Hz. Əbu Bəkir miladi təqvimi ilə 573-cü ildə doğulmuş, hicrətdən 13 il sonra Mədinədə 634-cü ildə vəfat etmişdir. Qəbri, Məscidi-Nəbəvidə, Peyğəmbərimizin (s.ə.s.) yanındadır. Kişilər içərisində Peyğəmbərimizə (s.ə.s.) ilk inanan odur. “Sıddıq”, yəni Peyğəmbəri doğrulayan, təsdiq edən ləqəbi ilə tanınır. Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrəti əsnasında Hz. Əbu Bəkir ona yol yoldaşı olmuşdu. Bu yolçuluqda Sevr mağarasında bir müddət bərabər olduqları üçün “Yari Gari Nəbi”, yəni “Hz. Peyğəmbərin mağara dostu” deyə anılır.
Hz. Əbu Bəkir Peyğəmbər sevgisində fani olmuş bir insandı. Bir gün Kəbədə insanları Allah və Rəsuluna iman etməyə çağırmışdı. Buna hirslənən müşriklər Hz. Əbu Bəkirlə möminlərin üzərinə gedib onları döyməyə başladılar. Hələ fasiq Utbə Hz. Əbu Bəkirin üzərinə çıxıb tapdaladı, üzünü dəmir dabanlı ayaqqabıları ilə təpiklədi. Hz. Əbu Bəkirin hər tərəfi qan içində qaldı. Qəbiləsi Teymuroğulları Hz. Əbu Bəkiri müşriklərin əlindən çətinliklə qurtarıb huşsuz halda evinə gətirdilər. Ölməyindən çox qorxurdular. Hz. Əbu Bəkir ancaq axşama özünə gələ bildi və ilk olaraq min bir əziyyətlə:
“ — Rəsulullah necədi, yaxşıdı?” – deyə soruşdu. Anası Ümmül-Xeyr:
“ — Bir şey ye, iç!” – deyə israr edir, Əbu Bəkir (r.a.) isə sanki onu heç eşitmirdi:
“ — Rəsulullah nə edir, nə haldadır?” – deyə soruşurdu. Gecə olunca çətinliklə və gizlicə Ərkamın evinə gedib Rəsulullahı görüncəyə qədər heç bir şey yeyib içmədi. Peyğəmbərimizi gördükdə o dəqiqə dizlərinə qapanıb:
“ — Anam-atam sənə fəda olsun, ya Rəsulallah! Mənim heç bir çətinliyim yoxdur. O xəbis, fasiq məni bir az incitdi, o qədər!” – dedi.
Müsəlmanlar Məkkədən Mədəniyə hicrət etməyə başlayınca Hz. Əbu Bəkir də hicrət üçün Peyğəmbərimizdən izin istədi. Rəsulullah (s.ə.s.) ona tələsməməsini, Allahın ona bir dost tapacağını söyləyincə, Hz. Peyğəmbər ilə birlikdə hicrət etmə şərəfinə nail olacağını anlayaraq hazırlıq etməyə başladı. Bu danışıqdan 4 ay sonra Rəsulullah (s.ə.s.), Qureyşlilər Onu öldürməyə qərar verincə, Əbu Bəkirin evinə gələrək Mədinəyə hicrət edəcəklərini söylədi. O gecə müşriklər tərəfindən evi əhatəyə alınan Hz. Peyğəmbər yatağına Hz. Əlini yatıraraq Əbu Bəkir ilə birlikdə Məkkədən çıxıb Sevr mağarasına doğru hərəkət etdilər. Rəsulullah (s.ə.s.), onları təqib edən müşriklərin mağaranın ağzına qədər gəlməsinə görə qorxuya düşən Hz. Əbu Bəkiri təsəlli edərək müşriklərin onlara zərər verə bilməyəcəklərini söylədi (Müslim, Fəzailüs-Səhabə, 1). Daha sonra nazil olan və Əbu Bəkirin bu kədərini dilə gətirən ayəyi-kərimədə Rəsulullahın (s.ə.s.) onu, “Kədərlənmə, Allah bizimlədir” (ət-Tövbə, 9/40) deyə təsəlli etdiyi ifadə edilir. Hz. Əbu Bəkir bu xüsusi vəziyyəti səbəbi ilə Türk və İran ədəbiyyatında “yarı gar” (mağara dostu, can yoldaşı) ifadəsi ilə anılmışdır.
Hz. Əbu Bəkir bir neçə dəfə İslam ordusunu təchiz etmək üçün böyük hədiyyələr vermiş, Təbük döyüşündən əvvəl sərvətinin hamısını Peyğəmbərimizə gətirib Allah yolunda bənzəri olmayan bir infaq nümunəsi sərgiləmişdir. Peyğəmbərimizin:
“-Ailənə nə qaldı, Ey Əbu Bəkir?” –sualına da:
“-Onlara Allah və Rəsulunu saxladım”- qarşılığını verdi (Əbu Davud, Zəkat, 40; Tirmizi, Mənakıb, 16).
Bir gün Allah Rəsulu (s.ə.s.) yanındakı səhabələrə:
“-İçərinizdə bu gün kim orucludur?”
“-Bu gün kim bir cənazə namazında iştirak etdi?”
