtarılıb tapılmasına can atılırdı. Bu məqsədlə Avropanın bir sıra ölkələrindən (İtaliya, Portuqaliya, Fransa, Hollandiya və s.) şərqə, Rusiyaya, Afrikaya yeni coğrafi ekspedisiyalar göndərilməyə başlandı. Bu ekspedisiyaların göndərilməsi ilə Qərbi Avropa tacirləri Avropadan Hindistana və Şərqi Asiyaya gedən yeni ticarət yolları axtarıb tapmağa, Asiya ölkələri ilə birbaşa əlaqə yaratmağa səy göstərirdilər. Beləliklə, yuxarıda göstərilən amillərin təsiri altında Böyük Coğrafi kəşflər dövrü başlanır. Bu dövr XV əsrin ortalarından XVI əsrin ortalarına qədər olan tarixi dövrü əhatə edir.
Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların inkişafına güclü təsir göstərmişdir. Məhz bu dialektik əlaqə baxımından Böyük coğrafi kəşflərin əsas məqamlarının tarixinə daha geniş yer verilmişdir.
Böyük coğrafi kəşflər həm bəşəriyyətin və həm də coğrafiyanın tarixində önəmli rol oynamışdır. Həqiqətən də «Böyük» adına layiq görülən bu kəşflər planetimizdə bəşəriyyətin bütün inkişaf tarixi boyu baş vermişdir. Heç bir dövrün coğrafi kəşfləri bu dərəcədə zəngin olmamışdır və dünyanın müqəddəratında belə fövqəladə əhəmiyyət kəsb etməmişdir. Bir neçə dənizçi və səyyahlar   nəslinin ciddi cəhdlərilə oykumenin (məlum olan torpaqlar) sərhədləri genişləndirildi: dünya özünün yeni rənglərlə bərq vuran bütün müxtəlifliyi ilə göz önündə canlandı.
Böyük coğrafi kəşflərə qədər avropalıların təsəvvürlərində dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi ilə məhdudlaşırdı ki,  bu da bütün qurunun cəmi 1/4 hissəsini əhatə edirdi. Bu dövrdə insanlar yaşayan bütün materiklərin konturları müəyyənləşdirilir (Amerikanın şimali və şimali-qərb sahilləri və Avstraliyanın şərq sahilləri istisna edilməklə), dəniz səthinin geniş sahələri tədqiq edilir: hərçənd ki, Amerika, Afrika, Asiya və xüsusilə Avstraliyanın daxili rayonları hələlik öyrənilməmiş qalırdı. Məhz Böyük coğrafi kəşflər sayəsində Avropaya indi hər bir avropalının adət etdiyi kartof, pomidor, qarğıdalı və tütün gətirilmişdir.
Avropada gedən sosial proseslərə də bu kəşflərin təsiri xeyli güclü olmuşdur. Ticarət yolları təcili surətdə Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişirdi. Nəticədə bir ölkə sönürdü, digərləri isə tarixin ön sahəsinə çıxırdı. Kəşflər həmçinin vahid dünya bazarının yaradılmasına köməklik göstərdi. Müstəmləkələrin amansız istismarı gələcəkdə bir sıra ən yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatının daha sürətlə yüksəlməsinə şərait yaratdı.
Böyük coğrafi kəşflərin həyata keçirilməsi elm və texnikanın inkişafı sayəsində mümkün oldu. Belə ki, okeanda üzmək üçün kifayət qədər möhkəm olan yelkənli karavellər yaradıldı, kompas və dəniz xəritələri təkmilləşdirildi. Yerin kürə formasında olması ideyasının get-gedə daha çox qüvvəyə minməsi Böyük coğrafi kəşflər üçün elmi nəzəri baza oldu. Atlantik okeanından keçərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının mövcud olması haqqındakı düşüncələr həmin ideya ilə bağlı idi. Böyük kəşflər üçün Şərq xalqlarının coğrafi biliklər və dənizçiliyin inkişafı sahəsindəki nailiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur.
Coğrafi kəşflər sayəsində toplanan zəngin materiallar coğrafiya elmində uzun müddət davam edən durğunluğa son qoydu, aydın olmayan və səhv anlayışların düzgün başa düşülməsinə səbəb oldu. XV əsrin axırında və XVI əsrin əvvəlində Vasko da Qamanın,  X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer ətrafında ilk dəniz səyahəti Yer haqqında ümumcoğrafi təsəvvürlərin yaradılmasında əsaslı bir pillə oldu. Coğrafi xəritələrdə Amerika və Sakit okean öz əksini tapdı, Hindistana gedən dəniz yolu, Yer kürəsinin əksər hissəsi kəşf edildi. Bir sözlə, coğrafiya elminin inkişafı üçün münbit şərait yarandı. Böyük coğrafi kəşflər elmin bir çox digər sahələri (botanika, zoologiya, etnoqrafiya və s.) üçün zəngin material verdi.
Coğrafiya tarixində XV əsrə (daha dəqiq desək 1415-1420-ci illərdən başlayaraq 1492-ci ilədək olan dövr) erkən orta əsrdən Böyük coğrafi kəşflərə hazırlıq dövrü kimi baxılır. Məhz bu dövrdə Amerika və Hindistana dəniz yollarının açılması üçün tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə çıxmaq təcrübəsi toplanırdı.
Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Həmçinin bax:
Top