İşgüzar Oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.
Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər.Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı Oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.
Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.
Oğlaq qiymətli əşyaları sevir. Çox vaxt da əntiq şeyləri kolleksiyalaşdırır. Hədiyyəyə gəldikdə, ona nadir tapılan kitab, məşhur rəssamın əsərini və ya əntiq əşya hədiyyə etsəniz, ürəyincə olar. Oğlaq görüşdə gözlənilməz hadisələri sevmir. Yadda saxlayın ki, Oğlaq hər yerdə adəti üzrə eyniliyi sevir. Ona görə də, görüşə gəldiyinizdə çiçəkləri unutmayın.
Qadın Oğlaq romantikdir. Ona sevginizi etiraf edin, gözəl sözlərdən, şerlərdən söyləyin.
Kişi Oğlaqlar isə romantik deyil. Sentimental musiqiləri, filmləri sevmirlər. Bu bürcün sahibləri səs-küydən uzaq, sakit həyatı xoşlayırlar. Ailədə çox vaxt güzəştə gedən bu bürcün sahibləridir. Oğlaq bürcü haqqında maraqlı məlumatları haqqında oxuyun.
Oğlaq — Qoç. Hər ikisi tərs, dediyinin üstündə durandır, hər ikisi qarşısına çıxan çətinliklərin öhdəsindən yaxşı gələndir. Ünsürləri fərqli olduğundan, bu xarakter baxımından da özünü büruzə verir. Yaranan ailə ideal sayıla bilməz.
Oğlaq — Buğa. Hər ikisi pulu və komfortu çox sevir. Onlar bir-birini çox gözəl başa düşürlər. İki torpaq ünsürlü bürc həyata çox real baxır. Onların münasibəti uzunmüddətli və perspektivlidir. Ailə uğurludur.
Oğlaq – Əkizlər. Xarakter baxımından bir-birinin əksidirlər. Oğlağın fikriycə, Əkizlər sözünün üstündə durmayan, yalnız özünü fikirləşən, hər şeyə laqeyddirlər. Əkizlərin fikriycə isə, Oğlaq simicdir. Əlaqə qısa müddətli, ailə uğursuzdur. Bir-birini qınamaları, narazılıq və böhtanlar mümkündür.
Oğlaq — Xərçəng. Xərçəngin fikrincə, Oğlaq çox tələbkar, Oğlağın fikrincə isə, Xərçəng xəyalpərəstdir. Yaranan problemlərin səbəbi bir-birilərini çətin başa düşmələridir. Xərçəng real həyatla yaşamalı, keçmişinə az qapılmalı, Oğlaq isə riskə getməməlidir. Tərəflərdən birinin güzəştə getməsi ilə ailə qənaətbəxş sayıla bilər.
Oğlaq — Şir. Bu bürc sahiblərinin münasibətləri lap əvvəldən uğursuzdur. Şirin lider olmaq istəyi Oğlağın ürəyincə deyil. Bunlar arasında dostluq, işgüzarlıq münasibətləri yaransa da, ailə çox vaxt problemli olur.
Oğlaq — Qız. Bu bürc sahiblərində o qədər oxşar cəhətlər var ki, problemlərin yaranması üçün heç bir əsas olmur. Onlar bir-birini tamamlayırlar. Bir yerdə özlərini xoşbəxt hiss edirlər. Yaranan ailə uzunmüddətli və xoşbəxtdir.
Oğlaq — Tərəzi. İlk baxışdan tərəflər onların xoşuna gəlsə də. sonradan onlar bir-birini qıcıqlandıracaqlar. Tərəzi Oğlağın dedikləri ilə oturub-durmağı sevmir. Bu səbəbdən də, problemlərin yaranması təhlükəsi mövcuddur. Ailə çox vaxt uğursuz olur.
Oğlaq — Əqrəb. Əqrəb Oğlağa güvənə bilir. Bu münasibətlərdə Oğlaq lider olmaq istəyir, Əqrəb bununla razılaşır. Bu bürc sahiblərində münaqişələrin yaranması demək olar ki, baş vermir. Yaranan ailə çox uğurludur.
Oğlaq — Oxatan. Oxatan münasibətlərdə emosionaldır. Oğlaq pulun dəyərini bilir, onu harada, necə düzgün xərcləməyi bacarır. Oxatan isə tamamilə bunların əksidir. Yaranan münasibətlər qısamüddətli, ailə isə uğursuzdur.
Oğlaq — Oğlaq. Bu bürc sahiblərinin münasibəti çox romantikdir. Aralarında yaranan problemlər olsa da, çalışırlar ki, bunu bir yerdə həll etsinlər. Hər ikisi çox işləyir, ciddidirlər. Ailə, elə bil, iki böyük uşağın ittifaqıdır, uğurlu sayıla bilər.
Oğlaq — Dolça. Bu bürc sahiblərinin münasibətləri dostluqdan başlayır. Oğlaq Dolçanın məhəbbətini qazanmaq üçün onları başa düşməlidir. Onlar kimi romantik və sentimental olmalıdırlar. Tərəflərdən biri güzəştə getsə, ailə uğurlu sayıla bilər. Daha çox fədakar bu ittifaqda Oğlaqdır.
Oğlaq — Balıqlar. Xarakterlərində fərqli cəhətlər olsa da, ümumilikdə bir-birini tamamlayırlar. Bu münasibətdə Oğlaq lider olur. Balıqlar onlarla mübahisə və münaqişə yaratmaqdan qaçırlar. Münasibətlər gözəl sayıla bilər. Ailə uğurludur.
Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun SEVGİLİNİ TANIYIRSANMI? kitabından
Həmçinin bax: Oğlaq bürcü haqqında ilkin məlumat və Oğlaq bürcünün xüsusiyyətləri