Artıq XII əsrdə Kiyev Rusiyasının salnaməçisi olmuş Nester tərəfindən qələmə alınan «İqor polku haqqında dastandan» görünür ki, o dövrdə rusların coğrafi anlayışları xeyli geniş olmuşdur. Bu da onların Avropa və Asiyanın qovşağında yerləşməsi ilə bağlı idi. Salnamədə Baltik dənizindən Karpata, Qafqaza, Qara və Xəzər dənizlərinə qədər uzanan geniş Rusiya düzənliyinin təsviri verilirdi. Burada məskunlaşan Slavyan xalqlarının coğrafiyası, təsərrüfat sahələrində məşğuliyyəti və eləcə də «Varyaqlardan yunanlara» və Volqadan Xəzərə gedən qədim Rusiya ticarət yolları haqqında ətraflı danışılırdı.
Hələ o zamanlardan Volqa və Orta Asiya, Hindistan və Ərəbistan, Qərbi Avropa, Atlantika və Aralıq dənizi sahilləri, Böyük Britaniya və Skandinaviyanın cənubu, Afrika və Kiçik Asiyanın dəniz sahilləri ruslara artıq məlum idi.
Şərqi Avropada yayılmış slavyan xalqları (slovenlər, dreqoviçlər, drevlyanlar, kriviçlər, vyatiçilər və b.) öz aralarında və qonşuları ilə əlaqələrində yeni ərazilərin mənimsənilməsində hərəkət vasitəsi kimi çaylardan geniş istifadə edirdilər. Xüsusilə Volqa, Dnepr, Qərbi Dvina və onların qolları yayda gəmilər və sallarla, qışda isə xizəklə hərəkət etmək üçün istifadə olunurdu. Bu çayların yuxarı axınları İlmen gölü və Valday yüksəkliyində biri-birinə xeyli Yaxınlaşdığına görə gəmiləri bir çaydan sürükləyib digərlərinə keçirməyi asanlaşdırırdı. Belə ki, çayların mənbələrinin biri-birinə yaxınlaşan yerlərində voloklar-sürükləmələr yaradılırdı, yəni gəmilər girdə ağacların üstü ilə sürüşdürülərək bir çay sistemindən digərlərinə keçilirdi. Vışnıy-Voloçok, Volokalamsk və b. şəhərlər həmin sürükləmə yerlərində salınmışlar.
Sonralar yeni ərazilərin – Avropa Şimalının, Sibir və Uzaq Şərqin mənimsənilməsində, qədim ticarət yollarının salınmasında ruslar belə üsullardan geniş istifadə etmişdilər.
Eramızın VI-XI əsrlərində Şərqi Avropanın ərazisində əhalinin üç istiqamətdə kütləvi yerdəyişməsi baş verir: bu axınlardan biri aşağı Dunay və Balkanlar istiqamətində; ikincisi şimal və şimal şərq – Belorusiya və Volqa-Oka çayarası istiqamətinə; üçüncüsü cənub çöl rayonlarına yönəlmişdir.
Slavyanların məskunlaşması bu yerlərin toponimikasında da öz əksini tapmişdır. Belə ki, onlar yeni məskunlaşdıqları ərazilərdə olan kiçik çaylara slavyan adları verirdilər. İri çaylar isə daha qədim xalqların onlara verdiyi köhnə adlarını saxlayırdılar. Belə toponimlərə Şərqi Avropanın hər yerində rast gəlinir.
Cənub çöl zonasının mənimsənilməsində peçeneqlər və qıpçaqların rolu böyük olmuşdur. Azov sahilləri və Aşağı Volqada məskunlaşan köçəri peçeneq və qıpçaq tayfaları VII əsrdə Xəzər xaqanlığının təsiri altında parçalandı. Onların bir hissəsi Bessarabiyaya, aşağı Dunaya köçüb getdilər. Digərləri isə Orta Volqa və Kamaya gələrək burada yerli uqro-fin tayfaları ilə birləşib X əsrdə Volqa-Kama Bulqariyasını yaratdılar. Bu dövlət birliyi türkdilli dövlət idi, onun mərkəzi hazırkı Kazan şəhəri olmuşdur. Eramızın X əsrinə yaxın Avrasiyanı qədimdən mövcud olan iki böyük Rus ticarət yolları kəsib keçirdi. Onlardan biri «Varyaqlardan yunanlara» gedən tarixi yol idi. Bu yol Baltik dənizindən Qərbi Dvina çayına oradan Dneprə keçirdi və bu çayla Pont dənizinə (Qara dənizə) və Yunanıstana gedib. İkinci istiqamətlə Qərbi Dvina çayından İlmen gölünə və oradan gəmiləri sürükləyib Valday yüksəkliyindən başlayan Volqaya (həm də Oka qoluna) keçirdilər və bu çayla Xvalın (Xəzər) dənizinə çıxırdılar. Bu yolla həm ruslar və həm də Volqa-Kama Bulqarları şərq ölkələri ilə intensiv ticarət əlaqələri həyata keçirirdilər, elə Afanasi Nikitin də Hindistana bu yolla getmişdir.
