İslam imanla əməlin vəhdətindən ibarət olan İlahi bir sistemdir. Onun bir tərəfində inam, digərində isə inandığına əməl etmədir. "İnsanlar yalnız: "İman gətirdik!" — demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?" (Ənkəbut 2). Yəni təkcə dillə iman gətirmək əbədi səadət yurdu olan Cənnət üçün kifayət deyil.
Rəbbimiz insanları Allah yolunda (din, bayraq, vətən, haqq-ədalət uğrunda) mübarizədə mal, can və övladları ilə sınayır. Sınayır ki, kimin həqiqi, kimin də riyakar olduğu ayırd edilsin.
Təəssüf ki, əksər insanlar ilan kimi sakit, fəqət zəhərli olan bu dünyanın maddiliyinə uyaraq, əməllərinin tərəziyə qoyulacağından bixəbərdirlər. Can verərkən çəkilən məşəqqəti, qəbr əzabının şiddətini, böyük və adil məhkəmədə sorğu-sualın rüsvayçı xəcalətini, irinli və atəşli əbədi Cəhənnəm əzabını unudan belə talesizlər barədə Peyğəmbər(ə) buyurub: «Mənim bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız». Belələri hz.Məhəmməd kəlamının hikmətini yalnız vəfasız, fani və ani dünyanın ölümlə oyanıb, axirətlə əvəz edildiyi zaman — əməllərinin həqiqi və ədalətli əvəzi onlara verildiyi vaxt biləcəklər.
Fəqət tövbənin lüzumsuz, ata, ana və övladın, pul, mülk və vəzifənin, ad və sanın kara gəlməyəcəyi o durumda hər şey, dünyaya yenidən gəlib, yeni tərzdə yaşamaq qədər qeyri-real və mümkünsüz olacaqdır.
Ən gözəl örnək Peyğəmbər(ə) əxlaqıdır
Rəbb kəlamına görə, varlığın fitrəti, təbiəti və həyatın qanunu olan İslam, qiyamətə qədər Allah təminatı altındadır. İslam həm də yaşanan və yaşadan bir həqiqətdir. Bu həqiqətin yaşayıb yaşatması isə, əməlisaleh və imanlı bəndələrin qeyrətindən asılıdır. Onlar: «Sizdən əvvəl insanların başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?» (Bəqara 214) Rəbb kəlamının pərdəarxası hikmətini iman və bəsirət gözü ilə görüb, ona felən əməl edənlərdir. Onlar Allah, Peyğəmbər(ə) və Quran əxlaqı ilə əxlaqlanıb həz.Məhəmmədi özlərinə örnək edənlərdir. Zira deyilib: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir» (Əhzab 21). Bu nümunəni yaşadıb, onu gələcək nəslə bir əmanət kimi ötürənlər isə Əshabi-Kiramdır.
Əshabi-Kiram
Məhəmməd(ə) ümmətinin ən üstünü, Peyğəmbər(ə)-yə iman gətirib, onun mübarək üzünü görənlərdir. Onlara Əshabi-Kiram deyilir. Əshab, səhabə sözünün cəmi olub dostlar, rəfiqlər, tələbələr mənasını ehtiva edir. Əshab barədə Peyğəmbər(ə) buyurub: «Allahdan qorxun, Əshabi-Kirama pis söz deməyin. Məni sevdiyiniz qədər onları da sevin. Bilin ki, Uhud dağı ağırlığında qızıl sədəqə də versəniz, onların ən kiçik savabına belə yetişə bilməzsiniz». Əshabın ən üstünü Hudəybiyədə (628 il) Rəsulu-Əkrəmə biət edib, söz verənlərdir. Belə ki, Əshabi-Kiramdan 1400 nəfər Hudeybiyədə Səmurə adlı ağacın altında Allah Rəsuluna belə dedi: «Ya Peyğəmbər! Allah sənə zəfər ehsan edənə qədər, şəhid olana qədər mübarizə aparmağa söz veririk». Quran bu hadisəni belə açıqlayır: "(Ya Peyğəmbər!) And olsun ki, ağac altında sənə biət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı (Sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi. Onlara öz dərgahından xatircəmlik, rahatlıq göndərdi" (Fəth 18).