“-Bu gün kim bir yoxsulu doyurdu?”
“-Bu gün bir xəstə ziyarətində oldunuzmu?”- deyə suallar verdi. Bunların hamısına da Əbu Bəkir (r.a.) müsbət cavab verdi.
Bundan sonra Allah Rəsulu belə buyurdu:
“-Kim bu saleh əməlləri bir araya gətirərsə, o mütləq cənnətə girər” (Müslim, Fədailus-Səhabə, 12).
Hz. Əbu Bəkir kimsə onu mədh edincə belə deyərdi:
“Allahım, sən məni məndən daha yaxşı tanıyırsan. Mən də özümü onlardan daha yaxşı tanıyıram. Allahım, məni onların zənn etdiyindən daha xeyirli eylə! Onların bilmədiyi xətalarımı bağışla, söylədikləri sözlər səbəbi ilə də məni hesaba çəkmə”.
Hz. Əbu Bəkir gördüyü yuxuları Rəsulullaha danışır, bəzən Hz. Peyğəmbərin və ya digər səhabələrin yuxularını onun hüzurunda şərh edir, hadisələr və veriləcək qərarlar üzərində dəyərləndirmələr edirdi (Buxari, Eymən vən-nuzur, 9, Təbir, 28, 29, 30, 47).
Hicrətin 11-ci ili, Səfər ayının son həftəsində (may, 632-ci il) xəstələnən Hz. Peyğəmbər əshabına etdiyi danışığında, Allah Təalanın bir qulunu dünya ilə öz yanında olandan birini seçməkdə sərbəst olduğunu, o qulun da Allahın yanında olanı seçdiyini söylədiyində Hz. Əbu Bəkir haqqında danışılan insanın Allah Rəsulu olduğunu anladı və ağlamağa başladı. Rəsulullah onun susmasını istədi və Əbu Bəkrin qapısı xaric, məscidin həyətinə açılan bütün qapıların örtülməsini əmr etdi.
Bunun səbəbini açıqlayarkən İslamiyyətdə ondan daha faydalı birini tanımadığını, insanlar arasında bir dost seçsə bunun Əbu Bəkir olacağını söylədi. Namazı qılmayacaq qədər xəstələndikdə, namazı Əbu Bəkrin qıldırmasını istədi.
Hz. Peyğəmbərin (s.ə.s.) vəfatı zamanı hər kəs çaşmışdı. Hz. Ömər belə qılıncını çəkərək “Kim Muhammədə öldü desə boynunu vuraram” şəklində reaksiya vermişdir. Amma Əbu Bəkrə (r.a.) sükunət və sahv halı (özünə gəlmək) qalib gəldiyi üçün əvvəlcə Allah Rəsulunun üzündəki örtünü qaldırıb baxdı, sonra: “Ölümün də həyatın kimi gözəldir. Sən iki dəfə ölməyəcəksən, qədərində olan ölümü daddın” demiş və çölə çıxaraq bunları söyləmişdir: “Ey insanlar! Muhammədə inananlar bilsin ki, Muhamməd ölmüşdür. Allaha inananlar isə Allahın diri və heç ölməyəcəyini bilirlər”. Sonra bu ayəni oxudu: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?)” (Ali- İmran, 3/144)
Peyğəmbərimizin vəfatından sonra xəlifə olaraq Əbu Bəkiri seçdilər. Hz. Əbu Bəkir təqib edəcəyi siyasətin ümumi əsaslarını ortaya qoyan məşhur xütbəsində müsəlmanların ən yaxşısı olmadığı halda onlara başçı seçildiyini ifadə edərək düzgün hərəkət edərsə, ona kömək etmələrini, yanlış davranarsa, düzəltmələrini, Allah və Rəsuluna itaət etdiyi müddətcə müsəlmanların ona itaət etmələrini istədi.
Hz.Ömər gecə qıldığı namazlarda Quranı yüksək səslə oxuyur, Hz. Əbu Bəkir isə alçaq səslə oxuyurdu. Hz. Əbu Bəkirdən nə üçün elə etdiyini soruşduqlarında “Müraciət etdiyim kəsi dinləyirəm. Ona görə də anlayıram ki, O, mənə uzaq deyildir. Onun eşitməsi baxımından alçaq səslə yüksək səs eynidir” qarşılığını vermişdir.
Hz. Peyğəmbər əshabına və xanımlarına bəzən nafilə ibadət, dua və zikirlər də tövsiyə edirdi.Təsəvvüfdə onun səsli zikri Hz. Əliyə, səssiz zikri də Hz. Əbu Bəkirə öyrətdiyi qəbul edilir. Bu səbəblə təsəvvüfi silsilələr Hz. Peyğəmbərdən sonra bir qoldan Hz. Əli, digər qoldan da Hz. Əbu Bəkir ilə davam etmişdir. Əbu Bəkir ilə davam edən təsəvvüf yoluna Bəkriyyə və ya Sıddıqiyyə də deyilmişdir. Hz. Əbu Bəkirdən sonra bu mənəvi zəncir Səlman Farisi ilə davam etmişdir.
Prof.dr.Necdet Tosun
«Bizim ailə» jurnalı