Baltik dənizindən Volqa su yoluna həm də Neva çayı, Ladoqa və Oneqa çay-göl sistemi ilə çıxırdılar. Göstərilən bu böyük ticarət yolları ilə şimaldan cənuba meşə materialları xəz-dəri, bal, kətan parça, mum, cənubdan isə bahalı ipək parça, silah, ikon, kitablar, meyvə və tərəvəz, şərab, ədviyyat və s. gətirilirdi.
Vikinq mənşəli olan Rusiya knyazları xaricdəki qohumluq xətti ilə Avropa və xristian dininin tarixi mərkəzləri hesab olunan Roma, Qüds və Konstantinopolla daimi əlaqələr saxlayırdılar. Özü də belə səyahətlər zamanı getdikləri yollar və ölkələr haqqında salnamələr («Xojdenie») yazılması ilə müşaiyət olunmalı idi. Belə ki, Rusiyada qəbul olunmuş dövlət qaydalarına görə səfirlər, nümayəndələr xaricdən qayıtdıqdan sonra mütləq ezamiyyət hesabatı verməli idilər. Belə hesabatlarda olduqları ölkələr, onların şəhərləri, əhalisinin adət-ənənəsi və s. haqqında müfəssəl məlumatlar verilirdi. Məsələn, 1389-cu ildə Konstantinopola yola düşən moskvalı Pimeninin və Florensiyada olmuş (XV əsrin 30-cu illərində) mitropolit İsidorun apardıqları yol qeydləri qiymətli coğrafi məlumatlarla zəngin idi. Beləliklə, bu qaydalarla Rusiya özü üçün orta əsr Avropasını kəşf edirdi.
Tver taciri Afanasi Nikitin 1466-1472-ci illərdə Hindistanda olmuş ilk rus səyyahıdır. Tverdə olan Şirvanşah tacirlərinə qoşulan A.Nikitin Volqa çayı ilə Həştərxana, oradan Xəzər dənizi Azərbaycana (Şamaxı və Bakı) və İrana gedir, Elbrus sıra dağlarını aşaraq İran körfəzi sahillərindəki Hörmüz şəhərinə gəlir və oradan gəmi ilə Hindistana – Kambeyndən cənubi şərqdə yerləşən Çuala şəhərinə gedir.O, Portuqaliyalı Vasko da Qamadan 30 il əvvəl Hindistanın qərb sahillərini başdan-başa gəzmiş, Dekan yaylasının lap içərilərinə doğru girmiş və bu ölkə haqqında doğru dürüst məlumat verən ilk avropalı olmuşdur. Vətəninə qayıtmağa can atan Afanasi Nikitin Hindistanın Dabulu limanından yola düşür, Hind okeanı ilə hətta Afrika sahillərinə gedib çıxır və sonradan Hörmüzə qayıdır. Oradan isə quru yolla Maskat, Şiraz, Təbriz və Şərqi Anadoludan keçərək Trabzona və Qara dəniz vasitəsilə Kafa (Feodesiya) şəhərinə gəlib çıxır. Burada bütün qışı özünün yol qeydləri üzərində işləyərək «Üç dəniz arxasına səyahət» əsərinin əlyazmasını tamamlayır. Oradan Moskva tacirlərinə qoşularaq Rusiyaya yola düşən Afanasi Nikitin Smolensk yaxınlığında xəstələnir və vəfat edir. Yol yoldaşları onun əlyazmasını Moskvaya çatdırırlar və bununla da Afanasi Nikitinin Hindistana səfəri haqqında xəbər yayılır. Beləliklə, Afanasi Nikitin üç qitədə – Avropa, Asiya və Afrikada olmuş və üç dəniz – Xəzər (Xvalınski), Ərəbistan (Hind) və Qara (İstanbul) dənizləri arxasına, səyahət etmişdir.
Rusiya tədricən öz ərazilərini şimala Pomoryeyə və Şərqə–Sibirə doğru genişləndirirdi. Əhalinin qədimdən məskunlaşdığı şimal-şərqi Rusiya ərazilərindəki çaylar üzərində və keçid məntəqələrində çoxlu şəhərlər salınırdı. On ikinci əsrdə belə şəhər toplusuna: Kiyev, Pereyaslav, Çerniqov, Rostov-Suzdal, Polotsk-Smolensk, Qalisiya-Volın və Ryazan torpaqlarında daha çox rast gəlinirdi. Bu dövrdə Rusiya torpaqlarında 268-ə qədər şəhər yaranmışdır.
