Oğlaq bürcü

Oğlaq bürcü

Göy qübbəsində təqribən 400 kvadrat dərəcəlik sahəni tutur. Tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. İti ucu ilə planetin Cənub qütbünə istiqamətləndirilmiş üçbucaq şəkilli deltaplanı xatırladır. Üçbucağın sağ bucağı qoşa alfa ulduzudur. Bu ulduz Giyedi və ya Algedi adlanır. (Ərəbcə «əl-Cədi» sözündəndir, «alın» deməkdir). Ondan cənubda Dabix («keçi başı») beta ulduzu yerləşir. Qədim ərəblər bu ulduzlara «Səd-əl-Cabiq» («qəssabın sevinci») devirdilər. Solda görünən zəif ulduzu bəziləri süfrəyə qoyulmuş quzuya bənzədirdilər. Üçbucağın sol bucağındakı ulduz Deneb Algiyedi («keçi quyruğu») betta ulduzudur. Zodiakın bütün işarələri öz mənşəyini müxtəlif xalqların miflərindən götürmüşdür. Ulduzlardan bəhs edən miflər əsasında müxtəlif rəmzlərlə işarə olunan səma cisimlərinin hərəkət mənzərəsi yaradılmışdır. Qədim zamanlarda qış Günəşduruşu nöqtəsi Oğlaq bürcündə idi.
Babilistan kahinləri bu vaxt işığın dirçəlişi şərəfinə şənliklər düzəldirdilər. Əyinlərinə keçi dərisi geyir, keçini allah yolunda qurban kəsirdilər. Qədim astroloqlar güman edirdilər ki, səma cisimlərinin hərəkəti insanların taleyinə təsir göstərir.
Belə hesab edilirdi ki, Günəşin bu bürcdən keçdiyi dövrdə dünyaya gələn adamlarda həm müsbət, həm də mənfi keyfiyyətlər vardır, onlar qayalardan sıçrayan, yaşıl çəmənli uca dağlara dırmaşan cəsarətli dağ keçilərinə bənzəyirlər, qətiyyətli və etibarlıdırlar, qayda-qanunu sevirlər.
Babil astroloqları OĞLAQ bürcünü incə yumor hissinə malik olan bürc sayır, lakin xəsis və bədbinlər sırasına aid edirdilər. Bu Zodiak işarəsi altında dünyaya gələn adamlara riyaziyyatçı, musiqiçi, müəllim peşələrini seçmək məsləhət görülür.
Qədim insanlar bütün Zodiak bürclərini müəyyən qiymətli daşlarla əlaqələndirərək deyirdilər ki, bunlar allahın insanlara hədiyyələridir və insanları sehrlərdən, cadulardan qoruyur. Astroloqlar OĞLAQLARA firuzə daşından düzəldilmiş bəzək şeyləri taxmağı məsləhət görürdülər.

Həmçinin bax: Oğlaq bürcü haqqında məlumat

Top