Hudəybiyə andlaşmasında iştirak edən 1400 nəfərin ən üstünü Əshabi-Bədrdir. Sayı 113 nəfər olan Əshabi-Bədr, Bədr döyüşünün (623 il) iştirakçıları olublar. Döyüşdən qabaq həz.Peyğəmbər belə dua edib: «Ya Rəbb! Mənə vəd etdiyin yardımı bu gün lütf et! Allahım, əgər bu insanlar şəhid olsalar, Yer üzündə Sənə ibadət edəcək kimsə qalmayacaq». 113 nəfərin ən üstünü isə İslamı ilk qəbul edən 40 müsəlmandır. Bu 40 nəfərdən də ən üstünü Cənnətə girəcəkləri sağlıqlarında bəyan edilən 10 nəfərdir. Onlara Aşərai Mubəşşəra deyilir.
Aşərai Mubəşşəra
Peyğəmbər(ə) tərəfindən hələ sağlığında Cənnətlə müjdələnən 10 nəfər bunlardır: 1) Əbu Bəkr; 2) Ömər; 3) Osman; 4) Əli; 5) Talha, 6) Zubəyr bin Avvam; 7) Abd Rahmən bin Avf; 8) Sad ibn Əbu Vəqqas; 9) Said bin Zəid; 10) Əbu Ubəydə bin Cərrah. həz.Ömər deyib: «Xəlifə olmağa bu on nəfərdən layiqlisi yoxdur. Çünki Rəsulu Əkrəm onlardan daha çox razı idi». Təsadüfi deyil ki, bu on nəfərdən 4-ü xəlifə olub. Digərləri barədə isə buyurulub: «Hər peyğəmbərin bir həvarisi var. Mənim də həvarim Zubəyr bin Avvamdır» (həz.Məhəmməd); «Rəsulu Əkrəmin: „Heç kimə atam-anam sənə fəda olsun“ — söylədiyini eşitmədim.
Həz.Peyğəmbər yalnız Uhud döyüşü günü (625 il) Sada dedi: „Atam-anam sənə fəda olsun, (ox) atmağa davam et“ (həz.Əli); „Hər ümmətin bir əmini var. Mənim ümmətimin əmini də Ubəydə bin Cərrahdır“ (həz.Məhəmməd); „həz.Peyğəmbərdən eşitdim: “Talha və Zubəyr Cənnətdə mənimlə qonşudurlar» (həz.Əli); Peyğəmbər(ə) isə buyurub: «Yer üzündə canlı şəhidə baxmaq istəyən Talhaya baxsın» (Bir döyüşdə Talha 70-dən artıq yara aldı. Həmin səbəbdən ona canlı şəhid deyilib).
«Aşərai Mubəşşəra»dan dörd xəlifə
Hələ sağlığında Cənnətlə müjdələnən Əbu-Bəkr İslam dövlətinin ilk xəlifəsidir (632-644). O, həz.Peyğəmbərin ən yaxın dostu və qaynatası, söz və əməlilə Allah Rəsuluna ən sadiq adamlardan biri olub.
«Mən Allah və Peyğəmbərə itaət etdikcə, siz də mənə itaət edin. Əgər mən Allah və Peyğəmbərə itaət etməsəm, siz də mənə itaət etməyin» kəlamı, həz.Əbubəkrin inauqurasiya (biət) mərasimindəki çıxışındandır.
Sağlığında Cənnətlə müjdələnən həz.Ömər, həm də ikinci xəlifə olub (634-644). Həz.Ömər müstəsna ədalət və təşkilatçılıq qabiliyyətinə malik bir dövlət başçısı olmaqla yanaşı, həm də Peyğəmbər(ə)-nin qaynatası idi. Onun təşkilatçılıq qabiliyyətini İslamşünas akademik Bartold belə səciyyələndirib: "Ömər həz.Məhəmməddən də artıq təşkilatçı idi". «Məndən haqlarını tələb edəndən Allah razı olsun» — kəlamı da həz.Ömərə məxsusdur.
Mənbələrə görə, mədinəli münafiqlər həz.Ömərin ədalətini sınamaq üçün xəlifəyə söz verdilər ki, onun xəstə oğlunu sağaldacaqlar. həz.Ömər bu vədə inanıb, oğlunun müalicəsini onlara həvalə etdi. Münafiq xəstəni evinə aparıb, şərabla sərxoş edəndən sonra qızını ona təqdim etdi. Xəlifənin oğlu gecə nə baş verdiyini yalnız səhər anladı.
Lakin artıq gec idi. Zaman keçdi və hamilə olan münafiqin qızı doğdu. Münafiq qızı və nəvəsini götürüb həz.Ömərdən ona sahib çıxmasını tələb etdi. Məsələnin doğruluğuna əmin olan xəlifə, şəriətin tələbinə görə, oğluna 100 çubuq vurulmasını əmr etdi. 40 çubuqdan sonra gəncin halı xarablaşdı.
Səhabənin israrlı xahişini rədd edən həz.Ömər cəzanın tamamlanmasını tələb etdi. 80 çubuqdan sonra onsuz da xəstə və zəif olan gənc öldü. Xəlifə meyitə daha 20 çubuğun vurulmasını əmr edib, ağlaya-ağlaya dedi: «Görəsən, atalıq vəzifəmi yerinə yetirib, onu axirət əzabından xilas etdimmi?»
Həz.Ömər aldığı qılınc yarasından öləcəyini hiss edib, sağlığında Cənnətə layiq bilinən Said bin Zəyd, Sad ibn Vəqqas, Abd Rəhman bin Avf, Talhə, Zubəyr, Osman və Əlinin xəlifəliyə layiq olduğunu dedi.
Lakin Said bin Zəyd həz.Ömərin nəslindən olduğu üçün xəlifə onun namizədliyinə razılıq vermədi. Sağlığında Cənnətə layiq bilinən, lakin rumlularla döyüşdə həlak olan Əbu Ubəydə barədə isə həz.Ömər buyurdu: "Ölməsəydi, o da xəlifəliyə layiq idi".
Sağlığında Cənnətlə müjdələnən həz.Osman həm də üçüncü xəlifə olub (644-656). Quranın vahid kitab halında tərtib edilməsi həz.Osmanın xidmətlərindəndir. Peyğəmbər(ə) buyurub: "Əgər qırx qızım olsaydı, onların hamısını bir-birindən sonra (biri öləndən sonra digərini) Osmana verərdim". Yeri gəlmişkən, Məhəmməd(ə)-nin bir qızı (Ruqayyə, v.e. 624) həz.Osmanda ərdə ikən vəfat etdikdən sonra Peyğəmbər(ə) ikinci qızını (Gülsüm, v.e. 631) da ona verib.
Sağlığında Cənnətlə müjdələnən həz.Əli İslam dövlətinin dördüncü xəlifəsi olub (656-661). Əli kəramət, səxavət, ibadət, mərdlik, sadəlik və idrak rəmzidir. Onun «Nəhcül-Bəlağa» kitabı İslam aləmində müqəddəs Qurandan sonra ikinci kitab sayılır.
Peyğəmbər(ə) sevimli qızı Fatiməni (v.e. 633) həz.Əliyə vermişdi. həz.Məhəmməd buyurub: "Əli haqqında pis söz söyləyən, bunu mənim haqqımda söyləyir. Mənim haqqımda pis söz söyləyən isə, Allaha pis söz söyləyənə bərabərdir. Allah da o kimsəni üzüqoylu Cəhənnəmə atar". "Əli olmasa idi, mən həlak olardım" kəlamı həz.Ömərə məxsusdur.
Allah dörd xəlifəni sevməyi əmr edib
Peyğəmbər(ə) özündən sonra İslam dövlətinə 29 il xəlifəlik edən bu dörd cənnət-məkan barədə ümumiləşdirdiyi bu tərifi verib: «Mən elmin şəhəri, Əbu-Bəkr bu şəhərin təməli, Ömər divarı, Osman tavanı, Əli də qapısıdır. Əbu Bəkr İslamın tacı, Ömər bəzəyi, Osman cövhəri, Əli gözəl qoxusudur.
Allah namazı, orucu, zəkatı, həcci fərz etdiyi kimi, Əbu Bəkri, Öməri, Osmanı və Əlini sevməyi də əmr edib». Yeri gəlmişkən, Peyğəmbər(ə)-nin Əshabi-Kiram və Rəşidi-xəlifələr barədə söylədiyi kəlamlar təriqətindən asılı olmayaraq, İslam dini və onun tarixindən danışan hər bir din xadimi üçün bir örnək olmalıdır.
«Bilin ki, Uhud dağı ağırlığında, qızıl sədəqə də versəniz, onların ən kiçik savabına belə yetişə bilməzsiniz».
Yurdumuzdan başqa, hansı yurddan düşməni qovacağıq?
Əshabi-Kiram istər Peyğəmbər(ə) sağlığında, istərsə də onun vəfatından sonra İslamın beş varlıq qayəsini təmin edən cənnətməkan varislər olub. Bu baxımdan, Məkkəni həz.Məhəmmədin fəth etməsilə İslam dövlətini yaratması, Qüdsün həz.Ömərin rəhbərliyilə müşriklərdən azad edilməsi, Həz.Əbu Bəkrin siddiqliyi, Həz.Əlinin kəramət və elmi nəinki müsəlman aləmi, hətta bütün bəşər üçün bir örnək olmalıdır. «Nə qədər ki, Allah evi (Beytül Müqəddəs) düşmən torpağı altındadır, mən sarayda yox, hərbi çadırda yaşamalıyam» Sultan Səlahəddin Əyyubi əqidə və əməli, Allahın Əhad və Samədliyinə, onun sonuncu Peyğəmbərinə iman gətirən və parçalanmış Almaniyanı vahid və qüdrətli dövlətə çevirən O.Bismarkın və daha neçə-neçə bəxtəvər Allah qullarının əməlləri bizim üçün nümunə mənbəi, dərslik və ibrət olmalıdır. İbrət olmalıdır ona görə ki, həmin əməli salehlərdən fərqli olaraq, sələflərimiz və biz 200 il ərzində ərazisi 410 min kv.km olan Azərbaycan adlanan məmləkətin parçalanmasına biganə qalıb, Rəbb əmanətinə xəyanət etmişik. Və nəticədə «Vətən imandandır» kəlamı iman, elm, iradə vəhdətindən uzaqlaşdığı üçün, sadəcə bir deyim olub.
«Yurdunuzdan başqa, hansı yurddan düşməni qovacaqsınız?» (həz.Əli) kəlamını reallaşdırmayan bəzi «fağırlar» isə bu rüsvayçılıqdan qurtarmaq üçün Allahdan ölüm istəsələr belə, Allah bu ölümü şərəfli ölüm kimi qəbul etməz.
Belələri unudurlar ki, məşhərdə sorğu-sual, xəcalət və nəhayət axirətdəki yer, ölümdən də betər ölümdür. Görəsən, sırf dünyaya və dünya malına uyanlar dərk edirlərmi ki, belə getsə canlarından artıq sevdikləri övlad, mal və mülkləri düşmənə qismət olmaqla yanaşı, özləri də axirət əzabından xilas olmayacaqlar?!
Doğrudur, Peyğəmbər(ə) şəfaəti haqdır. Lakin Allah əmanətlərinə xəyanət edən bir quruma çox vaxt o şəfaət də kömək etmir. Çünki, şəfaətin bilavasitə sahibi Allahdır. Səhih hədisə görə: «Qiyamət günü cəza veriləcək ümməti barədə həz.Məhəmməd Allaha dedi: „Ya Rəbbim, onlar mənim ümmətimdir“. Rəbb buyurdu: „Bilmirsən onlar səndən sonra nələr etdilər. Onlar doğru yoldan dalı-dalı çəkildilər“.
Allahım, dalı-dalı çəkildiyimiz mövqeləri geri qaytarmaq üçün iman, elm və qeyrət atlarımızı şahlandır. Amin!
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 3 may.- S. 12.