Monqol hücumlarından Rusiyanın şəhərləri, kənd təsərrüfatı və sənətkarlığı qismən zərər çəkdi. Xüsusilə, cənub çöl zonasında kənd təsərrüfatı fəaliyyəti demək olar ki, tamamilə dayandırılmışdır. Okadan cənubda orta Dneprdən orta Volqaya qədər uzanan və heç kim yaşamayan belə geniş ərazilər «Vəhşi çöl» adlanırdı. Bununla belə, məhz Qızıl Ordanın himayəsi altında Rusiyada ticarət və yollar inkişaf etdirildi və İvan Kalitə (Moskva Knyazı) kimi pul toplayan tacirlər peyda olurdu. Rusiyanı Qafqaz və Orta Asiya ilə birləşdirən qədim ticarət yolları türk tacirlərinin köməyi ilə dirçəlməyə başlayır. XIII əsrin ikinci yarısından başlayaraq Baltik və Qara dənizləri birləşdirən və Polşa və Qalisiya-Volın torpaqlarından keçən Visla-Qərbi-Buq-Dnestr xarici ticarət yollarının əhəmiyyəti artdı.
Sibirin öyrənilməsində xidmət adamlarının (drujinniklər) hazırladıqları hesabatlar böyük rol oynamışdır. «Böyük xəritənin təsviri kitabı» adı ilə 1627-ci ildə çap olunan kitabda Rusiyanın bütün çayları, yolları şəhərləri ətraflı təsvir edilmişdir.
Novqorodun xidmət adamları XI əsrdə Peçora çayı ilə yuxarı qalxaraq onun Şuqor qoluna, oradan isə Şimali Uralı keçərək Ob çayi sisteminə aid olan Sosva çayına keçirdilər. Uralın o tərəfindəki Ob çayının voqunlar (mansılar) yaşayan aşağı axınlarındakı ərazilər xəz-dərili heyvanlarla zəngin idi.
Moskva voyevodaları 1438-ci ildə Orta Uraldan Tavya çayına oradan isə İrtışa çıxdılar və Sibiri mənimsəməyə başladılar. «Sibir» sözü artıq burada geniş yayılmış ad kimi səslənirdi. L.Qumilyova görə «Sibir» adına iki türk xanının: Sibi-xan və Şibi-xan» titullarında rast gəlinir». İlk dəfə 1375-ci ildə Qərbi Avropa xəritələrində peyda olan «Sebur» bütün ehtimallara görə müsəlman mənbələrindən götürülmüşdür.
Artıq XV əsrdə yazılan hesabatlarda, tərtib olunan Moskva xəritələrində Şimali və Orta Uralın, Avropa şimalının, Qərbi Sibirin böyük hissəsinin torpaqları, çayları, əhalisinin məşğuliyyəti, yaşayış yerləri haqqında geniş məlumatlar toplanmışdır. XII-XIII əsrlərdə rus pomorları xəz dərili heyvanlar və suitilərini ovlamaq məqsədilə Qara dəniz sahilləri ilə Şərq istiqamətində hərəkət edərək Yamal yarımadası və Ob qubasına çıxırlar. Obun qolu olan Taz çayı ilə yuxarı qalxan ovçular burada bir sıra ticarət məntəqələri salırlar və yerli xantı və mansılarla alver edirlər Taz çayının Yeniseyə yaxınlaşan yuxarı hissəsində yerli əhali ilə rus tacirlərinin xəz dəri alveri etdikləri məşhur Manqaziya yerləşirdi. Buradan Yeniseyə və «Böyük çay» adlanan Lenaya keçid mövcud idi. Ruslar burada Manqazeya (Turuxansk) ostroqunu (möhkəmləndirilmiş qala) yaradırlar və sonrakı əsrlərdə Sibir və Uzaq Şərqə hərəkət etmək üçün yolüstü çoxlu belə ostroqlar salırlar. Bu ostroqların çoxu («Yeniseysk, Tomsk, Tobolsk və s.) sonralar iri şəhərlərə çevrilmişdir.
Erkən orta əsrdə (b.e. VII əsrdə) Şimali Qafqazın şərqində, Aşağı Volqada mürəkkəb etnik tərkibli güclü Xəzər xaqanlığı yaranır. Onun təsiri daha geniş ərazilərə – Uraldan Karpat dağlarına qədər uzanan Şərqi Avropada yayılmışdır. Xaqanlığın özəyini Aşağı Volqa və orada xaqanlığın paytaxtı İtil şəhəri təşkil edirdi. Əldə olunmuş tarixi mənbələrə görə, ölkə ərazisi az yağıntı alır, çayları balıqla boldur və münbit torpaqları vardır. Tarlaları, üzüm və meyvə bağları çay suları ilə suvarılır. Aşağı Donda qara üzüm növlərinin və qırmızı şərab istehsalının yayılması bu ölkənin Qafqaz Albaniyası ilə sıx əlaqələrinin olduğunu göstərirdi. Onun İtil, Semiqaraqoru, Sarkel, Bələncər, Səməndər və s. adlı şəhər və qalaları vardır.Volqa, Don, Kuban Terek çaylarının və çayarası ərazilərin ilk kəşf olunma tarixi məhz Xəzər dövlətinin taleyi ilə bağlı olmuşdur.
Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə